Əməkdar artist: “Sizə kim haqq verib ki, bizi filmə çəkməyəsiz?” – VİDEO – MÜSAHİBƏ

A24.Az -ın qonağı Azərbaycanın əməkdar artisti, tanınmış aktrisa Hüsniyyə Mürvətovadır. Aktrisa çalışdığı dublyaj, kino, teatr sahəsi ilə bağlı sualları cavablayır:

– Hüsniyyə xanım, öz səsinizi başqasının ağzından eşitmək necə hissdir? 

– Filmlərdə artıq buna alışmışam. Ən çox da xarici filmlərdə. Düzdür, Azərbaycan filmlərinə də dəvət edirlər, bir sıra filmlərdə baş rolları səsləndirmişəm. Bununla bahəm artıq səsim teatr səhnəsindən də gəlməyə başlayır. Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Sarı gəlin” nümayiş olundu, yaxınlarda. Mən orda Sarı gəlini səsləndirirdim. Rolu Günel Məmmədova oynayırdı. Ondan əvvəl də bir neçə obrazı səsləndirmişdim; Şəhrizad, və s. Səhnədə səsimi qısqandım. Söz vermişəm ki, daha səhnədə obrazı səsləndirməyəcəm. Düzdür, Nicatın bundan xəbəri yoxdur, amma mən özümə söz vermişəm.
Səhnədə həmişə mən özümü görmüşəm, bu səs məndən gəlib. Filmlərdən bir çox aktrisaların səsləri gəlir. Amma teatrda yeni oldu. Ona görə çox qısqandım. Qəribə gəldi mənə.

2

– Dublyaj sahəsində də çalışırsız. Timsalınızda bir aktisa, aktyor üçün dublyaj sahəsi nə dərəcədə gəlirli sahədir? 

– Çox aşağıdır gəliri. Zəhmətimizə baxanda çox azdır. Düzdür, şükür ki, bu da olsa var. Amma başqa ölkələrə nisbətən olduqca aşağıdır. Bizdə əvvəldən necə qonarar sistemi qoyulubsa, elə də davam edir, dəyişmir.
Hansısa bir yerli film çəkiləndə, ora dəvət olunanda bunun qonararı yaxşı olur. Orada tutaq ki, obrazı canlandıran aktrisa filmdən nə qədər qonarar alıbsa, onun 20%-i səsləndirənə düşür.
Xarici filmlərin dublajı isə gündəlik iş kimidir. Ayın sonunda çalışdığımız filmlər hesablanır, ona uyğun qonarar verilir.

– Yəni, təkcə dublyajda çalışan bir aktyor ordan qazandıqları ilə keçinə bilməz. 

– Dolana bilər, birtəhər. Amma əvvəllər daha yaxşı idi. Xarici serialları da səsləndirirdik. Bu zaman yaxşı məbləğ qazanırdıq. Serialların yayımı dayandırıldıqdan sonra gəlirimiz də azaldı.

– Xarici filmlərin səsləndirilməsi zamanı oxuduğunuz mətnin orijinal ssenari qarşısında aciz olduğu vaxtlar olubmu? Bu mövzuda tez-tez danışlır, tamaşaçı narazılıqları… 

– Yox, tamaşaçı niyə narazılıq edir ki? Orada tutaq ki, söyüş olursa, xarici filmlərdə pis söyüşlər söyülürsə, biz də elə söyməliyik? Axı bu qulağa çox pis gəlir. Bizim ədəbi dilimiz var. Onu necə korlayaq? İnanmıram ki, tamaşaçı söyüş eşitmək istəyir. Biz bu ifadələri bir az yumşaldılmış şəkildə təqdim edirik.

1

– Biz “A24 – ART” layihəsində adətən sənətdən danışırıq. Amma böyük mənada, əsl sənətkarın həyatı bir növ sənətin bir detalı hesab oluna bilər. O üzdən, belə bir sual vermək istəyirəm: Azərbaycanda işgüzar xanımın – istər sənətdə, istər digər sahələrdə – ailəyə vaxtı qalırmı, bu yöndə hansısa problemlər olmur ki? 

– Mən düşünürəm ki, bu, bəzi xanımlar üçün bəhanədir. Ailəyə vaxt ayırmaq istəyən xanım ayırır. Biz həmişə işdə olmuruq ki. İşdən çıxıb evə gəlirik də. İşdən çıxıb evə gələn işgüzar xanımlar üçün ailə problemi ola bilməz. Yenə deyirəm, işdən çıxıb evə gələnlər üçün. Mən şəxsən oğluma yetərincə vaxt ayırıram. Dərsləri ilə, gəzinti ilə və s. maraqlanıram. Təbii ki, çəkilişlərim olanda da o, başa düşür.

– Əslində sualı verməkdə məqsədim yaxınlarda eşitdiyim bir fikir ilə bağlı idi; qeyd olunmuşdu ki, “işgüzar qadın obrazı bu günkü Azərbaycan ailəsi modelindəki qadına biçilməyib”. 

– Mənim ətrafımdakı qadınların demək olar ki, hamısı işləyən insanlardır. Ailələrinə də kifayət qədər vaxt ayıra bilirlər. Evdar xanım olmaq başqadır.
Mən elə aktrisa tanıyıram ki, səhər saat 6-da durub uşaqlarının yeməklərini bişirir. Gecə saat 1-ə qədər bütün işlərini bitirir. Hazırda ən gözəl seriallardan birinə çəkilir, teatrda da çalışır, dublyaja da gedir. Sonsuz dərəcədə də ailəcanlıdır.
Məncə ailə problemi olan işgüzar xanımlar üçün iş bir bəhanədir.

– Aktrisa olaraq “Müasir Azərbaycan kinosu” deyiləndə ilk ağlınıza gələn problem nədir? 

– Maddiyyat. Başqa ölkələrin filmlərini bəyənən insanlar o filmə ayrılan pulla bizim filmlərimizin büdcəsini müqayisə etsə, reallığı görər. Madiyyat baxımdan çox geridəyik.
Çox yaxşı ssenari, güclü rejissor olmalıdır, aktyor seçimini bilməlidir. Son zamanlar sponsor və nazirlik tərəfindən filmlər çəkilir. Sanki bir yarış gedir. Bu yaxşıdır. Nə qədər çox çəkilsə, o qədər yaxşıdır ki, ələnmək üçün nəsə olsun ortada.

– Son zamanlar həvəskarların filmlərdə aktyor kimi yer alması kütləviləşib. Bu məqam bir peşəkar aktrisa kimi sizə necə təsir edir? 

– Kütləvi olduğu üçün ürəkaçan hal deyil. Mən düşünürəm ki, bizim çox gözəl sənətkarlarımız var. Bəzən baxırsan ki, illərdir görünmürlər. Beləcə qocalır, dünyasını dəyişirlər.
Mən özüm neçə ildir heç bir serialda, filmdə yoxam. Düzdür, bir neçə rejissor var ki, onlar gözləyirlər. Deyirlər ki, olacaq, çəkəcəyik. Sözlər verilib. Amma ortada heçnə yoxdur. Serialda da sonuncu dəfə “Boyunbağı”da çəkilmişəm. Ondan sonra da heç bir serialdan dəvət almamışam.
Tamaşaçılar yazırlar, soruşurlar ki, niyə çəkilmirsiz? Deyirəm bu sualı mənə verməyin!. Bu artıq rejissorlardan asılıdır. Mən tanışlıqla heç kəsə ağız açan adam deyiləm. İstedadıma, bacarığıma güvənirəm. Yetərincə də yerimi tuturam.
Bəzən düşünürəm ki, bəlkə elə bundan qorxurlar ki, çox qonorar istəyərəm. Bir də ki, tələbkar, özünə hörmət edən, məsuliyyətli aktrisalara kaprizli aktrisa deyirlər. Amma inanın ki, heç bir kaprizim yoxdur, sadəcə məsuliyyətliyəm. Düzdür, elə rejissorlar var ki, peşəkarlarla işləyirlər. Mən Rövşən İsaxın adını çəkə bilərəm. Çox hörmət etdiyim rejissordur. Mükəmməl seriallar çəkir. Məsələn “Vicdan haqqı” serialı. Orada hər kəsin öz işi var. Elə bir rejissorla mən də işləmək istəyərdim. Elə rejissorlar da var ki, heç onlarla işləmək istəmirəm.
Artıq aktrisanın arzusuna çevrilir filmə çəkilmək. Axı bu, bizim işimizdir. Niyə arzumuz olmalıdır? Niyə çəkmirlər? Söhbət məndən getmir. O qədər peşəkar aktyor, aktrisalarımız var ki, eləcə qocalırlar. Niyə? Siz həvəskarı, yoldan keçəni aktyor, aktrisa edirsiz, ruzimizi onlara verirsiz. Bəs biz nə işlə məşğul olaq? Biz bunun təhsilini almışıq, çətinliklər görmüşük, bu səviyəyə gəlib çatmışıq. Sizə kim haqq verib ki, bizi filmə çəkməyəsiz? Axı bu bizim haqqımızdır. Aktyor, aktrisa işləməlidir, çəkilməlidir.
Mən müxtəlif poeziya verilişlərinə dəvət alıram, dövlət kanalında şeirlər səsləndirirəm. Amma axı biz həm də çəkilməliyik. Şikayətə meyilli adam olmamışam.

– Belə sıx iş qrafikində teatr sizin üçün hansı pillədədir? 

– Teatr mənim üçün həmişə birinci olub. Teatrı çox sevirəm. Bizim Bakı Bələdiyyə Teatrının bina problemi var. Ona görə, ilə 2, 3 tamaşa hazırlayırıq. Nə vaxt məşq olursa, mən sevə-sevə məşqlərə gedirəm. İşlərimi elə sahmanlayıram ki, teatra mane olmasın.

Söhbətləşdi: Sərdar Amin, (“A24 – ART” layihəsi)

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR