A24 Xeber

“Günay da boşanmışdı, qızımın istəyi ilə onunla ailə quracaqdım”

“Günay da boşanmışdı, qızımın istəyi ilə onunla ailə quracaqdım”
739
06 Dekabr 2018 - 19:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı və qayınanasını öldürməkdə təqsirləndirilən Ramin İsmayılovun məhkəməsi keçirilib.

A24.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahid dindirilib.

Xəyyam Əsədov deyib ki, mərhum G.İsgəndərova qızının müəlliməsi olub: “Həm də qardaşı Sənani ilə dostam. 2012-ci ildə yoldaşımdan rəsmən boşanmışam və övladım məndə qalıb. Günay da yoldaşından boşanmışdı. Qızımın istəyi ilə onunla ailə qurmaq üçün danışdıq və aramızda sevgi münasibətləri yarandı.

Hadisə günü Sənani (qardaşı) mənə zəng edib dedi ki, bacım evdə təkdi, ora ustalar gələcək. Xahiş elədi ki, ora gedib ustaları yola salım. Mən də həmin evə gedib 4 saat oturub gözlədim, ustalar gedəndə pulları verdim. Axşam saat 10-da Sənani zəng edib dedi ki, “sən get, mən özüm gəlirəm”. Mən də çıxıb evə getdim, sonra Günaya zəng etdim, telefonuna zəng çatmadı. Sənaniyə zəng elədim, açmadı. Hüseyn kişigilin evinə zəng etdim, ordan dedilər ki, Mahirə xala ilə Günay bıçaqlanıb”.

R.İsmayılov ona “Mart ayında arvadımla barışıb rayonda yaşadığım vaxt nəyə görə məni və ailəmi ölümlə hədələyirdin” deyə sual verib və əlavə edib ki, Xəyyam özünü “Beton” ləqəbi ilə tanıdaraq arvadını onun əlindən almaq istəyib.

X. Əsədov isə Ramini cəmi bir dəfə gördüyünü və onu hədələmədiyini deyib: “Ramin Hüseyn dayının evinə girib dağıtmışdı, onlar da polisə şikayət etmişdi. Mən də onda Günaygili maşınımla şöbəyə aparmışdım. Orada bunu görüb tanımışdım”.

Şahidlərin dindirilməsi və sənədlərin tədqiqi mərhələsi məhdudlaşdırılıb. Məhkəmə istintaqı yekunlaşıb, proses dekabrın 20-də davam etdiriləcək.

İttihama görə, R.İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Ətir Şirinovanı qətlə yetirib. Ə.Şirinova rəsmi sənəddə belə qeyd olunsa da, ailəsi və ətrafı onu “Mahirə” adı ilə tanıyıb. Qətlin baş verdiyi ilk günlərdə mediada bu qadının adı Mahirə kimi qeyd olunub.

Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama, öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Günay İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00