A24 Xeber

Adımız da halal, brendimiz də – “Halal nemət 1000 bərəkət”

Halallıqla keyfiyyətin birgə adı…

Adımız da halal, brendimiz də – “Halal nemət 1000 bərəkət”
1. 777
09 Yanvar 2016 - 13:27

halalFəxrəddin Bəşirov:“Yeni “Halal5+”kolbasa və sosislərimizlə istehlakçıları sevindirməyə hazırlaşırıq. Həm dadı, həm keyfiyyəti, həm də qiyməti ilə insanlarımızın üzünü güldürəcək məhsullar olacaq”.

Qida insan həyatı üçün ən zəruri ehtiyaclardandır. Buna görə də həmişə gündəmin əsas mövzularından biridir. Xüsusilə də texnologiyanın hər ötən gün inkişaf etdiyi bir mərhələsində…  Qida sahəsinin şaxələndiyi bir dövründə istehlakçılar məsələyə daha həssaslıqla yanaşırlar. Bura insanların mənəvi hissləri də əlavə olunduqda bu həssaslıq daha da artır. Dövlət də vətəndaşların bu həssaslığını nəzərə alıb. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilib. Standartlara uyğun olaraq “Halal” sertifikatı alan və bu sahədə lider firmalardan biri də “Halal Nemət 1000 Bərəkət” brendi ilə tanınan “Səhliyalı” firmasıdır. Həmsöhbətimiz də bu şirkətin direktoru Fəxrəddin Bəşirovdur.

“Səhliyalı” müəssiəsi haqqında qısa arayış:
Ailə firması olan “Səhliyalı” müəssiəsi 1996-cı ildən fəaliyyət göstərir. Dörd qardaş tərəfindən qurulan firma ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Şirkət ət və ət məhsulları bazarındakı şərait, alıcılıq qabiliyyəti nəzərə alınaraq təsis edilib. “Səhliyalı” müəssisənin yerli məkanda analoqu olmayıb. 2010-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub. Hazırda da firmada çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyətli, etibar edilən, halal  keyfiyyətli məhsul istehsal etməkdir. İstehsalata çox ciddi yanaşan firma çalışanları da qidanın bu günümüz və gələcəyimizlə əlaqəli olduğunun məsuliyyəti ilə çalışırlar.

2

– Fəxrəddin Bəy, siz halal sözünüzü brendinizlə bütövləşdirib “Halal Nemət 1000 Bərəkət” adlı halal kolbasaların və sosislərin istehsalı ilə məşğulsunuz. Halal məhsulların  istehsalına başlamağı necə qərarlaşdırdınız?

– Həm ailəmizin, həm də halal qidalanmaq istəyənlərin istəklərini nəzərə alaraq “Halal Nemət 1000 Bərəkət” adlı halal kolbasaların və sosislərin istehsalına başladıq. Müşahidə edirik ki, insanların halal məhsullara tələbatı daha çoxdur. Halal məhsul istehsalına qərar verəndə, birmənalı şəkildə donuz əti və yağından heç bir halda istifadə edilməməsini əsas götürdük. Həmçinin ət kəsimi məsələsi ilə bağlı müəyyən addımlar atdıq. Hazırda da heyvanların kim tərəfindən, harada və necə kəsilməsinə həssaslıqla yanaşırıq. Yəni, İslamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edirik.

Əslində, əvvəllər halallıq məsələsi hər kəsin vicdanına buraxılmış məsələ idi. Hər bir firma özü bunu müəyyənləşdirirdi. Firma sahibi də Allah qarşısındakı əməllərinə uyğun olaraq istehsalatda da buna riayət edirdi.

Biz 2009-cu ildən halal məhsul istehsal edirik. İdxal etdiyimiz ədviyyatların, ətin halal olmasına, daha doğrusu, halalın bütün prinsiplərinə əməl etmişik, edirik. Və buna görə də “Halal Nemət 1000 Bərəkət” adlı əmtəə nişanını almışıq. Amma bizə güvənən, inanan insanlar məhsullarımızın halallığına etibar edərək istifadə ediblər və edirlər.

Halallıq sertifikatının verilməsini isə biz sahibkarlar olaraq istəyirdik. Çünki əməkdaşlıq etdiyimiz müxtəlif ölkələrdəki şirkətlər bizim məhsulları ölkələrinə idxal etmək üçün halal sertifikatı tələb edirdilər. Əvvəllər bizdə rəsmi şəkildə bu cür sertifikat olmadığına görə məhsullarımızı ixrac edə bilmirdik. Amma bilirdik ki, halal sertifikatı məsələsi üzərində dövlət tərəfindən ciddi iş aparılır. Nəticədə də öz həllini də tapdı.

Bizdən də halallıqla bağlı müəyyən tələblər olan kimi, biz dərhal hazır olan proseduru tələbə uyğunlaşdırdıq. Dövlət Komitəsinin qoyduğu çox ciddi tələblər var idi. Kolbasa və sosis üzlüklərindən aldığımız ədviyyatlara kimi, bütün prosesləri halalın tələblərinə uyğun hazırlayaraq halal sertifikat alan ilk 4 şirkətdən biri olduq.

– Bəzən, sosial mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda, ümumiyyətlə, halal kolbasa və ya sosis anlayışı yoxdur. Bu haqda nə deyə bilərsiniz?

– Bu cür fikirlərdən bizim də xəbərimiz var. İllərdir, halal məhsul istehsal edirik. Özümüz də İslamın buyuruqlarına əməl etməyə çalışan insanlarıq. Biz özümüz üçün Qurandakı halallıqla əlaqəli ayələri meyar olaraq qəbul edirik. Allah buyurur ki, “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin…” (“Bəqərə” surəsi, 2/168). Biz də bir müsəlman ailəsi olaraq halallığa və halal nemətlərə çox əhəmiyyət veririk. Bilirik ki, Azərbaycanımızda əhalinin 96 faizindən çoxu müsəlmandır. Həm halal, həm keyfiyyətli, həm də şəffaf istehsalatımızla istehlakçılarımızı istehsalatımıza dəvət edirik.

– Söhbət sosial mediadakı xəbərlərdən düşmüşkən, bir məqamı da soruşmaq istəyərdik. Kəsilmiş ətlə kolbasaların kiloqramı müqayisə ediləndə müəyyən qiymət fərqləri olduğunu müşahidə olunur. Bu da müəyyən söz-söhbətlərin yaranmasına gətirib çıxarır. Bu qiymət fərqi nə ilə bağlıdır?

– Təəssüflər olsun ki, bəzi insanlar kolbasanın cılğı ət olduğunu düşünür,amma kolbasa və sosislər ət məhsuludur. Kotlet yeməyini gözünüzün qarşısında canlandırmağınızı istərdim. Burada ən çox faiz ətə məxsus olsa da, kartof, yumurta, süd, kərə yağı, su (buz), duz, ədviyyatlardan istifadə olunur. Toyuq əti əlavə olunur. Bütün bunların qiymətlərini hesablayanda, kolbasanın ətdən ucuz olmasının səbəbi də aydın olur. 

F'xr'ddin

–Yenə söz-söhbətlərə «nöqtə» qoymaq üçün ətin mənşəyini bilmək istəyirik. Siz əti haradan alırsınız?

– Bu suala cavab verməmişdən əvvəl bir məsələyə aydınlıq gətirmək istəyərdim. Dünyada ən böyük ət bazarı Hindistandır. Hindistanın ət sahəsində ixtisaslaşmış məşhur “Allanasons” firması var. Bu firma İslamın qayda-qanunlarına uyğun olaraq ət kəsimi ilə məşğuldur. Və şirkət halal sertifikata malikdir. Biz həmin firmadan da məhsul alırıq. Əməkdaşlarımızı həmin şirkətə göndərmişik, bütün mərhələni özləri müşahidə ediblər və çəkiblər. Şəxsən mən özüm də prosesdə iştirak etmişəm. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları da həmin şirkətdə olub və prosesi şəxsən izləyiblər. Bir məqamı qeyd edim ki, Hindistanda əhalinin sayı 1 milyarddan çoxdur və əksəriyyəti də ət yeməyin qadağan olduğu hinduizm dininə sitayiş edirlər. Hindistanda ət ixracı ilə ancaq müsəlmanlar məşğul olur. Bu məqamı xüsusi vurğulamaq istəyirəm ki, müəssisəmizin öz yardımçı təsərrüfatı var. 1000 – 1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkəmizin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Ət tələbatımızın bir hissəsini həmin fermamız vasitəsilə təmin edirik.

– Bəs toyuq ətini haradan alırsınız?

– Toyuqlarımızı Azərbaycandakı firmalardan alırıq. Onların İslama uyğun olaraq kəsilməsinə özümüz şahid olmuşuq. Bu gün ABŞ-da, Avropada, bir sözlə, dünyanın bütün ölkələrində toyuqlar müəyyən standartlara uyğun yetişdirilir. Şəxsən mən özüm toyuqların Almaniyada yetişdirilməsinin şahidi olmuşam. Oradakı texnologiya ilə buradakı yetişdirmə arasında heç bir fərq görməmişəm. Hətta onu deyim ki, burada yetişdirilənlərin İslama uyğunluğu nəzərə alınır. İnanın, Azərbaycan insanı qidasının qeydinə daha çox qalır. Heç kim xoşuna gəlməyən və ya şübhələndiyi qidanı ikinci dəfə almaz. Bir nüansı da burada xüsusi vurğulamaq istəyirəm. “Halal Nemət 1000 Bərəkət” kolbasa və sosislərini alanlar halallığa və keyfiyyətə önəm verənlərdir. İşçilərimiz də bu brendi ailələrinə xoşhallıqla aparırlar, çünki istehsalında birbaşa özləri iştirak edirlər.

– “Halal Nemət 1000 Bərəkət”in halal olduğuna biz də şahid olduq və heç bir şübhəmiz qalmadı. Bəs qiymətlərdə necə halallıq nəzərə alınırmı?

– Əlbəttə, nəzərə alınır. Həm öz istehsalımız olduğu üçün, həm yerli təsərrüfatımız olduğuna görə məhsulumuzun maya dəyəri başqalarından fərqlənir. Həm halal, həm keyfiyyəti münasib qiymətlərlə də insanlarımıza təklif edirik. Biz çalışırıq ki, istehlakçıların rəğbətini qazanaq ki, onlar da Halal Nemət 1000 Bərəkət”ə tam güvənsinlər. Və bunu da biz müşahidə edirik. Çünki rəğbət qazanmayan məhsullar öz mövcudluqlarını da davam etdirə bilməzlər. Biz isə yeniliklərlə bunu daha da gücləndiririk.

– Söhbət əsnasında yeniliklərdən bəhs etdiniz. Hansı yenilikləri nəzərdə tutursunuz?

– Bizim yeniliklərimiz həmişə olur. Bura sosial yeniliklərimiz, layihələrimiz olduğu kimi, yeni məhsullarımız da daxildir. Yeni “Halal5+” kolbasa və sosiskalarımızla istehlakçıları sevindirməyə hazırlaşırıq. Həm dadı, həm keyfiyyəti, həm də qiyməti ilə insanlarımızın üzünü güldürəcək məhsullar olacaq. Xeyli vaxtdır bunun araşdırması davam edirdi. Artıq istehsalla əlaqəli işləri yekunlaşdırmağa çalışırıq. Hazırda bu həyəcanlı anları yaşayırıq. Ümid edirik ki, insanlarımız bu yeni dadla, yeni ləzzətlə və ucuz qiymətlə keyfiyyətli, halal məhsulumuzu bəyənəcək və sevəcəklər.

– Ət məhsullarının istifadə müddəti nə qədər olmalıdır? Əti bir neçə gün saxlayanda, qaralmağa və xarab olmağa başlayır. Amma sosis və kolbasaların üzərində müddət 1 ay yazılır…

– Məhsullarımızın qablaşdırılmış şəkildə 30 gün istifadə müddəti var. Əti 1-2 gün deyil, aylarla da saxlamaq olar. Əvvəllər ata-babalarımız soyuducuların olmadığı bir dövrdə əti necə saxlayırdılar? Duzlayıb, qurudub zirzəmilərdə tədarük görürdülər. Avqust, sentyabr aylarında edilən basdırmaları qış boyu yeyirdilər. Bu gün də soyuducularda temperatura uyğun olaraq saxlanan ət məhsullarını 1 ay istehsal müddətinə uyğun olaraq istifadə etmək olar.

– Fəxrəddin Bəy, kəsim sexi açdığınızdan xəbərimiz var. Bu haqda da məlumat verməyinizi xahiş edirik…

– Kəsim seximiz artıq hazırdır. Növbəti ilin birinci rübündə açılışını etməyi planlaşdırırıq. Bütün avadanlıqlar Almaniyadan alınıb və xarici mütəxəssislər tərəfindən də quraşdırılıb. Kəsim seximizdə kənarda kəsimlə məşğul olan insanlar da yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun olaraq kəsimlərini həyata keçirəcəklər. Bununla bağlı, təlimlərimiz olacaq. Təlimləri isə Türkiyədən dəvət etdiyimiz mütəxəssislər keçəcək. Artıq əməkdaşlıqla əlaqəli olaraq müqavilələr bağlanıb. Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib. Bununla da Abşeron rayonundakı bütün mal-qaranın kəsim yeri olacaq. Bu o deməkdir ki, növbəti ildən bu rayonda qıraqda-bucaqda ət kəsimi məsələsi yığışdırlacaq, halal, etibarlı və keyfiyyətli kəsim olacaq. Təbii ki, prosesdə baytar həkim də iştirak edəcək.

– Fəxrəddin Bəy, maraqlı söhbətə və istehsalata şəxsən iştirakınız olmadan müşahidə etmək imkanı verdiyinizə görə təşəkkürümüzü bildiririk. Bir daha həm halal, həm də keyfiyyətli məhsullarla bizi təmin etdiyiniz üçün çox sağ ol deyirik.

– Bizim üçün də xoşdur ki, insanlarımız bizə etibar edirlər. Biz yenə də sizin vasitənizlə bir daha qeyd etmək istəyirik ki, ürəyində hansısa şübhəsi olan insan müəssisəmizə gələrək istehsal prosesini müşahidə edə bilə.Gigiyenik qaydalara əməl etmək şərtilə halallığı öz gözlərilə görə bilərlər.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00