Azərbaycana ziyan vuran 16 əcnəbi saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, 2016-cı il ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213  yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.

Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikalarının 16 vətəndaşı   saxlanılıb.

İnzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimə olunub. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və  29  fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam   etdirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR