Bəxtiyar Xanızadə: "Universitetdə pantomima üçün kadr hazırlanmır" - MÜSAHİBƏ

Bəxtiyar Xanızadə: “Universitetdə pantomima üçün kadr hazırlanmır” – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.
bex-esas-esas
Bəxtiyar Xanızadə, Sərdar Amin

A24.Az xalq artisti, rejissor, Azərbaycan pantomimasının yaradıcısı Bəxtiyar Xanızadə ilə müsahibəni təqdim edir.

Xoş gördük, Bəxtiyar müəllim. Birbaşa mətləbə keçək; mətn, ədəbiyyat bəllidir ki, söz sənətidir, kinoda isə “danışma, göstər” deyirlər. Bəs teatrda hansı təqdimetmə forması mərkəzdə olmalıdır? 

Xoş gördük. Hər bir teatr növünün öz tələbi var. Əgər bu dramatik teatrdırsa, söz yox ki, əsas ifadə vasitəsi sözdür. Bundan heç cür qaça bilmərik. Əgər bu baletdirsə, burada əsas ifadə vasitəsi rəqs sayılır – musiqi, ritm və onun içində də bədən dili… Əgər bu kukla teatrıdırsa, təbii ki, burada əsas ifadə vasitəsi kukla olacaq. Kukla oyunudur. Söz yox ki, kukla teatrında da aktyorlar danışırlar. Amma yadımızdan çıxarmayaq ki, burada əsas kuklanın maneraları olmalıdır. Mən Azərbaycanda da, xaricdə də kukla teatrlarının fəaliyyətini izləyirəm. Bizim teatrda da də bu yöndə işlər olub. “Kələğayılar”, “Muğam Trio Dizlər” və s. Amma zaman-zaman sanki bu tip nümayişlərdə kukla itməyə başlayıb. Aktyor daha çox ön plandadır. Bu artıq nə dərəcədə kukladır? Kuklanın yöndəmsiz hərəkətləri, məhz cansız taxta parçasınınn canlandırılması seyrçi üçün maraqlıdır. Hətta biz kələğayıları götürmüşdük, kələğayılar canlanırdı, anaya, ataya çevrilirdi. Bir balaca qırmızı kələğayı cocuğa dönürdü. Bəlli idi tamaşaçı üçün. Pantoimima teatrında isə əsas ifadə vasitəsi bədəndir. Və əlavə eləyə bilərik ora rəqsi, sözü. Amma unutmamalıyıq ki, burada əsas vasitə bədəndir. Kinoda da hər janrın öz tələbləri var. Ona görə bu məsələdə konkret nöqtə qoymaq çətindir.

Kukla teatrında kuklanın az gözə dəyməsini problem kimi qeyd etdiniz. Pantomimada da aktyorların danışmasını bununla müqayisə edə bilərikmi? 

Bəli. Edə bilərik – əgər repertuarın əsasını bədən dili təşkil etmirsə. Bizim teatrda sözlü tamaşalar var. Məsələn, yapon müəllif Aqutaqava Rünoskenin “Kesa və Morito” tamaşası. Söz var. Ancaq söz fanaqramdır. Aktyorlar o sözün halını yaşayırlar. Maritonun 17 dəqiqəlik daxili səsi altında aktyor səhnədə bədəninin plastik pozalarından ibarət fikir göndərir. Qılınc itiləməyi, səhnədə gəzmələri. Gəzişinin formaları…
Məsələn Kesaya aid 20 dəqiqəlik mətnin demək olar ki, 10 dəqiqəsini o, ancaq saçını darayır. Amma, hər daraq çəkməyin öz nənası var. Uşaq tamaşası olan Məlikməmməd də sözlədir. Amma götürək tərəzinin gözlərini, 30 tamaşa pantomim tamaşasıdırsa, 3 tamaşa sözlüdür. Bunun da sırf bizim teatrla bağlı səbəbi var. İlk olaraq, pantomim teatrı üçün ədəbiyyat yoxdur. Bu teatr üçün yazılan pyesləri iki əlin barmağı ilə saymaq olar, hələ barmaqlar artıq da qalar. Ədəbiyyat yox dərəcəsindədir. Azərbaycan pantomimasının 22 yaşı var, hələ də bizim Mədəniyyət və İncəsənət Universitetində bunun üçün kadr hazırlanmır. Nə aktyor, nə rejissor, heç kim. Ancaq burada hazırlayıram, o ədəbiyyat da burada yazılır. Və belə bir zamanda – ədəbiyyat olmadan və nəzərə alanda ki, bu teatrdan Azərbaycanda cəmi birdənədir – bəs buradakı aktyorlar yaşamalıdır axı, mən onların əlindən sözü ala bilmərəm. Bu gün dublyajın, çəkildiyi kinoların heabına pul qazanırlar. Sabah buradan getmək istəsə, ömür boyu danışmayan aktyor necə yaşayacaq? Harada işləyəcək? Ona görə mən bu hüququ, imkanı onlardan almıram ki, qoy yadırğamasınlar. Belə olanda sabah burdan çıxıb gedəndə başqa teatrda işləyə bilirlər.

Həm qələmi olan, həm də kino, teatr dilində danışmağı bacaran bir insan kimi bu vasitələrdən hansında insan ifadəsi daha təməl, doğma, canayatanbex-3-esas alınır? 

Mən deyə bilərəm, mənim fikrimcə hansı doğmadır. Amma bu o demək deyil ki, o bu gün də doğmadır. Zaman keçdikcə bu doğmalıq itirilir. Amma bunu dana bilmərik. Bu baxımdan hərəkət insana daha doğmadır. Yəni bədən dili. Sözün yaranma zamanını təyin etmək mümkün deyil. Amma biz əminik ki, bir zamanlar söz olmayıb. Ona görə də mən ölkədə ilk pantomim festivalı keçiriləndə adını “him-cim” qoydum. “Him-cim” səs və işarələrdir. Və kobud desək, heyvanat aləmi danışmır, sözü yoxdur. Amma bir-birilərini çox normal anlayırlar. Mən uzun illərdir bir neçə it saxlayıram, onları müşahidə edirəm. Onlar bir-birilərini çox gözəl anlayırlar. Bədən dili ilə biri o birinə deyir ki, “mənə yaxın gəlmə, halım yoxdur”, “bu mənimdir”, “mən səndən üstünəm”, çox gözəl də anlaşırlar. Amma zaman ötüb, insan danışmağı öyrənib, bu gün desək ki, bədən dili hamı üçün doğmadır, yox. Bu gün artıq söz hamıya daha doğmadır. Amma bu günün bəlası başqa bəladır. Böyük bəla. Ona görə “Hamlet” pyesində belə bir məqam var:
“ – Nə oxuyursan? – Sözlər, sözlər, sözlər…”. Bəzən biz sözün dəyərini anlamırıq. Bəzən insanlar bir neçə saniyə öncə danışdıqlarını unudurlar. Elə belə danışıblarmış, söz xatirinə. Amma “Dədə Qorqud” dastanında söz xatirinə söz deyilmir. “Təkəbbürlük eyləyəni tanrı sevməz”. Konkretdir.

“İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikənə sökən demədim mən Dədə Qorqud.
Gəlinə ayıran demədim mən Dədə Qorqud,
Ayrana doyran demədim mən Dədə Qorqud.
Bütün sözlərin yükü üstündədir. Hətta belə bir yer var orda: “Dirsə xanın arvadı atası tərəfindən yaralanmış oğlunun yanına gəlir, başlayır qarğış eləməyə: “Uçar keyklərin uçmaz olsun…” Oğlu deyir ki, ana, qarğış eləmə! Çünki, sözün qüvvəsi var idi, o öz yerini alırdı mütləq.
İndi, almır. Elə danışırıq da. Amma dəyər versək söz daha kəsərlidir. Ona görə də deyir qılınc yarası sağalar, söz yarası sağalmaz.

Bəzən insan düşünür ki, bir-birinə yaxın görünən iki məhfum əslində bir-birindən ən uzaqda olan nəsnələrdir. Məsələn, şeir və nəsr. Bu paradoksal qarşılığa sadə dildə “şaftalı və qaysı oxşarlığı da” demək olar. Çox yaxın, amma olduqca uzaq. Bu müstəvidə danışsaq, dramatik teatrla pantomim teatrını necə müqayisə edərdiniz? 

Belə bir fikir var: “Nə vaxtsa teatr hiss eləsə ki, qocalıq onun üstünü alıb, müraciət eləməlidir pantomimaya”. Çünki, pantomima teatrın köküdür. Müraciət edib, təzədən cavanlaşa bilər. Yəni, ayırmaq istəməzdim. Pantomimanı teatrdan ayırmaq olmaz. Bunların tarixcəsi də belədir. Müasir pantomimanı 1930-cu illərdə Fransa da Etien de Kru yaradıb. Pantomima yaratmaq fikrində də olmayıb. Görüb ki, çalışdığı teatrda sözçülük baş alıb gedir, amma bədən dediyi sözün mənasını ifadə etmir.
Məşhur deyimdə olduğu kimi: “Sözlər hərəkət kətanının üzərində naxışdır”. Biz onsuz da hərəkətdən ibarətik. Sözlər onun üstündə naxışdır. Ola bilsin ki, pantomima da nə vaxtsa dəyişib ənənəvi teatra keçə bilər. Amma qocalsa, yenidən qayıtmalıdır pantomimaya. Necə ki, Azərbaycan musiqisində nə qədər uzaqlara getsən, görsən ki, azmısan, qayıdıb gəlirsən muğama, təkan alıb, bir də gedirsən… Yəni, pantomima da bünövrədir, muğam da bünövrədir.

Dünya kinosunda, ədəbiyyatında dəyişən estetik cərəyanlar Azərbaycanın anoloji sahəsində adekvat hiss olunmasa da, azından bu barədə danışılır, cəhdlər olur. Bəs Azərbaycan teatrından estetik mərhələ aşma və ya buna cəhd görürsünüzmü? 

Mən özümüzdən danışım; öncədən bunu deyim ki, hər hansı cərəyan hansısa tələbdən yaranır. Özü-özünə cərəyan yaranmır. O, hər hansısa bir sahənin sənətkarları tərəfindən nəyə isə, üsyan, nəyə isə inkar və ya digər bir səbəblə yaranır. Baxın, onu yaradanlar bu yeniliyi çox gözəl şəkildə nümayiş etdirə bilirlər. Çünki, onlar bunu niyə elədiklərini gözəl bilirlər. Amma sonradan gələn davamçılar bunun yalnız şəklini çəkirlər, məğzini anlamırlar ki, bu dəyişiklik nədən qidalanmışdı. Ona görə də bu cərəyanlar adətən forma kimi qalır. Mən modern rəqsi misal çəkə bilərəm; modern rəqs məhz klassik baletə üsyandır. Bir zaman gəldi ki, yüksək səviyyəli, professional balet aktyorları yoruldular plastik hərəkətlərlə rəqs eləməkdən. Və istər-istəməz bu balet hərəkətləri onların ruhunun həqiqi istəyini verə bilmədi. Bu insanlar öz sahələrində çox böyük sənətkarlar idi. Bilə-bilə bu sənət sərhədlərini dağıltdılar ki, “MƏNİM BƏDƏNİM ƏYİLƏ DƏ BİLƏR”. “Mən həmişə durna olmamalıyam”. Və onlar şüurlu şəkildə bu çərçivələri sındırdılar. Və onlar sübut etdilər ki, başqa formalarda tamaşaçıya daha böyük enerji göndərmək mümkündür. Və beləliklə modern rəqs yarandı. Amma zaman-zaman bu modern rəqs də, bilməyənlər tərəfindən kopyalandı, məğzi itirildi və boş hərəkətlər toplusuna çevrildi. Mən ona görə bu sahədə rahat danışa bilirəm ki, bu yöndə maraqlanmışam, 3-4 tamaşa hazırlamışıq. Məsələn “Maska” tamaşası. Biz məşq eləyəndə onun içindən elə elementlər çıxdı ki, rəqs elementləri… Məsəlçün bizdə “Maska” tamaşasında pozğun qadın obrazını oynayan əməkdar artist Nargilə xanımın sevgidən titrəmə səhnəsi var; biz bu tamaşanı Avstriya, Almaniya, Hollandiya, Misir və başqa ölkələrdə nümayiş etmişik, zalda tamaşaçılar hansı hallar keçirirdi həmin epizodda… Hönkürüb ağlayanlar olurdu ki, bu nə ifadə vasitəsidir? Bu mövzunu bir az da araşdırdıq, “Adsız” , “Dejavu” tamaşaları meydana gəldi.
Yəni, bir cərəyana meyl edəndə bu istiqamətdə özündə yanğı hiss eləməlisən. Mən teatram deyib, hər hansı absurd pyesi tamaşa qoymaq o demək deyil ki, bu alınacaq, absurd teatr forması yaranacaq. Ümumiyyətlə insan özü o formada, o cərəyanın içində olmalıdır. Onu bu yöndə nəsə daim narahat eləməlidir, o formada danışmalıdır.
Şəxsən bu məmin üçün çox çətindir, amma yoxladıq, mən aktyorlarımı köklədim, köklədim, mütəmadi danışdıq və bu mövzu əsasındavə təzə tamaşa alındı: “Undergraund”. Ümumi ruhu anlamlıdır, amma əlaqə yoxdur. Hələlik tamaşanı tam təhvil verməmişik, amma yoxlama üçün tamaşaçılara 1-2 dəfə təqdim etmişik.

Tamaşaçı reaksiyası necə oldu?

Kim ki, məntiqlə yanaşdı, o dolaşıb qaldı. Bizim üçün əsas göstərici o idi ki, iki oğlan uşağınını valideynləri buradan dartıb apara bilmirdi. Çünki, o məntiqlə düşünənlər üçün deyil. Onu uşaqlar duydular, qarışıqlığın içində nəsə tutdular.
Ona görə də mən öz teatrımızdakı durumla bağlı sualı cavablandırdım. Başqa teatrlara bu cərəyanlar gəlib, gəlməyib, gələcək, gəlməyəcək deyə bimərəm.

Sənətkarın marifçilyi, müəllimlik fəaliyyəti onun sənət ehtirasını səngidə bilərmi?

Məncə müəllimlik tamam başqa sahədir, elmdir: Pedoqogika. Hər adam müəllim ola bilməz. Misal üçün hər adam nağıl tamaşa hazırlaya bilməz, nağıl film çəkə bilməz. Bəstəkar Oqtay Zülfüqarov uşaq mahnıları yazırdı, tamam başqa dünya idi. Ondan sonra elə bil bu sahə gözə dəymir. Çünki bu tamam başqa bacarıqdır. Məsələn, mən uşaqla işləyə bilmirəm.
Əlisəttar Atakişiyev Azərbaycan kinosunun zirvəsində dayanır – nağıl kinosu ilə. “Sehirli xalat”, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında”…
“Sehirli xalat”ı bu gün də xarici mütəxəssislər aydınlaşdıra bilmirlər ki, o zaman rejissor kosmos səhnəsini necə çəkib, hansı texnikayla.
Yəni o, nağılbaz idi. Hər adam nağılbaz olmur.Hamı da müəllim ola bilmir. Mən Sankt-Peterburqda oxuyanda mənim diplomuma beləcə də yazılıb – Pedoqogika. Bundan da imtahan vermişəm.
Məsələn quruluşçu rejissor o demək deyil ki, o öyrədə bilər. O qura bilər, amma öyrətmək başqa sənətdir. Yəni düşünrəm ki, bir insanın öyrətmək bacarığı varsa və o bundan istifadə edirsə, bu onun sənət ehtirasını zəiflətməz. Çünki, bunlar ayrı-ayrı işlər, ayrı-ayrı enerjilərdir. Məsəlçün pedogokia haqında danışmaq mümkün deyil, bunun üçün xüsusi elm var. Məsələn mənim Peterburqda bir müəllimim var idi; Lev Abramoviç Dodin, mən oxuyan illərdə onun Peterburqda kursu var idi, dərs deyirdi. O öz kursunda, öz pulu ilə psixoloqlar gətirirdi, mütəmadi. Yəni, o pulunu ödəyirdi, psixoloqlar tələblərlə bir yerdə olurdu. Və müəllim dərsə gələndən 30-40 dəqiqə əvvəl həmin psixoloqla görüşürdü; psixoloq ona deyirdi: məslən, bu gün Andreyi cəzalandırmaq lazımdır, bu gün Nikolaya gözünün ucuyla da baxma, sanki onu görmürsən, nə bilim, Nataşanı əzizləmək lazımdır. O tələblərlə görüşə gələndə artıq onların hansı durumda olduğunu öyrənirdi ki, hər kəslə lazımı səviyyədə davrana bilsin. Müəllim isə bütün bunları duymalıdır.
O ki, qaldı maarifçiliyə, məncə normal teatr özü elə həm də maarifçilikdir. Amma elə adamlar var ki, məsələn, Vaqif İbrahimoğlu; kiatb da yazırdı, maarifçi idi, rejissorluğun da edirdi, tələbələrini yetişdirirdi. Amma bu hər adama qismət olmur. Bunun üçün geniş imkanlara malik olmaq lazımdır. düşünürəm ki, mənim yazmaq qabiliyətim güclü deyil. Heyf. Amma bu zorla olmaz. Həm də artıq o istəyim yoxdur.

Söhbətləşdi: Sərdar Amin

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar