Hacı Şahin 4 min azərbaycanlını Kərbəlaya necə pulsuz aparır? - ARAŞDIRMA

Hacı Şahin 4 min azərbaycanlını Kərbəlaya necə pulsuz aparır? – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

İlk dəfə olaraq İraq hökuməti azərbaycanlı şiələrə Ərbəin ziyarəti zamanı yerləşməyə yardımçı olacaq.

Üstəlik bu yardım heç bir qarşılıqlı maddi yardım güdmədən həyata keçiriləcək. Səbəb isə İmam Hüseynin 40 mərasimində Kərbəla şəhərində sıxlığın yaşanması və insanların günlərlə qalacaq yer axtarmasıdır. Onlar 4 min azərbaycanlı zəvvarı mədrəsədə qalacaq yer və gündə 3 dəfə yeməklə təmin edəcəklər. Bəs niyə İraq hökuməti bu müjdəli xəbəri QMİ vasitəsi ilə deyil, “Salam Tour” şirkəti vasitəsi ilə zəvvarlara çatdırıb?

Elə, ağlımızdakı o suala cavab tapmaq üçün həmin qərarın qəbul edildiyi görüşdə iştirak edən QMİ-nin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli ilə əlaqə saxladıq. İlahiyyatçı “Salam Tour” şirkəti ilə olan əlaqəsindən danışdı:

“Ümumiyyətlə, bu, “Salam tour” şirkətinə tapşırılmayıb. Azərbaycandan müxtəlif qruplar vasitəsilə gedən zəvvarlar ki, var onlar əlaqə saxlayıb həmin yerləri özləri üçün götürə bilərlər. Bu təkcə tur şirkətinə aid məsələ deyil. Bildiyim qədəri ilə “Salam tour” şirkəti bu ziyarətlərə o qədər də zəvvar aparmır. Bu bütün şirkətlərə aiddir və mən özüm də QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq orda görüşlər keçirirdim, Həmin görüşlərdə də idarənin nümayəndəsi olaraq iştirak edirdim. Yəni bunun konkret olaraq “Salam Tour” şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur. Sadəcə o xəbəri onların vasitəsi ilə çatdırıblar. Çünki biz həmin şirkət vasitəsi ilə orda görüşdük. Birmənalı olaraq bilinməlidir ki, bu “Salam Tour” şirkətinə verilməyib, ümumiyyətlə Azərbaycandan gedəcək zəvvarlara verilib, fərqi yoxdur hansı şirkətlə gedir və ya gedəcək. Hər kəs istədiyi tur şirkətinə müraciət edib ziyarəti götürə bilər. Azərbaycanda bir çox şirkətlər Kərbəlaya ziyarət təşkil edir, onlarla belə şirkət və qruplar var. Və QMİ də bu istiqamətdə yenicə fəaliyyətə başlayıb. Bu məsələ bütün qruplara, eləcə də QMİ idarəsinə aiddir”.

Nəzərə alsaq ki, şiələr təkcə Azərbaycanda deyil, bu addımın məhz bizim ölkədəki zəvvarlar üçün atılması ağıllarda ikinci bir sual işarəsi yaradır. Bildiyimiz kimi Türkiyədə də bu ziyarətə gedən şiələr çoxdur. Lakin onlar üçün heç bir yardım və güzəşt nəzərdə tutulmayıb.  Bu kimi imkanların niyə Türkiyədəki şiələr üçün deyil, məhz Azərbaycandakı şiələr üçün yaradıldığına gəlincə, bu qaranlıq məqamı millət vəkili Fazil Mustafa aydınlatmağa çalışdı:

“Burda xeyirxah niyyətdən söhbət getmir. Məqsəd azərbaycanlı şiələri lazım olanda öz dövlətinə qarşı çevirməkdir!”

“Bu kimi fəaliyyətlər qonşu dövlətlərin Azərbaycanda özlərinə yaxın insanları nüfuz dairəsi altında saxlamaq, lazım olanda onları Azərbaycan dövlətinə qarşı çevirmək üçün bu faktordan istifadə etmək, beyin yuma kimi təbliğat vasitələri ilə insanların orda olduğu müddətdə onların hansısa dövlətin xeyrinə çalışma istiqamətində fikirlər aşılamaqdır. Bu işlər məhz bu məqsədlə görülür. Burda xeyirxah niyyətdən söhbət getmir ki…Xeyirxah niyyət odur ki, əgər belə pulları varsa, Həcc ziyarətini keçirmək üçün imkan yaratsınlar. Dində vacib olan Həcc ziyarətidir, bəzən Kərbəla ziyarətini Həccdən üstün sayan bəzi təbliğatlar aparılır və Azərbaycanda buna göz yumulur.

Mən hesab edirəm ki, bu, Azərbaycan tərəfi üçün ciddi məsələdir. Azərbaycan əleyhinə kadrların hazırlanması, Azərbaycan əleyhinə çalışacaq bir qüvvənin formalaşması düşünülmüş bir variantdır”.

Söhbət Ərbəin ziyarətindən düşmüşkən, QMİ ilə turizm şirkətlərinin təklif etdiyi ziyarət turları arasında böyük qiymət fərqinə yəqin ki, nəzər yetirmisiniz?! Belə ki, QMİ-nin açıqladığı Kərbəla, Nəcəf və Məşhəd ziyarətlərinə avtobusla 10 günlük səfərin qiyməti 350-400 dollar, təyyarə ilə 10 günlük səfər isə 1200-1300 ABŞ dolları arasındadır. Digər turizm şirkətlərində isə avtobusla tur 235-270-350 dollar arasında dəyişir. Təyyarə ilə Ərbəin ziyarətinin qiyməti isə 630-950 dollar arasındadır. Əgər bu tip turları isanların cibinə uyğun təşkil etmək mümkündürsə, QMİ-nin böyük qiymət fərqinə nə ad vermək olar?

Hətta ikinci bir müqayisə üçün qonşu Türkiyədə bu tip ziyarətlərin qiymətini  təqdim edirik:

 

 

A24.az olaraq cavablandırılması zəruri olan bəzi suallarımız var:

1. Qafqaz Müsəlmanları İdarəsi Kərbəlaya tur təşkil etdiyi halda, qurumun nümayəndəsi niyə başqa turla səfərə gedir?

2.“Salam tour” şirkəti ilə əlaqəsinin olmadığını dediyi halda bu şəxsin adıçəkilən şirkət üçün “o qədər də zəvvar aparmır”ını necə başa düşək?

3.İraq hökumətinin Azərbaycanda nümayəndəliyi yoxdurmu? Yoxdursa, “Salam Tour” onlara necə yardım edir?. azərbaycanlı hansı kriteriyalara görə seçilir.

4.Bu adamları kim və ya kimlər müəyyənləşdirir?

5.Bu adamlar Azərbaycanda həmin quruma və onlara bu şəraiti yaratdıqlarına görə necə təşəkkür edəcəklər?

6.Qafqaz Müsəlmanları İdarəsinin dini təhsili olmayan səlahiyyətlisi kimin adından ordakı sənədə imza atıb?

7.Niyə Türkiyədən və ya başqa ölkələrdən gedən insanlara deyil, məhz Azərbaycandan gedəcək 4000 insana sponsorluq edirlər?

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar