20 ildir saxta diplomla necə dərs keçiblər? -  Sirri açıldı

20 ildir saxta diplomla necə dərs keçiblər? – Sirri açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu yaxınlarda Neftçalada 20 ildir dərs deyən 50 müəllimin diplomunun saxta olduğu məlum olub. Həmin müəllimlər diaqnostik qiymətləndirilmə imtahanına buraxılmadılar və onların müqavilələrinə sentyabrın 1-dən xitam veriləcəyi bildirilib.  Müəllimlər isə Neftçalada etiraz aksiyası keçiriblər. Bəs necə olur ki, heç bir ali təhsili olmayan müəllim 20 ildir şagirdlərə dərs deyir?

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov A24.Az-a açıqlama verərək bildirdi ki, həmin müəllimlər təhsil sahəsində boşluq olan zaman işə qəbul ediliblər. “Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan sonra  digər sahələrdə olduğu  kimi təhsil sistemində də ciddi boşluqlar yarandı. Yeni təhsil sistemində  kadrlara ehtiyac yarandı. Həmin dövrlərdə 17  təhsil müəssisəsi fəaliyyət göstərirdi. Kadrların çatışmazlığından istifadə edən bəzi şəxslər neqativ yollarla sənəd hazırlamağa başladılar. Bir çox rayonlarda və Neftçalada kolleclər fəaliyyət göstərdi və həmin müəssisələr dövlətin təyin etdiyi plandan çox qəbul apardılar.  Həmin vaxtlarda elektron sistem olmadığına tutaq ki,  50 yer əvəzinə 400 yerə qəbul aparıldı”.

Azərbaycan təhsil sistemində ali məktəblərə qəbul 2008-2009 -cu illərdən sonra elektron yolla aparıldı. Təhsil ekspertinin sözlərinə görə,  kimlərsə həmin təhsil müəssisələrinin qapısını  tanımadan pulla diplom aldılar. “Müəllimə olan ehtiyacı nəzərə alan  təhsil şöbələri və direktorların birgə fəaliyyəti nəticəsində bu şəxslər  təhsil müəssiələrinə cəlb edildi. Hər hansı təhsili olmayan insan bizim övladlarımızı 20 ildir ki, bədbəxt edir.  Ona görə də rayonlarda ali məktəblərə qəbul olma faizi çox aşağıdır. Təhsilli müəllimlər işdən kənarda qalıb, yerini saxta diplomlu müəllimlər tutub”.

“Saxta diplomlulara güzəşt edilməsi  Azərbaycan insanına qarşı ən ağır cinayətdir”

Təhsil  Nazirliyinin qərarı ilə 2014-cü ildən başlayaraq müəllimlərin Diaqnostik Qiymətləndirilməsi keçirildi.  Bu imtahanla müəllimlərin həm savadı, həm də sənədləri yoxlanıldı. Təhsil eksperti K.Əsədov qeyd edir ki, bəzi müəllimlər sənədlərinin saxta olduğunun üzə çıxacağını bilərək, ərizə yazaraq öz istəkləri  ilə işdən çıxdılar. Onların əmək stajları isə saxlanıldı. Nələrəsə ümid edən müəllimlər isə  güzəşt ediləcəklərinə inandılar. Amma Təhsil Nazirliyi  qərarında sərt oldu. Savadından, iş stajından asılı olmayaraq saxta diplomlarla işləyənlər birmənalı şəkildə işdən uzaqlaşdırılmalıdır. Vətəndaşlar dövlətin minimum tələblərini ödəyib, ali məktəblərə kolleclərə qəbul olmalıdır. Saxta diplomlulara güzəşt edilməsi  Azərbaycan insanına qarşı ən ağır cinayətdir. Onların müqavilələrinə xitam verilməlidir. Hətta qanunvericilik imkan verir ki,  onlara ödənilmiş bütün vəsaitlər geri alınsın”.

Картинки по запросу diplom pul

“Bir şagird biləndə ki, müəlliminin diplomu saxtadır. Onun dövlətinə,  təhsilə olan inamı itir”

Kamran Əsədovun fikrincə, müəllimlərin Neftçalada etiraz aksiyaları keçirmələrinə haqları yoxdur. “Onları işə götürən məktəb  direktorları, təhsil şöbə müdirləri,  əmək müqavilələrinə qol çəkmiş bütün şəxslər cəzalandırılmalı, işdən azad edilməlidir.  Kiminsə dolanışığı xətrinə təhsilimizi məhv etməməliyik. 31 min müəllim işlə təmin edilməyib. Saxta diplomlu müəllimlər işdən uzaqlaşdırlsa,  daha savadlı gənc kadrlar işlə təmin edilə bilər. Müəllimlik təkcə şagirdə kitab oxutdurmaqdan ibarət deyil. Bir şagird biləndə ki, müəlliminin diplomu saxtadır. Onun dövlətinə,  təhsilə olan inamı itir. Şagird də inanır ki, gələcəkdə belə edə bilər”.

Təhsil ekspertinin bildirdiyinə görə, tək müəllimlər yox, Neftçala rayonunun təhsil şöbə müdiri daxil olmaqla, bu qanunsuzluğa göz yumanların hamısı işdən çıxarılmalıdır. “Yeni kadrlar daha aktiv və təhsillidirlər. O müəllimlərin fəaliyyəti müsbət olsaydı,  Neftçala  rayonunda təhsilin səviyyəsi aşağı olmazdı”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar