Azərbaycanda "Qırmızı kitab"a düşən 34 quş - Onları ovlamaq cinayətdir - SİYAHI

Azərbaycanda “Qırmızı kitab”a düşən 34 quş – Onları ovlamaq cinayətdir – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan coğrafi mövqeyinə görə əlverişli ərazidə yerləşdiyi qədər, eyni zamanda, olduqca zəngin faunaya malikdir. Bu dəfə toxunacağımız mövzu səma canlılarından, atmosfer qatının canlılar aləmindən bəhs edəcək. Xüsusən, artıq bir neçə aydır ki, Azərbaycanda ov mövsümünün açıq elan olunması quş ovunun fəallaşmasına səbəb olub.  Bəs, Azərbaycanda ovlanması qadağan olunan quşlar hansılardır?  Azərbaycanda adı “Qırmızı kitab”a düşən quşların ovlanması qadağandır. Bura 34 növ quş daxil edilib. Bu növ quşların Azərbaycan təbiətində çox az sayda qalmaları onların nəslinin tükənmələrinə gətirib çıxara bilər. Ona görə də, nadir və sayı azalmağa doğru gedən quşların ovlanması qadağan olunub.

A24.az ovlanması qadağan olunan quşların siyahısını təqdim edir:

Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — qutanlar fəsiləsinin qutan cinsinə aid quş növüdür. Nadir, sayı azalmaqda olan qışlayan quşlar siyahısındadır. Daha çox su hövzələrində məskunlaşıb. Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir. 1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınıb.
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — qutan cinsinə aid quş növüdür. Nadir, sayı azalmaq üzrə olan Qıvrımlələklərin qışda demək olar ki, respublikanın bütün iri su hövzələrində rast gəlinir. Köçmə və qışlama vaxtı balıqların kürü tökməyə getdikləri yerlərdə, çayların və kanalların mənsəbində toplaşırlar. Yuvalama biotopu qamış cəngəllikləridir. Dövlət Ekologiya Komitəsinin hesablamalarına əsasən respublikada qışlayan quşların ümumi sayı 250-300 fərddir. Yalnız Ağgöldə və Sarısu göllərində (10 cütdən çox olmayaraq) yuvalayır. Yuvanı dişi fərd qurur, yuvanın tikintisi üçün lazımi materialları dimdiyində gətirir. Yuvanın tikintisi 3-4 gün çəkir. Aprel ayında 3-4 ağ yumurta qoyur. Yumurtanın ölçüləri 53—65 x 86—102 mm. Kürtdüşmə 39—40 gün davam edir. Balaların yumurtadan çıxması bir neçə gün çəkir, belə ki, qutan birinci yumurtanı qoyan kimi kürt düşür. Birgünlük quşlar çılpaq, kor və çəhrayı rəngdə olurlar. 5-ci gün ağ narın tüklə örtülür, 10-cu gün üzürlər. Lələklər 20-ci gün əmələ gəlir, 2,5 aylıqda balalar uçmağa hazır olurlar. Uçmadan sonra cavan fərdlər dəstə yaradır və daha iri su hövzələrinə uçub köçürlər və orada payıza kimi qalırlar.
Adi ərsindimdik (lat. Platalea leucorodia) – ərsindimdik cinsinə aid quş növüdür. Nadir, sayı azalmaqda olan yuvalayan adi ərsindimdik Azərbaycan ərazisində əvvəllər bütün iri su hövzələrində yuvalayırdı. Hazırda yalnız Ağgöl, Qızılağac və Mahmudçalada yuvalayır (digər su hövzələrində stabil yuvalamır). Qamışlıqlarla örtülü düzənlik su hövzələrində yaşayır. Yuvalama biotopları insan üçün çətin keçilən qamışlıqlar, eləcə də yulğunluqlardır.Son illər ərsindimdiklərin sayı nəzərə çarpacaq dərəcədə azalıb. Əgər Ağgöldə 1964-cü ildə 5320 quş, 1968-ci ildə – 2200 quş qeyd edilmişdirsə, 80-ci illərin sonunda yuvalayan populyasiyalarda bu quşların sayı 200-ə qədər olub.
Qara leylək (lat. Ciconia nigra) – leyləklər fəsiləsinin leylək cinsinə aid quş növüdür. Çox nadir, sayı azalmaqda olan qara leyləyin Lənkəran zonasının dağətəyi meşələrində, Kürboyu tuqay meşələrində yuvalayır. Böyük və Kiçik Qafqaz, Talış dağətəyi rayonlarında rast gəlir. Hər yerdə nadirdir. 1980-ci ildə Qarayazı meşələrində 10 cüt və Talışda tək-tək fərdlər qeydə alınmışdır. Hündür ağaclarda, ən çox tuqay meşələrində yuvalayır. Aprel ayında yuvada yumurtaların sayı 3-5 olur. Məlumat üçün bildirək ki, 1 növ (Qara leylək) və 2 yarımnövün (Qafqaz və Talış qırqovulu) nəsli kəsilib. 26 növ isə antropogen təsirdən asılı olmayaraq həmişə az saylı və ya təsadüf rast gəlinəndir.
Flaminqo – Qızılqaz (lat. Phoenicopterus) – qızılqazlar fəsiləsinə aid quş cinsidir. Nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıb. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləridir. Eləcə də, İranda Urmiya və Maharlı göllərində, duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib. Azərbaycanda qışlayan qızıl qazların sayı XX əsr ərzində 10 dəfə qeydə alınıb. Məsələn, Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunub. Sayının dəyişilməsinin əsas səbəbi, yəqin ki Xəzərin səviyyəsinin dəyişilməsi ilə bağlıdır. 1978-ci ildən başlayaraq Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar qızıl qazların toplanma yerləri vaxtaşırı olaraq dəyişilir, yeni yerlər əmələ gəlir, köhnələri isə su altında qaldığı üçün qışlamağa yararsız olur.
Qu quşu (lat. Cygnus) – ördəklər fəsiləsinə aid quş cinsidir. Qu quşular ya tamam ağ, ya boz, yaxud da qara rəngdə olur. Erkək və dişiləri xarici görüşünə görə ayırd etmək o qədər də asan deyil. Qu quşu qazlardan daha uzun boynunun olması, eləcə də daha böyük bədənə malik olması ilə fərqlənir. Nadir qişlayan və koçəri quş növüdür.  Açıq göl sahələri, dəniz sahili ərazilər onun yaşadığı yerlərdir.
Kiçik qu quşu (lat. Cygnus bewickii) – qu quşu cinsinə aid heyvan növüdür. Qorunma tədbirləri görülməsə nəslinin kəsilmə təhlükəsi yarana bilər.Azərbaycanda Xəzər dənizinin sahillərində və daxili su hövzələrində qışlayır. Azərbaycanda nadir hallarda qışlayan quşdur. Harayçı qu quşları toplaşdığı və yemləndiyi ərazilərdə müşahidə edilir. Fısıldayan qu quşları olan su hövzələrində olmur. Onlar tərəfindən sıxışdırılır. Qışlama dövründə kiçik sürülər əmələ gətirir. Azərbaycan ərazisində qışlamağa məskunlaşdığı yerlərdə narahatçılıq yaradan amillərin, balıq tutulmasının, sahildə qamış zolaqlarının yandırılmasının qarşısı alınmalıdır.
Qırmızıdöş qaz (lat. Branta ruficollis) – branta cinsinə aid quş növüdür. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır. Dəniz sahilləri, göllər, çayların mənsəbi onun məskənidir. Əvvəllər Xəzər sahillərində sayı çox idi. 1961-1964-cü illərdə Mil düzündə 3300-dən 4800 fərdə qədər olub. Sarısu gölündə qışlama zamanı 100 fərddən çox olmur. AMEA zoologiya institutu əməkdaşlarının məlumatına görə, 1980-ci ildə Qızılağac qoruğunda qırmızıdöş qazın sayı 23 fərdə qədər azalıb. Azərbaycanda yuvalamır.
Mərmər cürə (lat. Marmaronetta angustirostris) — Ördəklər fəsiləsinin (Anatidae) tribasına aid quş növüdür.  Seyrək qışlayan, daha az miqdarda yuvalayan və sayı azalmaqda olan növdür. Qışda Kür vadisində və Lənkəran ovalığında təsadüf edilir, amma təkcə Ağgöldə və Sarısuda yuvalayır. Çoxalma dövründə qamış cəngəlliyi olan şirin və şoran göllərdəki xırda adacıqlarda yaşayır. Köçərkən olduğu və qışladığı rayonlarda təbii və süni göllərdə təsadüf edilir. 1993-cü il yaz-yay hesablamaları üzrə Sarısu və Ağgöl göllərinin hər birində yuvalayan quşların sayı 200 fərd olub. 1995-ci ilin əvvəlində Qızılağac qoruğunun Lopatin və Akuşa postları arasındakı su hövzələri üzrə çay ördəklərinin toplantılarında 54 mərmər cürə qeydə alınıb. May ayında yumurtlayır, yuvasında 7-9 yumurta olur, cücələrə iyunda təsadüf edilir. Azərbaycanda əsas qışlaq yerləri Qızılağac Dövlət Təbiət Qoruğu, yuvalama yerləri isə Ağgöl Milli Parkıdır. Qızılağac Dövlət Təbiət Qoruğunda qışda 2004-cü ildə 680, 2005-ci ildə 420, 2006-cı ildə 200 fərdi qeyd edilib. Reproduksiya dövründə Ağgöldə 1961-1964-cü illərdə hər il 50-60, 1998-ci ildə 45, 2005-ci ildə 10 cütü qeyd edilib. Digər su hövzələrində həm qışda, həm də reproduksiya dövründə tək-tək hallarda rast gəlinir.
Çay qaraquşu (lat. Pandion haliaetus) – qaraquş cinsinə aid quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Nadir, sayı tez azalan növdür. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələrdə yaşayır.  Son illərin hesablamalarına əsasən, Azərbaycanda ümumi sayı 13-15 yuvalayan cütdür. Yuva sahələri daimidir və uzun illər ardıcıl istifadə olunur. Yuvalar hündür ağaclarda qurulur. Yuvaya 2-3 yumurta qoyur. ХIХ əsrdə adi saylı, ХХ əsrin 80-ci illərində nadir olub, 90-cı illərdə nəslinin kəsilməsi qorxusu yaranıb, cəmi 14 cüt qalmışdı. Son 10 ildə kritik vəziyyətə düşüb, cəmi 6 cüt qalıb. Kürqırağı tuqay meşələrində, Lənkəran düzənliyində, o cümlədən, Qızılağac Dövlət Təbiət Qoruğunda nəsil verməkdən məhrum olub.
Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) – Haliaeetus cinsinə aid quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Nadir, sayı tez azalan növdür. Düzənlik və dağətəyi rayonlarda, və adətən Xəzər sahillərində və Kür-Araz boyu rast gəlinir. Dəniz qartalına Abşeron sahillərində bütün il boyu təsadüf etmək olar. Balıqların kürü tökmə zamanı daha tez-tez təsadüf edilir. Onu dəniz sahillərinə yaxın yerlərdə, Astara və Kürün mənsəbi arasında müşahidə etmək olar. Qışda qida axtarmaq üçün çayların, göllərin və dənizlərin sahillərinə gəlirlər. Ağaclarda və kolluqlarda gecələyir. Qızılağac qoruğu ərazisində 20-25-ə qədər ağquyruq dəniz qartalı qışlayır. Lənkəran düzənliyində 10-15, Ağ-göldə 8-10, Abşeron sahillərində və Bəndovanda 5-6, Mingəçevir su anbarında 3-4, Kür-Araz sahillərində 8-10 fərd qeydə alınıb. Ağaclarda, nadir hallarda kollarda yuvalayır. Yuvaya 2 yumurta qoyur.
Tetraçalan (lat. Accipiter gentilis) – əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Hündür ağaclardan ibarət meşə quşudur. Daimi cütləri olur. Hər cüt yuva sahəsi seçir, oraya qonşu cütləri buraxmır. Hündür ağacda (10-15 m) yuva tikir. Şam ağacını xoşlayır. Berkut qartal (Aquila chrisaetus) kimi güclü yırtıcının yuvasını zəbt edə bilir. Eyni cütün sahəsində 2-3 yuva olur, hər il birində nəsil verir. Aprelin axırlarında 2-3 ədəd yaşıl çalarlı ağ yumurta verir. Dişi quş 32 gün kürt yatır, erkək onu yemləyir. Yem üçün yuvasından 5-6 km uzağa qədər uça bilir. Kannibalizmi güclüdür. Avqust ayında hər yuvada 1-2 bala pərvazlanır. XX əsrə qədər adi saylı olub. XX əsrdə azalmağa başlayıb. 1950-ci illərdən sonra populyasiyasının sıxlığı azalıb nadir olub. XXI əsrin əvvəlində 55 cüt idi, indi isə 25 cütdən çox deyil. Son 10 ildə 36,4 % azalıb. Ovlanması qadağandır. Beynəlxalq ticarəti yasaqdır, Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Hirkan, Altıağac, Şahdağ və Göy-göl Milli Parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib.
Qafqaz tetrası (lat. Lyrurus mlokosiewiczi) – tetra cinsinə aid quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. adir, sayı azalmaqda olan oturaq növdür. Böyük və Kiçik Qafqaz dağlarında yaşayır. Tetra – dağ-meşə quşudur. Böyük və Kiçik Qafqaz şəraitində bu quş alp və subalp zonalarında yuvalayır. Azərbaycan hüdudlarında Böyük Qafqazın şimal-şərqində hər 100 hektarda sıxlığı 1961-1963-cü illərin hesablamalarına əsasən – 24,4 fərd, 1991-ci ilin yanvarında – 0,2 fərd qeydə alınıb. Böyük Qafqazın cənub-qərb sahəsində əsasən Zaqatala qoruğunda qeyd edilib. 1993-cü ilin iyulunda qoruğun sahəsində hər 100 hektarda quşların sıxlığı 8,9 fərd, qoruqdan xaricdə 0,2 fərd hesablanıb. Həyatının 2-ci ilində cinsi yetişkənliyə çatır. Cütləşmə martın axırı və aprelin əvvəllərində gedir. Yumurta qoyması aprelin axırlarından mayın sonlarına kimidir. 6-12 ədəd yumurta qoyur. 25 gün kürt yatır. Cücələrə iyunun birinci ongünlüyündə rast gəlinir. Yumurtaları heyvanlar tərəfindən tapdalanır, tülkü tərəfindən məhv edilir.
Bozqır qartalı (lat. Aquila rapax) – qartal cinsinə aid heyvan növüdür. Azərbaycandan kənarda yaşıyan, nadir hallarda görünür. Yarımsəhra qartalı kimi tanınan bu quş ancaq köç zamanı Xəzərin qərb sahillərində görünür.Kolluqların açıq hisələrində yaşayır.
Məzar qartalı (lat. Aquila heliaca) – qartal cinsinə aid heyvan növü olub. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Sayı az olan və getdikcə azalan nadir növdür. Yay vaxtı Alazan çayı vadisində, Şəki və Xaçmaz düzənliklərində, qismən də respublikanın bəzi dağətəyi rayonlarında olur. Qışda Muğan, Salyan və Lənkəran düzənliklərində təsadüf edilir. Əsas qışlaq yeri Afrikadır. Açıq sahələrlə növbələşən seyrək meşələrdə yaşayır. Sayı barədə dəqiq məlumat yoxdur. Ağacda yuva tikir. Bir yuvadan bir neçə il ardıcıl istifadə edir. Aprel ayında 2 – 3 yumurta qoyur. Balalarını 11 həftə yuvada bəsləyir. Quzğun, boz qarğa, çalağan və leş qartalı ilə qida rəqabətinə girir. O, bu heyvanları özünə düşmən bilir. Uzun müddət insan tərəfindən təqib edilməsi, yuvalaması üçün əlverişli yerlərin azalması, qida bazasının zəifləməsi və gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunda səhvlərə yol verilməsi məzar qartallarının sayının azalmasına səbəb olub.
Berqut (lat. Aquila chrysaetos) — qızılquşkimilər dəstəsinin qartal cinsinə aid quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib.  Azərbaycanda sayı azalan nadir növdür. Respublikada dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir.  Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil. Azərbaycanda berqutun çoxalması öyrənilməyib. Başqa populyasiyalardan məlumdur ki, berqut 4 – 5 yaşında cinsi yetişkənliyə çatır, daimi cütlər əmələ gətirir, fevral-mart aylarında 2 – 3 yumurta qoyub, 40 gün kürt yatır. Balalarını 80 günə qədər yuvada bəsləyir. Leş və gəmiricilərlə yemlənən başqa növ yırtıcılar berqutun rəqibidir. Təbii düşmənləri və xəstəlikləri məlum deyil. İnsan tərəfindən təqib edilməsi, gəmiricilərlə kimyəvi mübarizə qaydasının pozulması, qışda həm də yem azlığı berqutun sayını azaldır.
Toğlugötürən (lat. Gypaetus barbatus) – toğlugötürən cinsinə aid quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Nəsli kəsilmək üzrə olan, oturaq növdür. Böyük və Kiçik Qafqaz və Talış dağlarında daha geniş yayılıb. Əsasən, Dağların qayalıq hissələri, qışda düzənliklərə enir. 1990-1996-cı illər hesablamalarına əsasən respublika üzrə ümumi sayı 16-18 yuvalayan cütdən çox deyil. Martda çoxalır, yuvada 1-2 yumurta olur. Qanunsuz ovlanması, yem ehtiyatlarının azalması bu quşunun məhv olmasına səbəb olur.
İlanyeyən (lat. Circaetus gallicus və ya lat. Circaetus ferox) – Qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid yırtıcı quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Rəngi bozumtul-qonurdur. Qarın tərəfində qonur naxışlar var. Açılmış halda qanadlarının uzunluğu 1,9 m-dəkdir. Barmaqları qısa, dırnağı itidir. Əsasən, sürünənlər, suda-quruda yaşayanlar və gəmiricilərlə, qismən də quş və iri cücülərlə qidalanır. Respublikada sayı az olan və getdikcə azalan, yuvalayan – köçəri növdür. Qobustanda, Bozdağda, Zuvandda, Araz çayı vadisində və respublikanın digər dağətəyi və aran rayonlarında yayılıb. Azərbaycana apreldə gəlib, sentyabrda qayıdır. Kənd təsərrüfatı sahələrinin genişlənməsi ilə əlaqədar yaşayış yerləri azalır. Qobustanda bir cüt ilanyeyənə 6 kv.km, Zuvandda 10 kv.km sahə düşür. Respublikada ümumi sayı məlum deyil. Yuvasını sıldırımlı qayada və ağacda qurur. Bir yuvadan bir neçə il ardıcıl istifadə edir. Apreldə, mayın əvvəllərində 1-2 yumurta qoyur. Yuvada nəslin yaşama faizi aşağıdır. Uzun müddət insan tərəfindən təqib olunması, xam torpaqların istifadə olunması, quşun özünün məhsuldarlığının aşağı düşməsi onun sayını azaldıb.
Ütəlgi qızılquş (lat. Falco cherrug) – qızılquş cinsinə aid quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Ütəlgi qızılquş Sibirin cənubunda, ön Baykalda 55-ci paralelə qədər, zabaykalyenin Selingin çölündə və Kazaxstanın bütün ərazisində yayılıb. Oktyabrın əvvəllərində bu quşlar köç edirlər. Bəzən Monqolustan sərhədi boyunca Selengin çölündə kütləvi şəkildə bir yerə yığılması müşahidə olunur. Qışda meşələrdə və açıq ərazilərdə yaşayır. Respublikanın düzənlik ərazilərində qışlayır. Oktyabrda bölgəyə gəldiyi halda mart ayında geri qayıdır.
Şahin (lat. Falco peregrinus) — qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Nadir yumurta qoyub qışlayan növdür, sayları azalmağa doğru gedir. Kür-Araz ovalığında və Xəzər dənizi sahili ərazilərdə rast gəlinir. Şahin quşundan daha çox ov məqsədiylə istifadə olunur. O, digər ovları ovlayaraq gətirir.
Səhra müşğülü (lat. Falco naumanni) – qızılquş cinsinə aid quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Azalan növdür.
Xəzər uları (lat. Tetraogallus caspius) — qırqovullar fəsiləsinin ular cinsinə aid quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Sayı və arealı azalan, nəsli kəsilmək üzrə olan, oturaq növdür. Kiçik Qafqazın yüksək dağlıq zonalarında yayılıb. Dəniz səviyyəsindən 2000–3000 m yüksəklikdə alp zonasında yaşayır. Təxmini məlumatlara görə respublikamızdakı sayı 500 fərddən artıq deyildir.
Talış qırqovulu (lat. Phasianus colchicus talischensis) — Qırqovullar fəsiləsinə aid quş növüdür. XX əsrin 50-ci illərinə qədər Lənkəran ovalığında, Salyan düzənliyində  və Talış dağlarının ətəklərində yayılması göstərilib. İndi isə yalnız Talış dağlarının orta və aşağı qurşaqlarında qalıb. Azərbaycandan kənarda bu yarımnövün yayıldığı ərazi İranın Xəzər sahili əyalətlərini əhatə edir. Taxıl sahələrinə və üzüm plantasiyalarına yaxın talalarla növbələşən keçilməz kolluqlarda yaşayır. Oturaqdır, gündüz fəal olur. Bir yaşında cinsiyyət yetişkənliyinə çatır. Poliqamdır. Aprel ayında cütlər əmələ gətirir. Yuvasında 9-21 yumurta olur, 21-24 gün kürt yatır. Mayın ikinci yarısında və iyunun əvvəllərində körpə cücələri müşahidə edilir. Həşərat, bitki toxumları, meyvə və giləmeyvə yeyir. Yaşayış yerlərinin cüzi bir hissəsi Hirkan Milli Parkında və Hirkan Dövlət Yasaqlığında yerləşir.
Turac (lat. Francolinus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsidir. Nadir növdür.  Sayı azaqlmaq üzrədir. Qızılağac Dövlət Təbiət Qoruğunda daha geniş yayılıb. Kolluq və hündürboy otlar arasında yaşayır.
Sultan toyuğu  (lat. Porphyrio porphyrio) – Gruiformes dəstəsindan bir quş növüdür. Nadir, oturaq növdür. Ağzıbir gölündə və Mil düzü su hövzələrində rast gəlinir. Ən çox sevdiyi yuvalama yerləri gölün kənarlarındakı sıx qamışlıqdır. Dövlət ekologiya komitəsinin hesablamalarına əsasən 1993-cü ildə 130 min fərd qeydə alınıb. Lakin növün çoxillik say dinamikası göstərir ki, soyuq və sərt qışlarda bu quşların bir neçə dəfə kütləvi məhvi baş vermiş və populyasiyanın sıxlığı minimuma düşüb. Qamışlıqlarda yuvalayır. Sərt qış məhvedici təsir göstərir ki, bu zaman sultan toyuqları külli miqdarda tələf olurlar.
Dovdaq (lat. Otis tarda), Durnakimilər dəstəsindan bir quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Nadir, qışlayan növdür. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir.  Çöllərdə açıq sahələrdə yaşayır.  Bəzi illərdə tək-tək fərdlərə təsadüf edilir. XX əsrin 50-ci illərinə qədər çox cüzi miqdarda yuvalayırdı. Hazırda yuvalaması müşahidə edilmir.  Yumurta qoyulmuş yuvaları mal – qara tapdalayır, balalar tülkü və yırtıcı quşlar tərəfindən məhv edilir.
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Azərbaycanda sayı getdikcə azalmaqda olan qışlayan növdür.  Bəzgək Kür-Araz və Lənkəran ovalıqlarında, İori və Alazan çayları vadisində, Acınohur və Ceyrançöldə yayılıb. Böyük və Kiçik Qafqaz sıra dağlarının meşəsiz ətəklərində qışlayır. Keçmişdə Mil və Şirvan düzənliklərində yuvalayarmış, amma sonralar yuvası tapılmayıb. Azərbaycana sentyabrın axırı – oktyabrın əvvəlində gəlir, martda qayıdır. Əsasən yarımsəhra və çöllərdə qışlayır. Əkin sahələrinə asanlıqla uyğunlaşır. XX əsrin əvvəllərində respublikada bəzgəklər kütləvi surətdə qışlayırdılar, Kür-Araz ovalığında qışlayan ayrı-ayrı dəstələrdə 20 minə kimi quş müşahidə edilirdi, hər il 40-45 min quş tədarük edilirdi. Sonradan bəzgəkin sayı ardıcıl surətdə azalıb. Keçən əsrin 60-cı illərindən bəzgək Azərbaycanda yuvalamır. 1993-1996-cı illərdə respublikada 100 minə kimi qışlayan quş müşahidə edilib.
Cek — Ölkə daxilində çox nadir quşdur, sayı azalandır. XX əsrin əvvələrində. Araz çayı vadisində yayılıb.  Gilli-şoran yyarımsəhralarsa, Araz vadisində rast gəlinir.
Çökükburun cüllüt (Sociable lapwing) – Yağmur quşları dəstəsinə aid bir növdür. Sahillər, bataqlıq və meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən də bitkilərlə qidalanırlar. Azərbaycanın qırmızı kitabına düşüb. Ovlanması qadağandır.  Azərbaycandan kənarda nadir köçəri quş olan çökükburun cüllütün  sayları gettikcə azalır. Lənkəran və Muğan düzlərində, Araz çayı sahilləri boyunca yayılıb. Şoran ərazilərdə rast gəlmək mümkündür.
Ağquyruq (lat. Chettusia leucura) – Azərbaycanda nadir, yumurta qoyan quşlardan hesab olunur. Kür-Araz ovalığı daha çox yayılıb. Dayaz göl və axarların kənarında yaşayır.
Çöl haçaquyruğu (lat. Glareola nordmanni) – Nadir köçəri quşdur. Əsasən, Kür-Araz ovalığında yayılıb. Amma göllərdə olan adalarda daha çox yaşayır.
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) – bağrıqara cinsinə aid heyvan növü olub, Azərbaycanda sayı azalma təhlükəsi olan quşlar siyahısına daxil edilib. Nadir yumurta qoyan köçəri yarımnöv, sayları getdikcə azalır. Kür-Araz ovalığında daha geniş yayılıb.
Ağboğaz bülbül (lat. Irania gutturalis), (Passeriformes) dəstəsindan bir quş növü olub, Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Arealının kənarında yerləşən, azsaylı, yuvalayan köçəri növdür. Naxçıvan MR-də yayılıb. Ərəbistan yarımadasında və Efiopiyada qışlayır. Seyrək kol və ağac olan daşlı-kəsəkli alçaq dağlarda yaşayır. Biçənək və qışlaqların genişlənməsi ağboğaz bülbülün yaşayış şəraitini pisləşdirir. Təbiətdə sayı çox azdır. Ümumilikdə, seyrək quşdur, 10 kv. km sahəyə bir cüt quş düşür. Otlaqda mal-qaranın həddindən artıq otarılması və bəzən otların biçilməsi onların məhv olmasına səbəb olur.
Hirkan arıquşu (lat. Parus hyrcanus) – Nadir endemik quşdur. Talış dağlarının meşə zolağında daha geniş yayılıb. Yuxarı və orta dağlığın enli yarpaq meşələrində yaşayır.
A24.az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar