“Azərbaycan dili ilə bağlı verilişlər hazırlanmalıdır” – VİDEO

“Azərbaycan dili ilə bağlı verilişlər hazırlanmalıdır” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul olunmasının iki illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

“A24.az” xəbər verir ki, konfransda Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, ana dili hər bir xalqın, milli-mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.  Onun fikrincə, dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi vəzifələrindən, əsas milli texniki maraqlarından birdir.

Dövlət dili dil siyasətinin əsas anlayışıdır

O qeyd edib ki, müstəqil dövlətçilik mərhələsi dilin inkişafının ən etibarlı bazasıdır. Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir.

T.Hacıyev onu da əlavə edib ki, Dilçilik İnstitutunun Monitorinq Şöbəsi hazırda dilin praktik vəziyyəti ilə məşğul olur, həmçinin Azərbaycan dilinin Dialektoloji Atlasının çapı üçün müəyyən işlər görür.

“Dil ilə bağlı problemlər internetdən yaranır”

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir.

Azərbaycan KİV-lərində dil normalarının gözlənilməsi vəziyyətindən bəhs edən B.Sadıqov vurğulayıb ki, dil ilə bağlı bir sıra problemlər internetdən yaranır. Ona görə də dili kitabdan və alimdən öyrənmək lazımdır.

Elmin müxtəlif sahələrinə aid 100-ə yaxın terminoloji lüğət hazırlanıb

Professor  Sayalı Sadıqova “Azərbaycan dilində terminologiyanın inkişafı: perspektivlər, vəzifələr” mövzusunda məruzə edib. Qeyd edib ki, yeni təhsil sisteminin yaradılması fonunda Terminologiya Komissiyasının vəzifələri daha da artıb: “Cünki elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir”.

Onun sözlərinə görə, son illərdə elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq Terminologiya Komissiyasında mühüm istiqamətlər müəyyənləşdirilib. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 100-ə yaxın terminoloji lüğət  nəşr olunub.

Küçə adları ilə bağlı monitorinqlər aparılır

Sonda çıxış edən Monitorinq Şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Dövlət Proqramının yerinə yetirilməsilə bağlı aparılan monitorinqlər və mövcud problemlərdən söhbət açıb. Nəzərə çatdırıb ki, monitorinq yeni sahədir və gündəlik dil proseslərini müşahidə edir: “Biz topladığımız materialları xüsusi proqram əsasında aparırıq. Küçə adlarının monitorinqi ilə bağlı Əmlak Komitəsi ilə bağlı əməkdaşlıq yaratmışıq. Küçə adları təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Sumqayıt, Gəncə və digər rayonlar da monitorinqə cəlb olunub”.

“Dildə gedən proseslər mətbuatda aydın görünür”

Q.Məhərrəmli vurğulayıb ki, dildə gedən proseslər mətbuatda aydın görünür. Yəni yaxşı proseslərlə yanaşı, mənfi meyillər də var: “Şifahi nitqdə bunu aydın görmək olur və başqa dilin intonasiyası ilə danışırlar. Çalışırıq ki, Dilçilik İnstitutunun “Qaynar xətt”ini  istifadəyə verək.  “Qaynar xətt” çox düşünülmüş və müasir səviyyədə qurulmalı, canlı rejimdə dialoq olmalıdır. Bununla yanaşı, biz qrup yaratmışıq. Odur ki, “Qaynar xətt”in fəaliyyətininin irəliyə aparılması üçün   mediaya güvənirik”.

Azərbaycan dili bağlı verilişlər hazırlanmalıdır

Q.Məhərrəmli təklif edib ki, Azərbaycan dilinin tədrisi ilə bağlı işlər görülməlidir. Onun sözlərinə görə, Azərbaycan dili ilə bağlı verilişlər hazırlanmalıdır. Aparıcılar üçün kurslar təşkil olunmalıdır.

Atif Sarıxanlı

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar