Bahalı tənhalıq

Bahalı tənhalıq
Want create site? Find Free WordPress Themes and plugins.
Əli Məhərrəmli
Əli Məhərrəmli

Bu onların ilk birgə şam yeməyi idi. Əslində üç həftə idi tanış olduqları. Ancaq hər şey o qədər sürətlə baş verirdi ki, Stiv universitet kitabxanasından tanıdığı qıza deyəsən aşiq olurdu. Enni onun dəvətini qəbul edəndən sevincinin həddi – hüdudu yox idi. İlk görüşün unudulmaz olması üçün əlindən gələn hər şeyi etmişdi. Odur ki, şəhərin elit məhəlləsində yerləşən “Rogers” restoranının yuxarı mərtəbəsində dəniz panoramalı stol sifariş etmişdi.
Stiv ilk dəfə idi belə bahalı restorana gəlirdi. İçəridəki kübar geyimli insanların saxta gülüşləri restoranın ağır aurasını daha da ağırlaşdırırdı. Lakin Enninin yanında bütün bunların önəmi yox idi. Onun ağılları başdan alan təbəssümü Stivə səbəbsiz bir sevinc bəxş edirdi.
Ofisiant menyuları stolun üstünə qoyub – “Sizə sifarişinizi seçənəcən qırmızı fransız şərabı gətirim, yoxsa başqa bir şey istərdiniz? – soruşdu.
Stiv ofisiantın təklifini nəzərləri ilə qarşısındakı xanıma ötürüb ondan cavab gözləyirdi.
– Olsun – Enni gülümsündü – mən şərabdan bir o, qədər də anlamıram. Odur ki, sən nə seçsən onu da içərik – dedi.
Ofisiant kübar müştərilərdən öyrəndiyi saxta təbəssümü ilə stoldan ayrıldı.
Menyudakı adların çoxunu ilk dəfə idi görürdü. Qiymətlər Stivi təəccübləndirsə də bunu büruzə verməməyə çalışdı. Menyuda çox şeyin qiyməti iki sıfırlı, bəziləri isə hətta üç sıfırlı rəqəmlərlə yazılmışdı.
Bu axşam heç nə onun kefini poza bilməzdi. Cibindəki və kart hesabındakı pulları hesabladı. “Hər halda restorana borclu qalmaram, ancaq növbəti maaşacan pulsuz qalacağım şübhəsizdir” – fikirləşdi.
Başını yuxarı qaldıranda qarşıdakı masanın arxasında əyləşmiş ahıl kişinin diqqətlə ona baxdığını gördü. Kişinin ciddi və sərt baxışları olsa da, gözlərinin dərinliyində mülayim bir təbəssüm vardı. Qısa saqqalı, tünd boz kətan pencəyi və qara sətin köynəyi onu daha da ciddi göstərirdi. Masanın üstündəki şərab dolu badəsi, yarıyacan içilmiş şüşəsi və yanaqlarının qızartısından hiss olunurdu ki, artıq uzun zamandır burada oturub.
Ofisiant gətirdiyi fransız şərabı ilə onların badlərini doldurdu.
– Cənab, bir şey seçə bildiniz?
Əslində ikisi də heç nə seçə bilməmişdi. Enni qiymətlərin baha olduğunu görüb Stivə yük olmaq istəmirdi. Qız sağ əli ilə Stivin sol əlində tutub gülümsündü.
– Düzünü desəm mən o qədər də ac deyiləm. Mənim üçün yüngülvarı bir şey seç. Bu gün bütün seçimləri sənin öhdənə buraxmışam – dedi.
Seçimsiz müştərilərin bir-birinə sual dolu nəzərlərlə baxdığını görən ofisiant onları vəziyyətdən çıxarmaq üçün dilləndi:
– Cənab, bu gün aşpazımız qırmızı və ağ balığın qarışığından restoranımızın özəl təamını və sous hazırlayıb. Şübhə etmirəm ki, bəyənəcəksiniz. Qarnir və desert seçimini də onun öhdəsinə buraxsanız əminəm ki, peşman olmayacaqsınız. Əgər bəyəndinizsə yanında eyni şərabdan verərəm. Yox istəməsəniz içkini dəyişə bilərik?!
Onsuz da seçimsiz qalan Stivin peşəkar ofisiantın təklifinə hə deməkdən başqa çarəsi qalmırdı.
Ofisiantın gedişindən sonrakı səssizliyi Stiv pozdu.
– Açığı mənim də şərabdan bir elə başım çıxmır. O, heç özü də bilmirdi niyə mövzu olaraq şərabı seçib?! Bilirsən Enni, təkcə Fransada şərabın saysız-hesabsız, yüzlərlə, bəlkə də minlərlə növü var. Fransızlar bir ildə 8 milyarddan çox şüşə şərab hazırlayırlar.
Əlindəki badədən şərab qurtumlayan Enni dodağını şüşənin kənarlarına gəzdirirdi. Stivin sözlərindən sonra onu masaya qoyub gözlərini daha iri açıb heyrətlənmiş halda başını silkələdi.
– O qədər ola bilməz – bayaqdan gözaltı Stivi izləyən qoca dilləndi.
Kişinin gözlənilməz müdaxiləsi gənc oğlanın xoşuna gəlməsə də, kiçik bir gülümsəmə ilə onu yola vermək istədi.
Ancaq kişinin deyəsən əl çəkmək fikri yox idi. Qoca yerini rahatlayıb azca da masa qonşularına tərəf əyilib daha əmin tərzdə: “O, qədər şərab növü ola bilməz. Mən indiyədək cəmi ikicə növ şərab tanıyıram”.
Qocanın küstahlığı azmış kimi, həm də mübahisə etmək arzusu Stivi əsəbiləşdirirdi. Əslində Enni burda olmasaydı onun yaxşıca cavabını verərdi, lakin ilk görüşdən qızın yanında kobud görünməmək üçün səbrini boğmaq qərarına gəldi.
– Cənab, ola bilsin ki, mən dəqiq sayını bilmirəm. Ancaq şərab növlərinin ikidən çox olduğuna adım kimi əminəm – deyən Stivin səsindəki gərginlik Enninin nəzərindən qaçmadı.
Qoca oğlanın sözləri bitər-bitirməz dilləndi:
– Cavan oğlan, mən də sizin yaşınızda olanda bildiklərimi bu qədər əminliklə müdafiə edirdim. Amma zaman keçdikcə yəqin bildiyim çox şeyin heç də elə olmadığını gördüm. Sizi gənc xanımın yanında pərt etmək istəməzdim. Mən boşu-boşuna mübahisə etməyi sevmirəm. Əgər mərc tutmağı bacarırsınızsa, gəlin mərcləşək.
Sonra gülümsünərək Enniyə tərəf çevrilib:
– Gənc xanım, sizin qarşınızda belə bir mübahisəni başlatdığım üçün üzr istəyirəm. Qədim hindlilər deyirdilər ki, gənc oğlanlar gözəl xanımların yanında özlərini fərasətsiz varlılar, yaşlı kişilər isə daha çox sırtıq dilənçilər kimi aparır. Ümid edirəm siz mənim davranışımı sırtıqlıq olaraq qiymətləndirmirsiniz – deyib əlində tutduğu qədəhdən bir-iki qurtum aldı. Üzünü turşudub:
– Bu zibillərin də hamısı elə eyni dadır – dedi.
Stiv kişiyə sərt cavab verməmək üçün özünü zor saxlayırdı. Düşünürdü ki, öz-özünə çərənləyib susacaq.
– Bax gəl mərc edək – qoca susmağı düşünmürdü – əgər siz qalib gəlsəniz mənim içdiyim şərabın pulunu siz verirsiniz, mən isə sizin bütün hesabınızı ödəyirəm. Yox əgər mən qalib gəlsəm, siz mənə bu şərabdan bir şüşə də alırsınız?! Məncə çox ədalətli mərcdir. Qocanın xırıltılı gülüşü Stivin hövsələsini daraldırdı.
“Qoca əyyaş içib özünü qıza göstərir” düşündü. Ona yerini göstərmək lazımdır. Canı çıxıb hesabı ödəyəndə ağlı başına gələr ki, burnunu hər yerə soxanda axırı belə olur.
– Stiv tərəddüd etmədən dilləndi – Görürəm bu qədər uduzmağa həvəslisiniz?! Qoy olsun. Mən razıyam!
O, işarə ilə yaxınlıqdan keçən ofisiantın masaya yaxınlaşmasını xahiş etdi.
– Buyurun cənab!
-Zəhmət olmasa deyin görüm, hazırda sizdə neçə növ fransız şərabı var?!
– Ofisiant əvvəlcə Stivə, sonra isə kişiyə baxıb nə baş verdiyini anlamadan dedi – Dəqiq sayını bilmirəm, ancaq onu bilirəm ki, yüzdən çoxdur.
Ofisiantın sözündən sonra Stiv öz stulunda geriyə yaslanıb ofisianta təşəkkür elədi.
Qoca isə qəribə və bir az da məyus sifət alıb susmuşdu.
– Zəmanəyə bax. Mən cəmi ikisini tanıyırdım. Sən demə bu fransızlar bir yerdə dayanmır. Yeni şərablar düzəldiblər. Nə etmək olar, mərcimiz-mərcdir deyərək yerindən qalxdı.
– Cavan oğlan – o, daha nəzakətli səslə ofisinatı səslədi. Yaxınlaşan oğlana Stivi göstərib sakit şəkildə dedi:
-Bu centlmen mənim içdiyim şərabın hesabını verəcək, onların hazırkı və sonrakı bütün sifarişlərini isə mənim hesabıma yazarsınız.
Saatına baxdı, sonra əlini sinəsinə dayayıb başını önə əyərək – sizə nuş olsun, icazənizlə – deyib ahəstə addımlarla pilləkənlərdə gözdən itdi.
Stivin kefi əməllicə düzəlmişdi. Axı bu cür axmaqlar həmişə ələ düşmür. Həm də bu qalibiyyət Enninin yanında onun özgüvənini artırmışdı.
Vaxtın necə keçdiyini hiss etməmişdilər. Enni saatına baxıb dedi :
– Stiv artıq gecdir. Bax bizdən başqa heç kəs qalmayıb. Məncə qalxsaq yaxşıdır”.
Oğlanın işarəsindən sonra ofisiant hesab olan kitabçanı masanın üzərinə qoyub getdi.
İçərisində ortadan iki bükülmüş bir vərəq vardı. Stiv onu diqqətlə o tərəf, bu tərəfə çevirsə də, hesaba oxşayan heç nə tapmadı. Enni qəribə baxışlarla kağızı oxuyan Stivi seyr edirdi. Kağızda isə bunlar yazılmışdı.
– Bilirəm, 150 illik “Şato lafit” şərabının bir şüşəsinə 30 min dollar verəcək qədər axmağam, ancaq onun hesabını sizə ödədəcək qədər insafsız deyiləm. Fransızlar hesab edir ki, dünyada iki növ şərab olur. İnsanın sevdiyi və sevmədiyi. Mən də bunu yeni öyrənmişəm. Əslində önəmli olan şüşənin içərisindəki deyil, onu kiminlə içməyindir. Əgər şərab iki yox, bir badəyə süzülürsə, qiyməti hər nə qədər baha olursa olsun, sadəcə tənhalıq dadır. Bahalı bir tənhalıq. Yalnızlıqların isə hamısının dadı eynidir. Düz 365 gündür içdiyim bütün şərablar kimi. Ümidvaram davranışımla sizi incitmədim. Bu gün bütün hesabları qoca Rocers ödəyir.

Əli Məhərrəmli
Bakı. 30.12.2016

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar