Ev ala bilməyən jurnalistlər üsyan etdi: "Evdə yer olmadığı üçün 2 oğluma və qızıma çarpayı almamışam"

Ev ala bilməyən jurnalistlər üsyan etdi: “Evdə yer olmadığı üçün 2 oğluma və qızıma çarpayı almamışam”
Want create site? Find Free WordPress Themes and plugins.

22 iyul Milli Mətbuat Günü münasibətilə  prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sahibləri açıqlanıb.

A24.az-ın məlumatına görə, ölkə başçısının tapşırığı ilə jurnalistlər üçün tikilən ikinci binada 255 mətbuat işçisi mənzil sahibi olacaq. Artıq bu gün jurnalistlərə yeni mənzillərinin açarları təqdim ediləcək.

Prezidentdən ev hədiyyəsi almaq sevincini yaşayan bir çox həmkarımızla bərabər ev ala bilməyənlər də öz etirazlarını sosial şəbəkələrdə bölüşüblər. Onlardan bir neçəsinin yazdıqları paylaşımları təqdim edirik.

Aparıcı Aytən Səfərova: “11 yaşlı qızım prezidenti hamıdan güclü sayır. O qədər demişdim ki, prezidentimiz bizə ev verəcək. Bu da komissiyanın “ədalətli” və “hərtərfli” araşdırması. 255 nəfərdən nə qədər həmkar tanıyıram ki, doğrudan da layiqdir. Halal xoşları… Lakin elə jurnalistlər var ki, mənzil problemləri yoxdur.

Valideynlərimin evi uzun müddət adımda olub. Burada atam, anam və qardaşım böyük ailəsi ilə qalır. Bu ilin martında haqlı olaraq anama bağışladım, çünki anamın və atamın evi idi. Qardaşıma qalmalıdır. İki balamla gözlədik. Bu da son…

Mən – Aytən Səfərova 25 yaşlı, jurnalistikaya “dünən” gələnlər qədər olmadımmı, ay “ədalətli” komissiyanın üzvləri? Budurmu xalqın rəğbətini qazanan jurnalistə verdiyiniz dəyər?”

Aparıcı Elvin Basqallı: “Altı il Jurnalistika oxumuşam, tam ali təhsilli jurnalistəm, qəzetdə başladım jurnalistikaya, daha sonra isə bir neçə televiziyada işlədim. 4 ildir ümumilli lider Heydər Əliyevin imzası və xeyir duası ilə açılmış “Space” televiziyasının Xəbərlər Proqramının rəhbər müaviniyəm, xəbərlərin əsas buraxılışının, “Hər Həftə” Analitik İnformasiya Proqramının, Abituriyent verilişinin aparıcısıyam. Evdə yer olmadığı üçün 2 oğluma və qızıma çarpayı almamışam, ümidim Sizin dəstəyinizə idi və hələ də ümid edirəm.”

Jurnalist Ləman Ələşrəfqızı: “Mən evi yazıçı Anardan istəyəcəm. Ona görə ki, onun yazıçıları mənim 22 illik haqqıma dürtülüb. Zarafat eləmirəm. Çoxlu müraciətlərim olacaq. Biri Zərdabiyə, biri Anara, biri cənab Prezidentə. Gözləyin”

Publika.az-ın redaktoru Bəxtiyar Əlirzayev: “Bir müəllimimiz vardı. Deyirdi ki, kirayə evin qapısı nə qədər hündür olsa da, içəri girəndə istər-istəməz başını əyirsən. Bu işgəncədən qurtuldunuz.
Məhz buna görə hamınızı təbrik edirəm, dostlar! O evlərin işığı heç vaxt sönməsin, içindən həmişə gülüş səsləri gəlsin, gözəl günlər yaşayasınız ”

“Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli: “Mənzil alan bütün jurnalist dostlarımı, həmkarlarımı ürəkdən təbrik edirəm! Hər zaman xeyir işlərdə görüşək bu mənzillərdə!! Sağ əlləri də mənzili olmayanların, uzun illər ailəsi ilə kirayədə yaşayanların başına. İçi mən qarışıq.”

Jurnalist Ülviyyə Heydərova: “Çilik-çilik olmuş ümidlərimi yapışdırıb, yaşamağa, həyata davam edirəm. Allah düşünən beynimə, yazan barmaqlarıma qüvvət versin.
Onsuz da o yazılan şərtlər boş şey idi. 10 il staj filan. Siyahıda adam var ki, 10 əvvəl orta məktəbdə oxuyurdu. Bu paxıllıq deyil. Məni tanıyanların ürəyimdən xəbəri var. Nə isə… Hamını bir daha təbrik edirəm.”

 Elvin Paşazadə

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar