Bakıda diplomlu “avtoş”lar

Bakıda diplomlu “avtoş”lar
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan tarixində ilk dəfə bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıq işləri davam edir. Bu beynəlxalq tədbirin yüksək səviyyədə təşkili üçün müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri Avropa Oyunları ərəfəsində Bakı şəhərində 2 mindən çox sürücünün geniş təlim kurslarına cəlb olunmasıdır.

Bu təşəbbüs paytaxt sakinlərinin də ürəyincədir və onlar bunu yüksək qiymətləndirirlər. Onların fikrincə, şəhər mədəniyyətində nəqliyyat mühüm yer tutur. Sürücülərin təcrübəsi, dünyagörüşü, xarici dil bilmək bacarığı əcnəbi qonaqların ölkəmiz haqqında müsbət fikrin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, bu, nəqliyyat vasitələrinin çoxaldığı Bakıda Olimpiya Oyunlarından sonra yollarda sürücülük mədəniyyətinin artmasına, neqativ halların baş verməsinin qarşısının alınmasında mühüm rol oynayacaq.

Kursların təşkilində əsas məsələlərdən biri də, sürücülərə xarici dilin öyrədilməsi, iştirakçı ölkələr barədə müfəssəl məlumatların verilməsi, onların dünyagörüşünün formalaşması, məlumatlı, Avropa haqqında dolğun informasiyaya malik olmasıdır. Bu, həm Azərbaycan üçün yaxşı imicin təşəkkül tapmasına yol açacaq, həm də sürücülərimizin beynəlxalq təcrübəsini artıracaq.

“A24.az”ın verdiyi məlumata görə, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “ANS Press”ə deyib ki, istənilən halda bu təşəbbüs müsbət dəyərləndirilməlidir. Söhbət ictimai nəqliyyatı idarə edən sürücülərin hazırlıq səviyyəsinin artırılmasından gedir. Bu, gözəl təşəbbüsdür. Qanunvericilikdə də nəzərdə tutulur ki, avtobus sürücüsü vəzifəsinə qəbul olan şəxsin D, yaxud B, E kateqoriyası olmalıdır. Bu, təcrübəli sürücü deməkdir. D kateqoriyasını əldə edtmək üçün yaşın 21-dən yuxarı, 3 il sürücülük təcrübəsi olmalıdır.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş avtomobil nəqliyyatı ilə sərnişin daşımalara dair qaydalar var. Orada nəzərdə tutulur ki, hətta sürücünün bütün kateqoriyaları olsa belə, avtobus sürücüsü vəzifəsinə işə götürülərkən onlara ayrıca təlim keçilməlidir. Həmin təlimin əsas təyinatı sürücü hazırlığı deyil, sərnişinlərlə davranışı, avtobusu idarəetmə incəliyi, peşəkarlığı, sürmə manevri, qaydası, küçədə, yolda, şəhərdə hərəkət təhlükəsizliyinə diqqətli olmasıdır. Ən başlıcası isə sərnişinlərlə psixoloji münasibətidir. Ona görə belə təlimlər çoxdan olmalı idi.

O bildirib ki, bu təlimlərin Avropa Oyunları il bağlı olması çox yaxşıdır. Təlim kurslarına cəlb edilən 2 min sürücü nəticədə Azərbaycanda qalacaq, burada peşələrini davam etdirəcək, beləliklə, ölkədə avtobus sürücüsü bazası daha da yaxşılaşacaq: “Sürücülərə sıfırdan yol-hərəkət qaydaları öyrədilir. Sürücülərin özləri deyirlər ki, bu təlim yaxşıdır, bizə yol-hərəkəti nişanlarını öyrədir. Halbuki, Azərbaycanda 1960-cı ildən bəri heç bir nişan dəyişməyib. Demək ki, bəzi sürücülərin yol-hərəkət nişanlarından, qaydalarından anlayışları yoxdur. Heç olmasa, onları yavaş-yavaş sürücü etmək lazımdır. Bu, istənilən halda yaxşı hadisədir.”

Ə.Hüseynov bu təlimlərin daimi olmasının, davam etməsinin zəruriliyini vurğulayıb: “İstərdik, bu, mövsümü xarakter daşımasın, ancaq tədbirlə bağlı olmasın. Çünki sərnişin daşımaları ilə bağlı təlimlər daimi olmalıdır. Nəqliyyat Nazirliyinin bununla bağlı xüsusi Təlim Mərkəzi var, amma fəaliyyət göstərmir. Bu mərkəz daimi fəaliyyət göstərməlidir. Həmin mərkəzdə təlimdən keçənlərə sertifikat, xüsusi sənəd veriləcək. Onların gələcək peşə fəaliyyəti həmin sənəd əsasında daha da yaxşı olacaq. Nazirlik dəfələrlə deyib ki, biz avtobus sürücüləri bazası hazırlayacağıq. Yəni yol hərəkət qaydaları, qəzalar, sərnişin daşıma ilə bağlı problemlər var və bundan nəticə çıxaracağıq. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin təkmilləşmə mərkəzinin əsasını qoyacaq.

Onu da diqqətə çatdıraq ki, Avropa Oyunlarının keçirildiyi dövrdə idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərinin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.

“Bakı-2015”dən mətbuata bildirildiyi kimi, Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanın Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımi bacarıqlara yiyələnmələrinin təmin olunması istiqamətində iş aparır. Bu məqsədlə 800 avtobus sürücüsü daxil olmaqla ümumilikdə 2100 iştirakçı gələcəkdə nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də “Bakı-2015” Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət üçmərhələli kurs keçəcək. Oyunlar dövründə sürücülər marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlimə cəlb olunacaqlar.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də deyib ki, şəhərin sürücülərinin təlim keçmələri Avropa Oyunları dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək. Həmçinin əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq. Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdir. Onlar 2012-ci ildə keçirilmiş “Eurovision” mahnı müsabiqəsi kimi iri tədbirlər zamanı çalışıblar.

Ümumiyyətlə, bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdır. Həmçinin paytaxt və ümumilikdə Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki vasitələrin təmin edilməsi ilə əlaqədar “Bakı-2015” Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidir.

Xatırladaq ki, Azərbaycanda sürücülük vəsiqəsi olan 2 milyon insan var. Amma real praktiki sürücünün sayı 1,3 milyona yaxındır. Təqribən 800 minə yaxın insan sürücülük vəsiqəsindən istifadə etmir. Amma Azərbaycanda D kateqoriyası olan sürücülərin sayı azdır. İndi avtovus şirkətləri D kateqoriyası olan sürücü tapmaqda çətinlik çəkir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar