Azərbaycan İslam Hərbi Alyansına qoşulmaqla nə qazanır? – İŞİD düşmənliyi, yoxsa Qarabağda müttəfiq?

Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarını müsbət qiymətləndirirəm. Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki, bəlli deyil, ancaq artıq qurumun üzvlərinin sayı 42-yə çatıb. Əlbəttə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var”.

Bu fikirləri A24.Az-a Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, birincisi, islam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi paytaxt, siyasi və hərbi qərargah və bunları maliyyələşdirəcək mənbələr tapılmalıdır.

“Buna baxmayaraq, islam aləminin tərkib hissəsi olan Azərbaycan yeni qurumun formalaşması mərhələsində yer almalıdır. Yeni qurumda üzvlük Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından da bizə xeyirlidir. Necə ki, sözdə də olsa İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı işğalçı adlandırır, yeni qurum da eyni prinsipdən çıxış edəcək. Üstəlik İslam Hərbi Alyansında NATO-dakı 5-ci məddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq”.

Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Elxan Şahinoğlu onu da qeyd etdi ki, istənilən halda Azərbaycan Xarici İşlər Nazirliyi xəbəri hələlik təsdiq etməyib. Sadəcə, proses başlayıb, hamı da maraqlanır:

“Azərbaycanın bu təşkilata qoşulacağı halda İŞİD-lə döyüşəcəyi barədə də məlumatlar dərc edilir. Qurumun 42 üzvü var. Onların hamısı İŞİD-lə döyüşməyəcəklər ki. Həmin Alyansın üzvü olan cəmi 3-4 ölkə bu gün real olaraq həmin terror təşkilatına qarşı savaşır. Qalanları isə kənardadır. Ancaq beynəlxalq terrora qarşı mübarizədə həmrəylik nümayiş etdirilə bilər. Həmin alyansın hansı dövlət tərəfindən idarə ediləcəyi, maliyyəsinin necə təmin ediləcəyi də hələlik məlum deyil. İdarəetmə paytaxtın hansı şəhər seçilməsindən asılı olacaq”.

Qeyd edək ki,  Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR