2016-cı il bu yazarlar üçün uğurlu oldu – XÜLASƏ

2016-cı il bu yazarlar üçün uğurlu oldu – XÜLASƏ
Want create site? Find Free WordPress Themes and plugins.

2016-cı il iqtisadi baxımdan Azərbaycan üçün uğurlu il sayılmır. Yola verdiyimiz il sosial yöndən də bir o qədər pozitiv hadisələrlə yadda qalmadı.
Amma bəzən bütün bu sahələrin qeyri-qənaətbəxş olduğu zamanlarda ədəbiyyat tam çılpaqlığı ilə üzə çıxır, cəsaətli mətnlər özünü da daha çox göstərir.
Təbii ki, 1 il əslində ədəbi analiz üçün yetrli zaman kəsiyi sayılmır. Yazarlarımız da belə düşünür.
A24.Az başa vurmaqda olduğumuz 2016-cı ilin ədəbi xülasəsini yazarların dili ilə təqdim edir.

sherif
Şərif Ağayar

Şərif Ağayar:
“Mənim üçün çox uğurlu il oldu. Həm 40 yaşımı qeyd elədim, həm də iki roman yazdım: “Arzulardan sonrakı şəhər” və “Ağ göl”. Birincini bitirmişəm, son redaktə işləri gedir. İkincinin də ilkin variantı bitib, oxumaq üçün bəzi dostlara vermişəm. Hər iksinə gözlədiyim reaksiyalar gəlir. Romanların ikisi də 2017-ci ildə “Qanun” nəşriyyatında nəşr olunacaq. Məncə, bu iki romanla yaradıcılığımın yeni mərhələsi başlayır. Yeni və daha ciddi… Əslində “Gülüstan” romanı bir keçid kitabı idi. Məni ağrıdan, narahat edən, bəlkə də istədiklərimi istədiyim kimi yazmağa qoymayan məsələlərlə haqq-hesabımı çürütdüm və yeni mərhələyə keçdim. Böyük işlər görəcəyimi düşünürəm. Özümə inanıram. Sağlıq olsun”.

seyfddin
Seyfəddin Hüseynli

Seyfəddin Hüseynli:
Sözsüz ki, 2016-cı il boyu ədəbiyyatımızda bir çox sevindirici məqam oldu, uğur sayıla biləcək faktlar ortaya çıxdı. İl ərzində yazılan, ya da tamamlanıb təqdim olunması bu ilə düşən əsərlərə, hazırlanan nəşrlərə az-çox sevinə bildik. İstər orijinal yaradıcılıq, istərsə də tərcümə işinin məhsulu olan maraqlı nümunələr təqdim edildi. Həm bizim ölkədə, həm də xaricdə ədəbiyyatla, kitabla əlaqəli maraqlı tədbirlər keçirildi. Dünya ədəbiyyatının bizdə, Azərbaycan ədəbiyyatının da xaricdə təbliği yönündə yeni addımlar atıldı.
Ancaq istərdim ki, özümüzü aldatmayaq. Bu mənada ki, bütövlükdə 2016-cı il, xüsusən də ilin ikinci yarısı ədəbiyyatın, kitabın taleyilə bağlı yenidən baş qaldıran narahatlıqlarla, daha da artan sıxıntılarla yadda qaldı. Ola bilsin, elə bu sıxıntıların təsirindəndi ki, ədəbi mühitdə onsuz da ənənəviləşmiş gülünc qalmaqallar, məzmunsuz, predmetsiz “müzakirə”lər , geriyə yönəlik, şəxsi-nəfsi xarakterli “hesablaşma”lar bir qədər də intensivləşdi. Az qala vərdişə, gündəlik, bəlkə də öynəlik normaya çevrildi. Nəticədə, ilin sonunda bu sahədə bir xeyli tutqun mənzərə alındı, məyusluq, bədbinlik doğuran vəziyyət yarandı.

Ona görə də, ədəbiyyat sahəsində il ərzində diqqətimizi çəkən pozitiv çalarlar, qeydə alınan fərəhli məqamlar özlüyündə hər nə qədər gərəkli, dəyərli olsa da, açığı, ümumi mənzərəylə
müqayisədə, indi zəif, yüngül təsəlli kimi yada düşür.

qismet
Qismət

Qismət:
2016-cı ildə Yaradıcılıq Fondu adından gənclərin bir neçə kitabını nəşr etdik: Alik, Ömər Xəyyam, İkinci Mahmud, Fəridə Məmmədova, sonra Ramilə Qurbanlının teatr
haqda yazılarını, Qanturalının “Fələk qırmancı” romanını və nəhayət öz esselər kitabım “Gələcəyin tarixi”ni. Sonra qiymətli, yaddaqalan kitablardan Fərid Hüseynin “Bir də heç vaxt” şeir toplusu çap olundu. Başqa da qiymətli nələrsə olub, təqvim vərəqlənsə, görünəcək, bunlar öz yerində, amma ən əsası qızım dünyaya gəldi, onun işığında bir xeyli aydınlaşdı, yerinə oturdu, mənfisiylə, müsbətiylə.

eyyub
Əyyub Qiyas

Əyyub Qiyas:
Mən deyə bilərəm ki, ötən illərdən fərqli olraq bu il Azırbaycan ədəbiyyatdında daha böyük durğunluq hiss etdim!
Elçinin “Baş” romanı, Zahid Sarıtorpağın “Kül”ü
bir də məncə ilin sonlarına yaxın Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanlarından başqa və bir-neçə uğurlu hekayədən başqa yadda qalan bir şey oxuya bilmədim.
Amma ötən illərdə gənclər daha fəail idilər. Bu ilsə həmin o gənclərin sanki nəsrdə tükəndiyini hiss etdim. Amma gənclərin yaxşı şeirləri çox oldu! Bunu dana bilmərəm!

Tehran Əlişanoğlu:
Məncə, uğurlu ildir. İlk dəfə olaraq 2 cilddə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çapdan çıxdı. 25 illik müstəqillik ədəbiyyatına həsr olunmuş monoqrafik tədqiqatı akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutu hazırlamışdır. 2016-cı ildə bütün janrlarda yeni-yeni maraqlı kitablar, əsərlər çıxmışsa da, zənnimcə, ən böyük hadisə bütövlükdə 25 illik ədəbiyyatımıza nəzər yetirən bu əsər oldu.

Xanəmir Telmanoğlu:
Bu il də ədəbiyyatımızın azıx mağarasının divarlarına öz qədim yazılarını və imzalarını qabarlı əllərindəki itiuclu tişələrlə döyənləri, döydürənləri, sonra imzalarını döyüşdürənləri, imzası töyşüyənləri, ədəbiyyatımızın əkin yerlərində təzə göyərənləri, qızaranları, yaşıllananları, bozaranları görə bildim. Nəyisə görə biliriksə, demək ki, iş gedir.

cavashir
Cavanşir Yusifli

Cavanşir Yusifli:
Uğur meyarının nədən ibarət olduğunu bilsəm, dəqiq cavab verə bilərdim. Ancaq bir məqam şübhəsizdir: bitməkdə olan 2016-cı ildə ədəbiyyatdan çox onun haqqında söhbətlər oldu, həm də qəzəb, psixoloji komplekslərin təzahürü və sair. Rəsul Rzanın bir şeirindən bir misra qalıb yadımda: yaxşı şey milyon olsa belə azdı, pis şey bircə dənə olsa belə yenə çoxdu. Fərid Hüseynin gözəl bir şeir kitabı çıxdı. Qismətin silsilə şeirləri, bizim onunla sim-sim portalında apardığımız ədəbi söhbətlər, Səlimin tədbirləri, Şərifin bəzi hekayələri, Cəlil Cavanşirin hədəfi vuran esseləri, tələbələrimdən Mübariz Örənin, Hədiyyənin yazıları, Qorxmaz Quliyevin nəzəri səpkili yazıları, kitabları və sair və ilaxır. Ancaq bu yazılara baxıram, dönüb ətrafa baxıram, birincilər yetim kimi görünür, əvvəllər belə deyildi, bircə yaxşı şeyə də sevinirdin. İndi olmur, hər şeyə qıfıl vurulub sanki.

mer
Ömər Xəyyam

Ömər Xəyyam:
Ədəbiyyatın predmeti insandı – bizim ədəbiyyatın mərkəzində də insan dayanır, amma, ancaq və lakin bu adam balası azərbaycanlıdı, heç olmasa əsərlərdə imkan vermirlər ki, azərbaycanlı dünyəviləşsin, qlobal məsələlərlə üzbəüz qalsın. Obrazlarda, mövzularda problem var. Yerli ədəbiyyatda yadımda qalan bircə özüməm. Dünya ədəbiyyatında bu ilin əvvəlləri fərqli imzaların yeni əsərləri dərc olundu, hərəsi müəyyən vaxt ərzində gündəm oldu, eyni zamanda da yadda qaldı, amma Bob Dilanın Nobel mükafatına layiq görülməsi sonuncu beynəlxalq-ciddi hadisə oldu və ilin sonlarında gerçəkləşdiyinə görə, il ərzində baş verən ədəbi hadisələr kölgədə qaldı. Sizə bir şey deyim, heç kimə deməyin: Ədəbiyyat illik hadisə deyil.

Günel Eyvazlı: Qarşımda həmişə konkret məqsədlərim olur. Xaraktercə məqsədlərinin xəyalı ilə deyil, gerçəklik ilə yaşayan insanam. İntellektimə, savadıma, düşüncəmə güvənərək məqsədimə doğru səbrlə, təmkinlə, qeybətsiz, badalaq gəlmədən, kiminsə yolunu kəsmədən addım-addım getməyi bacarıram. Kimin hansı dəyərdə, hansı ölçüdə olması hamına məlumdur. Mən kimlərəsə olan qiymətimi özlüyümdə verirəm, onu müzakirə etmirəm.

Günel Eyvazlı
Günel Eyvazlı

Bütün illərim kimi bu ilim də yaradıcılıq yönümündən olduqca maraqlı, məhsuldar bir il oldu. “Cadugər” adlı sayca ikinci kitabım işıq üzü gördü. Həm də mənim üçün uğurlu kitab oldu. Hələ dərgilərdə, qəzetlərdə, jurnallarda olan dərcləri söyləmirəm.
Kitabın təqdimetmə mərasimindən öncə heç gözləmədiyim halda ard-arda iki mükafatla təltif olundum. Eyni gündə həm “Ədəbiyyat qəzeti”ndə dərc olunan kultroloji yazılarıma görə “Əli bəy Hüseynzadə” mükafatına layiq görüldüm, həm də “Quran motivləri əsasında hekayə müsabiqəsi”ndə qaliblər sırasına yüksəldim. Bəli, çox sevincli idim. Bu, mənim yaradıcılığıma verilən dəyər idi, qiymətləndirmə idi.
Nə yaxşı ki, ətrafımda yazılarımı anlayan, onlar haqqında dürüst fikirlər söyləyən, bayağı təriflərlə məni qanadlandırmayan, əksinə doğru yol göstərən insanlar var. Belələrini özümə ustad bilirəm.
Bu il özümü həm də ssenari müəllifi kimi sınadım. Kanalların birində yayımlanan teleserialın ssenari müəlliflərindən biri oldum. Bu məndə alındı, bundan da əla olacaq. İndi yaradıcılığım üçün növbəti üfiq açılır. Yeni məqsədlərim doğulub. Onlara doğru getməliyəm.
Gələn ilin hamı üçün düşərli olmasını arzulayıram. Düşərlilik əslində insanın əzmindən, zəhmetkeşliyindən asılıdır. Heç kim yorulmasın, usanmasın, bacarmıram deməsin. Şansları, təklifləri dəyərləndirməyi bacarsın. Dəyərli zamanı lazımsız adamlara, lazımsız söhbətlərə xərcləməsin. Dünyaya əmin-amanlıq arzulayıram. Övladlarımız gözəl, firavan dünyanın sakinləri olsun. Xurafat üstümüzə ayaq açmasın, başsız, düşüncəsiz insanlar ətrafımızdan uzaq olsun. Bir-birimizi sevək, dəyərləndirək, içimizdə olan qəlbiqaralığı, paxıllığı rədd edək. İçimiz gülsün ki, ətrafımıza da işığını yansıtsın. Hamına eləcə də özümə uğur

movlud
Mövlud Mövlud

diləyirəm. Dost qazanaq, dost olaq. Düşmən olmağa nə var ki…

 

Mövlud Mövlud:
Heç bir uğur olmadı. İki hekayə yazdım, heç kimin vecinə olmadı. Köşə yazılarımı da dostlarım oxumadan layk elədilər – vəssalam. Ümidimi dikmişəm gələn ilə.

Emin Piri:
Ədəbi baxımdan bir sıra gənclərin poetik tapıntılarına rast gəldim. Deyərdim, bu baxımdan ədəbiyyatımız qazandı. Amma əsas məsələ olan əsərlərimizi dünyaya tanıtmaq baxımdan elə bir önəmli hadisəyə rast gəlmədim. Ən azından mən rastlaşmadım. 2016-cı ili daha çox yaradıcılıq böhranı kimi qiymətləndirə bilərəm. 2017-dən gözləntilərim çoxdur.

Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Araşdırma
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs