A24 Xeber

“Bu işə İlham Əliyev gündəlik nəzarət edir” – Akademik

“Bu işə İlham Əliyev gündəlik nəzarət edir” – Akademik
529
07 Noyabr 2018 - 11:10
“Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına Prezident İlham Əliyev gündəlik nəzarət edir”.
A24.Az  xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun üzvü, akademik İsa Həbibbəyli deyib.
Akademikin sözlərinə görə, Prezident İlham Əliyev işçi qrupa konkret olaraq vəzifələr tapşırıb. Hazırda işçi qrup bu vəzifələrin icrası istiqamətində intensiv iş aparır.
İ.Həbibbəyli qeyd edib ki, hazırda AMEA tərəfindən M.Müşfiqə aid arxiv sənədlərinin araşdırılması və məlumatların toplanılması istiqamətində işlər aparılır: “Mikayıl Müşfiqin şəxsi işi bizim əlimizdədir, bu iş bizim tədqiqatçılara məlumdur. Oradakı sənədləri diqqətlə öyrənirik. Komissiyaya onun nəticələri barədə məlumatlar verəcəyik”.
İşçi qrupunun üzvü əlavə edib ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var: “Bu versiyalardan biri odur ki, M.Müşfiqi Nargin adasında güllələyiblər və daha sonra onu, eləcə də onunla birlikdə güllələnən şəxslərin hamısını Xəzər dənizinə atıblar. İkinci versiya odur ki, onlar kütləvi məzarda dəfn ediliblər. Lakin hər iki versiya şifahi məlumatlardan ibarətdir, xalq yaddaşı əsasında formalaşıb. Bunların heç birini təsdiq edən rəsmi sənəd yoxdur. Ona görə də indi DNT kodunun müəyyən edilməsi çox mühüm məsələdir. Bu istiqamətdə səlahiyyətli rəsmi orqanlar iş aparırlar”.
İ.Həbibbəyli hazırda arxivdə işlərini davam etdirdiklərini, araşdırmaların yalnız Azərbaycan arxivlərində aparıldığını da söyləyib: “Sənədlər elə də çox deyil. Biz br neçə qovluğa baxmışıq. Bizim işimizin nəticələri məlumdur. Belə ki, M.Müşfiqin işində onun güllələnməsi ilə bağlı məlumat var. M.Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-a keçən gecə güllələnib. Onun işində bu faktı təsdiq edən arayış var. Amma harada güllələnib və harada dəfn edilib? Şəxsi işdə bu barədə məlumatlar yoxdur. Buna görə də indi biz araşdırma üçün digər sənədlər axtarırıq”.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00