Ərəb ölkələrinin təklədiyi Qətər haqqında bilmədiyiniz faktlar - FOTOLAR - VİDEO

Ərəb ölkələrinin təklədiyi Qətər haqqında bilmədiyiniz faktlar – FOTOLAR – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gündür ki, dünyanın ən qızmar və ən zəngin dövlətlərindən biri olan Qətərin terrorizmə dəstək verməsi ilə əlaqədar yayılan iddialar, həmçinin bir sıra ərəb ölkələrinin rəsmi Doha ilə diplomatik əlaqələrini kəsməsi siyasət gündəmini əməlli-başlı zəbt edib. Baş verən bu hadisələrdən sonra Qətərə turist sayının azalacağı istisna olunmur. Bununla belə qeyd etmək lazımdır ki, dünyanın ən zəngin ölkələrindən birində doğulmaq şansından məhrum olan insanlar üçün Qətər hər zaman maraq obyektidir. Əlbəttə ki, seçim hər kəsin özünə aiddir. Lakin bu məsələdə təbiəti günahladıra bilmərik. Ən azından unutmaq olmaz ki, Qətər indiyədək ən təhlükəsiz ərəb ölkəsi olub.

Qətər ətrafında diplomatik qalmaqalın davam etdiyi bir vaxtda oxucuları Qətər Əmirliyinin görməli yerləriylə tanış etməyə qərar verdik. Odur ki, yolçu yolda gərək, gözlər isə yazıda…

Картинки по запросу Катар

Dünyanın ən isti ölkəsi

Asiyanın Cənub-Qərbində yerləşən Qətər dünyanın ən isti ölkəsidir. Orta tempratur 44°C olsa da, Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda tempratur aşağı düşür, hava ilıq və yağışlı, yay quraq keçir. Burada ilin on ayı ərzində şimal-qərb küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda isə toz və qum gətirir. Yağntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. Digər aylarda demək olar ki, yağıntı düşmür. Buradan belə nəticəyə gəlmək olar ki, Qətər dünyada kondisionerlərin ən çox istifadə edildiyi dövlətlər arasında liderdir.

Yerli sakinləri ötüb keçən mühacir axını

Qətər ya da rəsmi adıyla Qətər Əmirliyi Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan ölkədir. Şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatələnib. Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Yerli sakinlərin təxminən qırx faizi ərəblərdir. Lakin İran, Pakistan və Hindistandan gələnlər də var. Baxmayaraq ki, Qətərdə rəsmi dil – ərəb dilidir, demək olar ki, sakinlərin əksəriyyəti ingilis dilini mükəmməl bilir.

Hazırda Qətərdə iki milyondan bir qədər artıq adam yaşayır. Özü də əhalənin 70 faizi kişilərdir. Son illərdə Qətərdə əhalinin sayı çox sürətlə artıb. Bu, ölkəyə işləmək üçün kütləvi şəkildə gələn mühacirlərin hesabına baş verib. 2004-cu il əhalinin siyahıyaalınması zamanı əldə edilən məlumata görə, ölkənin 80 faizini müsəlmanlar, təxminən 9 faizini xristianlar, yerdə qalanı isə digər dinlərin nümayəndələri təşkil edir. Bütün ölkə əhalisinin 90 faizi Qətərin paytaxtı Dohada yaşayır. Yeri gəlmişkən, dövlətdə mütləq monarxiya inkişaf edib. Yəni hakimiyyət monarxın əlində cəmləşib.

Neft və milyonlar səltənəti

Ərəb dövləti sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkələrindən biridir. Dövlət büdcəsinin yarıdan çoxu bu faydalı qazıntıların hesabına artır. Ölkə əhalisinin hər adam başına düşən ÜDM payına görə Qətər dünyada birincidir, təbii qaz ehtiyatlarına görə isə dünyada üçüncü yerdə dayanır. 2016-cı ildə həmin göstərici Qətərdə 129,700 dollar olub. Lakin Qətər əhalisi arasında sərvət bərabər paylaşılmayıb. 2015-ci ildə BBC-ə danışan miqrantlar isə ayda 350 dollar qazandıqlarını bildiriblər. Sabiq əmir Şeyx Həməd bin Xəlifə əl-Thani 2.4 milyard dollar dəyəri olan sərvətə malikdir.

Ölkədə metallurgiya sənayesi də inkişaf edib. Kənd təsərrüfatı isə ürəkaçan vəziyyətdə deyil. Yerli məhsul əhalinin ən az 10 faizinin tələbatını ödəməyə qadirdir. Amma bu, təəccüblü deyil, çünki, demək olar, bütün dövlətin ərazisi səhralıqdır. Nadir sahələrə yalnız Qətərin şimalında rast gəlinir. Bununla yanaşı, iqlimi qurudur, axar çaylar yoxdur, ona görə də su qıtlığı hökm sürür. Yalnız dəniz suyunu şirinləşdirmək yolu ilə istifadə etmək olar. Yeraltı mənbələrsə azdır və şimalda yerləşir. Nəticədə, Qətərdə heyvanlar aləmi də kasıbdır.

Doha

Qətərin paytaxtının əsası 1867-ci ildə Fars Körfəzi sahillərində qoyulub. Doha şəhəri tozdan, qumdan inşa edilib, amma zibil çox nəzərə çarpmır. Qətərin paytaxtı Doha gözəlliyi, ultramüasir göydələnləri ilə Fars körfəzinin ən cəlbedici şəhərlərindən biridir. Bu ölkədə həyat sakit, insanlar olduqca xoşbəxt və firavan görünür. Yerli əhali qara işlərdə demək olar ki, çalışmır. Əhalinin böyük əksəriyyəti yalnız günorta saatlarına kimi işləyir. Günün ikinci yarısı küçədə insanlar gözə dəymir, ona görə də rəsmi görüşlər səhər saatlarına planlaşdırılır. İnsan əllərinin yaratdığı cənnətə yeganə kölgə salan mənfi cəhət şiddətli istilərin olmasıdır.

Картинки по запросу Катар

Ölkənin əsas kurort şəhəri hələlik Dohadır. Onun gözəl çimərlikləri saflığı ilə seçilir, mehmanxanalarda isə rahatlıq və sakit ab-hava hökm sürür. Hətta iki ulduzlu hotelləri də əlverişli olması ilə seçilir. Axı Qətər dünyanın ən zəngin ölkəsidir və burada ən ucuz məkanlar da diqqətəlayiqdir. Dubay və Əbu-Dabi ilə müqayisədə Doha çimərliklərinin görünüşü sadədir, ticarət mərkəzlərini gəzib dolaşan şoppinq həvəskarları ordusuna da rast gəlinmir. Buna baxmayaraq qeyd etməliyik ki, “Doha Ticarət Mərkəzi”ndə sərfəli şopinq ilə əyləncəni birləşdirmək də olar. Mərkəzdə aquapark, boilinq zalları, buz meydançası və spa salonları fəaliyyət göstərir.

Paytaxt Dohada hotellərin qiymətləri aşağı olsa da, yerli sakinlər qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün əlindən gələni edir. Qətərdə çimərlik seçərkən siz artıq pul xərcləmədən istirahət keyfiyyətinizi təmin edirsiniz.

Похожее изображение

Köhnə və təzə Doha

Doha köhnə və təzə şəhərdən ibarətdir. Köhnə şəhər mühafizəkardır. Mümkün qədər qədimliyini qoruyub saxlamağa çalışır. Təzə şəhər isə hər gün, hər saat yeniliyə can atır. Müasir, son dərəcə gözəl göydələnlər, piramida formalı binalar, geniş, səliqəli küçələri ilə göz oxşayır. Küçələrdə ən çox Amerika və Yaponiya istehsalı olan maşınlara rast gəlinir. Dohanın yolları qibtəolunacaq dərəcədə geniş və rahatdır. İşıqforlar yollarda elə qurulub ki, maşınlar dayanmadan hərəkət edir. Bu da Doha küçələrində tıxac probleminə birdəfəlik son qoyur. Gündüz saatlarında olduğu kimi, Dohanın nağılvari, əsrarəngiz, füsunkar gecə mənzərələri də insana zövq verir.

Картинки по запросу qatar beaches

Kurort əyləncələri

Qətərdə əyləncə üçün də vaxt saxlamağı unutmayın. Turistlərin ən çox sevdiyi attraksionlar “Ələddin Krallığı” parkında yerləşir. Burada süni laquna və teatrları tikilib.

Balacalar dəniz faunasının bir çox növlərinin yaşadığı zooparkla tanışlıqdan heyran qalacaq.

Fəal səyyahlara isə ciplərdə ənənəvi safari turuna çıxmaq təklif olunur.

Dünyanın ən qızmar ölkəsində futbol çempionatı

Qeyd etmək lazımdır ki, futbol üzrə dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək. Ölkədə ekstremal istilər hökm sürdüyü üçün hakimiyyət indidən stadionların kondisionerlə təchiz olunması məsələsini həll etməyə başlayıb. Bununla belə, oyunların qış mövsümündə keçirilməsi istisna deyil.

Sarsılmaz çimərlik qanunu

Похожее изображение

Qətərdə turizm mövsümü sentyabr ayından etibarən başlayır. Bu, görməli yerlərdən zövq almaq üçün ən yaxşı zamandır. Qətər müsəlman ölkələrin siyahısına daxildir, bu səbəbdən də çimərliklərində müəyyən davranış qaydalarına əməl olunmalıdır. Üst çimərlik geyimi olmadan günəş vannası qəbul etmək və ya həddən artıq seksual geyimlər ictimai yerlərdə yolverilməzdir. Kafe və ya restorandan kənarda alkoqollu içkilər qəbul etmək qadağandır. Habelə qətərlilərin icazəsiz onların fotosunu çəkmək də tövsiyə edilmir.

Əl-Xor

Qətərdən bir saatlıq məsafədə açıq səma altında Əl-Xor şəhəri yerləşir. Bu kiçik və müasir şəhər qədim şərqin bütün abidələrini özündə toplayıb: koloritli məscid və ənənəvi ərəb məhəllələri, nadir rast gəlinən neft buruqları, bərpa olunmuş əzəməti, dəniz limanı və s.

Qətərin Milli Etnoqrafiya Muzeyi də Əl-Xorun ən məşhur diqqətəlayiq binalarından biridir. Burada gəmi ilə balıq ovunun tarixini əks etdirən eksponatlar sərgilənir. Tarixlə maraqlanan şəxslər oranı ziyarət etməkdən özünü saxlaya bilməyəcək. Ekspozisiyanın əsas qüruru – Fars Körfəzinin sualtı faunasının parlaq nümayəndələrinin toplandığı ikimərhələli akvariumdır. Etnoqrafiya muzeyində silahlar və Qətər şeyxinin şəxsi kolleksiyaları da nümayiş etdirilir.

Bu şəhər ölkədə ən yaxşı kurort məntəqələrindən biri kimi gözəl panorama görünüşü ilə deyil, təmiz çimərlikləri, ucsuz-bucaqsız okean və dənizi ilə turistlərin diqqətini çəkir.

Şaxani cıdır meydanı

Картинки по запросу Катар

Uzaq keçmişdə beduin tayfaları Ərəbistan ərazisinə köçdükdən sonra quş ovu və dəvə yarışları təşkil edərək öz bacarıq və qabiliyyətlərini Şaxani cıdır meydanında nümayiş etidirirdilər. Qətər dünyanın ən inkişaf etmiş ölkələri siyahısına qoşulsa da, orada köhnə ənənələr bu günədək qorunub saxlanalır. Şaxani cıdır yarışları üçün dəvə fermalarının yaradılması ölkədə ən nüfuzlu biznes-layihələrdən hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, Qətər əmirinin ailəsinin himayəsi altında keçirilən yarışlara dünyanın hər yerindən çoxlu sayda qonaqlar gəlir. Yarışlar qumar həvəskarları olan turistlərin xususi diqqətini çəkir. Onlar Fars Körfəzi dövlətləri arasında məşhur olan dəvə yarışlarına böyük məmnuniyyətlə külli miqdarda pul qoyurlar. Al-Dosaru heyvanxanasında isə dəvəquşu və eşşək yarışları keçirilir.

Dayvinq

Qətərin Daxili dəniz mənzələrinə dünyanın heç bir yerində rast gələ bilməzsiniz. Ağappaq əhəngdaşılar və sarı qum təpələri qeyri-adi dərin su hövzəsini vurğulayırlar. Sonsuz sayda mərcanlar Fars Körfəzində gizlənir, eləcə də nadir dəniz dyoqonları burada yaşayır. Əl Yudeiyə getmək heç də asan deyil, lakin uzun yolu misilsiz gözəlliyi ilə seçilən qürub kompensasiya edir. Günəş şüaları üfüq xəttinə düşəndə daxili dənizi əhatə edən qumlu dağlar qızıl, çəhrayı, bənövşəyi və yasəmən rənginə boyanır.

Dühan şəhəri

Dühanın rolu Qətər tarixində danılmazdır. 1937-ci ildə burada, ölkənin qərbində, bütün regionun gələcək inkişafını müəyyən etmiş ilk neft quyuları qazılıb. Bu gün Dühan xoşbəxt sənaye şəhəridir. Onun sahil zonası dayvinq və sörfinq həvəskarları arasında populyarlıq qazanıb. Rahat və qumlu çimərlikləri, süni sualtı rif və delfin məskənləri var. Zekrit kəndində beduinlər qədim adətləri üzrə yaşayır. Hilli qəhvə və arpa qəhəvəsi də ilk dəfə bu kənddə hazırlanıb. Yerili sakinlər qonaqları qəhvədən başqa xurma və təmiz dəvə südünə də qonaq edir.

Mətbəxi

Qətər mətbəxi onunla səciyyələnir ki, burada hər kəs istənilən zövqə uyğun yemək tapa bilər. Ölkədə Avropa və dünyanın digər mətbəx nümunələrinin hazırlandığı restoranlar fəaliyyət göstərir.

Xarici turistlər Qətərin milli mətbəxi ilə tanış deyil, çünki qida ehtiyatları kasaddır. Ümumiyyətlə, yerli sakinlər uzun müddət cəmi 3 məhsul – dəvə südü, yağ və xurmadan ibarət olan yeməklər hazırlayıb. Odur ki, Qətər mətbəxinə Şimali Afrika, İran və Hindistan qastronomiya ənənələri öz təsirini göstərib.

Müasir qətərlilərin qida rasionuna tərəvəz, meyvə, ədviyyat, (soğan, zeytun, qara və qırmızı istiot, sarımsaq, ətirli otlar) paxla, düyü, balıq, (tuna və xanı balığı) dəniz məhsulları (krevetlər, krablar, omarlar) daxildir. Ət azlığına baxmayaraq, restoranlarda və beduin səhralarında ət yeməkləri sifariş verə bilərsiniz.

Картинки по запросу qatar food

Qətərdə bir növ dolmaya bənzəyən varak enab xörəyi xüsusilə məşhurdur. Onun tərkibinə eynilə üzüm düyü, maraqlı ədviyyatlar, qoyun və ya toyuq əti daxildir. Şişdə qızardılmış quzu əti də turistlərin sevimli təamıdır. Bütün Şərq dünyasında olduğu kimi, Qətərdə də süfrənin şahı plov hesab olunur. Yüksək peşəkarlıq və zövqlə hazırlanmış şirniyyatlar özünəməxsus ədviyyatları ilə yadda qalır. Xüsusi vuğurlamaq lazımdır ki, Qətərlə Azərbaycan mətbəxi bir qədər oxşardır.

Картинки по запросу qatar food

Donuz əti qadağan olunub, amma danışırlar ki, dekabrda orada donuzun idxalına başlayacaqlar.

Meyvə şirələri, ot kokteylləri, dəvə südü, hilli qəhvə, zəfəranlı qəhvə qətərlilərin ən populyar içkiləridir. Qazlı içkilər içməli sudan ucuzdur. Yerli sakinlər demək olar ki, spirtli içkilər istifadə etmirlər. Spirtli içkiləri yalnız bahalı restoranlardan, barlardan, eləcə də spirtli içkilərin satışı üçün lisenziyaya malik olan böyük mehmanxanalardan əldə etmək mümkündür.

Şərq siyasətinin dəb ilahəsi

Картинки по запросу sheyx moza

Qətər həm də şərq siyasətinin ilahəsi adlandırılan birinci xanımı ilə məşhurdur. Şeyx Moza Qətər əmirinin 3 həyat yoldaşından ikincisidir. Şeyx Mozanın Hamad bin Xəlifəni-əl-Tanidən beş oğlu, iki qızı var. Şeyx Moza əri Təmim bin Həməd Al Taninin hakimiyyətə gəlişi ilə cəmiyyətdə qadınların vəziyyətini yüngülləşdirən bəzi islahatlar həyata keçirib. Məsələn, qadınlara səsvermə hüququ verilib. Onlar həmçinin avtomobil idarə etmək hüququnu ələ ediblər. Xanım şeyx Moza 1995-ci ildə Qətər Elm, Təhsil və İctimai İnkişaf Fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və Ailə Məsələləri Üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilib. Hazırda o, Veil Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür.

Картинки по запросу sheyx moza

Dünyanın ən bahalı brendlərinə xüsusi geyimlər sifariş verən Moza mütəmadi olaraq dünyanın ən gözəl geyinən qadınlarının siyahısına başçılıq edir, eləcə də ərəb dünyasının ən nüfuzlu nümayəndələrindən biri sayılır.

Maraqlı faktlar

Neftdən gələn gəlirlər sosial sahələrə xərclənir. Bundan yalnız Qətər vətəndaşları istifadə edə bilərlər.

Qətərlilər ənənəvi ağ (kişilər) və qara (qadınlar) geyimdə gəzirlər. Bütün qadınlar üzü bağlı gəzir.

Yağ-bal içində üzən qətərli kişilərin çoxu artıq çəkidən əziyyət çəkir.

Qətərdə cütlüklərin hoteldə gecələməsi üçün nikah haqqında şəhadətnamə tələb olunur.

Dizdən yuxarı, çiyni açıq geyimlərdə gəzmək ədəbsizlik hesab olunur, amma klublarada belə geyimlərə icazə verilir.

Şou-biznes yoxdur. Qətərdə dünya ulduzları ilə yanaşı, misir və livan artistləri populyardır.

Əl-Cəzirə Qətərin ən məşhur və hörmətli ərəb telekanalıdır.

Neft quyuları tapılana qədər Qətər dünyanın ən böyük mirvari istehsalçısı kimi məhşur idi.

“Qatar Airways” dünyanın ən təhlükəsiz avia şirkətinlərindən biridir, eyni zamanda Barselona futbol klubunun rəsmi sponsorudur.(publika.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar