kipling02

Ədəbiyyat üzrə səkkizinci Nobelçi – KİPLİNQ – “Nobelçilər” silsiləsi

Əyyub Qiyas
Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə səkkizinci Nobelçini təqdim edir.
Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: 1907-ci il, Jozef Redyard Kiplinq”
Ədəbiyyat üzrə 7-ci Nobelçi haqqında yazı ilə bu linkdə tanış ola bilərsiniz.

Dünya şöhrətli ingilsi yazıçsı, şairi və novellalar ustası Jozef Redyard Kiplinq 1865-ci ilin 30 dekabrında Hindistanın Bombey şəhərində dünyaya gəlib. Altı yaşı olanda gəlcək yazıçını İngiltərəyə – protestant məzhəbinin bir qolu olan kalvinist ailəsinin himayəsinə göndəriblər. 1882-ci ildə on altı yaşlı Redyard Hindistana qayıdaraq Lahordakı qəzetdə redaktor köməkçisi işləyib. 1886-cı ildə “Departament nəğmələri” şeirlər kitabını çap etdirib. Onun ardınca da “Dağlar haqqında sadə hekayələr” kitabı işıq üzü görüb. Kiplinqin ən gözəl hekayələri Hindistandakı ucuz qəzetlərin səhifələrində dərc edilib, sonra isə həmin hekayələr “Üç əsgər” və “Vi-Villi-Vinki” kitablarında çap olunub.

1889-cu ildə Kiplinq dünya səyahətinə çıxıb və yol qeydləri yazıb. Bir il sonra çap olunan “Şərq ilə Qərb balladaları” müəllifə böyük şöhrət qazandırıb. Həmin kitabda o ingilis şeir üslubuna yeni nəfəs gətirib və “Kazarma nəğmələri”ni yazıb. Kiplinq hər şeydən əvvəl dilin ədəbi gözəlliyi haqqında çalışıb və ingilis ədəbi dilinə böyük töhfələr verib.
Amerikada yaşadığı dörd il ərzində Kiplinq ən gözəl əsərlərni qələmə alıb. Həmin hekayələr “Uydurmalar toplusu” (1893), “Günün ağırlığı” (1896) və “Cəngərlik kitabları” (1894-1895) adlı iki kitabda toplanıb. Şöhrətin və dövlətin zirvəsində olan Kiplinq uğurlarına etinasızlıqla yanaşıb və tənqidi fikirlərə əhəmiyyət verməyib. Laureat-şair və bir sıra fəxri adlardan imtina edib. 1902-ci ildə Susseks qarflığındakı bir kənddə məskunlaşıb.
Onun Hindistan mövzusundan bəhs edən sonuncu – “Kim” romanı 1901-ci ildə nəşr olunub, 1902-ci ildə isə uşaqlar üçün yazdığı “Belə sadə nağıllar” kitabı çıxıb. Kiplinq uşaqların sevimli “Mauqli”, “Öz xoşuna yaşayan pişik” kimi nağılların müəllifi kimi daha çox xatırlanır.
Birinci dünya müharibəsi yazıçının həyatında ağır izlər buraxıb. Böyük oğlu Conun 1915-ci ildə müharibədə həlak olması yazıçıya şox pis təsir edib. Meyidi tapılmayan oğlunu axtarmaq ümidi ilə dörd ilini sərf edən, müxtəlif dairələrə baş vuran Kiplinq sonunda bütün ümidini itirib və oğlunun ölümü ilə razılaşmalı olub. Müharibə epitafiyalarından birində (1919) Kiplinq yazırdı: “Əgər sizdən nə üçün həlak olmağınızın səbəbini sorsalar, deyin ki, atalarımız bizi aldatdı”.
2007-ci ildə britaniya kinematoqrafçıları Kiplinqin oğlunun ölümünə həsr olunmuş “Oğlum Cek” adlı televiziya filmi çəkiblər. Müharibədən sonra Kipliq hərbi dəfn Komissiyasının üzvü olub və “İncil”dən götürülmüş “Onların adı yaddaşlarda əbədi yaşayacaq” fikrini ilk dəfə o işlədib.
Kiplinq dünya ədəbiyyatı tarixinə həzin hekaələr, realist romanlar, uşaqlar üşün yazdığı çoxsaylı nağıllar, bir-birindən gözəl novellalar və lirik-romantik şeirlər müəllifi kimi düşüb. Onun “Prelüdiya” şeirini diqqətinizə çatırırıq.

“Sizinlə duz çörək kəsdim,
İçdim suyu və arağı.
Sizinlə bir yerdə öldüm –
Sizinlə yaşadım axı.

Görən acı bəxtinizdən
Nə qaldı sonunda mənə?
Ağır işdən, dərddən yox ey,
Yeddi dənizdən o yana?

Bu ömrü elə yazdım ki,
İnsanlara nəşə verdi…
Bircə özümüz bilirik
Sevinmək bizlik deyildi!”

Şöhrəti getdikcə azalasa da Kipliq ədəbi fəaliyyətini 30-cu illərin əvvəlinə qədər davam edib. 1907-ci ildə “dərin müşahidələrinə, parlaq fantaziyalarına, yetkin ideyalarına və hekayəçilik istedadına görə” ədəbiyyat üzrə səkkizinci Nobel mükafatçısı olan Jozef Redyard Kiplinq 18 yanvar 1936-cı ildə Londonda vəfat edib və Vestminster abbatlığındakı qəbiristanlığın şairlər guşəsində dəfn olunub.

kippp
R.Kiplinq

Jozef Redyard KİPLİNQ
1865-1936
ALAY QIZI
(hekayə)

Ceyn Hardinq, nişanlandın
Olderşotda bir çavuşla.
Bizim şanlı donanmada
Dənizlər üzdün onunla.
(xor):
Tanışdırmı Ceyn sizə?
Ceyn Hardinq,
Ceyn Hardinq,
Ceyn Hardinqlə fəxr edirik,
Qürur verir o ad bizə
(Köhnə kazarma balladasından)

–Əgər bir centlmen çərkəz rəqsi oynaya bilmirsə, onda özünü ortaya atıb başqalarına mane olmağının heç yeri yoxdur.
Miss Makkena belə dedi və onunla üz-üzə dayanan çavuş da üzünün ifadəsi ilə onunla tam razı olduğunu bildirdi.
Miss Makkenna ürəyimə qorxu saldı: altı futluq boyu, üzündə kürən çilləri və atəş kimi saçları olan biri idi. Geyimi də sadə idi: ağ atlas ayaqqabılar, muslin parçadan tikilmiş çəhrayı don, zəhər-yaşıl rəngli güllü kəmər, qara ipək əlcəklər, saçlarında da sarı qızılgüllər. Ona görə miss Makkennanı tərk edib dostum sıravi Malveni axtarma üçün alay dükanına tələsdim, – o, içki piştaxtasına söykənib durmuşdu.
–Demək belə, cənab, siz balaca Cihansi Makkenna ilə atılıb-düşmüsüz? O bu yaxınlarda kapral Sleynə ərə gedəcək. Əgər imkan düşüb eləsə, sizin xanımlarla, ya da elə ağalarla danışmaq fürsətiniz olsa, çəkinmədən balaca Cihansi ilə rəqs etməyinizdən danışın. Bununla qürur duymağa dəyər.
Mən isə qürur duymadım. Mən itaət edirdim. Sıravi Malveninin gözlrindən hiss etdim ki, ürəyi xatirələrlə doludur, bundan başqa onun hələ piştaxtanın arxasında çox dayanmaq filrində olduğunu da bilirdim və belə getsə idi bir-iki cəza almadan buradan çıxamayacaqdı. Yaxın dostu yorğun-arğın növbə çəkərkən görmək o qədər də xoş hiss deyil, özü də o növbə çəkəndə sən onun komadiri ilə yanaşı gəzişirsənsə, bu heç xoş deyil.
–Gedək meydana, Malveni, ora bir az sərindir. Həm də mənə bir az bu miss Makkennadan danışarsız. Kimdir, nəçidir və nəyə görə adı Cihansidir?
–Necə, siz bu vaxta qədər Pampuşa ananın qızı haqqında heç nə eşitməmisiz? Özününüz də elə güman edirsiz ki, guya dünyanın altından da xəbərdarsız, üstündən də. Dayanın bu qəlyənı çəkib qurtarım, çıxaq.
Çıxdıq. Başımızın üstündə ulduzlu səma vardı. Malveni artilleriya arabasının üstünə oturub dişləri ilə qəlyanı tutub sıxdı, ağır yumruqlarını dizlərindən aşağı sallayıb başındakı papağı kəskin bir hərəkətlə geri itələyərək söhbətə başladı:
– Missis Malveni, demək istəyirəm ki, miss Şedd hələ missis Malveni olmazdan əvvəl, siz, ser, onada çox cavan olardız. Elə ordu da o vaxtdan bəri çox dəyişib. İndi bizim uşaqlar kiminlə gəldi evlənmək istəmirlər, ona görə ki, əsl qadınlar – bax, mən kapral olduğum vaxtlara baxanda indi sərbəst, sadiq, güclü, sağlam, səmimi, möhkəm qadınlar – azdır. Elə o vaxtlar da kişilər xidmət etdikləri alayda yaşayar, orada da ölərdilər, təbii, əgər yaxşı kişi idi isə evinə də baxar, arvadını da razı salaradı. Mən kapral olanda – sənin canın üçün, bütün alay qırılıb qurtardı, sonra təzədən doğub törədik! Mənim çavuşum Mekkennanın atası idi, adamın evli olduğunu hamımız bilirdik. Onun arvadı da – birinci arvadını nəzərdə tuturam ha, bizim Makkenna o arvaddan sonra iki dəfə də evəndi – əslən Portarlinqtondan olan miss Bricit Makkenna idi, mənim həmyerlim. Qızlıq adını unutmuşam, ancaq “B” bölüyündə hamı ona Pampuşa ana deyirdi. Ona belə bir ad qoymuşdular. Yupyumru bir şey idi! Bax həmin o Pampuşa – qoy ruhu şad olsun – işi-peşəsi ancaq doğub törəmək idi. Bax yadımda deyil, onun doğduğu çığırğanların sayı beşə, altıya çatanda anaları adbaad çağırmaq üçün xaç suyuna salanda uşaqları nömrələyəcəyinə and içdi. Həm də qadın uşaqlarına doğulduqları qalalara uyğun ad verilməsini təkidlə tələb etdi. Beləliklə, bölüyümüzdə Kolaba Makkenna və Muttra Makkenna peyda oldu, yan-yörəmiz Makkennalar ilə doldu, bax orada atılıb-düşən, rəqs edən balaca Cihansi də belə yarandı. Pampuşa uşaqlarını bir-birinin ardınca doğur, bir-birinin ardınca da dəfn edirdi. İndi uşaqlar öləndə quzu balaları kimi ölürlər, o vaxtlar milçək kimi qırılırdılar. Mənim balaca Şeddim də o vaxt öldü, ancaq məsələ onda deyil. Bilmirəm nə oldu, nə baş verdi, ancaq missis Malveninin daha övladı olmadı. Nədən danışırdım? Hə, həmin il havalar cəhənnəm atəşi kimi isti keçirdi, günlərin bir günü adını unutduğum bir idiotdan alayı mahalın ucaqrlarına köçürməklə bağlı axmaq əmr aldıq. Bəlkə də ordunu yeni dəmir yolu ilə göndərməyi yoxlamaq istyirdilər. Və hamı cəhənnəm olub gedəcəyimizdən xəbər tutdu! Gözlərimizi qırpmağa macal tapmamış, xəbər tutdular! Pampuşa ana Muttra Makkennanı təzə dəfn etmişdi. Hava adamın nəfəsini kəsirdi, Pampuşanın bircə dörd yaşlı Cihansisi qalmışdı. On dörd ayın içində beş uşağı torpağa basdırmaq – zarafat deyil, bunu başa düşürsüz də?
Bəli, elə cəhənnəm istisində kələyimiz kəsilə-kəsilə təzə yerə köçməli olduq – görüm müqəddəs Lavrenti o əmri icad edənin kələyini kəssin! Ölənə qədər o köçü yadımdan çıxartmaram. İki yük vaqonu ayırmışdılar bizə, biz isə səkkiz yüz yetmiş nəfər idik. İkinci vaqona “A”, “B”, “V”, “Q” bölüklərini, bir də on iki qadını – məlum məsələdir ki, onlar zabit arvadları deyildi – və on üç uşağı yerləşdirmişdilər. Yol da nə az, nə çox, altı yüz mil idi, dəmir yollarını isə o vaxtlar lap təzə salmağa başlamışdılar. Gecəni qatarda keçirtdik, bizim mundirli oğlanlar da az qala divara dırmaşırdılar, əllərinə keçəni içir, çürük mer-meyvəni tıxışdırırdılar, biz isə onlarla bacara bilmirdik – o vaxtlar mən kapral idim – səhər açılanda bizdə vəba tapıldı. Bütün müqəddəslərə dua edin ki, heç vaxt vəba sizi hərbi qatarda haqlamasın. Bu haradasa səmadan Tanrının yerə göndərdiyi bəla kimi bir şeydir.
Birtəhər yaxınlıqdakı düşərgəyə çatdıq – bilirsiz, ora Ludhiana kimi bir yer idi, amma çox pis yer idi. Alay komadiri elə o dəqiqə qalaya teleqram göndərdi, – dəmir yolu ilə üç yüz millik məsafəyə – bizə yardım göndərin, filan. Sözlərimə inanın, doğrudan da köməyə ehtiyacımız var idi. Qatar hələ dayanmağa macal tapmamışdı ki, stansiyadan hamını külək kimi sovurub aldılar. Komandir teleqramını yazıb bitirənə qədər orada teleqrafçıdan savayı bir nəfər də qalmadı, o da gündəymzini oturduğu yerdən qaldıra bilmədiyi üçün qalmışdı – bax o qaradərili binəvanın boğazndan necə yapışdılarsa, axıra qədər də əl çəkmədilər, teleqram vurdurdular. Səhər açıldı, vaqonlarda olanlar çığırırdı, platformada gurultudan qulaq batırdı – adamları düşərgəyə göndərməzdən əvvəl sıra ilə sayırdılar, qatarda olan bütün əsgəri ləvazimatlarımızı yerə atırdılar. Vəbanın nə olduğunu izah eləmək mənim başım üçün deyil. Bizim həkim vardı – bax o sənə izah edə bilərdi, amma biz meyidləri sürüyüb yerbəyer edəndə o bədbəxt də halsızlıqdan vaqonun qapısından platformaya aşdı. Gecə o da öldü – özü də tək ölmədi. Yeddi ölünü sürüyüb çıxartmışdıq, hələ iyirimiyə yaxın adam da zorla nəfəs alırdı. Qadınlar isə bir küncə çəkilib qorxudan əsirdilər. Bu vaxt alay komandiri – adını unutmuşam – dedi: “Tez olun, qadınları manqo meşəsinə aparın. Onları düşərgədən uzaqlaşdırın. Bura onların yeri deyil”.
Pampuşa ana bir küncdə oturub balaca Cihansini sakitləşdirirdi. “Manqo meşəsinə gedin, – komandir dedi. – Kişilərə mane olmayın”.
“Heç yerə gedən deyiləm” – Pampuşa dillnədi, balaca Cihansi də onun ətəyindən yapışıb təkararladı:
“Heç yerə gedən deyiləm!”
Pampuşa üzünü o biri qadınlara tutub:
“Hey, qancıqlar, siz gedib sərinlənəcəksiz, bizim oğlanlar da burada öləcəklər, hə, necə olacaq?” – dedi. – Onlara su vermək lazımdır. Tez olun, su gətirin!”
O sözünü bitirən kimi qolarını çırmayıb düşərgənin arxasındakı quyudan su gətirməyə getdi, balaca Cihansi də onun vedrəsinin kəndirindən yapışıb anasının ardınca düşüb qaçdı. Yerdə qalan o biri qaıdnlar da qoyun sürüsü kimi, kimisi əlində vedrə, kimisi qazança tutub Pampuşanın arxsınca düşüb getdilər. Onlar qab-qacağı su ilə doldurdular, Pampuşa ana da öz qadın alayının başında “marşmaraş” deyə-deyə onları işlətdi. Hər şey müharibədə olduğu kimi, hücumdan sonrakı vəziyyətə oxşayırdı.
“Makkenna, əzizim – o alay borusunun səsindən betər səsi ilə dilləndi – get oğlanları sakitləşdir, onlara de ki, Pampuşa indi sizin hamınıza su verəcək, özü də havayı su verəcək”.
Onun sözünü eşidəndən sonra hamımız bir səslə bağırıb: “Urra!” – dedik. Bizim vəbadan əziyyət çəkən oğlanların demək olar ki, böyrəkləri işləmirdi. Tam olmasa da, çox zəif işləyirdi. O vaxtlar hamımız cavan-cavan uşaqlar idik, nə bilirdik vəba nədir. Bizdən çətin adam olasıydı. Oğlanlarımız ağlı çaşan qoyun kimi düşərgədə dolaşır, kimin növbəti qurban olacağını gözləyirdilər və pıçıltı ilə ancaq bunu deyirdilər:
“İlahi, bu cəzanı bizə nə üçün veririsən? Nə üçün, İlahi?”
Xatırlamaq belə ağırdır. Pampuşa ana da bütün günü qurulmuş oyuncaq kimi aramızda ora-bura yüyürürdü, yanında da balaca Cihansi, – indiki kimi yadımdadır, başına ölən əsgrlərdən hansınınsa dəbilqəsini qoymuşdu, belindəki kəmər yellənirdi – Papmpuşa da su verirdi bizə, hələ arada bir-iki qurtum brendi də veriridi. Bir dəfə dözə bilmədi, ürəyi doldu, sifəti allandı, codlaşdı, gözləri yaşardı: “Ah, mənim balalarım, bədbəxt balalarım, zavallı balalarım!” tez-tez uşaqlara ürək-dirək veriridi, onları sakitləşdirirdi, balaca Cihansi də elə hey tərkrar edirdi ki, səhərə qədər hər şey keçib gedəcək. Bunu anasından eşitmşdi, Muttra sətəlcəmdən od tutub yananda Pampuşa övladını belə sakitləşdirirmiş. Deyirmiş ki, səhərə qədər sağalacaq! İyirmi yeddi nəfər yoldaşımız üçün həmin səhər əbədi olaraq müqəddəs Petr qəbirisitanlığnda açıldı. Və bu lənətlənmiş günəş isitisinin altında hələ iyirimiyə qədər xəstəmiz var idi. Amma qadınlar göydən enən məlkələr kimi əl-ayaq edirdilər, kişilər isə iblis kimi idilər, haradan isə iki həkim gəlib çıxmışdı, əllərindən heç nə gəlmirdi.
Onlar gəlməzdən bir qədər əvvəl Pampuşa, – o mənim bölüyümdəki əsgərin yatağının yanında diz çöküb qalmışdı, onun yatağı sağ tərəfdən mənimki ilə yanaşı idi – hə, Pampuşa Əhdi-Cədiddən ona kəlamlar oxuyurdu, bax onda birdən köks ötürdü: “Tutun məni uşaqlar, özümü pis his edirəm!” – dedi. Xoşbəxtlikdən vəbaya yoluxmamışdı, gün vurmuşdu onu. Başına qoymağa köhnə, qara şlyapanı belə unutmuşdu. Pampuşa əri Makkennanın qucağında canını tapşırdı. Onu dəfn edəndə hamımız uşaq kimi hönkürüb ağladıq. Həmin gecə güclü külək əsdi, əsdi, əsdi, əsdi, bütün çadırları yıxana qədər əsdi, elə vəbanı da qabağına qatıb apardı və o küləkdən sonra karantində olduğumuz on gün ərzində daha heç kəs vəbaya yoluxub ölmədi. Ancaq inanın mənə, o gecəyə qədər vəba atını dörd tərəfə çapdı, çadırdan çadıra soxuldu, elə oyunlardan çıxdı ki, nəfəsimiz kəsildi. İnanca görə xəstəliyi Əzrayıl gətirir, Əzrayıl da aparır. Vallah, elədir.
–Bax elə ona görə də – Malveni gözlənilmədən sözünü bitirdi, – balaca Cihansi gördüyün kimi oldu. Makkenna öləndən sonra onu kvartirmeyster hissəsinin “B” bölüyünün çavuşunun arvadı götürüb saxladı. Bax, mən sizə danışdığım bu əhvalatı təzə nişanlananların hamısına nağıl eləyirəm, qayda-qanunu öyrədirəm onlara, həm də Cihansi Makkenna ilə rəftar etməyin yolunu başa salamağa çalışıram. Elə kapral Sleyni də kəmərimlə əzişdirə-əzişdirə qızla evlənməyə razı saldım.
–Nə danışırsan?
–Düz sözümdür. Düzdür, görünüşcə dünya gözəli deyil, amma o, Pampuşa ananın qızıdır və mənim də borcum onu yerbəyer eləməkdir. Sleynə kapral rütbəsi verməzdən bir gün əvvəl ona dedim: “Qulaq as, Sleyn, əgər sabah sənə əl qaldırsam, bu subardinasiyanı pozmaq olacaq, ancaq, bax, Pampuşa ananın cənnətdəki ruhuna and içirəm, ya gərək sən elə indicə gedib Cihansi Makkennaya evlənmək təkilif edəcəksən, ya da mən sənin dərini bu bürünc rəngli kəmərlə çəkib boğazından çıxardacağam. Onsuz da qızın bu vaxta qədər ərə getmədən qalması bizim “B” bölüyümüz üçün utancdır.” Sonra da dedim: “Nədir, yoxsa elə bilirsən ki, üçcə il orduda qulluq edən küçüyün mənim iradəmə qarşı çıxmağına imkan verəcəyəm? Ağlından da keçirtmə!” Sleyn quzu kimi gedib qıza evlənmək təklif etdi. Bu Sleyn yaxşı oğlandır. Yaxın günlərdə o, komissarlığa gedib öz müavinəti hesabına bir toy karetası kirayələcəyək. Mən də beləcə Pampuşa ananın qızını yerbəyer edəcəyəm. İndi isə gedin, onu rəqsə dəvət edin.
Mən də gedib dəvət etdim. Mən onun toyunda da işitark etdim. Bəlkə bir-iki günə həmin toy haqqında da sizə danışdım.

Tərcümə: Əyyub Qiyas

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR