Azərbaycanlı ata qızının ölümündə həkimləri günahlandırdı

Gəncə şəhərində qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişən Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Səkinə Məmmədovanın atası Rasim Məmmədov “Report”un qərb bürosuna müsahibə verərək bildirib ki, onun qızının ölümünə həkim səhlənkarlığı səbəb olub.

“Bu, qızımın 2-ci doğuşu idi. İlk doğuşu da 2 il əvvəl Tovuz rayon Mərkəzi Xəstəxanasında qeysəriyə əməliyyatı ilə olub. O zaman heç bir problem yaşamadıq. Bu il isə Tovuzdakı həkim bizi Gəncəyə göndərdi. Buna səbəb kimi ana bətnindəki uşağın həyatında problem olacağından ehtiyat etdiklərini dedilər. Biz də gecə qızımızı tibbi yardım maşını ilə Gəncədəki 1 saylı Abbas Səhhət adına Xəstəxananın Doğum Şöbəsinə apardıq. Orada qızımı əməliyyata aldılar və oğlan nəvəm dünyaya gəldi. Bir müddətdən sonra həkim bizə təcili qan lazım olduğunu dedi. Birinci qan qrupu olan qızımda əməliyyat nəticəsində kəskin qanaxma olduğunu bildik. Bizdən bir neçə litr qan aldılar. Mən də, qanı 1-ci qrup olan digər qohumlar da qan verdik. Gecə saat 2-də bizə dedilər ki, hər şey normaldır, narahat olmayın”.

Ailə üzvləri sonradan biliblər ki, səhərə yaxın əməliyyata özəl xəstəxanaların birindən başqa cərrah həkim də çağırılıb: “O da əməliyyatda iştirak edib. Lakin qızımın həyatını xilas edə bilmədilər. İnanın kı, bizə vəziyyətin necə olduğunu da demirdilər. Bir neçə saat sonra qızımın əməliyyat sonrası öldüyünü bildirdilər.”

R.Məmmədov onu da bildirib ki, həkimlər ona qızının böyrəyində problemi olduğunu, bunun da əməliyyat zamanı həyatını itirmə riskli olduğunu deyiblər: “Bəs böyrəyində problemi olubsa, niyə səhərəcən bizdən qan alırdılar. Niyə əməliyyata kömək üçün başqa yerdən həkim çağırıblar? Deməli qızımın qeysəriyyə əməliyyatı zamanı nəsə səhvləri olub ki, bu qədər qan itirib və həkimlərin səhlənkarlığı nəticəsində mənim tək övladım dünyasını dəyişdi. İndi onun bir qızı və bir oğlu yetim qaldı”.

Qeyd edək ki, Tovuz rayon sakini 24 yaşlı Səkinə Məmmədova ötən gecə Gəncədə yerləşən Regional Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Axşam saatlarında isə qəfildən qadının halı pisləşib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S.Məmmədova böyrək xəstəliyindən əziyyət çəkirmiş.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR