Əli Əliyev: “İqtidarın siyasi analitikləri proqnoz verməyi bacarırlar”

Əli Əliyev: “İqtidarın siyasi analitikləri proqnoz verməyi bacarırlar”
Want create site? Find Free WordPress Themes and plugins.

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev A24.Az-a müsahibəsində ölkənin mövcud durumu, hakimiyyət-müxalifət münasibətləri və yaxın gələcəkdə gözlənilən mümkün proseslərdən danışıb.

a-a
Əli Əliyev – VİP sədri 

– Əli bəy, 17 noyabr tədbiri müxalifətin yenidən bir araya gəlmək potensialını dəyərləndirməyə imkan verdimi?

– 17 noyabr tədbiri son illərdə Azərbaycan müxalifətinin əhəmiyyətli hissəsinin bir araya gətirə bildiyi toplantı oldu. Belə ki, uzun illər qarşılıqlı ittihamlarla çıxış edən, bir-birini qəbul etməyən qüvvələrin nümayəndə və təmsilçiləri bir salona toplanmışdı. Ən azı bu qəbildən dediyim göstərici uğur hesab edilməlidir. Tədbirə bircə dekorativ müxalifət gəlməmişdi. O da iqtidar-müxalifət mübarizəsində müsbət haldır. Belə olduqca, siyasi mübarizədə aydınlıq da artır. Tarix göstərir ki, vahid məqsəd ətrafında toparlanan cəmiyyət nəticəli fəaliyyət göstərə bilir. 17 noyabr 1988-ci il hadisələri bu deyilənlərin ən ciddi təsdiqidir. Azərbaycanda dövlət müstəqilliyinin bərpası prosesi məhz bu tarixdən başlanğıc götürür. O zaman da meydanda çeşidli baxışlara malik qruplar, müxtəlif  hədəfli şəxslər olsa da, vahid məqsəd uğrunda ümumi mübarizənin təşkili mümkün oldu. Hal-hazırda da ölkədə bir qədər fərqli çalara malik eyni situasiya mövcuddur. Göründüyü kimi,  YAP bütün sahələrdə dövlətin vəziyyətini mürəkkəbləşdirir. Buna rəğmən, atılan addımlar yaranmış təhlükənin aradan qaldırılmasına deyil, hakimiyyətin süni, repressiv metodlarla qorunmasına hesablanıb. Belə davam edəcəyi təqdirdə Azərbaycan ciddi təhdidlərə məruz qalacaq. Fəaliyyət göstərən alternativlərin – siyasi müxalifətin vəzifəsi ehtimal olunan neqativ hadisələrin qarşısına çıxmaqdır. Hakimiyyətdaxili vəziyyət az maliyyə, yüksək korrupsiya indeksində situasiyanı qəlizləşdirir. 17 noyabr tədbirinin təşkilatçıları olaraq çalışdıq ki, müxalifət seqmentləri arasında mövcud buzu əridək və tarixi nümunədən çıxış edib yaranmış şəraitdə yol xəritəsini cıza bilək. Hakimiyyətin islahatlara sövq edilməsi, bu olmasa,  yola salınmasının şərti aşkara çıxsın. 1988-ci illə analogiyada vahid məqsədin bu ola biləcəyi aydın görünür. Təşkilatçısı olduğumuz tədbirin nəticələri müxalifətin qeyd etdiyim birinci məsələ, yəni  hakimiyyətin islahatlara yönləndirilməsi məsələsi ətrafında  konsentrasiya edilməsi baxımdan ümüdverici təsir bağışladı.

Hakimiyyət bütün layihələrini siyasi müqavimətlə üzləşmədən həyata keçirir. Əks düşərgə bu vəziyyətdə daha nə qədər qalacaq?

– Siyasi müqavimətin yoxluğu hakimiyyətin yürütdüyü siyasətdən doğur. SSRİ-də Qorbaçov islahatlarına qədər mütəşəkkil siyasi etiraz mümkün idimi? Yaxud kim Şimali Koreyada müxalifətin varlığını təsəvvür edir? Odur ki, əks qüvvələrin zəif çıxış etməsi onalrın gücsüzlüyündən deyil, hakimiyyətin avtoritarlığındandır. Siyasi azadlıqlar və dövlətin siyasi institutlarının yüksək inkişafı hakimiyyətin psixoloji vəziyyətinin indikatorudur. Güclü və demokratik dövlətlərdə hakimiyyət müxalifəti küncə sıxmır, imkanları qapatmır, bunun əksini edir. Azərbaycanda siyasi səssizliyin ikinci amili də mövcuddur. Yürüdülən repressiv siyasət cəmiyyəti proseslərdən uzaqlaşdırıb. Yüksək neft gəlirləri şəraitində zəhmətsiz dövriyyəyə girən milyardlar da əhalinin passivliyinin səbəbi ola bilib. Cəmiyyət son 10 ildə xüsusilə, repressiya və izafi pulun təsirindən özünü yuxulu kimi aparırdı. Etiraf etməliyik ki, ixtisaslaşmış qüvvələrin – siyasi təşkilat və rəhbərlərinin davranışlarındakı səbatsızlıq, bəzən satqınlıq, rüşvət və korupsiyaya meyllilik, şəxsi mənfəət düşüncəsi də toplumun passivlik səbəbləri sırasında yer almaqdadır. Növbəti zəiflik sindromu beynəlxalq aləmin Azərbaycanla bağlı planlarından doğur. Yüksək neft gəlirləri fonunda beynəlxalq aləm təmsilçilərinin çoxsaylı rüşvətxor kəsimi siyasi proseslərə obyektiv münasibət nümayiş etdirmirdi. Sadalanan faktorların sayını bir qədər də artırmaq olar. Lakin bunların hamısının fövqündə Azərbaycan xalqının iradəsi durur. Neft pulları amansızcasına, bəzən isə düşməncəsinə dağıdılıb. Dövlət ciddi iqtisadi-maliyyə böhranına daxil olub. Azərbaycanlıların əksəriyyəti hökümətin fərsizliyini ailə büdcələrində hiss etməyə başlayıblar. Mütləq cəmiyyətdə sosial gərginlik artacaq. Sosial problemlərin yaradacağı siyasi etirazlar cəmiyyətin ovqatını dəyişəcək. Cəmiyyətin öz taleyinə etinasızlığı şəraitində müxalifətin zəif olması təbiidir.

Bu zəifliyin, ətalətin yaxın dövrdə aradan qalxması nə dərəcədə mümkün görünür?

– Toplumun hərəkətverici qüvvəsi vətəndaşdır. Vətəndaş haqqını tələb etmədikcə, buna cavabdehlik daşıyan  institusional təsisatlar demorolizə olunur. Bugünkü mənzərə belədir. Fikrimcə, siyasi tablo dəyişməkdədir. Qarşıdan gələn mart-aprel aylarında son illərin ən fəal mərhələsinin başlaması gözlənilir. Ondan sonra etiraz amplitudası durmadan yüksələcək, məncə. Hakimiyyətin son günlərdə qəbul etdiyi məhdudlaşdırıcı qərarlar və keçirilən eyni məqsədli Referendum da dəqiq hesablamalardan yaranan təəssüratın nəticəsidir. Etiraf etmək lazımdır ki, iqtidarın siyasi analitikləri proqnoz verməyi bacarırlar. Həqiqətən də YAP-çılar üçün qara zolaq başlayıb. Lakin zolağın uzunluğunu hesablamaq olmur. Bu şərtlər daxilində iqtidar zolaqdan çıxmağı deyil, ömrünü uzatmaq yolunu tutub. Təəssüf doğuran da məhz budur. Harada görünüb ki, fərasətsizliyi, səriştəsizliyi, rüşvət və korrupsiyaya meyli ilə dövləti böhrana soxan komanda, onu böhrandan çıxarsın. Azərbaycanda iqtidar dünya praktikasına analoqsuz nümunə gətirmək fikrindədir. Milyardları göyə sovuranlar anti-böhran fəaliyyəti göstərirlər. Hökümətin nəzarət paketinə malik maliyyə nazirinin Müşahidə şurasının rəhbəri olduğu bankda oğurluğun həcmi milyardlarladır. Vəziyyət necə düzələ bilər? Ona görə də siyasi ayaqlanma qaçılmazdır. Hakimiyyətin də qarşılıqsız fəaliyyət limiti tükənmiş sayılmalıdır.

-Ölkədə hakimiyyətlə müxalifətin Qarabağ münaqişəsindən başqa vara biləcəkləri digər ortaq nöqtələr qalıbmı?

– Ölkə qüvvələrinin əməkdaşlıq meydançaları yetərincədir. Qarabağ problemindən savayı təmas və uzlaşma tələb edən məsələrin siyahısı kifayət qədər genişdir. Lakin hakimiyyətimizin təkəbbürlü psixolojisi yaxınlaşmaya imkan vermir. Açığı, belə yanaşma ilə təmas da mümkün deyil. Yaradılmış alogik durum açılımı çətinləşdirir. Fikrimcə, iqtidar yanaşma tərzini dəyişməsə, ölkənin taleyi qeyri-müəyyən görünür. Dövlətin taleyində subyektiv amilin rolunu dərk etmək istəyənlər Suriyaya baxsınlar. Bəşər Əsədin daqqalığı dövləti viran, insanları isə sərgərdan etdi. Azərbaycanın Suriya perspektivi realdır. Bizimkilər də Suriyanı çökdürən Rusiya və İranla dostdurlar. Hətta qalstuk bağlama üslublarımız da eynidir. Ona görə hakimiyyət pis nümunələrdən bir an əvvəl uzaqlaşmağı düşünməli və ölkədaxili konsensususun yollarını axtarmalıdır. Belə məsələdə hikkə yaxşı ortaq deyil.

– Referendumdan sonra yaranmış mövcud vəziyyətdə siyası açılım ehtimalı nə qədərdir?

– Bütün vəziyyətlərdə uzlaşma mümkündür. Lakin bu qırılma nöqtəsinə qədər belə olur. Proses dağıdıcı yön aldıqdan sonra, radioaktiv nüvə parçalanma reaksiyası kimi geridönməz xarakter alır. Nüvə reaksiyalarının dağıdıcılıq potensialı isə Hirosimada sınaqdan keçirilib. Allah bir daha göstərməsin. Belə uyuşmazlığın ağır nəticələrini suriyalılarla birlikdə iraqlılar, yəmənlilər və liviyalılar yaşamaqdadırlar. Siyasi açılım iqtidarın imkanı daxilində olan məsələdir. Onun mümkünlüyü hakim komandanın sağlam düşüncə və məntiqi ilə düz mütənasibdir.

A.Zeynalov, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar