Azərbaycanlı məmurların vəzifədə olan övladları - ARAŞDIRMA - FOTOLAR

Azərbaycanlı məmurların vəzifədə olan övladları – ARAŞDIRMA – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Son vaxtlar prezident İlham Əliyevin məmur övladları ilə bağlı tapşırıqlarına uymayan bir sıra vəzifəli şəxslər övladlarının səhvlərinin qurbanı olaraq, tutduqları mövqedən uzaqlaşdırılıb.

A24.Az GoldNews.Az-a istinadla  azərbaycanlı məmurların vəzifədə olan övladlarının siyahısını təqdim edir:

Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğlu Nazim Həsənov Xətai Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışır. O, bu vəzifəyə təyinat alana qədər Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Daxili işlər naziri Ramil Usubovun böyük oğlu Emil Usubov DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəisidir. Emil Usubov bu vəzifəyə təyinat alana qədər İstintaq və Təhqiqat İdarəsinin rəis müavini postunu tutub. Nazir Ramil Usubov bununla bağlı bu ilin fevral ayında müvafiq əmr imzalayıb.

Nazirik kiçik oğlu da DİN-də yüksək vəzifədə çalışır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlu var. Nazirin oğlanlarının adı davranışları və fəaliyyətlərinə görə əsasən müsbət yöndə çəkilib.

Böyük oğlu Tale Heydərov “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidentidir. O, tez-tez medianın diqqətini cəlb edir.

London İqtisadiyyat Məktəbində təhsil almış Tale Heydərov diapor işində ciddi fəaliyyət sahibidir.

Fövqəladə hallar nazirnin kiçik oğlu Nicat Heydərov barəsində isə çox adam çox şey bilmir. Nicat Heydərovun biznes sahəsində fəaliyyət göstərdiyinə dair məlumatlar var. Bildirilir ki, o, «United Enterprises International» şirkətlər qrupunun sədr müavinidir.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov Milli Məclisdə çalışır. A. Məmmədov 900 manat maaş alır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur MehdiyevAzərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali rütbəsi verilib.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu  Emin Eyyubov isə Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir.  Prezident İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Emin Eyyubov Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Ramil Usubovun imzaladığı əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.

Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

Azərbaycan “Odlar Yurdu” Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevin oğlu Samir Vəliyev təhsil naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

YAP-ın sədr müavini Əli Əhmədovun 28 yaşlı oğlu Orxan Əhmədov Nəsimi rayon Prokurorunun köməkçisi vəzifəsində çalışır.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu, vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərova da bir müddət əvvəl yeni vəzifə verilib.

Məlumatda bildirilir ki, bununla bağlı Fazil Məmmədov əmr imzalayıb. Nazir bacısı oğlunu Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədova müavin təyin edib. Özü də icra başçısının oğluna vəzifə ilə yanaşı, mayor və kiçik vergi müşaviri rütbələri də verilib

Ramil Usubovun imzaladığı əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, vəzifəyə təyin olunan U.Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin sabiq rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova vəzifə verib. İcra başçısının oğlu ƏƏSMN-nin Baş Məşğulluq İdarəsinin Suraxanı rayon şöbəsinə rəis təyin olunub.

“Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin (“ABB-Moskva”) Müşahidə Şurasının sədri Murad Oqtay oğlu Şirəliyevdir. Murad Şirəliyev Səhiyyə naziri Oqtay Şirəliyevin böyük oğludur. O, uzun müddətdir bank sektorunda çalışır.

Həbibbəyli Ərəstü İsa oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini təyin edilib. O, millət vəkili İsa Həbibbəylinin oğludur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar