"Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər" - Zeynəb Xanlarovadan şok sözlər

“Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər” – Zeynəb Xanlarovadan şok sözlər
Want create site? Find Free WordPress Themes and plugins.
Modern.az saytı Milli Məclisin deputatı, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadan müsahibə alıb.

A24.az onunla söhbəti təqdim edir:
– Zeynəb xanım, bir müddət Milli Məclisdə sizi görə bilmədik… Bəziləri səhhətinizdə problemlər olduğunu deyirdilər…
– Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda haqqımda çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Mən bəyəm insan deyiləm? Bir ay olmadım burda, xaricdəydim. Mənim konsertlərim olacaq. İzmir, Ankara, İstanbulda konsert verəcəm. Mən bunlarla məşğul oluram. Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim, nəvələrim qarışıb biri-birinə. Kimlərsə söz-söhbət düzəldiblər ki, Zeynəb Xanlarova xəstədir. Mətbuat niyə belə edir, axı? Nə olub, indi hamını öldürə-öldürə gedirsiniz. İndi də Zeynəb Xanlarovanı öldürmək istəyirsiniz?..
– İki gün öncə Azərbaycanı dünyaya yenidən tanıdacaq daha bir səs-küylü layihə gerçəkləşdi – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu… Bu haqda nə deyə bilərsiniz? 
– Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinə çox sevindim. Mübarək olsun! Mənim Prezidentim uzaqgörən, öz Vətənini sevən, öz vətəndaşlarına xidmət edən, yüksək intellekt  sahibidir. Mənim Prezidentim dünyada öz sözünü deyən bir şəxsiyyətdir. O, bilir nə edir. Biz də Prezidentimizin getdiyi yol ilə gedirik. Mən siyasətdən uzaq adamam. Başqa nə sual versəniz, cavab verməyə hazıram. Bir dənə onu deyə bilərəm ki, sağlıqla olsun hər şey! Həm də müharibəsiz olsun! Sülh olsun! Türkiyədən açılışa gələn qonaqlar bizim dostlarımızdır. Hətta dostlarımız yox, qardaşlarımızdır.
Dünən televizordıkı açılış mərasiminə baxırdım. Orda Qars sözünü eşidəndə bilirsiniz yadıma nə düşdü? 1969 -cu ildə ilk azərbaycanlı olaraq Azərbaycandan Türkiyəyə səfər etmişəm, ilk dayanacağımız isə Qars olub. İndi Qars deyəndə duyğulandım ki, nə yaxşı yollar açıldı. İnsanlar daha rahat gedib-gələ biləcəklər.
– Madam ki, siyasətdən danışmaq istəmirsiniz, onda incəsənət sahəsinin problemlərindən bəhs edək. Bir çox sənətçilər gündəmə qalmaqalla gəlməyə çalışırlar… 
– Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də özünə hörmətlə, xalqa məhəbbətlə gəlməlidir. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Ona görə də xalqın qarşısında baş əyməlidir. Özlərini yuxarı qaldırmamalıdırlar. Bəzən deyrilər ki, “toyxana oxuyanları”, nə bilim, nə… Amma bunlar axı toya getməsə, acından öləcək… Mən müəllim görmüşəm süpürgəçilik edir. Hərə bir şeydən qazanmalıdır, evini dolandırmalıdır.
– Sizin ifa etdiyiniz elə bir nəğmə yoxdur ki, könülləri oxşamasın, yaddaşlara yazılmasın? Amma müasir dövrün mahnıları tez unudulur, bunun səbəbi nə ilə bağlıdır? 
– Nə bəsəkarlar bəstəkardırlar, nə də bəstədikləri mahnılar… İndi yaxşı bəstəkar qalmayıb. Yaxşı bəstəkarların hamısı gediblər, yaxşı mahnılar da … Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, “toyxana..,  bayağı mahnılar…”. Yaxşı mahnı yazan yoxdu, yazan olsa, onlar da oxuyarlar.
Qara Qarayevi, Fikrət Əmirovu tapacaqsızmı? Bunlar hamısı getdilər. Yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər ki, beş saat dayanmadan ifa et, edərəm. Danışmaqla aram yoxdu mənim.
Əslində hazırlaşmışdım ki, bu gün (dünən-red.) Milli Məclisin plenar iclasda yaxşı çıxış edim. Amma imkan olmadı. Gündə 5 dəfə “knopkanı” basırlar, xalqa da xeyri olmur o danışanların. İnanın ki, heç bir xeyri də yoxdu o danışıqların.
– Dediniz ki, Türkiyədən yeni qayıtmısınız. Səfər zamanı hansısa bir təsirli məqamlarla rastlaşdınızmı?
– Küçədə bir oğlan dayanıb şabalıd satırdı. Elə bil qan çəkdi. Hiss elədim ki, o, azərbaycanlıdır. Özümü o yerə qoymadım. Eynəkdə idim, soyuq olduğundan papaq da qoymuşdum. Yanımdakı qıza dedim ki, gəl şabalıd alaq. Çox gözəl oğlan idi. Şabalıd aldım. Amma pul almaq istəmədi bizdən. “Çox sağ olun, Zeynəb xanım” dedi. Çöhrəsi o qədər gözəl idi… 35-40 yaş arası olardı. Dedi Azərbaycandandır. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi ali təhsilli müəllimdir. İnsitutu bitirəndə xahiş edib ki, onu öz bölgəsinə göndərsinlər, müəllimlik etməyə. Amma pulu olmayıb deyə, işi də alınmayıb. İndi məcbur olun şabalıd satır. Həm də Türkiyədə. Dedi ki, “Zeynəb xanım, sabah burdan keçsəniz, onda görəcəksiniz ki, mənimlə birgə neçə həmyerlimiz burdadı. Atam-anam məni evləndirdi, indi ailəmi, uşağımı məcburiyyətdən qoyub gəlmışəm bura. Günə 10 manata işləyirəm.”
Mən əziz Prezidentimlə görüşəndə mənə deyir ki, ən düz sözü sən söyləyirsən. Mən də deyirəm ki, xalqın içindən çıxmışam. Mən deməyim, sən demə… Bəs kim deyəcək? Axı mən millət vəkiliyəm… Millət vəkili…
– Yəqin ki, seçicilərinizdən sizə müraciətlər daxil olur… 
– Seçicilərimlə bu yaxılarda görüşmüşəm. Onların işlərini mən elə burada, Milli Məclisdə həll edirəm. Gördüyüm işləri danışmağı xoşlamıram. Qoy, onu xalq desin.
– Sizcə indi ziyalı sözünə niyə az dəyər verilir?
– Bilrisiniz, sanki dəyərlər dəyişib. Ziyalı ac olmamalıdr. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır. Bağdan gəlirəm, şəhərin içi ilə. Deyirəm ay Allah, Bakı necə dəyişib? Sürücüm deyir ki, bu flan nazirin bağıdır, bu o biri nazirin villasıdır. Mən başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir?  Bu oliqarxlara pullar hardan axır?
Niyə bu məmurlar Prezidentimizdən nümunə götürmürlər.
Təbii ki, böyük işlər görülür. Bunu bütün dünya bilir. Amma bəzi məmurlar öz cibləri üçün çalışırlar.
– Deputat kimi qaldırdığınız məsələlər öz həllini tapa bilirmi?
– Bilirsən necə tapır?.. Dırnaq içində… Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də.
– SSRİ vaxtında dinin yasaq olduğunu söyləyirdilər. Amma o vaxt da dinlə məşğul olanlar az deyildi. Sizcə dinə sığınanlar o vaxt səmimi idi, yoxsa indi? 
– İndi heç kimin vecinə də deyil. Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədi… Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil.
Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər?
İndi kim başını bağlayır, özü istəyidir, ona nə demək olar… Çılpaq ki, gəzmir? Lüt ki, gəzmir… Başını örtür də, vəssalam!
– Əsrlərdən gələn milli adət-ənənələr sanki unudulur. Bunun səbəbini nədə görürsünüz?
– Bizim evdə unudulmayıb. Bir mənim deməyimlə bu məsələ həll olunmaz. Demişdim hasarları söksünlər, etmədilər. Mən nə deyim o zaman?
– İndi bəzi müğənnilər kriminal avtoritetlərlə dostluq edir. Bir neçə gün öncə Fədayə Laçın bu məsələ ilə bağlı həbs edildi. Buna münasibətiniz necədir?
–  Olanını deyirəm, heç nədən çəkinmirəm. Mən də bir ailənin övladıyam. Özümü heç vaxt yüksəkdə tutmamışam. Ona görə də yüksəlmişəm.
Xəbərim yoxdu, vallah…O qızı deyirsiz həəə?? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf… Nə oldu ona?? O, oxuyanda xoşum gəlir. Özü də deyəsən Zəngilandandır? Yoxsa yox, Laçın yadıma düşdü…
– Bütün dünya azərbaycanlıları tərəfindən sevilən şəxsiniz. Azərbaycan məmurları da sizə eyni münasibət sərgiləyirmi?
– Düzünü deyəcəm, harasa zəng edəndə laqeyidlik hiss etməmişəm. Hətta hörmət olaraq mənlə ayaq üstə danışırlar. Kimsənin haqqında pis deyə bilmərəm. Gərək o hörməti qazanasan. Əlbəttə, küçədə tum çırtlaya-çırtlaya gedəcəksənsə, sənə münasibət yaxşı olmayacaq. Hörmət olmayacaq. Gedin mənim evimə, camaat yığılır qapımın ağızına, keçəndə mənimlə görüşürlər. Mən o insanlar üçün yaşayıram.
– Prezident İlham Əliyevin imzaladığı sənədə uyğun olaraq gələn il müstəqilliyimizin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Zeynəb Xanlarova 100 illiyə mahnı həsr etmək barədə düşünürmü?
– Mənim
“Türkün qolu bükülməz,
Türkün gücü tükənməz,
Bir kərə qalxan bayraq,
Bir daha enməz, enməz!” mahnım var.
Canım mənim, məni siyasətə çəkmə… Gülür…
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar