"Ərimi öldürdüm, həyətdə basdırdım"-Qadın dustaq-VİDEO - FOTO

“Ərimi öldürdüm, həyətdə basdırdım”-Qadın dustaq-VİDEO – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Rəhimə Muxtarova 1960- cı ildə Quba rayonunda anadan olub. 1987- ci ildə ailə qurub. 2008-ci ildə həyat yoldaşını qətlə yetirib. Ona 12 il 6 ay iş verilib. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. İki əkiz qızı və beş nəvəsi var. 

A24.az xəbər verir ki, qafqazinfo cəzaçəkmə müəssisəsinə baş çəkib və onunla cinayətə qədərki həyatı və həbsdə keçirdiyi günlər barəsində söhbətləşib:

– Cəzaçəkmə müəssisəsinə ayaq basanda istər-istəməz insan həyəcan keçirir. Çünki gələcəyin insan taleyinə nələr bəxş edəcəyini heç kim əvvəldən bilmir.  Təbii ki, cinayətə də haqq qazandırmırıq. Belə olan halda,  sizi qətl törətməyə, həyat yoldaşınızı öldürməyə nə vadar etdi? 

– Cinayət  birdən-birə baş vermir. Mən neçə illər  döyülməyə, söyülməyə dözüb uşaqların böyüməyini gözlədim. Ondan  dəfələrlə ayrılmağa cəhd etdim. Ancaq uşaqlara görə, camaata görə ayrıla bilmədik. Elə oldu ki, uşaqlar ailə qurdu.  Ancaq yenə də vəziyyət dəyişmədi. Əsəblərim çox gərginləşdi. Cavanlıqda çox sakit qadın idim. Heç ağlıma gəlməzdi ki, mən adam öldürüb həbsə düşərəm. Yatsam yuxuma da girməzdi.

– Neçə yaşında evlənmişdiniz?

– Ailə quranda 27 yaşım var idi.

– Kifayət qədər yetkin yaşda ailə qurmusunuz.  Həyat yoldaşınızla bəs necə tanış olmuşdunuz? Onu tanımaq imkanı yox idi? 

– O məni sevmişdi. Adam ailə quranda  qarşındakını tam tanımır. Zaman keçdikcə xasiyyətini, davranışını görürsən. Mən 21 il  döyülməyə, söyülməyə dözdüm. Ayrılmaq istəyəndə məni danlayırdılar. Həmişə deyirdilər ki, döz. Axırda isə dözə bilmədim.

– Bizim cəmiyyət, eləcə də  ailələr ən çox  belə durumlarda dözməyi təlqin edirlər. Sizi də zorakılığa 21 il dözdürüblər. Vaxtında dəstək olsaydılar, siz normal şəkidə ayrılardınız  və belə bir  cinayət də baş verməzdi. Heç  bir ailə üzvünüz sizi dəstəkləməyib? 

– Qardaşım  mənə dedi ki,  ondan ayrıl, mən sənə baxaram. O zaman  uşaqlar da var idi. Yenə də özümə sıxışdıra bilmədim ki, ayrılıb gedim qardaş yanında  yaşayım? Uşaqlar qız idi deyə çəkindim. Neçə dəfə ayrılmaq üçün evi tərk etmişəm, amma yenə də qayıdıb gəlmişəm. Ata evinə də çox getmişəm. 6 ay, 3 aylarla ata evində qaldığım olub. Lap boşanmaq üçün ərizə də vermişdim.

– Evdə qayınana, qayınatınız var idi? 

– Qayınatam yox idi. Qayınanam da yaşlı bir arvad idi. O, pis insan deyildi. Həmişə mənə kömək olub. Uşaqlar körpə olanda mənə kömək edib. Çünki iki əkiz uşağı saxlamaq asan deyildi. Özü də  xəstə qadın idi.

– Həyat yoldaşınız da Qubadan idi? 

– Yox. O, Xızıdan idi. Dəvəçi rayonunda yaşayırdılar.

– Ailəniz bu izdivaca razı idi? 

– Yox, ailəm istəmirdi. Mən onlardan icazəsiz qaçmışam.

– Bayaq dediniz ki, sevmirdiniz, bəs necə oldu ki, onunla qaçdınız? 

– Belə alındı. Mən də onun sevgisinə yox demədim. Çünki ailə qurmaq istəyirdim. O, məndən 3 yaş kiçik idi.

– Evləndiyiniz gündən sizi döyməyə başladı? 

– 1 ilə yaxın müddətdə mənlə yaxşı oldu. Mən bilmirdim ki, o, narkotik maddə qəbul edən imiş. İçki də içirmiş. Mən gedəndən sonra bunları bilmişəm. Məni döyürdü, söyürdü, incidirdi.

– Sizi döyəndə köməyinizə çatan olurdu? 

– Kim çatsın? Bir dənə qoca anası var idi. O da ondan qorxurdu. Şillə ilə onu da vururdu.

– Uşaqların yanında da sizi döyürdü? 

– Hə. Həmişə döyürdü. Uşaqlar ağılları kəsəndən analarının döyüldüyünü görüblər.

– Və siz 48 yaşında həyat yoldaşınızı qətlə yetirdiniz. Həmin günü necə xatırlayırsınız? 

– Həmin gündən 12 gün qabaq yenə məni pis döymüşdü. Mən çıxıb Qubada bacımgilə qalmağa getdim.  Bu dəfə ayrılmaq niyyətim ciddi idi. Elə pis döymüşdü ki, ağzımı da açıb danışa bilmirdim. İki gün sonra  dalımca gəldi. 7 aylıq nəvəm var idi. Qızımın təzə toyu olmuşdu. Heç evə qonaq çağırmamışdım. Qızımı birini bacımın oğluna vermişdim. Gəldi onlara, qızım heç atasını dindirmədi. Bacım oğlu mənə dedi ki, xala getmə, mən səni saxlayacam. Ayrıl ondan. Səhər aparıb ərizə verəcəm. Dedi ki, nəvəmiz var. Heç biz ayrılarıq? Axşama qədər  dayanıb məni gözlədi, dedilər ki, çıx get. Getdi, qayıdıb yenə qapıya gəldi. Əsəbləşdim. Özümün də halım yox idi. Yataqda uzanmışdım, heç dura bilmirdim. Nəvəsinin canına and içdi ki, bir  də mənə əl vurmayacaq. Həmin nəvəm də anadan olandan xəstə doğulmuşdu. Elə həkimlərdə idi. Dedim ki, o biri qızın da qayınanası yaddır. Bu yaşda sonra ona da problem olar. Razı olub onla getdim.

Qapıdan içəri keçən kimi dedi ki, səni aldadıb evə gətirdim. Ancaq mən o nəvəyə görə inanıb gəlmişdim. Adam nəvəni canından da artıq istəyir. Necə inanmayasan?! Evə girən kimi yenə məni döydü. Səhər çıxıb işə getdi. Mən də tərəvəzə düşdüm.

Üstündən 10 gün keçdi. Səhər işə getməli idi. Bütün bədənim, üzüm gözüm pis halda idi. Onun əlindən acıqlı idim. Yenə dinc dayansaydı, bu  hadisəni törətməzdim. Mənim  onunla nə işim  var idi? Axşamdan paltarını da ütüləyib qoymuşdun ki, səhər işə gedəcək. Xörəyini bişirib bankasına tökdüm. Ayaqqabılarına kimi kremləmişdim. Onu öldürmək niyyətim yox idi.

Axşamtərəf qardaşının oğlu zəng etdi. Getdi onlara. Orada içib. Gecə saat birə qədər onu gözlədim. Gəldi və gördüm ki, həm  içib, həm də çəkib. Kələm dolması bişirmişdim. Yeyib-yeməcəyini soruşdum. Yemək qoydum, çay tökdüm. Xörək yeyəndə  mənə dolma boşqabını atdı. Sonra ağır külqabı var idi, onu da mənim üstümə atdı.  Yenə yan elədim, külqabı yerə dəyib çırpıldı. Qapının ağzında dayanmağımı dedi. Gördüm ki, bütün bədənim, əlim ayağım əsir. Hirsimdən titrəyirdim. Bi dənə çörək bıçağı var idi. Ancaq balaca idi. Bıçağı necə atdısa, başımı kənara çəkdim, düz qapıya sancıldı. Ondan sonra özümdə olmamışam. Dedim ki,  səhərə kimi ya o ölməlidir, ya da mən.  Yenə məni döymək istəyirdi. Dedim ki, Çingiz onsuz da döymüsən, halım yoxdur, eləmə. Qapını açıb həyətdə qaranlıq yerə düşdüm ki, məni tapmasın. Çağırdı, səs vermədim, içəri girdi. Xeyli bayırda dayandım. Gördüm ki, ondan səs gəlmir. Çıxdım  evə. Eşitdim ki, xorultusu gəlir. Yatmışdı. Necə gedib tövlədən dəmir kuvaltı gətirmişəmsə özümdə olmamışam. İki dəfə başından vurmuşam. Özümdə olmamışam, bilməmişəm ki, bunu necə etmişəm. İndiki ağlım olsaydı, eləməzdim. Elə yatardı, yatdığı yerdə qalardı, mən özüm çıxıb gedərdim. Gəlib buranı görəndən sonra, bu qədər ayrılıq cəzasını çəkəndən sonra bu qərara gəlmişəm.  Onu öldürdüyümə görə peşmanam. Keşkə  həmin gecə özümü saxlayardım. Səhəri o çıxıb işə gedərdi, mən də çıxıb başqa yerə gedərdim.

– Həmin an keçindiyini dediniz. Bəs sonra neylədiz? Kimlərə xəbər verdiz? 

– Heç kimə demədim. Aparıb bağda basdırdım. Onu da iş yerindən axtardılar. Yalamada depoda işləyirdi. Elektromexanik idi. Üstündən beş gün keçmişdi. İş yerindən kəndə xəbər gəldi ki, bu adam yoxa çıxıb işə gəlmir. Qardaşı gedib polis idarəsinə itkin düşməyi ilə bağlı ərizə yazdı. İki nəfər polis böyük qardaşı ilə gəldi. Məndən soruşdular ki, yoldaşın hardadır? Dedim ki, qaynım çölə çıxsın harada olduğunu deyəcəm. Polisə dedim ki, yoldaşımı öldürmüşəm. İnanmadılar , soruşdular ki, düzmü deyirəm? Meyitin yerini soruşdular. Dedim ki, bağda basdırmışam. Yenə də inanmadılar. Məni polis şöbəsinə apardılar, şöbədə izahat aldılar. Elə həmin gün də həbs edildim.

– Niyə polisə cinayəti törətdiyiniz günün səhəri məlumat vermədiniz? 

– Gizlətdim, dedim yəqin bilməzlər, axtarmazlar. Ancaq  qətldən sonra qorxurdum ki, bunun üstü açılacaq. O zaman acıqlı idim.  Heç nə hiss etmirdim.  Şöbəyə aparılıb dindiriləndən sonra olanları başa düşməyə çalışdım. İki il özümdə olmamışam ki, o işi mən törətmişəm?!

– Siz öldürmüsünüz, sonra  quyu qazıb basdırmısınız. Bunlar həm də fiziki cəhətdən də çətin işlərdir.  İllərin zülmünün sizə verdiyi güc nəticəsində  yəqin ki, bunu edə bilmisiniz…

– Bəlkə də şokda idim.  İkinci dəfə məni döyəndən sonra o qədər qorxmuşam ki, şok keçirmişəm. Ona görə çox acıqlı, hirsli oldum. Yoxsa eləməzdim. Həm də tək idim. Qorxdum ki, mənə nəsə edər. Ona canı Allah vermişdi, gərək mən almayaydım. Əlim qana bulanmazdı. Bilmirəm ki, Allah qarşısında nə cavab verəcəm. Mənim ailəm dindar idi. Heç onlar məni bağışlamırlar da ki, bu cinayəti törətmişəm. Düzdür, yanıma gəlirlər. Ancaq insan öldürməyimi bağışlamırlar.

– Bağışlamadıqlarını dediniz. Ancaq  21 il döyülmüsünüz. Qardaşınızdan başqa ata, ananız sizə düzələr, ötüb keçər deyə sahib çıxmayıb…

– Deyiblər ki, döz. Yaxşı olar,  yavaş-yavaş düzələr. Ancaq qardaşım deyirdi ki, səni incidirsə çıx gəl, orda qalma. Qardaş  evində də oturmaq olmur axı. Evdə gəlin, qardaş uşaqları var.  Birindən çəkinirsən, birindən utanırsan. Məsəl var. Deyirlər ki, el-elə sığır, ev-evə sığmır. Mənimki də elə oldu. Getdim gördüm ki, alınmır, təzədən qayıdıb evimə gəldim.

– Hadisədən sonra ailəsi sizə nə dedi? 

– Anası rəhmətə getmişdi. 3 qardaş idilər. Məni məhkəmədə gördülər. O birilər heç gəlməmişdi. Böyük qardaşı mənə heç nə demədi. Qaynımın oğlu bir dənə dedi ki, ay dostu, niyə etdin? Həmişə çıxıb gedirdin. Yenə qaçıb çıxıb gedərdin. Qızlarım da heç nə demədi. Onlar bilirdi ki, ataları həmişə məni döyür, incidir. Nə vaxtacan qaçıb kolların dibinə gedərdim? Ordan  o tərəfi haradır? Gecənin bir aləmi hara gedim? Özüm də kəndin içinə döyülüb çıxmağa utanırdım.

– Ailəniz üçün bu zamanlar necə keçdi?  Haqlı olub -olmamağınızdan asılı olmayaraq bir cinayətkar damğasının üzərində qalma məsələsi də var. Qızlarınız da ailəli idi..

– Onlar üçün də yaxşı olmadı. Mən həbsdə olanda 2014-cü ildə anam dünyasını dəyişdi. Atam çoxdan dünyasını dəyişmişdi. Anam bircə dəfə yanıma gələ bildi. Ayaqları tutulmuşdu. Bircə dəfə qardaşlarımı özü məcbur edib ki, gedim Rəhiməni görüm. Bəlkə sağ deyil, məni aldadırsız? Sonra dedim ki gətirməyin. Əziyyət  çəkir, maşına minib düşə bilmir. Anamın qəbrinə də gedəmmədim. O zaman mən xəstəxanada idim. Ölmədən 3 gün qabaq onla danışdım. Ciyərimə su yığılmışdı. Xəstəxanada ağır vəziyyətdə idim. Sən demə, o da ölüm ayağındaymış. Mənim yolumu gözləyirmiş. Qardaşımın biri beş il yanıma gəlmədi. Hansı ki o mənə ayrılmağımı neçə dəfə demişdi. Mənə deyir ki, sənə adam öldürmək olmazdı. Salıram başımı aşağı və  susuram. Nə deyim?

– Ananla görüş anınızı xatırlaya bilərsinizmi? 

– Bunu sözlə dilə gətirmək mümkün deyil. Anam soruşdu ki, bəs deyirdin, sən tez gələcəksən? Mənə dedilər ki, sən az iş almısan. Xəstə adamdır, ona necə çox iş aldığımı desinlər.

– 10 ilə yaxındır ki, burada cəza çəkirsiniz. Həbsxananın 10 ili sizi daha çox qocaltdı, yoxsa şiddətlə keçən 21 il? Saçlarınız burada ağarıb? 

– Saçlarım həbsxanada ağarıb. Orda da qocaldım, burda da  məni ayrılıq dərdi qocaltdı. Ən ağır cəza insanın balalarından ayrı qalmasıdır. Burada doğmalarla görüşmək çətindir. Gözləyirsən ki, gələcəklər. Çöldə  olsaydım, gözləməzdim ki, özüm gedərdim. Heç bir anaya, qadına həbsə düşməyi arzu etmirəm. Çox peşmanam.

– Adətən bayram günlərində, ad günlərində analarımız evdə süfrə açır. Övladlarının yolunu gözləyir.  Həbsxanada isə vəziyyət fərqlidir. Siz süfrə açılmasını yox, gəlib sizi görmələrini arzu edirsiniz. Olubmu ki, onların  yolunu gözləmisiniz, amma gəlməyiblər. 

– Olur. Birdən bayram olmamışdan  gəlirlər. Ya bir az bayram keçir, ondan sonra gəlirlər. Onların da çöldə vəziyyətinə,  işlərinin alınmasına baxırlar. Məcbur etməmişəm ki, hər bayramda yanıma gəlsinlər. Doğmalarımdan heç vaxt giley-güzarım olmayıb. Yanıma gəlməsəydilər, burada   həbs  yata bilməzdim. Şərt o deyil ki, nəsə ərzaq yemək gətirsinlər. Üzlərini görəndə də rahat oluram. Ayda iki dəfə 15 gündən bir bizə görüş verilir.  Özüm evdə olanda qəşəng bayram süfrələri açardım. Çox gözəl şirniyyatlar, salatlar, dolmalar bişirərdim. Süfrənin dolu olmasını istəyirdim. Buna görə də nəyin bahasına  olursa olsun süfrəni dolu edərdim. Kasıbyana yaşamışam.

– Həbsxanaya düşdüyünüz ilk gün necə keçdi? 

– Karantinə düşəndən sonra elə bilirdim ki, tez çıxıb gedəcəm. Hiss etmirdim ki, qabaqda hələ uzun illər olacaq. Məni rəis ümumi mətbəxə işə təyin etdi. İki il  mətbəxdə işlədim. Yenə hiss elədim ki, çıxıb gedəcəyəm. Amma sonralar anladım ki, cinayət etmişəm və cəzamı çəkməliyəm.

– Burada gündəlik gününüz necə keçir? Yuxudan neçədə durursunuz?

– Səhər saat 7-də dururuq. Səhər yeməyimizi yeyib qayıdırıq. Paltar yuyuruq, ya da gedib yemək  bişiririk.  Başımızı qatmaq üçün televizora da baxırıq. Axşam da saat 11-in yarısında yatırıq.

– Məhbus qadınlarla münasibətiniz necədir? 

– Burada yaxşı yoldaşlar da var. Bir-birimizin ailəsini tanıyırıq. Uşaqlarımızı adlarına qədər bilirik. Hamısı pis deyil ki. İçlərində yaxşı olanlar da var. Mən sakit ruhluyam. Demək olar ki, heç kimlə işim olmaz. Çox davakar deyiləm. Heç kəsə heç nə deməyim, heç kəs də mənə söz deməsin. Anam  tərəfi çox sakit camaatdır. Atam tərəfi isə qığılcımdır, oddur. Mən anam tərəfə oxşamışam. 9 uşaq olmuşuq. Hiss olunmayıb ki, bu evdə uşaq var, ya yox. Beş qardaş, dörd bacı idik. Onlardan bir qardaş və bir bacım rəhmətə gedib.

– Adətən məhbuslar  insan alveri, narkotik işi ilə məşğul olub həbsə düşən digər məhbuslara başqa  cinayət maddələrində olduğu  kimi normal baxmırlar, onlarla dalaşırlar. Sizdə belə hal olur?

– Xeyr. Dalaşmırıq. Heç onun maddəsini də üzünə vurmuruq ki, belədir. Bir otaqda olanda  ailə kimi oluruq. Birimizə nəsə olanda onun başına yığılırıq. Bir otaqda 32 nəfər qalırıq. İndi 3- ü həbsdən çıxıb. Elə olub ki, 40-42 nəfər bir otaqda qalmışıq. Şəraitə öyrəşirsən. Bilirsən ki, nəyi etmək olar, nəyi etməmək olar. Onlar da bizdən rejimə əməl etməyi tələb edirlər. Gərək elə yaşımıza uyğun hərəkət edək.  Rəhbərliyə böyük hörmətim var. İndi tikiş sexindəyəm. İş olanda işləyirəm.

– Siz yaşınıza görə yəqin ki, özünüzə çox fikir vermirsiniz. Əvvəl də belə olub? Amma  həbsxanada elə qadınlar var ki, özlərinə qarşı çox baxımlıdırlar. Saçları, kosmetikaları həmişə öz yerində olur…

– Əvvəl istifadə edirdim. İndi isə üzümə krem vururam. Əllərimə də krem sürtürəm ki, çatlamasın. Ancaq kraskalardan istifadə etmirəm. Artıq  qoca nənəyəm. Neynirəm? Nəvələrim var.

– 2 il 6 ay həbs müddətiniz qalıb. Siz əfv olunmağınızı istəyirsiniz…

–  Etdiyim əmələ görə peşmanam. Balalarımın yanına getmək istəyirəm. Neçə ildir ki, burdayam. Artıq xəstəyəm. Xahiş edirəm ki, məni əfv etsinlər,  o biri qadınları da. Qadınların çoxusu burada peşmandır. Ən böyük hədiyyə bizə bayramqabağı azadlığa çıxmağımız olar. Artıq qocalıram, cəza çəkə bilmirəm. Gedib balalarımın, əzizlərimin yanında ölmək istəyirəm. Ömrümün sonuncu illərini onların yanında keçirmək istəyirəm.

– Əfv olunsanız, həyatınızı  necə quracaqsınız? 

– Doğmalarım deyirlər ki, məni  bir də gözlərindən kənar qoymayacaqlar. Düzdür, həmin evdə yaşamaram. İndi qızım o evdə qalır. Ancaq hərdənbir onu görməyə gedərəm.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Müsahibə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar