A24 Xeber

ABŞ İranla müharibəyə başlasa, kimin tərəfində olmalıyıq? – Maraqlı məqamlar

ABŞ İranla müharibəyə başlasa, kimin tərəfində olmalıyıq? – Maraqlı məqamlar
657
03 Noyabr 2018 - 11:10

Beynəlxaq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli A24.Az-a aralarında uzun müddətdir gərginlik yaşanan Amerika Birləşmiş Ştatları (ABŞ) – İran münasibətlərini şərh edib:

– Əziz bəy, ABŞ-ın İrana illərdir saksiyalar tətbiq etməsində İranın müsəlman bir dövləti olmasının az da olsa payı varmı, yoxsa sırf hər kəsin bildiyi nüvə məsələsi, Suriyada toqquşan maraqlardırmı?

– Əslində, İranın islam dövləti olması, yaxud nüvə silahını əldə etməyə çalışması ABŞ- İran münaqişəsinin səbəbləri deyil, sadəcə, elementlərindən biridir. Bunun sadə izahı var: Tutaq ki, Pakistan İslam dövlətidir, həm də nüvə arsenalına malikdir, bəs o bu halda niyə ABŞ-ın və Qərbin sanksiyasına məruz qalmadı? Demək ki, məsələnin mahiyyəti tam olaraq belə deyil. O sirr tarixdə gizlənir.
İran 1979-cu ildə baş verən İslam inqilabına  kimi ABŞ-ın bir nömrəli müttəfiqi idi. Şah bütün neft sənayesini ABŞ şirkətlərinin inhisarına vermişdi. Soyuq müharibə dövründə İran Qərb dünyasının, kapitalist sisteminin SSRİ-yə qarşı savaşının “arxa bağçası” na çevirildi.

KQB-nin uzun illər gərgin “əməyi” bəhrə verdi və İranda hakmimiyyəti dindarlar ələ keçirdi. İlk dəfə İran – ABŞ arasında dövlət səviyyəsində böhran baş verdi. Rza şah ölkədən qaçandan sonra bir qrup tələbə Tehrandakı ABŞ səfirliyini ələ keçirir və 66 ABŞ diplomatını girov götürürlər. 444 gün davam edən bu qalmaqal ABŞ tarixində ən rüsvayçı dövr kimi xarakterizə olunur. O dövrdən sonra İran əsasən “divarın bu üzü”nə adladı və Rusiyanın tərəfini seçdi. Beləcə, iki dövlət arasında mübarizə yeni sferaya keçdi. Bu mübarizənin aktorlarına “radikal şiə islamçılığı”, nüvə problemi əlavə olundu. Amma bu ziddiyyətlərə yanaşı, iki dövlət ani əməkdaşlıq da ediblər. ABŞ-ın 2011-ci il antiterror kampaniyasında İranın xüsusi xidmət orqanları Əfqanıstan və İraqdakı kəşfiyyat  məlumatlarını ABŞ-a ötürürdülər.

– İran hazırda ona tətbiq edilən bu sanksiyalara uğurlu şəkildə tab gətirə bilirmi, yoxsa hər ötən gün zəifləyir?
– Heç bir inkişafdan söhbət belə gedə bilməz. İran 1 barrel neftin qiymətinin  bircə dollar bahalaşmasından 1 milyard dollar əldə edir. Amma ABŞ-ın sanksiyalarından sonra neft ixracı 45 faiz azalıb. İran valyutası olan rialın dəyəri 80 faiz düşüb. İran gündəlik 3 milyon barrel neft ixrac edirdi, bu il 1 milyon barrelə düşdü.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək. Bundan sonra qonşu ölkənin durumu ciddi şəkildə qorxulu duruma düşəcək. İndi siz düşünün, ölkədə büdcə kəsri, ödəmələr, istehsal qiymətləri, maaşlar, iqtisadi tepm artıq çökmə həddinə yanaşıb.

– Əksər beynəlxalq təşkilatlar hesab edirlər ki, bu iki ölkə bir-birilərinə hədə-qorxu gəlsələr də, birbaşa müharibə variantını heç vaxt seçməzlər. Siz necə düşünürsünüz? Və iki hegemon dövlətin müharibə variantını seçmələri yeni bir dünya müharibəsi kimi qiymətləndirilə bilərmi? Məlumdur ki, Rusiya bu məsələdə sırf ABŞ-ın bölgədə nəzarətini zəiflətmək üçün İranın tərəfində dayanacaq.
– Təbii ki, birbaşa müharibə artıq uğurlu taktika sayılmır. ABŞ kimi böyük güc “müvəkkil savaşları”na üstünlük verir. Ona görə İranla savaşın iqtisadi tərəfi uğurla bitəcəksə, artıq milli və etnik yönü başlayacaq. Çünki məsələnin görünən üzü heç də ABŞ-İran konflikti deyil. Bölgədə İranın təhdid etdiyi, ABŞ-ın strateji müttəfiqi sayılan İsrail var. Ona görə bu, əsasən İsrailin sifarişi ilə yaşanan proseslərdir. Bu məqamda İranın şiə üzünü ortaya qoyaraq, İsrailin yanına Səudiyyə, Türkiyə və s.  kimi gücləri əlavə edirdilər. Amma bu sistem son zamanlar çat verdi. Türkiyə amili Yaxın Şərqdə baş verən proseslərin axınını dəyişməyə başlayıb. Çünki Türkiyə artıq yeni bir siyasi keysə doğru addımladı. Rusiya və İranı müttəfiqliyə dəvət etdi. Bu üçlüyün əsl gücü artıq yeni reallıqlar yaratdı. İlk “meyvəsini” də Suriyada dərməyə başadılar. Ona görə ABŞ artıq iqtisadi sanksiyalardan sonra mütləq etnik məsələni qabardacaq.

– Bir tərəfdə Avropa və dünya lideri ABŞ, digər tərəfdə hegemon cənub qonşumuz. Müharibə variantında ölkəmizin itirəcəklər və qazanacaqları nələrdir və ən vacib məqam: kimin tərəfində olmalıyıq?

– Azərbaycan üçün olduqca çətin dövr yetişib. Regional münasibətlərdə bizi seçim qarşısında qoya bilərlər. Dünyada artıq beynəlxalq münasibətlər sistemi işləmir, beynəlxalq hüququn prinsipləri keçmir. Sabah böyük təzyiq olsa, bundan qaçmağın mümkün yollarını indidən hazırlamaq lazımdır. Bitərəf qalmalıyıq, amma İranda 45 milyon Azərbaycan türkü yaşayır, nəsə baş versə, bir anda barıt anbarının ortasında qalacağıq. Bu günlərdə ABŞ rəsmisi Boltonun Bakıya səfərinin əsas məqsədi də bu idi  ki, gələcəkdə İrana qarşı aktiv savaş əməliyyatları aparılarsa, konkret Azərbaycan ərazisindən istifadə edilsin. Rəsmi Bakının buna “yox” cavabı verəcəyi dəqiq olsa da, Paşinyanın Azərbaycan ərazisini ABŞ-ın plasdarmı edəcəyini kimsə proqnozlaşdıra  bilməz. İstənilən halda, Azərbaycana sabit qonşu, yüksək iqtisadi əlaqəsi olan dövlət lazımdır. İndi ciddi proseslər gedir: İranla yanaşı, bizi Qafqazda İŞİD təhlükəsi gözləyir. Bunlar bizi təhdid edən aktual problemlərdir. Ona görə də dövlət  olaraq yüz ölçüb, bir biçmək lazımdır ki, tarixi prosesərdən itkisiz, güclü halda  çıxa bilək.

Söhbətləşdi: İlkin Mustafayev

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00