Bəxtiyar Tuncay: “Ziyalıların qorxaqlığı Neməti Meydanın liderinə çevirdi”

17 noyabr – 5 dekabr 1988-ci il Meydan Hərəkatının rəhbərlərindən biri olmuş tanınmış publisist Bəxtiyar Tuncayın 28 il əvvəl SSRİ-ni silkələmiş fasiləsiz mitinqlərlə bağlı fikirlərini A24.Az-a bölüşür

b1

 

– Bəxtiyar bəy, 1988-ci il 17 noyabr mitinqi necə başladı? Təşəbbüs kimin idi və təşkilatçılıqla kimlər məşğul olmuşdu?

– 17 Noyabr – Meydan hərəkatı həqiqtən də, tariximizin qızıl səhifələrindən biridir. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağa iddialarını yenidən irəli sürmələri, Moskvadakı mərkəzi hakimyyətin onlara açıq-gizli dəstək vermələri Azərbaycanda qəzəb doğurmuşdu və bu fonda milli şüur yeni inkişaf mərhələsinə daxil olmuşdu. 1988-ci ilin fevralında, mayında, iyununda Bakıda izdihamlı mitinqlər keçirilmiş ermənilərin torpaq iddasına, Moskvanın tərəfkeşliyinə etiraz bildirilmişdi. 17 noyabr mitinqi də haradasa bu aksiyaların davamı hesab oluna bilərdi. Aksiyanı kimin təşkil etməsi ilə bağlı bəzi fikirlər səsləndirilir. Ancaq bildiyim qədəri ilə, o mitinqlərin ilk təşəbbüskarı o zaman Azərbaycan Dövlət Universitetində (ADU – indiki Bakı Dövlət Universiteti (BDU) yaradılmış “Yurd” birliyi idi. Mitinqin ilk idarəçisi isə Akademiyanın aspirantı olan Ənvər Əliyev idi. Qeyd edim ki, o hadisələr barəsində Ə.Əliyev “Meydan sirləri” və mən “Dünyanı lərzəyə salan 17 gün” kitabında yazmışıq. “Yurd”dan başqa “Varlıq”, “Çənlibel” təşkilatları da mitinqin təşkilində iştirak etmişdilər. Qeyd edim ki, meydanda Məhəmməd Hatəminin liderliyini qəbul edən təqribən on beş min nəfər “Qaızılbaş” da vardı – başlarına qırmızı lent bağladıqları üçün onları belə adlandırırdılar.

– Mitinqdən əvvəl aksiyanın uzunmüddətli olması planlaşdırılmışdı, yoxsa bu haqda sonra qərar verildi?

– Mitinq başlayanda vaxt göstərmədən, onun fasiləsiz olacağı elan edilmişdi. Artıq noyabrın 18-də meydanı tərk etməməklə bağlı mövqe vardı. Sizə bir fikrimi söyləmk istəyirəm – bu, mənim gəldiyim qənaətdir. Mitinqin davamında açıq hiss olunurdu ki, hökumət bu aksiyanın baş tutmasında, hətta davamlı olmasında maraqlıdır. Sizə başqa detalı da açıqlaya bilərəm. O vaxt Bakının birinci katibi olan Fuad Musayevin fasiləsiz mitinq iştirakçılarının ərzaq və digər zəruri təminatlarını üzərinə götürdüyü bildirilirdi. Fuad Musayevin bu işləri Ayaz Mütəllibovla razılaşdırılmış şəkildə, respublikanın rəhbəri Əbdürrəhman Vəzirovu hakimiyyətdən yıxmaq planı çərçivəsində etdiyi haqda söhbətlər dolaşırdı. Ancaq təbii ki, əsas olan mitinq təşkilatçılarının və meydandakı yüz minlərlə həmvətənimizin iradəsi idi. O iradə əsasında 17 noyabr mitinqi uzunmüddətli oldu və dünyanı qorxuda saxlayan SSRİ kimi ölkəni təməlindən sarsıtdı.

b3

– 17 noyabr mitinqindən söz düşəndə, bu sual hər zaman verilir. Necə oldu ki, bu qədər tanınmış ziyalı kənarda qaldı və fəhlə Nemət Pənahlı meydanın liderinə çevrildi?

– Məsələ ondadır ki, mitinqin ilk günlərində Məhəmməd Hatəmi, Nemət Pənahlı və digərləri önə çıxdılar. Deyim ki, Nemətlə Hatəmi arasında çox kəskin ziddiyyətlər vardı. Buna baxmayaraq, onlar meydanın iradəsi əsasında davranırdılar, bu ziddiyyəti açıq qabartmırdılar. Ziyalıların kənarda qalıb, Nemətin önə çıxması da səbəbsiz deyildi. Məsələ ondadır ki, o vaxt ziyalıların mütləq əksəriyyəti SSRİ-nin dağılacağına, Azərbaycanın müstəqil dövlət olacağına inanmırdılar. İnananlar isə qorxurdular və məsuliyyəti üzərlərinə götürmək istəmirdilər. Neməti meydanın liderinə çevirən əsas keyfiyyəti onun cəsarəti və milliliyi idi. Nemətə qədər heç kəs yüz minlərin qarşısın o cür kəskin, cəsarətli fikirlər bildirməmişdi. İkinci, o, çox gözəl natiq idi və dinləyənləri ələ almağı bacarırdı. O cümlədən, Nemət milli ruhda yüzlərlə şeir bilirdi, özü də şeir yazırdı və o şeirlərlə meydana təsir edə bilirdi. Eyni zamanda, Məhəmməd Hatəminin də çıxışları meydanda güclü coşqu yaradırdı. Sizə bir nüansı da açıqlayım. Dövlət mitinqin idarəçiliyindən heç də kənarda deyildi. Çıxışçıların seçilməsində hökumətin təsiri görünürdü. Yəni kimsə özbaşına çıxsın ki, danışmaq istəyirəm, belə şey yox idi. Dediyim kimi, Nemətin cəsarətli çıxışları ona qarşı meydanda güclü rəğbət yaratmışdı, onun çıxış etməsi tələb olunurdu. Hökumət adamları artıq Nemətə söz verməyə bilmirdilər – kütlə onu tələb edirdi. O məqamda Nemət də müəyyən qədər tərəddüd edirdi. Lakin sonda meydanın liderinə çevrildi. Bir daha vurğulayıram ki, ziyalıların kənarda dayanması Nemətin önə çıxmasına şərait yaratdı.

-Yəqin yadınızdadır, o mitinqlər zamanı üçrəngli bayrağımızın ilk dəfə meydana gətirilməsi necə baş verdi? Hər halda, bu məqam çox mühümdür.

– Deməli, milli bayraq meydana ilk dəfə noyabrın 19-da gətirildi. Səhv etmirəmsə, həmin bayrağı o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun səhv etmirəmsə, soyadını unutduğum Salman adlı tələbəsi hazırlamışdı. Daha doğrusu, Salman milli bayrağımızın kağız maketini hazırlamışdı. Bu bizim üçün bir ideya oldu və belə qərara aldıq ki, çox sayda milli bayrağımız hazırlansın və meydanda yayılsın. O işi mən üzərimə götürdüm. Anamla bacım on dörd ədəd milli bayraq tikdilər və mən onları mitinqə gətirdim. Noyabrın 21-də Nemətin çağırışı ilə meydanda yalnız həmin milli bayraqlarımız dalğalandı.

– 17 noyabr mitinqi Topxana meşəsinin qırılmasına etiraz dalğasında başlasa da, aksiyanın mahiyyəti sürətlə dəyişdi…

– Bəli, belə oldu. Noyabrın 14-də Güneyli mühacir Siyamək meydandakı çıxışı zamanı bəyan elədi ki, Azərbaycanın müstəqil dövlət olmasının vacibliyindən danışmışdı. Artıq o günlərdə Bakıya qoşun yeridilmişd və yanılmıramsa, noyabrın 24-də Nemət çox cəsarətli bir çıxış edərək, Sovet qoşunlarını işğalçı rus ordusu adlandırdı. Bu, o dövr üçün bəlkə də intihara bərabər bir bəyanat idi. Ancaq yenə deyirəm, Nemət qorxmadan-çəkinmədən o fikri səsləndirdi. Bir neçə gün sonra – noyabrın 28-də Nemət bəyan elədi ki, Azərbaycanda milli-azadlıq hərəkatı başlayır və məqsəd SSRİ-dən ayrılıb müstəqil dövlət olmaqdır.

– Bu məsələlər yəqin ki, mitinqin idarəçiləri arasında birmənalı qarşılanmadı…

– Elədir. O vaxt Nümayiş Komitəsi yaradılmışdı. Orada Sabir Rüstəmxanlı, Əbülfəz Elçibəy, Firudin Ağasıoğlu, İsa Qəmbər və digərləri təmsil olunurdu. Onlar Nemətin bəyan etdiyi o məsələlərə ehtiyatla yanaşır, hətta bunu provakasiya da adlandırırdılar. Əsas arqumentləri də bu idi ki, siz meydanı qana çalxalayarsınız. Əslində isə meydan Nemətin bəyan elədiyi müstəqillik ideyasını tam dəstəkləyirdi, fərqli mövqeni qəbul etmirdi. Hətta Elçibəy də bir ara onlarla həmrəy oldu. Lakin sonra fikrini dəyişib, bizim, daha doğrusu, xalqın mövqeyinə uyğunlaşdırdı.

b4

-Bəxtiyar bəy, on səkkiz gün davam etmiş Meydan hərəkatının yatırılmasını necə xatırlayırsınız?

-Dekabrın 4-dən 5-nə keçən gecə meydanda cəmi beş-altı min nəfər qalmışdı və ətraf sovet qoşunları tərəfindən tam mühasirəyə alınmışdı. Yadımdadır, Nemət meydandakılara müraciət edərək, dedi ki, sovet əsgərləri bizə qarşrı hücuma keçəcək, ölüm-itim, həbslər ola bilər. Kim bundan narahatdırsa, gec olmadan meydanı tərk etsin. İnanın ki, bir nəfər də yerindən tərpənmədi. Gecə sovet əsgərləri mühasirəni bir qədər də daraltdılar və bizə doğru gərək ki, gözzyaşardıcı qaz buraxdılar. Lakin oturduğmuz üçün o qaz dalğası bir bulud kimi üstümüzdən keçdi. Yalnız bir qadın ayaq üstə dayanıb Moskvadakı, Baklıdakı rəhbərliyi söyən zaman qaz ona təsir etmişdi və iki nəfər gənc onu oradan uzaqlaşdırdı. Ardınca əsgərlər bizi lap “preslənmək” həddinə qədər sıxdılar. Təsəvvür edin, əl-ayaq bir yana, heç barmağımızı da tərpədə bilmirdik. Birdən bir dəhliz açdılar və nümayişçilər oradan çıxmağa başladılar. Çıxanları həbs edərək hazır dayanmış avtobuslara doldururdular. Amma sürücülərin əksəriyyəti milli ruhlu insanlar olduqlarından avtobusu polis bölmələrinə yox, metro yaxınlığına sürərək, qapıları açıb qaçmağımıza imkan yaradırdılar. Polislər deyirdilər ki, avtobusların pəncərisini sındırın, ruslar elə bilsinlər, özünüz qaçıbsınız. Ancaq bəzi sürücülər avtobusları polisə bölmələrinə sürmüşdülər. Meydan liderlərindən Hatəmi də o şəraitdə həbs olundu, məni də bir qədər sonra həbs etdilər. Hatəmi həbsdə olarkən, mənə dedi ki,  “içəridə” qalmaq ehtimalı çoxdur və ona görə, təşkilata rəhbərliyi Elçibəyə verdiyimi elan et. Maraqlıdır ki, Hatəmi ilə Elçibəy arasında çox kəskin ziddiyyətlər vardı, amma o, şəraiti nəzərə alaraq liderliyi Elçibəyə ötürdü.

– Meydan hərəkatının tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Çoxları bu fikirdədir ki, SSRİ onsuz da dağılacaqdı və Azərbaycan da o biri respublikalar kimi müstəqil olacaqdı. Düzdür, bəlkə də 1991-ci ilin avqustunda məlum “QKÇP” olmasaydı, SSRİ-nin dağılması elə tez baş verməyəcəkdi. Lakin şübhhəsiz ki, Meydan Hərəkatı SSRİ-yə bütün mənalarda sarsıdıcı zərbə vurdu. SSRİ tarixində Meydan hərəkatının analoqu olmayıb, o miqyasda, o müddətdə  aksiya keçirilməyib. Bu mənada, Meydan Hərəkatı tək Azərbaycanda deyil, bütün postsovet məkanında, hətta keçmiş sosialist düşərgəsində fenomen oldu.

A.Zeynalov, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR