DİN-in Polis Akademiyasında buraxılış mərasimi keçirilib

DİN-in Polis Akademiyasında buraxılış mərasimi keçirilib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2017-2018-ci tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Nazirlikdən verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib. Nazir Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazim Əliyev bu ali polis təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, əsas təyinatı daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlanması olan Polis Akademiyasının rəhbərliyi və pedaqoği kollektivi tədris prosesinin təkmilləşdirilməsi, peşəkarlıq xüsusiyyətlərinin formalaşdırılması, onların intellektual, mədəni və mənəvi inkişafı ilə bağlı vəzifələri 2017-2018-ci tədris ilində də layiqincə yerinə yetirməyə çalışıb. Ölkə Prezidentinin ali diqqət və qayğısı, DİN rəhbərliyinin, şəxsən daxili işlər nazirinin tələb, tövsiyə və tapşırıqlarının nəticəsi olaraq Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilib.

Daxili işlər naziri təntənəli mərasimdə çıxış edərək Polis Akademiyasının öz təyinatına uyğun olaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, 1921-ci ildə sıravi milis nəfərləri və komandir heyəti hazırlayan bu təhsil müəssisəsinin böyük inkişaf yolu keçərək Akademiya səviyyəsinədək yüksəldiyini, onun məzunlarının şəxsi heyətin əsas özəyini təşkil etməklə, bir çoxlarının müxtəlif rəhbər vəzifələrə irəli çəkildiyini bildirib.

Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm, təhsil və təcrübə tələb etdiyini vurğulayan, polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Polisinin yaranmasının 84-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə Akademiyanın yüksək standartlar səviyyəsində yenidən qurulmasına dair verdiyi konkret tapşırıqların bu ali təhsil müəssisəsinin inkişafında əhəmiyyətli rol oynadığı xüsusilə qeyd edilib.

General-polkovnik Ramil Usubov 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, möhtərəm dövlət başçımızın burada görülən işlərlə iki dəfə şəxsən tanış olduğunu, öz dəyərli tövsiyələrini verdiyini, məhz onun böyük diqqət və qayğısı sayəsində Akademiyanın maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini vurğulayıb.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran daxili işlər naziri onları, valideynlərini və yaxınlarını Akademiyanı müvəffəqiyyətlə bitirmələri münasibətilə bir daha təbrik edib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. O, qeyd edib ki, 100 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Polisinin sıralarına daxil olan məzunlar sabitliyi, təhlükəsizliyi, ictimai asayişi və xalqın əmin-amanlığını qorumaq kimi əhəmiyyətli funksiyaların icraçısı olaraq fəaliyyətə başlayırlar.

Ramil Usubov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, bu gün sıralarımıza qoşulan gənc zabit korpusu xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсəkdir.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Əlaçı məzunlardan biri yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər “Azərbaycan Polisi” marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar