Darıxmağın adı – SEVGİ

zakir-memmed
Zakir Məmməd

Heca üzərindən ədəbiyyata gəlmək, bəlkə də, asan, amma orada şair kimi tanınıb işləmək və oradan üzüsulu getmək çətindir. Bir metodoloji amil kimi bu vəznin söz sənətinin inkişafında rol oynadığı uzun illər ərzində çoxlu kəşflər edilmiş, yeni poetik ərazilər fəth olunmuşdur. Məsələ belədir ki, poeziyada ən yeni dövrün estetik dəyəri sayılan sərbəst şeir yaradıcılığında saxta, qəlp ədəbi məmulatın şeir kimi qəbul edilməsi faktı bu yöndə heca ilə müqayisə edilərsə, ikinci halda ədəbiyyatı rüsvay edən məqamların daha geniş yer tutduğunu görərik. Füzuli demişkən, “kim çox olmaqdan qılıbdır çox əzizi xar söz”. Texnoloji inqilablar dövründə yaşadığımıza baxmayaraq, nitq və ünsiyyət mədəniyyətinin tərəqqisi geniş zaman və ciddi sosial inkişaf tələb edir. Qlobalizmin də proseslərə hər hansı şəkildə təsirinin bizim bölgədə nə qədər vaxt aparacağı bəlli deyildir. Hər halda sosial münasibətlərin formalaşmasında yeni texnologiyaların rolunu yüksək qiymətləndirmək lazımdır. İndi ədəbi-bədii proses əsasən internetin və sosial şəbəkənin vasitəçiliyi ilə gerçəkləşdiyindən yazıçı və şairlərin ən yeni nailiyyətlərini və ya uğursuzluqlarını oradan izləmək, öyrənmək mümkündür. İnkişafın kəmiyyətcə pik nöqtədə olduğunu deyə bilsək də, sözün namusunu, şan-şöhrətini qorumaq baxımından durum könülaçan deyil. Bir faktı deyim. Feysbukda imzasıyla hər gün, hər saat qarşılaşdığımız, az-çox tanınan onlarla şairin divin canı şüşədə olduğu kimi, bütün “uğurları” qafiyə ilə başa gəlir, necə deyərlər, evini qafiyə üzərində tikib ucaldır. Bu qafiyəpərdazlıq, sistemsiz çıxışlar hər hansı bir yenilənməni qəbul etməyəcək qədər tərs, inadkar və yorucudur. Həmin şeirləri bəyənən “oxucu” sayının çoxluğu, alqış sədaları və mədhiyyələrin bolluğu da vəziyyətin kifayət qədər kritik olduğunu təsdiq edir.
Digər problem söz sənətinin tarixi reallıqları ilə bağlıdır. Heca üslubunun ədəbiyyatımızda qazandığı və hələ də qoruyub saxladığı nüfuz və şöhrəti o qədər böyükdür ki, onun sayəsində yazılanlara yenə də nəyisə əlavə edib tanınmaq, fərqlənmək, doğrudan, çox çətindir. Görünür, həm də bu səbəbdən sənətdə forma və struktur yenilənmələrinə həmişə ehtiyac duyulur. Ədəbi qaynaqlar məzmun və mövzu etibarilə də hədsiz istismar edildiyinə görə oxucuya yeni, orijinal mətn təqdim etməyə qələm sahiblərinin hazırlıqlı olması, hərtərəfli bilik və dünyagörüşünə yiyələnməsi hər zaman lazımdır. Xalq şeiri ənənəsinin davamçısı olan şairlərimizin yaradıcılığında bir-birinə bənzəyən fikir və ifadə üsullarının geniş yer alması da təbiidir. Belə vəziyyətdə hər şeirində dil və üslub “qaydalarında” yeni düzəlişlər etmək şairin birinci vəzifəsinə çevrilməlidir. Məsələn, tarixi çox qədim olan bu janrın Kəmaləddin Qədim adlı tanınmış istedadlı bir şairi də olmalıdır və “köhnə” dizaynda poeziya və ədəbiyyat yaratmaq sahəsində axtarışlar etməlidir. Şairin ədəbi estetikasının, söz və cümlə qurma texnologiyasının özəlliklərinə yetik olduqda onun bədii dil və nitq kompetensiyalarının zəngin olduğunu müşahidə edirik.
Öncə şairin həyatdakı və sənətdəki idealından, onun bu dünyada olub fanidən, dünyadan gedib baqidən, yəni əbədiyyətdən hansı gözləntidə bulunması haqda bir-iki kəlmə söyləmək lazım. Məsələ burasındadır ki, Kəmaləddin qardaşımızın ta əvvəldən sonunu yazmaqla görəvləndirilmiş haqq aşiqi kimi mistikaya qapılmağı da var, “beş günlük” dünyadan kam almaq nəşəsi də. Hər iki halda şairi allahı çağırıb yaxşı bir gələcəyə çatmaq, sənət və eşq vadisinə yan almaq amacında görürük, tanıyırıq. Bu yöndən o, zamanın adamı, zamanın şairidir. “oxşatmısan nədən belə, məni vaxta, vaxta məni?” Özünü çağın ədəbi dəyərlərinə həmahəng tutmağa can atan şairin böyük vaxtdan gözləntilərinin, iddialarının olduğu yaradıcılığında dönə-dönə bəyan edilir. Şəksiz, Kəmaləddin Qədim vaxtla çulğaşan, onun içərisindən istənilən anda sözüylə, qələmiylə sıyrılıb üzə çıxmağa qabil olan sənət adamlarımızdandır. “Qoymayın düşsün yerə, Girin sözün altına” yazan “könlü paşa” şairin vaxta həssaslığı da haqq vergisi kimi izah olunur. “Mən həmin könlü paşa, Mən həmin o haqqa qul, Bir az vaxta, zamana, Taleyə qul, baxta qul”.
K. Qədimi mütaliə edəndə ilkin təəssürata görə onun şeir misrasının bir rəngdə, eyni biçimdə vizuallaşması, mətnin sadəliyi, diləyatımlılığı oxucunu arxayın sala, məsələnin dərinliyinə nüfuz etməkdə onun qənaətlərini ləngidə bilər. Çünki Kəmaləddin bəyin yazı üslubunda nitq elementlərinin seçimində, çeşidlənməsində böyük bir sənətkar ustalığı, səliqə-sahmanı vardır və söz, nitq axıcılığı oxucunun “başını gicəlləndirir”. Sadə geyimdən, əşyanın təbii, xalq yaddaşından gəlmə elementlərlə bəzədilməsindən yaranan ilkin təəssürat da bəzən reprodiktiv səciyyə daşıyır. Şeir də belədir. Ancaq məsələnin daxilinə, mahiyyətinə nüfuz edildikdə nitqin və ya təfəkkürün poetikasının dərin qatlarının, onun utilitar semantikasının olduğu üzə çıxır. Əslində könül tərpədən böyük bir əhvalatı şair bir neçə misranın içində yerləşdirir:

“Mən indi bildim ki, olur gor necə,
Adamın içinə dolur qor necə…
Getmisən, xaraba qalır gör necə,
Lap ölüb qalmalı yer idi könlüm”.

Dəlicəsinə bir sevginin varlığından şair dolayı üsullarla söz açır. Bir könlü xaraba qoymağın bədii təfsilatı elə yazılıb ki, adamın gözünün qabağına yerlə yeksan olmuş dünya, şəhərlər, kəndlər… canlanır. Məsələn, aşağıdakı şeir bəndlərinin də ilk baxışda “diqqət çəkmədiyini söyləmək olar:

“Olub bal, noğul danışır,
Danışır, mağıl, danışır,
Gündə bir nağıl danışır
Elə dilim ürəyimə.

Gör çırpılır qapım necə,
Bağlanır kitabım necə?!
De, necə yol tapım, necə,
Necə girim ürəyimə?”

kemaleddin
Kəmaləddin Qədim

Deklarativ mətn təsiri bağışlayan bu şeir parçasının üstündən sanki sükut edib keçmək də olar. “Yol tapmaq”, “ürəyə girmək”, “nağıl danışmaq” gündə on dəfə hamının söylədiyi, eşitdiyi ibarələrdir. Fəqət fəhm etdikdə ayrı bir mənzərəni kəşf etmiş olursan. Buradakı ürək söhbəti, məntiqi ardıcıllıqla irəliləyib tənqidi təfəkkürə doğru çoxlu keçidlər axtarıb tapmağın “əziyyətləri”nə qatlaşmaq oxucunu məmnun etməlidir. “Qapı”, “kitab” fikrin, ideyanın dəlil-sübutu kimi, təsvir faktı, simvolik predmetlər kimi mətnin ideyasını şərtləndirir. Çünki “yol tapmaq” yozumu bu ifadələrin vasitəçiliyi ilə şüura çox dəqiq ötürülür. Frazeoloji qatda qapının və kitabın bağlanması, açılması anlayışının davamında ürəyə yol tapılması sualının meydana çıxarılması yerinə düşür və mənalar bir-birini tamamlayır. Nəticədə “dil” və “ürək” antitezanın ünsürləri kimi çıxış edir. Hər hansı bir fəaliyyətin, situasiyanın, ruhun, ya maddənin orijinallığı ilə saxtalığı yan-yana qoyulur. Ürəyə yol tapmaq yaxşı yazmaq deməkdir. Ona görə ürəyə girməyin və ya girə bilməyin zəruriliyi barədə mülahizə irəli sürülür. Başqasının ürəyinə yol tapmaqdan, ürəyinə girməkdən danışılması əvəzinə, insanın öz ürəyinə girmək istəməsi düşüncəsi fazemin yeni qəlibdə ifadəsi ilə bağlıdır. “Ürəyə yol tapmağın” narahatlığı şairin sənət məsələlərində, bədii yardıcılıqda uğraşmaq istədiyi problemlərlə, prinsiplərlə də əlaqələnir. Zənnimcə, daha yaxşı yazmaq, yeni poetik kəşflər etmək qayğıları bu misralarda əksini tapmışdır. Ayrı bir nümunəyə baxaq:

“Necəyik, yetəndən sor bizi, necə
Necə götürəcək gor bizi, necə?
Gör necə öldürdü, gör bizi, necə
Sənin yalanınla, mənim gerçəyim!”

Fikir o qədər lakonik ifadə olunub ki, misralar maksimum yüklənib. Amma həmin lakonizm şeirdə obrazın bir əlamətinə çevrilir. Eşq əhlinin öz başına gələnlərin bundan da yığcam təsvirini vermək çətindir. “Həmişə xəlqə rüsvadır” yazan Füzulidən üzü bu yana sevdaya düşmək cəmiyyətdə həmişə kiçik də olsa sensasiya yaradıbdır. Ona görə də bu cür söhbətlər “yalan-gerçək” lafıyla dövriyyəyə buraxılır. Əslində, məsələnin kökündə nəyin dayandığı gələcəkdə məlum olur. Həmin “yalan-gerçəyi” şair iki yerə bölür. “Sənin yalanın”, “mənim gerçəyim”. Məsələnin dərinliyində bu var, o biri tərəfdən də bütöv məhəbbət gəlişmələri tək-tək hallarda yaranır. Deməli, bir tərəfimizi yalan sürütlədikcə, “əfğanımız” göylərə bülənd olmaqdadır.
Kəmaləddin Qədimin şeirində emosiannallıq, cərəyan axını, poetik ritm kənardan deyil, daxili enerji ilə aktivləşir və hər hansı cisim öz təbii xassələrini qoruyub saxladığı kimi, onun yaratdığı nitq konstruksiyalarının da davamlılığı, etibarlılığı şübhə doğurmur. İti, sürətli, oynaq təhkiyə, təfəkkür, onun nitqinin əsas göstəriciləridir. Yuxarıda qeyd etdiyimiz kimi, ədəbiyyat tarixində müxtəlif dövrlərdə cürbəcür üslublarda yazıb-yaradan sənət adamlarının eyni detaldan eyni məzmunlu və eyni ideyalı bədii mətn düzüb-qoşduğuna dair çoxlu faktlar var. Elə işləmək lazımdır ki, sonra inşa edilən özündən əvvəlki ilə müqayisədə daha cəlbedici olsun. Məsələn, ruh və cismin fəlsəfəsi barədə uyğun düşüncələri bölüşərkən Ramiz Rövşən belə yazır: “Demə, biz ki quş deyilik, Allaha tanış deyilik… Ruhum, dur yığış gedirik, Sən yuxarı, mən aşağı”. Bu fikir, təxminən, eyni biçimdə türk şairi Nəcib Fazil Qısakürək tərəfindən də deyilibdir. Amma eyni ideyanın ifadəsi Kəmaləddin Qədimdə daha fərqli: etizazlı və cazibədardır.

“Ruhum, tez darıxıb getdin,
Könlüm evin yıxıb getdin.
Sən yerlərdən çıxıb getdin,
Mən göylərdən enib qaldım”.

Mənzərə göz qabağındadır. Burada ayrı-ayrı estetik yazı sisteminə mənsub şairləri müqayisə etmək məqsədi güdülmür. Sadəcə, dünyaya metafizik baxışın təzahürü kimi araya gələn bu mülahizələrə nəzər yetirəndə bəlli olur ki, poeziya da, irfan da Kəmaləddin Qədimin bu şeirində daha mükəmməldir. Şair ruhun intəhasızlığını, yaşarılığını göstərmək üçün onun konkret sərhədlərini, daha doğrusu sərhədsiz bir ucalığa (allaha) sarı hərəkət etdiyini təsvir edir. Həm də ruhun cisimdən ayrılmasının ağrıları, fəsadları da söylənir. “Dur yığış gedirik”lə “tez darıxıb getdin” arasında çox fərq vardır. Birincidə ruh hələ getməyib, ruhla ünsiyyətdə təlimatçılıq var, prosedur qaydalara əsaslanma var. İkinci misalda ruhun tərki-dünyalığı keçmişə, dünyanın yaranışına bağlanır. “Aşağı” əvəzinə “yerlər”, yuxarı” əvəzinə “göylər” daha ürəkaçandır, şairanədir. Bu cür nümunələrin sayını artırmaq mümkündür. Məsələn, ayrılıqdan hamı yazır. K. Qədimin “ayrılığında” mənfəət çoxdur, bəxtəvərlik əmsalı ən yüksək səviyyədədir. “Alsın canın ayrılıqlar, İçsin qanın ayrılıqlar, Dörd bir yanın ayrılıqlar, Ölən, bəxtəvər başına…” Ayrılıqdan bu cür yazan ikinci bir şairimiz yoxdur. Amma Kəmaləddin bəyin başqa bir şairlə yanaşı, Əli Kərimin “Qayıt” şeirilə analoji səciyyəsi onun lazımi səviyyədə irəliləyişə nail olmadığını göstərir.

“Ağlımı, huşumu özümə qaytar,
Abrımı, həyamı üzümə qaytar.
Məni öz doğruma, düzümə qaytar,
Bir az sahmana sal dön məni məndə”.

Üslub və metodologiya baxımından bir-birinə əks qütblərdə yer almış olsa da, bu şeirin Əli Kərimin məşhur “qayıt sahmana sal bu kainatı” misrası ilə və bütövlükdə həmin şeirin ümumi ruhu ilə səsləşdiyini inkar edə bilmərik. Məsələ burasındadır ki, Əli Kərimin şeiri həyatın, insanın başına gələn olayların sırf realist təfərrüatları kimi kəşf olunub və zamanın möhürü ilə yaddaşlara əbədi həkk olunubdur. K. Qədim isə könlünün bu titrəyişində özünü ayrı bir məqama kökləyir. Şair şəxsi istəklərinə tanrının buyurduqlarını da əlavə edir, hətta sevgi məsələlərində çox hallarda böyük Füzuli ilə eyni ovqatda eyni bəlalardan keçib getməli olur. Müasir poeziyada hər an hər bir söz adamında rast gəlinəcəyi istisna edilməyən forma və məzmunca, fikir və ideyaca yaxınlaşmalardan zərərdidə olmamaq üçün sənətkarın “qabaqlayıcı tədbirlər görməsi” vacibdir. Bu yanaşıma görə Kəmaləddin qədim qələmini tez-tez “format eləməyi” vacib sayır.
K. Qədim sevgi hislərini də poeziyanın tələbləri səviyyəsində bəyan etməkdə geniş təcrübəsi olan şairdir. Həyatda sevgi giley-güzarları çoxdur. Bu aləmdə baş verənlərin qələmə alınması və eşq ədəb-ərkanının öyrənilməsi sahəsində poeziya özünün cürbəcür məktəblərini, üslub və cərəyanlarını yaradıbdır. Hansı ədəbi üslubun nümayəndəsi olmağından asılı olmayaraq, hər şairin öz dəst-xətti, yazı texnikası, fərqli istedadı rol oynayır. Kəmaləddin bəyin məhəbbət aləmində baş verənlərə iki cür — ya tam ciddi planda, ya da ironik yanaşdığını müşahidə edirik. Məsələn, onun “gəl apar, məndə qalmısan, özünü axtaran qadın” şəklində yazması çağdaş cəmiyyətdə sevgi iztirabları əvəzinə, sevgi qalmaqallarının geniş yer aldığına işarədir. Şair bu cür vəziyyətdə eyhamlı, kinayəli deyimə üstünlük verir. Amma onun mükəmməl bir eşq konsepsiyasından bəhs etməyə əsas verən yaradıcı fəaliyyəti var ki, bundan geniş şəkildə söz açmaq və sənətkarın texnolji özəllikləri xüsusunda təhlillər aparmaq tək bir zövq məsələsi deyil, daha çox ədəbiyyatşünaslıq mövzusudur. İstinad nöqtəsi kimi mayası ilahi duyğulara bağlanan məhəbbət lirikasında bəzən irfan poeziyasında olduğu kimi insan və allah sevgisi bir kontekstdə yer alır.

“Gəlib dar eyləyib yerini, Tanrım,
Çıxar bu qadını, çıxar içimdən”.

Şair “Quran”da “Tövhid” surəsinə əsaslanır və Allahın vahidliyini qəbul etdiyini bəyan edərək başqa incə və vacib məqamlara da toxunur. İnsan övladının qadına olan sevgisi burada bağışlanan günahlardan hesab edilir. Qadından “qurtulmağı” Allahdan istəyirsə, bu həm də o
deməkdir ki, qadın da allahın işidir. Ona görə Allahdan əfv diləmək burada yerinə düşür. Şairin Allaha müraciət etməyə üzü vardır. Təkrar edirəm, bu sevgilər allahın işidir axı. İçdəki sevgini, inamı Allahdan başqa heç kəslə bölüşə bilməmək, heç kəsə aid etməmək arzusu şeirin şah misralarında xüsusi yer tutur. İnsanı həyatda tək Allahına bağlanmaqdan yayındıran səbəblər çoxdur. Dünyanın faniliyi də elə bu müşküllə bağlıdır. Qadın isə bütün müşküllərin sırasında daha xatalı və qarşısıalnmazdır. Kəmaləddin Qədim, şəksiz, burada dünyəvi sevgi, eşq faktorunu istisna etmir və Allahı dilə gətirməklə, hətta onun yerinin darlığından söz açmaqla həmin sevgiyə haqq qazandırdığı mesajını meydana qoyur. Digər yandan qadın sevgisi nə qədər qabarıq görünsə də, bu problem Allahdan üz döndərməyə qədər böyüyə bilməz. Çünki şair qəlbdəki yerin kiməsə tam şəkildə təhvil verilməsindən bəhs etmir. Daha doğrusu, o yer Allaha məxsusdur. Əslində, K. Qədim poeziyasının sirri bu ideya ilə bağlıdır. Ona görə də “Sonumu yazıram” deyən şairin “son” kəlməsi dini inancla bağlıdır. O, hara üz tutacağını bildiyi kimi, hara gedəcəyini də dəqiq bilən tanrı bəndəsidir. Məsələn, onun şeirlərində “dörd bir yanı ayrılıq” olan elə bir məkandan söz açılır ki, burada qalmaq da, köç edib getmək də ayrılıq və sevgi hissi ilə müəyyən oluna bilər. Bu dünyada sakin olmağın allahdan uzaq düşmək, hətta şair olaraq onu layiqincə vəsf edə bilməmək əziyyəti olduğu kimi, dünyanı tərk etməyin də allaha qovuşa bilməmək narahatlığı vardır. Bir sözlə, həm bu, həm o biri dünyanın yolu sevgidən keçir.

“Bir şey ki yer, göy qatı da sevgidi,
Həyatı da, siratı da sevgidi.
Darıxmağın bir adı da sevgidi,
Durum gedim darıxmağın dalınca…”

Bax bu darıxmağın adı da sevgidi. Bir sevgi yağmurunda romantik duyğular yaşayaraq, ya da ağlında, könlündə dopdolu bir eşq ilə böyük SONuna tələsən, darıxan əbədiyyət yolçusunun sözünü və ruhunu nurlandıran haqq çırağı var. Hara getdiyini bilənlərin sözündə də, əməlində də heç zaman xətaya yol verilmir.

“Eşq ilə doludu içim, dopdolu,
Tanrıdan verilib butam, azalmaz.
Qərib yolçusuyam bir bitməz yolun,
Elə, hey gedərəm, atam, azalmaz…”

Çağdaş oxucunu ən çox məşğul edən mövzulara həssas olmağı Kəmaləddin bəyə rəğbət qazandıran cəhətlərdəndir. O, qeybət və demoqogiyaya yol vermədən ictimai ədalətin və ya ədalətsizliyin fəlsəfəsini yazır. İnsanlıq çabasının “o biri üzü”nü, necə deyərlər, “ayın görünməyən tərəfini” yazmağa daha çox diqqət sərf edir. Kəmaləddin Qədimin poeziyasında ağıl və emosiya, müdriklik və duyğusallıq eyni dərəcədə nəzərə çarpır. Şairin hikmətli deyimlərlə səciyyələnən ədəbi kursunun nüfuz və etibarını hər zaman qoruyub saxlayacağının hər hansı bir qorxusu ola bilməz. Belə hikmətlərin bir neçəsinə nəzər yetirək: “Gözlərim yol çəkir, gözəl, Sən gəlib keçəsən deyə”, “Dər apar saçımdan ağ çiçəkləri, Dər apar özünə bağça-bağ eylə”, Hələ də çəkməyə bir nəfəs Şuşa, Udmağa bir udum Laçın çatışmır”, “İşıqdan zülmətə yol alıb anam, Zülmətdən işığa tələsir qızım”, “Üzün qırmızısı yalandan gələn, Sözün qırmızısı haqdan gələndi” və s. Qısaca deməli olsaq, Kəmaləddin Qədim poeziyasında çağdaş hazırlıqlı oxucuya layiq estetik idealın da, sosial-psixolji mühitin də, könül oxşayan ruhani həqiqətlərin də tərənnümünə geniş yer verilmişdir.
Sonda yaradıcıığında müşahidə olunan bir reallığın müəllifə xatırladılması, məncə, yerinə düşər. Bütün yazarlarda olduğu kimi, Kəmaləddin bəyin üslubunda da təkrarçılıq, bəzən mətnin qurulmasında ciddi prinsipiallıq əvəzinə, üstündən keçmə, sənətin tələblərindən geri çəkilmə məqamlarını da qeyd etməyi əhəmiyyətli hesab edirəm.

Zakir Məmməd

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR