Ekspert sərt danışdı: “Bu universitetdə 2015-ci ilə qədər təhsil alanlar FETO-çudurlarsa, onları istintaqa cəlb edin!”

“Qafqaz” Universiteti Türkiyə Yüksək Təhsil Şurasının bu universitetin diplomlarının tanınmamasına dair qərarına münasibət bildirib.

Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rza A24.Az-a açıqlamasında bildirib ki, qərarın onlara aidiyyatı yoxdur:

“Biz SOCAR-ın nəzdində Beynəlxalq Təhsil Mərkəzinin universiteti kimi fəaliyyət göstəririk. İndiyə kimi diplomların tanınmaması ilə bağlı nə Türkiyə Yüksək Təhsil Şurasından, nə də ki səfirlikdən bizə rəsmi məktub daxil olmayıb. Heç bir problem yoxdur”.

Rəcəb Rza- Universitetin mətbuat xidmətinin rəhbəri
Rəcəb Rza- Universitetin mətbuat xidmətinin rəhbəri

Bəs ümumiyyətlə, Azərbaycanda tanınmış təhsil mütəxəssisləri bu qərar barədə nə düşünürlər?

Təhsil üzrə ekspert Kamran Əsədov A24.Az-a açıqlamasında bildirdi ki, Türkiyə Yüksək Təhsil Şurası tərəfindən irəli sürülən bu məsələ qanunvericiliyə tamamilə ziddir. Onun sözlərinə görə, 1996-cı ildən Azərbaycanın da qoşulduğu Haaqa Konvensiyasının üzvlərinin hər biri bütün ölkə ərazisində fəaliyyət göstərən və qeydiyyatdan keçmiş bütün universitetlərin diplomları, təhsil sənədlərini qarşılıqlı şəkildə tanımalıdırlar:

“Bu  konvensiyada göstərilir ki, ölkələrin təhsil sənədləri bir-birinin ərazisində qeyri-şərtsiz tanınmalıdır. Hətta hər hansı bir dövlət beynəlxalq arenada siyasi status almasa belə onun sənədi hüquqi sənəd kimi tanına bilər. Məsələn, buna Kipri misal göstərmək olar. Həmin ada dünyada dövlət kimi tanınmasa belə, orada yerləşən bütün universitetlər dünyada tanınır. Qafqaz Universiteti də ölkədə və dünyada istehsalata buraxdığı kadrların sayı, keyfiyyəti ilə kifayət qədər nüfuz qazanmış bir universitetdir. Tədrisi və təhsili kifayət qədər yüksəkdir. İndi birdən-birə ortaya atılıb ki, 20 ildən artıqdır xidmət göstərən universitetin diplomları tanınmasın. Bu, beynəlxalq qanunvericiliyə ziddir”.

20151215_kamran

Təhsil eksperti daha sonra çox maraqlı bir nüansa toxundu:

“Bildiyiniz kimi, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi üçün biz onu bir dövlət kimi tanımırıq. Amma sovet dövründə Ermənistanda təhsil almış şəxslərin diplomlarını tanıyırıq. Yəni, ərazi münaqişəsi baş verən 1992-ci ilə qədər Ermənistanda diplom alanlar bu gün Azərbaycanın bütün qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında çalışırlar. Əgər biz düşmən mövqeyindən yanaşsaydıq, deyərdik ki, Ermənistanda təhsil alanların diplomları tanınmasın. Bu, həm də humanizm prinsipinə ziddir. Hesab edirəm ki, hər hansı bir siyasi qərar ali təhsil müəsisələrinə şamil edilməməlidir”.

Kamran Əsədov hesab edir ki, bu, diplomların tanınmaması formasında yox, araşdırma formasında həyata keçirilməli idi:

“Heç kim istisna etmir ki, Qafqaz Universitetində FETO-çular yoxdur. Araşdırma aparılmalı, kimlərdən ki şübhələnilir onlar barəsində sərəncam verilməli idi. Bunlar deyirlər ki, 2015-ci ilə qədər bu universitetdə təhsil alanlar FETO-çudurlar. O zaman qərarı sonuna qədər həyata keçirin və onları istintaqa cəlb edin! Edə bilmirlər, çünki atdıqları addımda və verdikləri qərarda dəqiq deyillər. 2015-ci ilə qədər Qafqaz Universitetini 6115 min nəfər bitirib. Bu qərarla onlar həmin 54 min insanın taleyi ilə oynayırlar. Bu, yanlış addımdır. Bu gün PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan həbsdədir. Amma Türkiyə bütün kürdləri terrorçu elan etmədi ki. Bir qurumun rəhbəri, bəzi üzvləri barəsində olan bir nəsnə bütün quruma aid edilə bilməz”.

Ekspert onu da əlavə etdi ki, bu addım universitetin gələcək taleyinə və prestijinə ciddi təsir göstərəcək.

İlkin Mustafayev…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR