DİN və Baş Prokurorluq məlumat yaydı

DİN və Baş Prokurorluq məlumat yaydı
Want create site? Find Free WordPress Themes and plugins.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda baş vermiş qəza barədə məlumat yayıb.

A24.Az DİN-in saytına istinadən xəbər verir ki, 19 iyul 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 1 nəfər piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə həmin tarixdə Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisə baş verdikdən dərhal sonra yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə, avtomobillərə, meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş avtomobillərin sürücüləri dindirilib, sərxoş olub-olmamalarını müəyyən etmək üçün tibbi müayinədən keçirilib, hadisə yerində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin kameralarının görüntüləri götürülüb və digər istintaq hərəkətləri icra olunub.

Aparılmış təxirəsalınmaz ilkin ibtidai istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, 19 iyul 2017-ci il tarixdə, saat 00:50-də Həsən Həsənovun idarə etdiyi «Mercedes-Benz 208D» markalı mikroavtobusla Sabunçu qəsəbəsindəki Heydər Əliyev prospekti ilə Beynəlxalq Hava Limanı istiqamətində hərəkətdə olarkən prospektin həmin hissəsində yerüstü piyada keçidi olduğu halda prospekti keçid olmayan yerdən orta dərəcəli sərxoş vəziyyətdə keçmək istəyən piyada – Göyçay rayon sakini Mirmehdi Musayevi avtomobilin sol yan güzgüsü ilə vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan Əhəd Kərimovun idarə etdiyi «Porsche Cayenne» markalı avtomobilin hərəkət yoluna atmış və avtomobil piyadanın üzərindən keçib. M.Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bundan sonra hər iki avtomobilin sürücüsü dayanaraq hadisə yerini tərk etməyiblər.

İstintaqla müəyyən edilib ki, mikroavtobusun sürücüsü Həsən Həsənov fərdi qaydada sərnişin daşınması fəaliyyəti ilə məşğul olur, sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb.

Bundan başqa müəyyən edilib ki, «Porsche Cayenne» markalı avtomobilin sürücüsü Əhəd Kərimov paytaxtdakı şirkətlərdən birində menecer vəzifəsində çalışır, atası – Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimov ilə anasının nigahları 1994-cü ildə rəsmi qaydada pozulub, Əhəd Kərimov isə həmin vaxtdan Bakı şəhərində dayısının himayəsində yaşayır. Ə.Kərimovun sürücülük hüququ vardır, avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmayıb, idarə etdiyi «Porsche Cayenne» markalı avtomobili bu il internet vasitəsilə verilmiş elan üzrə Bakı şəhərində alıb.

Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin rəisi Hikmət Kərimovun qeyd olunan avtomobilin alınmasında hər hansı formada rolunun, maliyyə dəstəyinin, qanunazidd hərəkətlərinin olub-olmamasını müəyyən etmək üçün Daxili İşlər Nazirliyində xüsusi xidməti yoxlama təyin edilib.

Cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə istintaqın davam etdirilməsi Baş prokurorun 20 iyul 2017-ci il tarixli qərarı ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə həvalə edilib və cinayət işi Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətinə götürülüb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir, təqsiri olan hər bir şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin olunacaqdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar