Azadlığın və qadağaların qadını – Kənan Hacı yazır…

Kənan Hacı
Kənan Hacı

Ötənlərdə “Ədəbiyyat qəzeti”ndə “Fransız romanlarında qadın xəyanəti” adlı bir yazım dərc olunmuşdu. O yazıda ümumiyyətlə, Avropada qadına münasibət, qərb cəmiyyətində qadının yeri və ictimai çəkisi, toplumdakı ailə modeli və xəyanət, qərbin dəyərləri müstəvisində bu xəyanətlərin necə və hansı formada cəzalandırılması haqqında gəzişmələr etmişdim. Bu haqda danışanda ən çox yada düşən əsərlərdən biri Floberin “Madam Bovari”sidir. Çar Rusiyasında da üst sinfə, elit kəsimə mənsub olan əsilzadələr arasında gizli, yasaq hesab olunan eşq macəraları yaşanırdı və bu dövrün ən mükəmməl mənzərəsini Tolstoy özünün “Anna Karenina” əsərində qələmə alıb. Rus aristokratiyasına mənsub olan bu qadın evli ikən bir zabitə aşiq olmuşdu. Stendalın, Mopassanın, Balzakın əsərlərində kifayət qədər oxşar situasiyalarla rastlaşırıq. Yazıçıları bu mövzuya dönə-dönə müraciət etməyə vadar edən səbəblər nəydi? Əlbəttə, deyə bilərik ki, yazıçı burjua əxlaqının çürüklüyünü göstərir. Amma əsas cavab bu deyil. Çünki bu hal təkcə çar Rusiyasına, fransız burjuaziyasına şamil edilə bilməz. Quruluşlar dəyişir, dəyərlər yenilənir, amma insanı günaha sövq edən, yasaqlara sürükləyən o şeytani nəfs dəyişməz qalır.

Bu mövzuyla bağlı xatırlatmaya nədən ehtiyac yarandı? Son günlər ard-arda Şərqin dövrümüzdəki qadın yazarlarından bir neçəsinin əsərlərini oxudum. İran yazıçısı Pərinuş Səniinin “Mənim payım” və Misir feminist yazıçısı Nəval əl Səədavinin “Sıfır nöqtəsində qadın” romanları eyni mövzuya fərqli aspektlərdən yanaşır. Mövzu nədir? Qadın hüquqsuzluğu və bundan doğan faciələr. Qadına heç bir hüquq tanımayan toplumda onun arzularının, hislərinin və taleyinin üstündən xətt çəkilir, birinci romanın qəhrəmanı Məsumə taleyilə barışır, ikinci romanın qəhrəmanı Firdovs isə qadını əzən, kölə halına gətirən yasaqlara ölümüylə üsyan edir. “Mənim payım” romanında hadisələr çoxşaxəlidir. Çox ciddi ailədə böyüyən Məsumənin həyatı Qum şəhərindən Tehrana köçdükdən sonra başlayır. Qardaşlarının narazılığına baxmayaraq,atasının razılığını alan bu balaca qız ən böyük istəyinə çatır, məktəbə gedir.Daha sonra isə yenə atasının ona olan sevgisindən istifadə edərək ondan çarşabdan imtina edib yaylığa keçmək üçün razılıq alır. Məsumə aptekdə çalışan Səid adlı bir oğlana aşiq olur, lakin atasının, qardaşlarının qorxusundan sevgisini hətta özündən də gizlətməyə çalışır. Hadisələr bundan sonra daha da mürəkkəbləşir və qardaşları bundan xəbər tutur. Məsuməyə işgəncələr verib,məktəbdən çıxarırlar. Onu heç bir əsas olmadan əxlaqsızlıqda ittiham edirlər. Tez-tələsik inqilabçı, ateist bir oğlanla məcburi kəbinini kəsirlər. Beləcə, zavallı qızcığaz bütün arzularının üstündən birdəfəlik xətt çəkməli olur. Nə sevdiyi oğlana qovuşa bilir, nə ali təhsil ala bilir, nə də cəmiyyətdə yerini tapa bilir. Bununla belə, həyat yoldaşina daim dəstək olur və uzun illər keçəndən sonra, artıq əri həyatda olmayan bir vaxtda Səidlə rastlaşırlar. Bu zaman artıq Məsumənin övladları böyüyüb, qızı nişanlanıb, oğlu xaricdə təhsil alır. Səid yenə, bu qədər hadisələrdən sonra ona evlənmək təklifi edir. Məsumə tərəddüd edir, gəlib evdə bu istəyini utana-utana, bir az da çəkingən tövrlə, günah işlədirmiş kimi qızına deyir. Qızı isə ona elə bir cavab verir ki, Məsumə bu dəfə xoşbəxtlik şansını özü əlindən buraxmaq məcburiyyətində qalır. Qızı və oğlu onu bu yaşda ərə getməyin əxlaqsızlıqdan heç nəylə fərqlənmədiyini başa salmaq istəyirlər. Çox ağır və dözülməz bir taledir. Bu, tək bir qadının taleyi deyil, cəhalətin qurbanı olan yüzlərlə, minlərlə qadının acı yaşam hekayəsidir. Bu əsərdə Şərq cəmiyyətindəki konfliktlərin cizgiləri üzə çıxır, bu cəmiyyətdə qızın bir oğlana sevgisi həmişə təhtəlşüurun dərinliklərinə sıxışdırılır. Qızın hər hansı bir oğlanla dostluğu qəbuledilməz sayılır. Belə cəmiyyətlərdə ailə modeli seçimində məhəbbət, sevgi impulsu nəzərə alınmır. Bir-birinə yad olan iki şəxs sadəcə, evlənirlər və ənənəyə uyğun yaşamaqda davam edirlər. Belə bir həyat hansı qadına xoşbəxtlik bəxş edə bilər? Pərinuş Səniinin bu romanı öz vətənində qadağan olunub.

Nəval əl Səədavi Misirin feminist yazıçılarındandır, əsərləri otuzdan çox dilə tərcümə olunub. O, dünyada qadın hüquqlarının müdafiəçisi kimi tanınır. “İslamda qadının yeri” mövzusunda bir neçə kitab yazıb. Nəval əl Səədavi öz ölkəsində qadın hüquqları uğrunda ən fəal mübarizlərdəndir. Buna görə hətta məhbəsdə də yatıb. “Sıfır nöqtəsində qadın” Firdovs adlı bir qızın başına gətirilmiş müsibətlərdən bəhs edir. Yazıçı romana yazdığı girişdə qeyd edir ki, “bu romanı Qənatir zindanında bir qadınla tanış olduqdan sonra yazdım”. Firdovs məhz həmin zindanda öz edamını gözləyirdi və yazıçı hər gün onunla görüşmək üçün inad edirdi. Firdovs heç cür bu görüşə razılıq vermirdi. Amma edama aparılmazdan bir gün öncə özü onunla görüşə can atan xanım yazıçı ilə görüşə razılıq verir. Dünyaya qız uşağı olaraq gəlməyin bədəlini çox ağır formada ödəyən bu zavallı bir insanın dözə biləcəyi və bilməyəcəyi bütün məşəqqətləri ruhunda və balaca vücudunda daşıyıb. Bu məhrumiyyətləri qələmə almaq belə insandan sonsuz dözüm və iradə tələb edir. Ayağı yer tutar-tutmaz qul kimi işlədilən zavallının atası bütün insani hislərdən məhrumdur, bu adam evdə arvadı, qızı ac ola-ola onların gözünün qabağında rahatca oturub yeməyini yeyib yatır. Qız əvvəlcə əmisinin təcavüzünə məruz qalır, sonra atası yaşında eybəcər bir kişiyə ərə verilir, döyülür, söyülür. Bu zülümlərə dözməyib evdən qaçır, küçələrdə gecələyir və labüd sonluq, vəhşi ehtirasların qurbanı olur… Toplum və onun amansız qanunları bu məsum qızcığazı qatilə çevirir.

Bu toplum qadına aydınlanmaq, öz həyatını özü qurmaq, düşünmək, sərbəst qərar vermək fürsəti tanımır, onu hər addımda əzir, aşağılayır, çıxdaş edir. Qərbin ifrat azadlığı və Şərqin aşırı məhdudiyyətləri qadınların həyatını müxtəlif formalarda zədələyir. Bir incə məqam da var. Ünlü türk qadın yazarı Elif Şəfəq köşələrinin birində müasir cəmiyyətdə qadının həddən artıq yükləndiyi xüsusi olaraq qabardır. O yazır ki, ən çox qadınlar bölünür – iş, ev,ailə, fərd, toplum… arasında. Qadınların bir günü kişilərin üç gününə bərabərdir. Amma bu cəmiyyətdə qadın öz mənəvi rahatlığını tapır, yükü ağır olsa da aşağılanmır, hüquqları tapdanmır. Gender bərabərliyinin aktual olduğu dünyada qadınlar daha öncül sıralardadırlar.

Uzağa getməyək, özümüzdən bir misal çəkmək istəyirəm. Ötən əsrin əvvəlində bir qadın müğənninin, aktrisanın səhnəyə çıxması görünməmiş bir hadisə idi və o qadın qoçuların əlindən sağ çıxa bilməzdi. Azərbaycanın ilk qadın opera müğənnisi Şövkət Məmmədovanın ilk dəfə səhnəyə çıxarkən yaşanan olayı xatırlayın. Anarın “Üzeyir ömrü. Uzun ömrün akkordları” filmindən həmin səhnə hamımıza tanışdır. O günlə bu gün arasında zəmin-asiman fərq var. Müqayisə aparmağa ehtiyac belə yoxdur. Mədəniyyətin, təhsilin gücü bundadır.

Amma düşünəndə ki, dünyanın harasındasa hələ də tabular qalır, atalar qızlarının təhsil almasına qarşı çıxır, onları tez-tələsik ərə verir, içini dərin bir məyusluq hissi bürüyür. Dahi Hüseyn Cavid hələ ötən əsrdə yazırdı:

Qadın gülərsə, şu issız mühitimiz güləcək,
sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Dünyaya insan gətirən qadının insan olaraq mərtəbəsi həmişə ucada olmalıdır.

Kənan Hacı, “Ədəbiyyat qəzeti”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR