Azərbaycanlı tərcüməçi öz evində nəşriyyat yaradır

nadirYazıçı, tərcüməçi Nadir Qocabəyli öz evində mini-mətbəə qurmaq istədiyini açıqlayıb. O bu addımını iki böyük nəşriyyatdan sifariş alsa da, bu nəşriyyatların ona qonorar vermək istəməməsinə görə atacağını deyir.

Tərcüməçi  A24.Az -a açıqlamasında bildirib ki, artıq bu yöndə işə başlayıb:

“Ən minimal xərclə evimin bir otağında mini-mətbəə quraraq, kitablarımı özüm çap etmək istəyirəm. Düşünürəm ki, bu mənim nəşriyyatlarla normal əməkdaşlığıma nəinki mane olacaq, hətta kömək edəcək. Ancaq bəd ayaqda enmək üçün mütləq bir ehtiyat meydança olmalıdır. Yəni yazı-pozu adamının kiçik də olsa, öz mətbəəsinin olması çox vacibdir.
Hazırda iki nəşriyyatdan iki böyük sifarişim olsa da, heç biri mənə qonorar ödəyə bilmir, ya da istəmir. Hətta açıqlama verməyi belə özlərinə rəva görmürlər. Onlara yalvarmaq fikrim yoxdur. Əgər kimsə məni sındırmaq istəyirsə, alınmayacaq. Məni tanıyanlar müəyyən dözüm, güzəşt limitim olduğunu bilirlər. Mən ac qalmaqdan qorxan adam deyiləm. Rəhmətlik babam həmişə deyərdi: Allah yetirəcək…
Nə isə keçirəm əsas mətləbə. Mənim gənclik illərindən qalma mətbəə, nəşriyyat təcrübəm var. Çox gənc ikən “Qızıl Şərq” mətbəəsində işləmişəm. Təxminən 10 il qabaq da “Şərq-Qərb” çap evində çalışmışam. Ancaq onlar hər ikisi iri müəssisələrdir. Həm də texnologiya sürətlə irəliləyir. Mənə 100, 200, 500, uzağı 1000 nüsxəyədək kitab buraxmağa imkan verən bir neçə kiçik aparat lazımdır: printer, rizoqraf, biqovka, cildləmə və c. Neçə gündür araşdırma aparıram. Müasir texnologiya balaca bir otağa bir neçə cihaz qoymaqla aztirajlı kitab çapına imkan verir. Bizdə onsuz da kitablar yüksək tirajla çap olunmur. Mənə isə ancaq öz kitablarımı nəşr etmək lazımdır. Bakıda çap-poliqrafgiya avadanlıqları satan xeyli firma var. Onların bəziləri ilə əlaqə də yaratmışam, dəvət edibləri ki, gəlin baxın, həm məsləhət verək, həm də istədiyiniz malı alın. Hətta o avadanlıqları lizinqlə verən firmalar da var. Ancaq yüngülvari nasazladığım üçün hələ gedə bilməmişəm. Amma o firmalara baş çəkməzdən qabaq çap-poliqrafiya, org-texnika sahəsində daha çox bilik və təcrübəsi olan bir dostun məsləhət və tövsiyyəsinə ehtiyacım var.” – deyə Nadir Qocabəyli bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR