Gənc rejissorların filmləri beynəlxalq festivallara necə çıxa bilər? – LAYİHƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib.

A24.Az xəbər verir ki, bunu “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib. O bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. “Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir. Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Qeyd edək ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35-dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən bu problemin kökündə keyfiyyətli məhsulun olmaması deyil, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımi festivala göndərilməməsi dayanır. Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”, -deyə Fehruz Şamıyev söyləyib.

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkarların iştirakı ilə təlimlər təşkil olunacaq. Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR