Ermənilər yeni soyqırıma hazırlaşırmış -  Xocalıdan sonra Alxanlı, indi də Cocuq Mərcanlı...

Ermənilər yeni soyqırıma hazırlaşırmış –  Xocalıdan sonra Alxanlı, indi də Cocuq Mərcanlı…
Want create site? Find Free WordPress Themes and plugins.

Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayram son günlərdə Füzulinin Alxanlı kəndində baş verənlərlə bağlı fikir bildirib.

A24.Az xəbər verir ki,  keçmiş döyüşçü qeyd edib ki, ermənilərin növbəti Alxanlı cinayəti ölkədə işğalçıya qarşı böyük və haqlı hiddət, qəzəb dalğası qaldırdı, cəmiyət ölkə rəhbərliyindən torpaqlarımızın nəhayət azad edilməsi tələb edir. “İctimaiyyətin tələbləri hər hansı sosial-iqtisadi reformalara səbəb ola bilər, lakin oturuşmuş dövlətdə müharibə ictimai tələblə başlanmır. İctimai tələb baş verənlərin ictimai-siyasi fonudur və xalqın iradəsinin göstəricisidir.

Hərbi əməliyyatların başlanması tələblərinin yerinə yetirilməsi hökümət üçün bir sıra xarici amillərə görə çətin olsa da, müharibəyə hazırlıq işində cəbhəyanı yaşayış məntəqələrinin dinc əhalisini düşmən atəşindən qorunması tələbi daha realdır. Bizim cəbhə xətti şəraitində hücuma keçmək tələbi mütləq cəbhə xəttinə yaxın yaşayan əhalinin mülki müdafiəsi tələbi ilə bir olmalıdır. Orada yaşamayanlara və “divan strateqlərinə” bəlkə bu fikir ağır çatır, ancaq cəbhəyanı əhalimiz və hərbçilər məni yaxşı anlayırlar.

Çox uzun izahatlara getmədən, həmin Alxanlı misalına baxaq. 1994-cü idə o zonada döyüşlər gedən zaman Alxanlıda yaşayış olmayıb. Yəqin ki, atəşkəsin sakit illərində əhali ora qayıdıb. Lakin düşmən getdikcə daha şiddətlə və həyasızlıqla yaşayış məntəqələrimizi ağır silahlarla atəşə tutur. Deməli atəşə məruz qalan dinc əhali atəş zonasından uzaqlaşdırılmalıdır. Ermənini ittiham etmək doğrudur, ancaq bu, itirilmiş günahsız həyatları geri qaytarmır.

Bir daha da geri tarixə baxaq. Mühasirədə olan Xocalıdan dinc əhalini hökümət niyə vaxtında təxliyə etmədi? Çünki əhalinin təxliyəsi o vaxtki ölkədaxili ictimai-siyasi şəraitdə Xocalının “verilməsi” kimi qəbul olunardı. Ancaq Xocalı faciəsindən dərhal sonra Ağdərənin mühasirədə olan Umudlu kəndi hökümət tərəfindən təxliyə olundu. İndiyə kimi mübahisə doğursa da, Laçın təhlükədə olan zaman əhalinin təxliyəsi üçün hökümət(ictimai rəylə hesablaşmadan) nəqliyat vasitələri göndərdi. Kəlbəcərin dinc əhalisi təxliyə olundu. Çünki hökümət əhalinin yeni soyqırımlardan qorumaq istədi. Çünki bizim düşmən belədi- insanın azərbaycanlı olması onun öldürülməsinə kifayət edir.

Keçən il aprelin 24-26-sı Tərtərdə gördüklərimdən sonra qorxuram ki, hazırki iqtidar yaxın tariximizi zəif bilir və nəticə çıxarmır. Neçə vaxtdır AzTv-də “Böyük qayıdışın başlanğıcı” rolikləri göstərirlər. Elə çıxır ki, necə Mütəllibov etirazlardan və zəifləməkdən qorxub, Xocalı əhalisini vaxtında təxliyə etməmişdi, indiki iqtidar da “Böyük qayıdış” təbliğat kampaniyasına zidd görünə biləcək, cəbhə zonasında düşmənin atəş altındakı kiçik (elə Cocuq-Məqcanlı boyda) yaşayış məntəqələrinin əhalisini köçürtməyə çəkinir. Qarabağa qayıtmaq hər birimizin ən böyük arzusu və həyatımızın mənasıdır. Lakin dinc əhalinin həyatı heç nəyə qurban verilə bilməz. Böyük cəbhəyanı şəhərlərimizdə bir dənə olsun təhlükəsizlik standartlarına cavab verən bomba sığınacağı yoxdur. Bunu necə, nəylə izah etmək olar? Mən buna rasional izah tapa bilmirəm. Hamımız qanımıza susamış düşməndən danışırıq, ancaq dinc əhalimizi onun reaktiv yaylım atəş sistemlərinin atəşindən necə qoruyacağımızdan danışmırıq.

Hökümət əhalinin qorunması üçün tədbir görməsə- istər düşmən mövqelərinə sarsıdıcı zərbələr, istər dinc əhalinin qorunması-cəmiyyətdə bununla bağlı haqlı narazılıq artacaq. Bununla düşmən də hökümətimizin zəif yerini tapacaq və dinc əhalini daha tez-tez atəşə tutacaq. Kimsə düşünürsə və ümid edirsə ki, beynəlxalq qınaq erməniləri dayandıracaq, düşməni tanımır. Vaxtilə briqada komandiri Ə.Qənizadə hərbi rəhbərliyə yalvaranda ki, “erməni Kəlbəcərə hücum edəcək, bizi Laçından Kəlbəcərin müdafiəsinə çıxardın”, ölkə rəhbərliyindən Dadaş Rzayevə, o isə Qənizadəyə demişdi, “O kombriqə deyin, panika yaymasın. Kəlbəcər Qarabağ deyil, erməni ora hücum etməz”. Erməni Kəlbəcərə hücum etdi. Böyük gecikmə ilə olsa da, Qənizadəyə əmr etdilər, qüvvələrini çəkdi Kəlbəcərin müdafiəsinə. O zaman Qənizadə Kəlbəcəri Qarabağ(Ağdərə) tərəfdən tunel yaxınlığında saxlaya bilmişdi və demişdi, “Ermənistan sərhədinə qüvvə göndərin, ermənilər oradan Kəlbəcərə hücum edə bilərlər”. Hökümət demişdi, “Ermənistandan Kəlbəcərə hücum ola bilməz, çünki bu, Ermənistanın Azərbaycana müharibə elan etməsi demək olacaq. Qoy eləsinlər, görün onlara nə toy tuturuq”. “Toy tutduq”- 24 ildi ermənilər, BMT-nin Kəlbəcərin dərhal və qeydşərtsiz azad etmələri barədə qətnamənin kağızından başqa təyinatla istifadə edirlər…

Hökümət bütün bunlardan dərs çıxarmalıdır,  həm özü üçün, həm ölkə üçün.

Təəsüf ki, hər şey aşkar və göz qabağında olduğu halda biz düşmənimizi hələ də tanımırıq və onunla sistem yox, kampaniya xarakterli mübarizə aparırıq. Halbuki yeni amansız müharibə uzaqlarda deyil”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Redaktor Seçimi, Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar