Fazil Mustafa: “Səfəvilərin türk olması mübahisəlidir”

Milli Məclisin deputatı Fazil Mustafa Səfəvilərlə bağlı daha bir qalmaqallı çıxışı ilə gündəmə gəlib. A24.Az-ın məlumatına görə, bu dəfə millət vəkili öz “Facebook” səhifəsində fikirlərini bölüşüb.

“Səfəvilərin kimliyindən çox üzərlərinə götürdükləri missiya, əslində, bu mübahisənin yaranmasına əsas verir. Bəli, kimlik olaraq Səfəvilərin türk olması əksər müəlliflər tərəfindən qeyd olunur. Bunun ən dəqiq izahını Əhməd bəy Ağaoğlu “İran və inqilabı” əsərində verir. İsmayıl öz kökünü İmam Rzaya bağlamaqla onun kiçik nəvəsi Mehdinin rolunu özünə şamil etməyi nəzərdə tuturdu. Digər tərəfdən cəngəlliklərə bürünmüş relyefinə görə keçilməz yerlər sayılan Gilan və Mazandaranda uzun müddət üstünlük təşkil edən imamiyyə görüşlərinin daşıyıcıları olan güclərin də dəstəyini qazanaraq nüfuz dairəsini genişləndirməyi planlaşdırırdı. Nəticə nə oldu? Əhməd bəy Ağaoğlu yazırdı ki, bu ailə İranın fikir və hissi qaynağını qurutdu. Bütün fikri və hissi güc ancaq bu məzhəbin haqlılığını sübuta yönəldi.Səfəvilər zamanında İran artıq keçmiş şairlər və mütəfəkkirlərə nəinki yaxınlaşan, hətta xatırlanması mümkün olmayan bir şair və mütəfəkkir yetişdirə bilmir.

Səfəvilər Şərq və bilavasitə Türk tarixi üzərinə dərin və fəlakətli təsirlər göstərməyi bacardılar. Məmmədəmin Rəsulzadə yazır ki, Səfəvilər türk idilər, sarayda türkcə danışılırdı, ancaq bu tezislərin birinci cümləsini nədənsə bu yalançı patriotlar xatırlamaqdan yayınırlar: Şah İsmayıl şiə dövləti qurmağa yönəldi… Yəni Rəsulzadə vurğulayır ki, bunun ənənəvi türk sülalə dövlətlərinin strukturu və məfkurəsi ilə əlaqəsi yox idi. Hətta Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” əsərinin girişində Azərbaycan dövlətçiliyinin əsaslarını təşkil edən sülalələrin xronologiyasını sadalayanda bilərəkdən Səfəvilərin adını qeyd etməyə lüzum görmür. İndi gəl bizləri təhqir edən bu nadanları başa sal ki, Ağaoğlu, Rəsulzadə Azərbaycan dövlətinin konturlarını və mahiyyətini ilk dərk edən kişilərdir və səbəbsiz yerə belə bir izahı vermirlər.

Kimlərsə mif uydurub ki, Azərbaycanı Şah İsmayıl birləşdirdi və əzbərlədiyi mətnləri dəyişə bilməyən kütləni də bu mif üzərindən xəstələndirməyə çalışıblar. Kimi birləşdirdi, nəyi birləşdirdi? Azərbaycanı məhz o zamandan elə ayırıblar ki, əgər Məhəmmədəmin Rəsulzadə və məsləkdaşlarının çevik zəkası olmasaydı, modern dövlət quraraq İrançı xəstəlikdən qurtula bilməyəcəkdik. Ona görə də Rəsulzadə kimi Rusiya müstəmləkəçiliyinə qarşı ən sərt mövqeyə malik şəxsiyyət, məhz İran-Səfəvi arealından ayrılmağa görə az qala ruslara minnətdarlıq bildirmək istəyir. Guya Qacarlar Azərbaycanı birləşdirib mərkəzləşmiş dövlət yaradacaqdılar? Bu dövlətin Səfəvilərdən, Xomeyniçilikdən fərqi nə olacaqdı? Klerikal ruhaniyyətin başçılıq etdiyi bir məzhəb dövlətində Azərbaycan türkünün yeri harada olacaqdı?”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR