Güneyli şair: “Dili yasaq ikən iddialı ədəbiyyat yaradan bir millətdir mənim millətim” – MÜSAHİBƏ

ismayil-ulker-foto-1Salam, İsmayıl bəy. Necəsiz? Qısaca uşaqlığınıza, gəncliyinizə baxaq…

Salamlar. Hər şeydən öncə bu söyləşiyə vaxt ayırdığınız üçün minnətdarlığımı bildiririəm.
İsmayıl Mədədi Osalı (ÜLKƏR). 17.05.1348 (08.08.1969) –cu ildə Güney Azərbaycanın Urmiya şəhərində orta hallı bir ailədə dünyaya göz açmşam. Mərhum atam Seyfullah əməkli ədliyyə karməndi idi. Anam Nüsrət ev xanımıdır. İlk, orta və mütəvəssitə dərslərimi Urmiyanın “Vəziri”, “Azadi” və “13 Aban” oxullarında bitirdim. 1367 (1988) -ci ildə Binab Üniversitəsində Fars dili və ədəbiyyatı bölümünə girdim və 1371 (1992) -ci ildə məzun oldum. 1378 (1999) -ci ildə Türkiyyəyə gedərək, Ankara Gazi Üniversitetində TÖMER (Türkçe ve Yabancı Dillər Öğrenim, Araştırma ve Uygulama Merkezi) diplomunu aldım. 1379 (2000) -cu ildə İzmir EGE Üniversitəsini qazandım və “Türk Dili ve Edebiyatı” Bölümü “Türk Lehçeleri ve Edebiyatları ana bilim dalı”nda yüksək lisans yapdım. 1382 (2003) -ci ildə Prof. Dr. Yavuz Akpınarın danışmanlığıyla yazdığım Marağalı şairimiz “Bulud Qaraçorlu Sehend”in Hayatı ve Eserleri Üzerinde Bir Araştırma” adlı tezimi müdafiə etdim… 1385 (2006) -ci ildə Bakı XƏZƏR Üniversitəsində Prof. Dr. Hamlet İsaxanlının elmi rəhbərliyi ilə Azərbaycan Dili (Türkcəsi) və Ədəbiyyatı bölümünün PH.D dərslərini keçirdim. Uyğun zamanda “Məşrutiyyətdən Günümüzə Qədər Güney Azərbaycan Sərbəst Şer Gəlişimi (İnkişafı)” adlı dissertasiyamı (doktorantura tezini) müdafiə edəcəyəm. 1363 (1984) –cü ildən etibarən çeşitli Türkcə heca qalıblarında və sərbəst formada şerlər yazmağa başlamışam. 1370 (1991) –ci ildə “Rudəki” intişaratına verdiyim ilk şer kitabı “Günəş Tonqalı, Yalqız Bitki” iki il gecikdikdən sonra 1372 (1993) –ci ildə basıldı. 1377 (1998) –ci ildə “Buyur Addım At” adlı ikinci şer kitabım oxuyucularıyla tapışdı. 1383 (2004) –cü ildə “Bir Salxım Dan Yeli” adlı üçüncü şer kitabım nəşr oldu. 1386 (2007) –cı ildə “Sevda Yoldaymış” adlı dördüncü şer kitabım yayınlandı. 1392 (2012) – ci ildə “Məni Başdan Yaradana” adlı şeir kitabım Tehranda yayınlandı. Altıncı şeir toplusu və “Bulud Qaraçorlu Səhəndin Həyatı və Əsərləri” hazırlanmaqdadır. İndilikdə Urmiyədə İstanbul Türkcəsi (TÖMER) və (ALES) dərslərini oxutmaqla məşğulam. Urmiyə Üniversitəsində İstanbul Türkcəsi və Ədəbiyyatı Bölümünün Öyrətim Üyəsiyəm və eyni üniversitetdə müəllim işləyirəm.
Evliyəm və Araz, Elay adlarında bir oğlum və bir qızım var.

Səhv etmirəmsə, müharibədə olmusuz.

Müharəbədən məqsədiniz İran-İraq savaşıysa, yox, qatılmamışam, çünkü əsgərlikdən muaf tutulmuşam. Ancaq mövzü torpaq və bayraq olursa kitabxanada, yazıxanada yox, müharibənin birinci sırasında savaşanlardan biri olmağı arzulayıram.

Hazırda nəylə məşğulsuz, harada yaşayırsınız?ismayil-ulker-foto-2

Gözəlim Urmiyada yaşayıram. Azərbaycanın bu tarixi şəhərində doğulduğuma görə də çox şadam. Bura mənim doğum döşəyim olduğu kimi, ölüm döşəyim olacaqdır. Heç bir güc məni bu şəhərdən qopara bilməz. Yayın evimizin salonunda Türkiyyəyə gedəcək olan tələbələrə İstanbul Türkcəsi və ədəbiyyatı oxuduram. Ayrıca bildiyiniz kimi Urmiya üniversitetində keçən ildən İstanbul Türkcəsi və Ədəbiyyatı bölümü açıldı… Orada da dərslərə girirəm və müəllim işləyirəm. Ancaq bütün bunların başında həyatımı şeirə adamışam… Təbir yerindəysə “Şeir işləyirəm”!

Urmiyada vəziyyət necədi? Ana dilində yaza bilirsiz?

Ana dili yazıb oxuma baxımından Urmiyanın vəziyyəti Güney Azərbaycanın durumundan fərqli deyil. Yəni, rəsmi olaraq məktəblərdə oxudulmamaqdadır. Ancaq milli şüur və milli düşüncənin böyüklüyü, dərinliyi və çoxluğu bu problemi aşmışdır deyə düşünürəm. Günümüzdə olduqca güclü bir yazar-şair kütləmiz vardır. Düz yazıda biraz axsadığımız açıqca görülən nədənlərə görə bəllidir. Ancaq şeirdə belə deyil. Günümüz Güney Azərbaycan şeiri dünyanın avanqard şeiriylə atbaşı biçimdə irəliləməkdədir. Bunu qurur və rahatlıqla iddia edə bilərəm.

Yazdıqlarınızı harada çap edirsiz?

Az əvvəl də dediyim kimi özümün nəşriyyatım vardır. ÜLKƏR NƏŞRİYYATI. Buna görə də bu xususda hər hansı bir sıxıntım yoxdur. Bəzən yayınçı dostlarım xahiş edirlər ki, yazılarımı öz mətbəə ya da yayın evlərində basdırsınlar. Mən də onların istəklərini geri çevirmərəm.

Ədəbi mühitdən nə deyə bilirsiz? Güney Azərbaycanda yetişən müasir ədəbiyyatı necə qiymətləndirmək olar? Ana xətt nədir?

Aşağı yuxarı 4-cü sualda bu suala da qismən cavab vermiş oldum. Dili yasaq ikən iddialı ədəbiyyat yaradan bir millətdir mənim millətim. 35-36 il öncə sayıları iki əlin barmaq sayısından çox olmayan və gənəlliklə şair qələmdaşlarımızla və üstəlik bir-birimizdən xəbərsiz olaraq (!!) “Tək Dilliliyin“ təməllərini atmış olduq güneydə. Yazıqlar olsun ki, tənqidçilərin hamısına yaxın bir çoxluğu bu önəmli xüsusa diqqət yetirməyirlər. Tarix boyunca bizim şairlərimiz bəzən dörd, bəzən üç və nəhayətdə iki dildə əsərlərini yaradıb və üstəlik bununla da öyünüblər. Ancaq biz üç, ya da dörd dili ana dilimiz qədər bildiyimiz halda qutsal ana dilimizdən başqa bir dildə yazmamağa sanki and içmişdik. Ancaq and içmək yetərli deyildi. Bunu başarmalı və layiqincə yerinə yetirməliydik. Bu uğurda başarılı olub olmadığımızı zamanın qəzavətinə buraxmalıyıq…

Azərbaycan dilində ədəbiyyat oxuya bilirsiz, kitablar varmı? 

Hər şeydən öncə bunu deməliyəm ki, Güney Azərbaycan aydınları və qələm sahibləri Quzeyimizdə işlədilən “Azərbaycan Dili“ terminylə razılaşmayırlar. Bu adın niyə qoyulduğunun fərqində olduğumuz üçün də qılı qırx yarmamağa çalışırıq. Nəysə, bu başqa məsələdir… Biz sizin tərsinizə olaraq Azərbaycan Türkcəsi terminini işlədirik. Yuxarıda da təmas etdiyim kimi güneyli avanqard yazarlarımız ən azı iki dili ana dili kimi oxuyub qavraya bilirlər. Quzey Azərbaycanın istiqlalından öncə, Kril / Sirilik əlifbayla yazılan kitabları çətinliklə də olsa əldə edib oxuyurduq. Azərbaycan Latın əlifbasına keçdikdən sonra da ki, heç sıxıntımız olmadı. İnternetin və uydunun yayqınlaşması sayəsində İstanbul Türkcəsini də – dil ədəbiyyat maraqlısı olan hərkəs ana dili kimi bilməkdə və ədəbiyyatını ciddi biçimdə izləməkdədir. Bir sözlə demək gərəkirsə ulu millətimin önündə göstərdiyi bu dayanışma və dirənişinə görə baş əyirəm. Gələcək hər baxımdan bizimdir.

O taylı, bu taylı çağdaş Azərbaycan dilli ədəbiyyatı necə müqayisə edərdiniz? Gözə dəyən fərqlər hansıdır? 

ismayil-ulker-3Aman aman… Birbirimizə O tay, Bu tay, O taylı Bu taylı deməkdən elə utanıram ki, alnımda soyuq tər muncuqlanır, gözlərim dolur… Nəysə, demək ki, bu da danılmaz bir gərçəklikdir. İndi iki qardaş söyləşirkən yer dəyişdirməliyik. Yəni siz olursunuz O Taylı, biz isə Bu Taylı!!

Şairim, aramızdan axan bir Araz var, gəlin bu termini də Arazın boynuna qoyaq. Təbirinizcə hələlik “nəysə” deyərək keçək. 

Yenə də deyək: Nəysə. Açıq söyləmək gərəkirsə məncə Quzey şeiri dayanıbdır. Ancaq Güney şeiri dayanışma içindədir. Quzey şeiri normal yaşamına davam edir, amma Güney şeiri savaş halındadır. Savaş halında olduğuna görə də yeni yollar arayışındadır. Arayır, tapır da! Güney şeiri varlıq təlaşındadır, ancaq Quzey şeiri rutin yaşamında vaxtını keçirir. Bir sözlə deməli olsam, Quzey şeiri dincəlir, ancaq Güney şeiri yol döyür, yol təpir… Fəqət nəsrdə, ya da düz yazıda yüz əlbəttə bunun tərsi düzdür. Bəlli bir eyitim görmüş aydınlarımızdan başqa sağlam ədəbi əsər ortaya qoya bilən yazarımız azdır. Hörmətli şairə və yazarımız Nigar xanım Xiyavi başda olmaq üzərə hekayə, ya da daha doğrusu düzyazı yazmaqda da bir addımlar atılmaqdadır. Yaş, baş və əl ilə tutulur iş kriterlərini ölçü etməz isək, Rza Bəy Kazimi, Mahmıd Bəy Məhdəvi, Hamid Əhmədi, Qəfur Bəy İmamizadə, Məcid Bəy Rasti, Rüqəyyə Xanım Kəbiri, Fəranək Xanım Fərid, Hümmət Bəy Şəhbazi və s. … kimi adları sadalaya bilərik. Bu listəni daha da uzatmaq olar deyə düşünürəm. Ancaq zamanın hökmünü də gözləməliyik…

Bu yandan müasir yazarlardan kimləri oxuyursuz, bəyənirsiz? 

Xəbərləşmə araclarının gəlişməsi sayəsində həmən hər gözəl, bədii və bir sözlə qabarıq özəllikləri olan əsərlər anında burada əks sədasını tapır… Vəfat etmiş şairlərimizdən Mikayıl Müşfiq, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə və… Həyatda olan şairlərdən isə qardaşım Rasim Qaraca aracılığıyla Alatorandakı bacı-qardaşlarımın şerləri, Ramiz Rövşən ilə Rüstəm Behrudi kimi şairlərin və onların çevrəsindəki şairlər- deyə bilərəm ki, reytinq qırmaqdadır.

Sərdar Amin, A24.Az

 

 Anam Urmuya…

Eşidirsinizmi siz də?
Urmuya qulaq asıram Urmuya!
O qumruları səs-səsə verənməmiş çınarı dinləyirəm!
Siz də dalırsınızmı?
Urmuya dalıram mən Urmuya!
Fərələrini qorumağa qanad gərən o vüqarlı “qu”ya…
“Zartoşt” ocağı başındayam -İsti və sıcaq-
Odlar yurdunun çörək qapısındayam.
Təndir, bərəkət qoxuyur tənim.
Un kimi üzüm ağ!
Üskük-üskük su daşıyır,
Dəyirman dolandırıram…
Urmunu işləyirəm Urmunu!
“Ülkər”əm!
Ağzında yüyən çatlayan Urmudan gələn bir at üstündəyəm.
Hələ də görürəm!
Siz də görürsünüz
Gördünüz, deyilmi?
… Qırmancladı “saman meydanı”nda
Buğda tığımı “qızıldiş qəşə”
Gözü göy gavur qaldırdı bir baş
Məscidimin düz qapısında qan piyaləsini!
Hələ də cingildəyir bazarımın bacasında
-Eşidirsiniz deyilmi?
– “Mal-i əcəm həlalə!” səsini…
“Qabağı donuz Dalısı dəniz” şəhərim!
Tanığımsan, Məhşər günüdür, Şahidim ol!
Minlərcə dağıldıq, yüzlərcə boğulduq
Onlar yol , onlar yol…
Yenə səndən umduq çaramızı!
Sadəcə sənin qapına gəldik.
Olub bitəni övladına sormadın,
Sən sarmadın!
Duzunla diri saxladın yaramızı
Ayınla ulduzunla ayazınla
Döllədin qəbirlərimizi
“Kazım xan”, “Qurd Osalı” Boğazıyla böylə uladın:
Bu ölkədən bir çınqıl yad nalına dərilməz!
Can-başdan pay verilsə, torpaqdan pay verilməz!
Və qalxdıq qəbirlərimizdən
At döşündən
İt dişindən aldıq səni,
Səni yenidən doğduq əziz şəhərim,
Sən Yenidən doğuldun kişi bətnimizdən.
Və sonra iliklərimizə işlətdin bu yasanı hayqıraraq:
-Nə qədər varsa gəlsin,
yurdumuza göz tikən
Çağırılmamış qonaq!
Türkük Qonaq sevərik!
Torpağımızın üstündə də olmasa
Hamısına altında yer verə bilərik.

İsmayıl Ülkər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR