2018-in yeganə xanım DƏNİZÇİSİni sizdə tanıyın

2018-in yeganə xanım DƏNİZÇİSİni sizdə tanıyın
Want create site? Find Free WordPress Themes and plugins.

Cəmilə Məmmədova: Ümid edirəm ki, gələcəkdə dənizçi xanımların sayı artacaq

Dənizçi olmaq ürək və cəsarət istəyir. Bunlar varsa, kişi və ya qadın, fərq etmir. Hər kəs bu peşəyə yiyələnə bilər. Elə müsahibim Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Cəmilə Məmmədova kimi…

Cəmilə Məmmədova 1997-ci il fevralın 20-də Bakıda anadan olub. Qohumları arasında dənizçi olduğundan, bu sahə ona yad deyil.

– İxtisas seçimi zamanı bir xanımın dənizçiliyə üstünlük verməsi təsadüfü ola bilməzdi. Burda mütləq ciddi təsir olub…

-Yəqin, “necə oldu ki, dənizçi olmaq qərarına gəldiniz” sualını vermək istəyirsiniz. (gülür)  Bəli, tamamilə düz deyirsiniz. Bu peşəni təsadüfən seçməmişəm. 18 yaşıma qədər mən artıq dənizçiliyin nə olduğunu bilirdim. Onun asan və çətin tərəflərini dərk edirdim. Çünki, dayılarımdan ikisi dənizçi idi. Onların xatirələri, dənizçiliklə bağlı təəssüratları ilə böyümüşəm. Ona görə də məndə bu peşəyə həvəsi onlar yaradıb desəm, yanılmaram.

-Artıq təhsilinizi başa vurursunuz. Dörd ilin sonunda gəldiyiniz qənət nədən ibarətdir?

-Əsas odur ki, qətiyyən peşman deyiləm. Düzdür, birinci kursda müəyyən tərəddüdlərim var idi. İndi tam əksinə, düşünürəm ki, nə yaxşı Azərbaycan Dövlət Dəniz Akademiyasını seçmişəm! Başqa yerdə oxusaydım, bu qədər fərqlənməzdim. Düzünü desəm, özümü xüsusi hiss edirəm. Təsəvvür edin, bu ilin məzunları arasında yeganə xanımam. Hər zaman müəllimlərimdən və qrup yoldaşlarımdan diqqət və hörmət görmüşəm.

-Bəs, məktəbdən kənarda sizə münasibət necədir?

-Məni əvvəldən ən çox dəstəkləyən atam oldu. Bu dəstək hələ də davam edir (gülür). Əvvəllər çox adam deyirdi ki, bu nə ixtisasdır, iş tapa bilməyəcəksən, sən hara, dənizçilik hara və s. Amma indi həmin adamlar təhsildə qazandığım uğurları görüb əksini söyləyirlər.

-Bu sahədə xanımlara çox az rast gəlinir. Sizcə, nə ilə bağlıdır?

-Bəli, mən Akademiyaya 2014-cü ildə qəbul olan yeganə xanım tələbəydim. Ümumilikdə ADDA-da hazırda altı qız təhsil alır. Sualınıza gəlincə, səbəblər müxtəlif ola bilər. Hər halda belə bir ənənə olmayıb. Amma düşünürəm ki, getdikcə, dənizçi xanımların sayının artığını görəcəyik.

-Ətrafınızda sizdən həvəslənib, dənizçi olmaq istəyənlər varmı?

-Bəli, məndən tez-tez soruşurlar. Bacardığım qədər dənizçilik peşəsini təbliğ edirəm. Üstəlik, indi Azərbaycan Dövlət Dəniz Akademiyası ən yaxşı ali təhsil müəssisələrindəndir. Burda oxumaq üçün hər cür şərait yaradılıb. ADDA tələbələri pulsuz yemək, yataqxana, dərs vəsaitləri ilə təmin edir.  Savadlı müəllimlərimiz var, müasir dərs metodlarından istifadə olunur. Təcrübə üçün geniş imkanlar yaradılır. Bizim Akademiyanın diplom və sertifikatları beynəlxalq səviyyədə tanınır. Ən əsası, hər zaman tələbələrin yanında olan, qeydimizə qalan Çingiz Əliyev kimi rektorumuz var. Bir sözlə, ADDA-nı seçməyə dəyər.

-İxtisasınız barədə nə deyə bilərsiniz?

-“Gəmi sürücülüyü” fakultəsinin “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisası üzrə təhsil alıram. Bilirəm ki, ümumdünya yük dövriyyəsinin 80%-i dəniz nəqliyyatı ilə daşınır. Yəni, gəmiçilik şirkətlərinin əsas gəliri daşımalardandır. Bunu nəzərə alaraq deyə bilərəm ki, ixtisasım olduqca vacibdir.

-Magistr təhsili almaq planınız var?

– Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Akademiyanın məzunu, hazırda Gəmiçiliyin təsis etdiyi Təqaüd Proqramı hesabına İsveçdə magistr təhsili alan Nərminə Cabbarova ilə tez-tez ünsiyyətdə oluram. Mənə lazımi məsləhətlər verir. Ümid edirəm ki, arzuma çatacağam. Bunun üçün çox çalışıram. Hətta qırmızı diploma namizədəm.

-Bəs, karyeranızla bağlı nə düşünürsünüz? Xaricdə işləmək istəyərdinizmi?

-Əvvəlcə mükəmməl təhsil almaq, sonra isə ölkəmizə savadlı mütəxəssis kimi töhfə vermək istəyirəm. Hələ ki, düşündüyüm budur.

-Son olaraq əlavəniz varsa, buyurun…

– “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevə təşəkkür etmək istəyirəm. ADDA-nı və tələbələrin qayğılarını hər zaman diqqətdə saxlayır. Xaricdə təhsil üçün təsis olunan Təqaüd Proqramı, Akademiyanın əlaçı tələbələrinə işlə təmin olunmaq üçün verilən “Zəmanət Məktubu” bu qayğının bariz nümunəsidir. Bizə böyük etimad göstərilir. Bizim də borcumuz  bu inamı doğrultmaqdır. Bütün tələbə dostlarıma, dənizçilərə uğurlar arzulayıram.//seanews.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar