Azərbaycanın bank sistemi böhranla qarşılaşıb - İki bank birləşdirilir, 12-si isə zərərdədir - AÇIQLAMA

Azərbaycanın bank sistemi böhranla qarşılaşıb – İki bank birləşdirilir, 12-si isə zərərdədir – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın iki bankı – NİKOİL Bank və “AccessBank” birləşmə barəsində danışıqlar aparırlar. Hər iki bankın kapitalında xarici kapital mövcuddur.

Bir vaxtlar Azərbaycanda aşağı faizlə kredit verən bank kimi mükafata layiq görülən “AccessBank”ın birləşdirilməsi nələri dəyişdirəcək?

Atılan addımlar çərçivəsində bankın xarici investorlar tərəfindən satılmasına qərar verilə biləcəyini də vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli “A24.az”a açıqlamasında bildirdi ki, hər şey danışıqların nəticəsindən məlum olacaq.

“Son zamanlar bankların birləşməsi gündəmdədir, danışıqlar gedir, yaxudda bir bankın digər bank tərəfindən alınması məsələsi müzakirə predmetidir. “AccesBank” nadir banklardandır ki, xarici kapital orda ağır basır. Orda alman kapitalı da, Avropa Yenidənqurma və İnkişaf Bankı da var. Hətta AccesBankın regionlarda 11 şöbəsi də bağlanmışdı və sağlamlaşdırılma addımları atılırdı. Ola bilər ki, bu addımlar çərçivəsində xarici investorlar bankın tamamilə satılmasına da qərar versinlər, yaxudda NİKOİL Bank-la payların yarı bölünməsi şərti ilə birləşmə qərarı da çıxa bilər. Bu, danışıqların nəticəsindən asılı olacaq.

Çox güman ki, birləşmə baş verəcəksə, kapitallar birləşəndə öhdəliklər də birləşəcək. Yəni yeni yaranacaq bankın adı nə olursa olsun, istər NİKOİL Bank kimi qalsın, istər başqa bir ad altında fəaliyyət göstərsin, o müştərilərin qarşısında olan öhdəliklər birləşmədən doğan öhdəliklər kimi yenidən davam edəcək. Yəni ciddi problemlərin olacağını düşünmürəm.

Əgər sığortasız depozitlər varsa, onunla bağlı müəyyən problemlər  çıxa bilər. Amma son dövrlər açıqlanan rəqəmlər də onu göstərir ki, kifayət qədər çox cüzi miqdarda sığortasız depozitlər var, demək olar ki, yox səviyyəsindədir.

Amma kreditlərlə bağlı ola bilər ki, yenidən müqavilələrin bağlanması olsun, yəni həm depozit müqavilələri, həm də kredit müqavilələri yenilənməli olacaq. Hər iki bankın yeni ad altında birləşməsi baş verəcəksə və ya yeni bir bank yaranacaqsa, bütün hüquqi sənədlərin yenilənməsi prosesi olacaq. Sadəcə sağlamlaşdırma adı altında bankların birləşdirilməsi ilkin  addımdır.

 

Çox təəssüf ki, bəzən rəsmi şəxslərin təqdimatında sanki banklar birləşirsə, həmən sağlamlaşır kimi yanaşma var. Bu doğru yanaşma deyil, çünki birləşəndə təkcə aktivləri yox, həm də problemləri birləşdirirsən. Bankların da hamısında problemlər var.  Geri dönüşü çətin olan kreditlərin həcmi yüksəkdir, banklar yenidən kredit xətləri açmaqda çətinlik çəkirlər, gəlirləri aşağı düşür, 12-ə yaxın bank ümumiyyətlə zərərlə işləyir. Yəni bu birləşmə ilkin addımdır, amma bu son addım deyil. İlk addımdan sonra müxtəlif tədbirlər görülməlidir ki, bank ayaqda möhkəm dura və ölkə iqtisadiyyatına xeyir  verə bilsin. Hələlik bu birləşməni yeganə sağlamlaşdırıcı addım kimi təqdim etmək  doğru yanaşma olmadığını düşünürəm.

Bir daha təkrar edirəm ki, banklar birləşəndə təkcə aktivləri yox, passivləri də, yəni problemləri də birləşir, daha da böyüyür. İndi bunu necə idarə edəcəklər, açığı bu danışıqların nəticəsindən asılı olacaq!”

İqtisadçı-ekspert “Azərbaycanda başqa hansı bankları bu kimi problemlər gözləyir?” sualına verdiyi cavabda hazırda fəaliyyət göstərən 12 bankın zərərlə işlədiyini dedi:

“Əslində ad çəkmək doğru olmaz. Çünki bu, əhali arasında bir xaos yarada bilər. Onsuz da banklarda depozitlərin getdikcə azaldığını görürük. Bu il ərzində də az qala 2 milyarda yaxın insanlar banklardan depozitlərini çəkiblər. Bank sistemi artıq çox ciddi böhranla qarşılaşıb, artıq 3-cü ilə girir, çox təəssüf ki, ciddi sağlamlaşdırıcı addımlar atılmır.

Onu demək mümkündür ki, 12 bankın ilk 9 ayı zərərlə başa vurduğu məlumdur. Yəni 12 bankın zərərlə işlədiyi onu deməyə əsas verir ki, bu bankların ya bağlanması, ya da birləşdirilməsi daha tez gündəmə gələ bilər. Yaxın zamanlarda bu banklarla da bağlı müəyyən addımların atılmasının şahidi ola bilərik”.

Qeyd edək ki, “AccessBank”ın birləşdiriləcəyi NİKOİL Bank-ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ İnvestments, İSR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOİL-in rəhbəri Vahid Ələkbərovdur.

Birləşmiş bankların aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar