Həmid Məhərrəmovun “Transformasiya”sı

Həmid Məhərrəmovun “Transformasiya”sı
Want create site? Find Free WordPress Themes and plugins.

Yazıçı olmasaydım, heç şübhəsiz, rəssam olacaqdım. Uşaqlıqdan rəssamlığa sonsuz həvəsim olub, orta məktəb illərində çəkdiyim rəsmlərin bəziləri indi də arxivimdə qalır. Xalam oğlu Ağakərim də naturadan gözəl rəsmlər çəkirdi, nədənsə onun da arzusu elə arzu olaraq qaldı… O, təhsil almadı, ömrünü təsərrüfata həsr etdi, mənsə sözün arxasınca getdim. Amma rəssamlığa marağım heç öləzimədi, dünya rəngkarlığı ilə bağlı harda nə material rastıma çıxırdısa, acgözlüklə oxuyurdum. Mətbuatda ilk yazım da rəssamlıqla bağlı idi; indi Almaniyada yaşayan rəssam dostum Cəfər Talıboğlunun sənət dünyası haqqında yazmışdım.

Jurnalistika mənə çoxlu rəssam dostlar qazandırdı. Ara-sıra dostların rəsm sərgilərində iştirak edirəm. Amma çoxdandır rəssamlıqla bağlı yazılar yazmıram. Sonuncu dəfə Cəlil Cavanşirlə birlikdə Yusif Mirzənin S. Vurğun adına Rus Dram teatrıyla üzbəüz binadakı emalatxanasında olmuşduq və Yusif bəyin doyumsuz söhbətləri, emalatxananın sirli-sehrli aurası bizi başqa bir aləmə çəkib aparmışdı. Biz kulis.az üçün Yusif Mirzənin emalatxanasından geniş bir reportaj hazırladıq. Xatırladım ki, Yusif həm də gözəl şeirlərin müəllifidir, təpədən-dırnağa yaradıcı adamdır. Əməkdar rəssam Ənvər Qarayevlə isti, məhrəm münasibətimiz vardı, dəfələrlə onun sərgilərində iştirak etmişdim, haqqında yazı yazmışdım. Arif Məmmədlini minnətdarlıq hissiylə xatırlayıram. 90-cı illərdə Jurnalistlər Birliyinə tez-tez yolum düşürdü, Arif müəllim orda çalışırdı. Son dərəcə istedadlı bir rəssam idi, onlarla bədii kitabın rəssamı olmuşdu. Sonuncu dəfə onunla görüşəndə Fransadan – Pol Qogenin vətənindən yenicə qayıtmışdı və Paris haqqında sonsuz bir heyranlıqla, şövqlə, yaradıcı insanlara xas ehtirasla danışırdı. Bir müddət qayğılar başımı qatdı, onunla əlaqəmiz kəsildi. İşlə bağlı Jurnalistlər Birliyinə getmişdim, o vaxt Birliyin sədri qocaman jurnalist Hacı Hacıyev idi. Söhbət əsnasında Arif müəllimi soruşdum, Hacı müəllimin üzünə hüzn çökdü: – Arif müəllim bir neçə il bundan vəfat edib. Ürək tutması… Necə dostsan, xəbərin yoxdur…

Bir məqamı da qeyd edim, sonra əsas mətləbə keçək. “Ulduz” jurnalının məsul katibi, ağsaqqal və həmişəcavan dostum rəssam Ədalət Həsənlə hər dəfə küçədə, Yazıçılar Birliyinin dəhlizlərində rastlaşanda uzun-uzadı söhbətləşirik. Bir dəfə Ədalət müəllim dünyadan vaxtsız getmiş rəssam Arif Əsgərov haqqında xatirələrini mənilə bölüşdü və əlavə elədi ki, Arif bizim hamımızdan istedadlı idi. Təəssüf ki, belə bir istedadlı insan unudulub. Bəlkə onun haqqında “Qobustan” jurnalına bir yazı yazasan? Söz verdim ki, yazacağam. Hələ də o yazını yazmamışam…

Rəssam dostlarımla bağlı xatirələrim çoxdur. Gənc və istedadlı rəssam dostum Həmid Məhərrəmov haqqında yazmağa başlayarkən istər-istəməz bu anılar da yaddaşımda təzələndi. Həmidin 37 yaşı var, rəssam ailəsində doğulub, genetik bağlılıq onu bu sənətə gətirib. Xeyli uğurlar qazanıb.  Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil aldığı illərdə bir sıra beynəlxaql sərgilərdə iştirak edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsini bitirib. Xalq rəssamı Böyükağa Mirzəzadə, əməkdar rəssam Fərman Qulamov kimi ustad sənətkarlardan dəsr alıb. Rəsm əsərləri Polşa, Rusiya, Gürcüstan, Fransa və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Həmid Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

“Atamın sevgilisi” nəsr kitabımı nəşrə hazırlayarkən kitabın üz qabığı üçün uyğun bir şəkil tapa bilmirdim. Gənc yazıçı dostum Səxavət Sahillə məsləhətləşəndən sonra qərara gəldik ki, üz qabığı üçün rəsmi hansısa bir rəssama sifariş edək. Beləcə, Həmidlə tanışlığımız yarandı. O, həmin kitabın rəssamı oldu və düşündük ki, gələcəkdə də bu əməkdaşlığımız davam etsin.

Elə rəssamlar var ki, yaradıcılıq, ruh etibarilə, dünyanı anlamaq, ifadə etmək baxımından bir-birini xatırladırlar. Azərbaycan təsviri sənətinin Rasim Babayev, Mircavad Cavadov kimi nümayəndələri birmənalı olaraq “Abşeron məktəbi”nə şamil edirlər. Həmidin rəsmlərində də bu yön, bu ab-hava, Abşeron estetikası duyulur. Bu rəsmləri bir cərəyan, izm daxilində təhlilə çəkmək niyyətim yoxdur, bu, sənətşünasların işidir. Sözsüz ki, Həmidin rəsmləri haqqında sənətşünas dostlarımız da öz sözlərini deyəcəklər.

Bu, bir tanıtım yazısıdır. Mart ayının 14-də “1969 ream” Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə onun “Transformasiya” adlı fərdi sərgisi keçiriləcək. Sərgidən sonra yəqin ki, təəssüratlarımı yazacağam.

Həmidə uğurlar arzulayıram!

 

Kənan Hacı

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar