AYO sədri: “Murad Köhnəqala İsveç düşərgələrində gündəlik yazanda …”

 ferhad-fotoAYO sədri Fərhad Yalquzaq son vaxtlar AYO və qurumun ətrafında gedən son proseslər haqqında A24.Az -a müsahibə verib.

Salam, Fərhad bəy. Yaxınlarda kitabınızın təqdimatı oldu, kitabınızın mövzusu demək olar ki, bütün kateqoriyadan olan oxucular üçün maraqlı görünür; “Orman adamı”. Bəs təqdimatdan sonra bu marağı hiss etdinizmi? Oxucular nə reaksiya verir?

Hər vaxtınız xeyir olsun! Bəli, səkkiz ay dağlarda, ormanlarda yaşayıb ərsəyə gətirdiyim kitaba geniş maraq var. Təqdimatda cəmiyyətin müxtəlif təbəqələrindən insanlar iştirak edirdi. Mən bu kitabın yaranma tarixi və səbəbləri haqqında bacardığım qədər məlumat verdim. Kitab pis satılmadı. O ki qaldı təqdimatdan sonrakı mərhələyə… Onu deyə bilərəm ki, Azərbaycanın müxtəlif rayonlarından oxucular mənə müraciət edib kitabı onlara göndərməyimi rica etdilər. Bundan başqa ABŞ, İngiltərə, Türkiyə, Gürcüstanda yaşayan soydaşlarımız da məndən imzalı kitabımı göndərməyi xahiş etdilər. Mən də göndərdim.
İndi keçək reaksiyalara. Ən önəmli reaksiya Rasim Qaracadan gəldi. Rasim bəyin Azərbaycan ədəbiyyatına verdiyi töhfəni hamı olmasa da, bu sahədə çalışan insanlar yaxşı bilir. Əslində mən tənqidlərə açıq olduğumu həmişə vurğulamışam. Sırf ədəbiyyat aləminin piliqrimi olmadığım üçün, yüksək iddialarım olmadığı üçün istənilən nöqteyi-nəzəri sakit qəbul edə bilirəm. Avtoritetinə güvəndiyim bir ədəbiyyat adamının mənim kitabıma verdiyi reaksiya gözlədiyimdən dəfələrlə artıq oldu. Rasim bəy “Orman adamı”nın Azərbaycan ədəbiyyatında ən səmimi yazılmış bir kitab olduğunu vurğuladı. Bəli, mən istənilən mental yazıçının gizlətməli olduğu həqiqətləri bütün çılpaqlığı ilə göstərməyə özümdə güc tapa bildim. Və buna bir qram da peşman deyiləm. Başqa oxuculardan da reaksiya gəldi. Birmənalı olaraq yalnız bunu qeyd edə bilərəm: bütün əyər-əksikliklərinə baxmayaraq, oxucular kitabın çox oxunaqlı olduğunu söyləyirlər. Mənə isə bundan artığı lazım deyil.

12661_10202835575551349_1442697789_nYaxınlarda Murad Köhnəqlanın AYO ilə açıqlamalarından sonra bu yöndə xeyli söz-söhbət dolaşdı. Bütün danışılanlar AYO-da illər əvvəl baş verdiyi iddia olunan məsələlərdən idi. Bəs AYO-nun bu günündən nə danışmaq olar?

AYO-da illər öncə nə baş vermişdi ki? İstər Murad Köhnəqala olsun, istər Həmid Herisçi, istərsə də bir başqası, – bu adamlar AYO-nu öz əllərinin içi kimi bilirlərmi? Az qala uça-uça AYO-ya qədəm basan adamların sonradan bu quruma həqarət yağdırmaqlarını mən anlaya bilmirəm. Bəlkə AYO sizin bağ evinizi, vəzifənizi əlinizdən aldı? Bəlkə AYO sizi Sibirə sürgünə göndərdi? Neylədi axı AYO? Yalnız sizin underground ədəbiyyatında bir rol oynadığınızı ictimaiyyətə çatdırdı. Sizi azsaylı da olsa bir azad fikirli oxucu zümrəsinə tanıtdırdı. AYO-nun bilavasitə yaradıcısı olan Rasim bəy hər zaman, hətta siz ona qarşı gedəndə belə, sizin yanınızda oldu. Niyə belə həqarət püskürürsünüz? Niyə zəhər tuluğuna dönmüsünüz?
AYO-nun bu günü haqqında sizə nə deyim ki? Bu qurumun heç bir inzibati resursu yoxdur. Qurumun üzvlərinin üzvlük haqqı ödəmək kimi bir qarın ağrısı yoxdur. Qurumun rəhbərinin bir manat maaşı yoxdur. Qurumun üç mərtəbəli ofis binası, Abşeronda villaları, yarım sot torpağı yoxdur. Siz nə gözləyirsiniz ki? Bu qurumda yazarları yalnız məslək və azad ədəbiyyat ideyası birləşdirir. Əlində milyonlarla vəsaiti olan AYB-nin hansı işlərlə məşğul olduğuyla niyə maraqlanmırsınız? Köhnəlmiş, naftalin iyi verən partokrat üsulla idarə olunan, əllərində bütün resursları cəmləşdirmiş və bütün bunlara baxmayaraq iylənmiş bir qurum olan AYB bu gün Azərbaycan ədəbiyyatına nə verir? Heç olmasa bir əlinizin bir barmağını qatlayın. AYO-nun bu gün yeganə dərgisi olan “Alatoran”ı belə nəşr etməyə imkanı yoxdur. Bəs bu qurumun üzvləri öz azad fikirlərini insanlara necə çatdırsınlar? Biz, yəni AYO üzvləri ac qarına oturub kitab yazırıq. Sonra da dost-tanışa yalvarıb bu kitabı dərc etməyə çalışırıq. Bizim əlimizdə AYB-dəki kimi resurslar olsa, müəlliflərə qonorar verməyə imaknımız olsa, inandırıram sizi: AYO ildə ən azı iyirmi yeni roman ortaya çıxardar. AYB bu illər ərzində öz turşumuş ağsaqqal yazıçılarının neçə yeni romanını ortaya çıxardıb?

13892094_10209872206582727_7527718886433575371_nMurad Köhnəqala və Həmid Herisçinin ittihamları daha çox sabiq silahdaşları Rasim Qaraca ilə əlaqəli olsa da, danışılanlar AYO-nun reputasiyasına da təsirsiz ötüşmyəcək. Bu məqamda AYO sədri kimi bu barədə açıqlama verməyi uyğun bilmirsinizmi?

Murad Köhnəqala ilə Həmid Herisçi AYO-nun reputasiyasına heç bir zərər vura bilməz. Bəlkə onların Rasim Qaracayla öz ədavətləri var, – bunu bilmirəm. AYO təkcə Rasim Qaracadan ibarət deyil. AYO sədri kimi açıqlama verməyimi istəyirsiniz. Mən də fikrimi söyləyim. Nə Murad Köhnəqala, nə də Həmid Herisçi indiyə kimi fundamental bir əsər ortaya qoymayıblar. Razıyam, Rasim Qaraca da ortaya fundamental bir əsər qoymayıb. Ancaq Rasim bəy heç olmasa çalışıb. Onun “Arqo deyimləri”, underground şeirlərindən ibarət kitabları işıq üzü görüb. Və rezonans doğurub. Adam konkret olaraq yeni söz deyə bilməyi bacaranları bir ortaya gətirərək, postmodernist ədəbiyyatın özülünə heç olmasa bir neçə kərpic əlavə eyləyə bilib. Murad bəy İsveç düşərgələrində gündəliklərini yazan zaman, Həmid bəy arxaik pirlərin başına dolanan zaman Rasim bəy ləng də olsa öz yoluyla yeriyib. Bu gün yuxarıda adlarını çəkdiyim yazarların eyni vaxtda Rasim bəyə və AYO-ya olan hücumlarını mən sadəcə olaraq gözəgörünməz bir dirijorun barmaqları arasındakı çubuğun azca yuxarıya dartınması ilə əlaqələndirirəm. Bu adamlar heç zaman heç nəyi elə-belə etmirlər. Yəgin ki, onlar yaxın vaxtlarda mükafatlandırılacaqlar.

Bütün bu söz-söhbətlər zamanı AYO və AYO sədri Fərhad Yalquzaq sanki “oyundan kənar” qaldı. Sizcə bu nəyin göstəricisidir?

Fərhad Yalquzaq toplam olaraq bir aydır ki, AYO-nun sədridir. Və Fərhad Yalquzaq özündə hər cırtqoz bəyənata reaksiya vermək məcburiyyəti hiss etmir. Oyundan kənar deyirsiniz. Düzgün deyimdir. Oyun var. Oyun həmişə var. Oyun olduğu halda onun qaydalarını da təyin edən birisi vardır. Olar bilər ki, həmin adam qalın dodaqlarının arasında qəlyan, oturub ssenarisini yazdığı bir oyunun “qəhrəmanlarının” çıxardığı meymunluğa baxaraq tüstünü tavana üfüləyir. Fərhad Yalquzağın qaydalarından xəbərsiz olduğu bir oyunda iştirak etməsi mümkün deyil.

AYO üzvlərindən olan yazar Mirmehdi Ağaoğlu bir müsahibəsində birliyin qürub çağını yaşadığını deyir. Əslində onunla həmfikir olan yazarlar az deyil. Bu barədə nə deyərdiniz?

Mirmehdi Ağaoğlu şəxsiyyətinə böyük hörmət bəslədiyim insanlardan birisidir. Və Mirmehdi Ağaoğlu AYO-nun qürub çağını yaşadığını söyləyirsə, biz ona söz və fikir azadlığı prizmasından baxaraq sayqı göstərməliyik. Bu onun, necə deyərlər, subyektiv fikridir. Ola bilər ki, bir müddət sonra Mirmehdi bəy fikrinin yanlış olduğunu söyləyəcək durumu hiss edər. Bu qeyri-stabil ortamda sabah nəyin necə olacağını söyləmək heç zaman mümkün deyil.

14906842_10210708063718633_6451858438892046431_nAYO sədri kimi hazırda nə planlarınız var?

Planlarım var. Qurumu durğunluq vəziyyətindən çıxarmaq üçün qurum üzvləriylə birlikdə toplaşaraq bir fəaliyyət planının ortaya çıxarılmasını arzulayıram. AYO üzvləri çox nadir hallarda bir yerə yığışır. Mənim bir il vaxtım var və bu sürədə qurumumuzun üzvlərini heç olmasa, ən azı beş-altı dəfə bir araya gətirmək istəyirəm. Oturub yaradıcı fəaliyyətimizi müzakirə etmək, fikir mübadiləsi aparmalıyıq. Yeni üzvlərin sıralarımıza qatılması perspektivlərini dartışmalıyıq. Bundan başqa, Azərbaycanda hələ təşəkkül tapmamış bir fəaliyyətin bərqərar olmasına start vermək istəyirəm. Biz maraq doğuran əsərlərimizi gənclərə, yaxud maraqlanan hər bir zümrəyə auditoriyadan oxumaq mədəniyyətini əxz etməliyik. Mən şəxsən bu işə ilk dəfə olaraq başlaya bilərəm. Məsələn, mən AYO sədri kimi yox, bir yazar kimi “Orman adamı”nı kiçik bir auditoriyaya oxuya bilərəm. Yəgin ki, başqa ideyalar da olacaq. İlk öncə mən AYO-çuları öz emalatxanama toplayacağam. Onlara yaxşı bildiyim rəssamlıq sənəti haqqında bildiklərimi danışacağam. Bizim yazarlar növündən asılı olmayaraq incəsənət aləminin incəliklərini bilməlidirlər. Biz oturub qarşımızda duran vəzifələri müzakirə edəcəyik. Sağlıq olsun. İdeyadan ideya doğar. Bizim qurumun üzvləri isə kreativ insanlardır. Onlarda yeni ideyalar həmişə vardır.

Söhbətləşdi: Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR