A24 Xeber

Fəridə Cəbrayılzadənin bacısı: “Son olaraq ayın 24-ü, saat 5-də…” – VİDEO

Fəridə Cəbrayılzadənin bacısı: “Son olaraq ayın 24-ü, saat 5-də…” – VİDEO
2. 183
31 Oktyabr 2018 - 9:19

Ötən ilin 23 dekabr tarixində Tufandağ istiqamətində itkin düşən, 5 ay sonra meyiti tapılan üç alpinistdən biri – Fəridə Cəbrayılzadənin bacısı Vüsalə Əbilova A24.Az-ın qonağı olub.

O bacısı haqqında xatirələrini bölüşüb. Vüsalə Əbilova ilə müsahibəni təqdim edirik:

– Vüsalə xanım, həmin günü-  Fəridənin Tufandağa getdiyi günü necə xatırlayırsınız?

– Çox qəribə idi ki, o həmin gün bütün paltarlarını səliqəyə salmışdı. Çantalarının içini təmizləyib, səliqə ilə asmışdı. O gün anam evdə yox idi, atam üçün yeməklər bişirmişdi. Bəlkə də onda belə bir hissiyyat var idi. Sonradan bildik ki, o, sosial şəbəkədə paylaşımlarında ölümlə bağlı çox şeylər yazıb. Sanki hiss edirdi.

– Bacınız haqqında nə deyə bilərsiniz? Necə insan idi?

– Onun hadisələrə baxışı, insanlarla rəftarı tamam fərqli idi. Mənim görə bilmədiklərimi o görürdü. İndi mən nəsə edəndə, fikirləşirəm ki, Fəridə olsaydı, bunu necə edərdi? Kaşki, Fəridə kimi qızlarımız, Babur, Namin kimi oğlanlarımız çox olsun. Üçü də çox dəyərli insanlar idi. Elə Naminin nitqindən bilmək olurdu onun necə savadlı oğlan olduğu. Babur özü 3 dil bilirdi.

– Necə oldu ki, Namin, Babur və Fəridə bir araya gəldi və Tufandağa getməyə qərar verdilər?

– Təşkilatçılığı Namin etmişdi. 3-ü birlikdə ilk dəfə idi dağa gedirdilər. Fəridədə hava şəraitinə görə həmin yerə getməməklə bağlı tərəddüdlər var idi. Həm də 25-i günü o, təlimə yetişmək istəyirdi. Bu təlim onun üçün çox vacib idi. Buna görə hətta dağa getmək istəmirdi ki, birdən yorğun gələr, təlimə qatıla bilməz. Amma nədənsə getməyə qərar verdi. Deyirdi ki, eybi yoxdur, bir neçə saat dincəlmək üçün bəs edər.

– Fəridənin telefonunda sizə, sevdiklərinə yazdığı hansısa son mesaj, son sözlər vardı?

– Bəlkə də Fəridənin telefonunda nəsə var. Açsam, oxuya bilərəm. Amma onu oxuyanda, başqa nəsə – şəxsi mesajı da oxuyaram. Ona görə mən açmıram o telefonu. Bəlkə 1 il, 5 il sonra açaram.   Onun telefonu bir xəzinəydi. Hər şeyi ora qeyd edirdi.

– Sosial şəbəkədə xoşagəlməz sözlər yazıldı. Yəqin bütün bu yazılanlardan xəbəriniz oldu. “Bir qızın iki oğlanla dağda nə işi vardı?” kimi tənqidlər olundu. Bu barədə nə deyə bilərsiniz?

– Fəridə elə qız idi ki, onun qarşısındakı insan oğlandır, kişidir, qadındır, uşaqdır, müsəlmandır, xristiandır, ailəlidir, subaydır fərq etməzdi. Onun öz düşüncələri onun üçün maraqlı idi. Hər kəs danışırdı ki, “bir qız dağda iki oğlanla… ” Mən bilirəm ki, Fəridə qayıtsaydı, bütün bu yazılanlara güləcəkdi. Bu yazılanlar məni qıcıqlandırırdı, Fəridəni yox. Ona ətrafdakıların nə dediyi maraqlı deyildi. Fəridə özünü bilən qız idi. O, qətiyyən fikirləşmirdi ki, ora iki oğlanla gedib. Düşünürdü ki, iki dostu ilə gedib.

– Bacınızın ən böyük arzusu nə idi?

– O, bütün dünyanı gəzmək istəyirdi. Fəridə bizim cəmiyyətdəki kişi-qadın bərabərsizliyini minimuma endirməyə, hətta bərabərləşdirməyə çalışırdı. O deyirdi ki, qız uşaqlarını elə böyüdün ki, onlara qanad verin, uçsunlar. Uçanda buraxın, sərbəst uçmağı bacarsınlar.

– Babur, Fəridə və Namininlə son danışıq nə vaxt baş tutub?

– Fəridənin telefonu şəhərdən çıxanda artıq xarab olmuşdu. Bir az nasazlıq var idi telefonunda. Buna görə də bizə yoldaşlarından zəng edirdi. Son olaraq ayın 24-ü, saat 5-də Babur hava haqqında məlumatı soruşub. Sonra onlardan heç bir xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların meyitləri 2018-cilin mayında 4 metr dərinlikdə tapılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00