A24 Xeber

“Əvvəlki himnimiz bərpa olunmalıdır” – Professordan SENSASİON AÇIQLAMA

“Əvvəlki himnimiz bərpa olunmalıdır” – Professordan SENSASİON AÇIQLAMA
547
06 Noyabr 2018 - 11:58

“Mən bir daha fəxr etdim ki, Prezidentimiz yaşlı nəsli də unutmayıb. Kərkükdə bir mahnı var, onu diqqətinizə çatdırmaq istəyirəm. “Yazıq-yazıq qocaldım gündən-günə, yazıq-yazıq kölgədən düşdüm günə”. Yaşa dolduqca görürsən ki, insanlar biraz unudulmağa başlayır. Amma İlham Əliyev gənclərə göstərdiyi qayğını yaşlı nəsilə də göstərir. Bu baxımdan mən Prezidentimizin diqqətini çox yüksək qiymətləndirirəm”.

Bunu A24.az-a açıqlamasında ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Əməkdar elm xadimi” fəxri adına layiq görülən filologiya elmləri doktoru, professor, yazıçı, dilçi və tərcüməçi Qəzənfər Paşayev deyib.

O bildirib ki, Azərbaycan dünyada baş verən qlobal hadisələrdən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində təsirsiz ötüşür: “Bizim Prezident sarıdan bəxtimiz gətirib. İndi dünya ağır dövr keçirir, amma buna baxmayaraq bu ağırlıq Azərbaycana təsirsiz ötüşməkdədir. Ölkədə firavanlığı, təhlükəsizliyi qoruyub saxlamaq asan iş deyil. Bunu bacarmaq çətindir. Xalq bu ağırlığı demək olar ki, hiss etmir. Bütün bunlar İlham Əliyevin böyük əməyi, uzaqgörənliyi və siyasətinin nəticəsidir”.

81 yaşlı professor bildirib ki, “Əməkdar elm xadimi” fəxri adına layiq görülməsi onun bundan sonra daha da əzmlə çalışmasına səbəb olacaq: “Mən özümü hələ də çalışmağa hiss edirəm. Qələm sahibinin qələminin mürəkkəbinin bitdiyi gün onun öldüyü gündür. Mən hələ ki, yazmağı bacarıram, yaza bilirəm. Qələmi əlimdən yerə qoya bilmirəm. Doğrudur, yaşa dolduqca fiziki olaraq qələmi qaldırmağa bəzən güc tapa bilməzsən. Amma, ümumilikdə, hələ ki, gücümüz var. Bəziləri düşünür ki, əşi, onsuz filan qədər yaşım var, kifayət qədər yazıb-yaratmışam, daha bəsdir. Bu fikrin qəti əleyhinəyəm. Qələm sahibi fiziki gücü bitənə qədər işləməlidir. Mənim mütəmadi olaraq yeni-yeni yazdığım məqalələrim indiyə qədər mətbu orqanlarında dərc olunur. Qələmə bağlılığım qoymaz dayanım”.

Dilçi alim Azərbaycan dilinin zənginləşməsindən də danışıb. Onun sözlərinə görə, Azərbaycan dilinin alınma sözlərdən qorunması mümkünsüzdür: “Çünki elmin, texnologiyanın inkişaf etdiyi bir dövrdə alınma sözlərin də axını labüddür. Amma gəlin, biz dilimizi korlayanlardan danışaq. Dilimizi belələrindən qorumalıyıq. Alınma sözlərdən dili qorumaq çətin məsələdir. Buna heç ehtiyyac da yoxdur, qoy dil zənginləşsin. Çünki dilimizdə elə şeylər var ki, onların qarşılığı yoxdur və yalnız alınma sözlərlə ifadə etməyə məcbur oluruq”.

Q.Paşayev son günlər Azərbaycanın dövlət himninin ətrafında gedən müzakirələrə münasibət bildirib. Professor hesab edir ki, Azərbaycanın himni dəyişdirilməli və əvvəlki himn bərpa olunmalıdır: “Səmimi etiraf edim ki, Azərbaycanın dövlət himni çox uzundur. Xarici dövlətlərin himninə qulaq asanda görürəm ki, 2 dəqiqə və ya maximum 2.5 dəqiqə səsləndirilir. Biz də isə 4 dəqiqə çəkir. Mən belə hesab edirəm ki, dövlət himnimiz dəyişdirilsin. Əvvəlki himnimizi qaytarmalıyıq. Səməd Vurğunun “Azərbaycan” şeirini oxuduqca bütün Azərbaycan gözünün önündə canlanır. Eyni zamanda, keçmiş himnimizi hamı əzbər bilir. Mən dəqiq bilirəm ki, hazırkı himnimizi əzbər bilənlərin sayı bilməyənlərin sayından daha azdır. Mən heç kimdən qorxmuram, bunu əminliklə deyirəm ki, himnimizi çox adam bilmir. 100 nəfərdən bir ya ikisi bilər, bəlkə də. Ona görə də təklif edirəm ki, köhnə himnimizi bərpa edək. Axı, nədən qorxuruq biz? Burada qorxulu nə var ki? Təbii ki, sabitləşən və öz yerini möhkəmlədən bir məsələdən qopmaq və kənarlaşmaq çətindir. Amma indi dövr də dəyişir. Ona görə yeniliyə ehtiyyac var”.

Səid Qərib
A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00