Həmidə Ömərova: "Rejissorlar öz bacarıqsızlıqlarını aktyorların boynuna atırlar..." - MÜSAHİBƏ

Həmidə Ömərova: “Rejissorlar öz bacarıqsızlıqlarını aktyorların boynuna atırlar…” – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

img_5661Xalq artisti Həmidə Ömərovanın A24.Az -a verdiyi müsahibəni təqdim edirik. Aktrisa müsahibədə sənət və kino mühiti haqqında sualları cavablayıb.

Həmidə xanım, xoş gördük. Necəsiz? Hazırda çəkildiyiniz və ya çəkilməyi planladığınız film varmı?

Xoş gördük. Təşəkkür edirəm. Hazırda bir filmin çəkilişləri ilə bağlı iş gedir. Yaradıcı prosesdəyik. Müsahibədən əvvəl kollektivlə razılaşdıq ki, bu barədə hələki açıqlama verməyəck. Çünki, mən neçə ildir kinodayam və əminəm ki, nəfs deyilən bir şey var. Təxminən 1 il əvvəl beynəlxalq bir layihə işləyəcəkdik. Hər bir detal hazırlanmışdı. Artıq rollar da təsdirqlənmişdi. Mətbuat konfransı da keçirildi. Sonra nə oldusa, layihə alınmadı. Ona görə düşünürəm ki, gərək iş tam olaraq başlasın, çəkiliş meydançasında olanda bu barədə danışa bilərik.
Hazırki işim bədii kino ilə bağlıdır. Bir neçə ssenari var ki, onlara baxırıq.

Son vaxtlar “Aşura” filminə çəkilmişdiniz…

Bəli. Çox gözəl filmdir. Mehdi Yaqubovun filmi. Çox gözəl insandır, inanclı adamdır. Film aşura ilə bağlı qısa filmdir. Aşura günü efirdə yayımlanıb. Maarifləndirici filmdir.

Cəmiyyətimizdə bu mövzuya münasibətlər fərqlidir. Siz aşura mövzusunda nə deyə bilərsiz?

Mən namaz qılan insanam. 2005-ci ildən namaz qılıram. Çox gənc yaşlarımdan oruc tutmuşam. Həmişə nənəmdən nümunə götürmüşəm. İnanclı adam idi. Məscidə gedərdi, kasıblara kömək edərdi. Yəqin ki, mənə də ondan keçib. İstəyirəm insanlara kömək edim. İndi vəziyyət doğrudanda çox pisdir. Ən azından insanlar gərək bir-birinə mənəvi yöndən dəstək olsun. Aşura günündə də Aşura ilə bağlı nə lazımdırsa, onu edirəm. Dinimizdə, inancımızda göstərildiyi kimi əməl edirəm.

Bir neçə il əvvəl nənəniz haqqında bir yazınızı oxumuşdum, dərsdən gəlib namaz qılan nənənizdən nəsə istəyirdiz, ona mane olursuz. Maraqlı yazı idi. Yazırsınızmı?

1990-cı illərdə vəziyyət çox gərgin olanda mən əlavə bir iş kimi yazmağa başladım. Seymur Elsevər əlaqələndirdi. Dedilər ki, heç olmasa çəkildiyin aktyorlar haqqında rubrika yaza bilərsən. Mən yazdım, sonra “Bizim əsr” qəzetinin baş redaktoru Məqsəd Nur təklif etdi ki, “Dünən, bu gün, sabah” adı altında köşələr yazaq. “Dünən”i birimiz, “Bu gün”i birimiz, “Sabah”ı digərimiz yazırdıq. Beləcə mənim köşələrim çıxmağa başladı. Ondan sonra balaca hekayələrim əmələ gəldi. Hər il deyirəm ki, bu hekayələri bir kitab şəklində çıxarım, amma eləcə qalır. İllər də keçir. Biz insanlar bu barədə çox tənbəlik. Mən həmişə heç nə bacarmasalar da, çap olunan, bu günün işini sabaha saxlamayan adamlara həsəd aparmışam.  Dünya kino tarixi ilə bağlı proqram yazmışam, Amertika kino tarixi ilə bağlı iki cildlik yazım var, bir bədii film, bir serial ssenarim var. Amma heç birini həyata keçirməmişəm, yazmışam, qalıb. Son günlərdə beynimdə bir məişət komediyasının ssenarisi var. İstəyirəm onu yazım. Axır vaxtlar məni komediya yaman çəkir. (Gülür)

Azərbaycanda uğurlu aktrisa olaraq, eyni zamanda xoşbəxt, uğurlu ailə sahibi olmaq mümkündürmü?img_5659

Ümumiyyətlə, indi uğurlu ailə qurmaq çox çətindir. Bunu təkcə aktrisaya deyil, hər kəsə aid etmək olar. O da qaldı həmin qadın iş adamı ola. Mən özümdən götürüm. Yaxınlarda bizim bir tamaşamızın premyerası olacaq. Azərbaycanda ilk absurd tamaşa. Ejen İoneskonun “Stullar” əsərini səhnələşdirmişik. Gənc rejissor İlkin Mehdiyev qurub tamaşanı. Azər Paşa Nemətov bədii rəhbərdir. Biz 3 xalq artisti; Hacı İsmayılov, Rafiq Əzimov və mən rol almışıq. Yaradıcı proses çox vaxt alır. Nəinki uğurlu ailə, heç övladının tərbiyyəsinə də vaxt ayıra bilmirsən. Belə olduqda ailədə sağlam mühit olmur. Uşaqlara tam olaraq valideyn qayğısı göstərmək olmur. Psixoloji durumda belə ailələrdə çox çətin olur.
Mən, məsəl üçün dublajda işləyəndə, məcbur olurdum oğlumu dərsdən çıxan kimi özümlə aparım AzTV-yə. Orada bütün aktyorlarla dostlaşmışdı, çox dəcəl uşaq idi. Onlar da onun nazı ilə oynayırdı. Dəhlizləri uçurdurdu. Beləcə oğlumun həyatı yaradıcılığımla bağlı olub. Ona görə də mən söz vermişdim heç vaxt oğlumu qoymaram bu sənəti seçsin. Düzdür, arzularının üstündən xətt çəkə bilməyəcəkdim, xoşbəxtlikdən özü bu sənəti seçmədi. Gördü ki, çox çətin bir prosesdir. Nə gecəsi var, nə gündüzü…

Rejissorlar, yaradıcı adamlar universitetlərin incəsənət istiqamətində yetişdirdiyi tələbələrdən gileylidir. Bir neçə gün öncə Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımovla müsahibə zamanı o qeyd etdi ki, universitetlərin bu istiqamətdə işi qənaətbəxş deyil, bu instansiyaların tələbə yetişdirməkdə ciddi problemləri var. Siz bir pedaqoq kimi bu mövzuda nə deyə bilərsiniz?

Mən bu yöndə tamam başqa fikirdəyəm. Elə rejissorlar, aktyorlar var ki, onların ixtisasları fərqlidir və ya ümumiyyətlə təhsilləri yoxdur. Yəni, istedad Allah vergisidir. Əgər tələbə istedadlı deyilsə, onun problemini universitetin boynuna qoymaq lazım deyil. ADMİU-ya da daxil olan tələbələr bal yığıblar, yaradıcılıq müsabiqəsindən keçiblər, onlara burada sənətin əlifbası, səhnə hərəkətləri, kamera önündə sərbəstlik və s. öyrədilir. Amma onun necə aktyor olacağı onun öz istedadı, öz bacarığından asıllıdır.
Ən başlıcası təcrübədir. Aktyor çəkilməsə, rol oynamasa alınmır. Çox vaxt rejissorlar öz bacarıqsızlıqlarını aktyorların boynuna atırlar, aktyorlar da əksinə. Mən heç birinin tərəfində deyiləm, bir həqiqət var ki, istedadlı rejissor o qədər də istedadı olmayan aktyoru cilalaya bilir. İstedadsız rejissor filmində ən güclü aktyorun da qabiliyyətini məhv edə bilir.
Mən məsəl üçün Gənc Tamaşaçılar Teatrında “Xortdanın cəhənnəm” məktubları tamaşasına baxdım – mən uzun illərdir bu teatrda müqavilə əsasında işləyirəm – o tamaşaya baxanda gördüm ki, ay Allah, sən demə bu teatrda nə qədər bacarıqlı aktyor ansamblı var imiş. Heyran oldum. Boris Manciyev qurmuşdu bu tamaşanı. Səhnədə 40-50 aktyor var idisə, hamsının da işi diqqət çəkirdi. Gözəgörünməyən aktyor qalmamışdı. Görürsünüzmü rejissordan nə qədər şey asıllıdır? Başqa bir ölkənin rejissoru gəlib Azərbaycanda elə tamaşa qurur ki, adam heyran qalır. Mən bu yaxınlarda Nicat Kazımovun da “Leyli və Məcnun” tamaşasına baxdım. Bəyəndim. Düşünürəm ki, tamaşa oynanıldıqca daha gözəl olacaq. Bəzi məqamlar var idi ki, onlar get-gedə düzələcək.

img_5660Azərbaycan kinosunun “gözəl qız obrazı” dedikdə əksər tamaşaçıların gözünün qarşısına Həmidə Ömərova gəlir. Sizi üçün bu gün aktrisalardan gözəl qız hansıdır?

Günel Həmidova, Vüsalə Həsənova, Sona Əliyeva, Asiya Atakişiyeva, Səbinə Məmmədova, Xuraman  Əliyeva, Şəbnəm Hüseynova, Günel Məmmədova…
Çoxdurlar, indi deməsinlər ki, adlarını çəkmədim. Çox istedadlı və qəşəng aktisalarımız var.

Özünüz rejissor olsaydınız özünüzə necə rol verərdiniz?

İndi bu barədə danışmaq çox çətindir. Elə yaş kateqoriyasındayam ki, daha çox ana, nənə rollarını oynaya bilərəm. Amma 5-10 il bundan əvvəl bu sualı versəydiniz daha maraqlı cavab verə bilərdim. İndi daha çox komik obrazıları oynamaq istəyirəm. Hazırda iki müxtəlif tamaşada rol oynayıram. İnsanlar düşünür ki, absurd tamaşada daha çox yoruluram, çünki, çox hərəkətlidir. Amma belə deyil. “Hasarın o üzü” sevilən tamaşadır. Ancaq o qədər dramatikdir ki, mən o tamaşadan sonra yoruluram. Komik obrazlar insanı müsbət əhvala kökləyir. Komik obraz oynasam yaşıma uyğun olmayan hərəkətlər də eləyə bilərəm. Komediyanın tələb etdiyi hərəkətləri eləyərəm, amma yorulmaram. Belə bir obrazı da özüm üçün fikirləşib tapmışam.

Azərbaycan kinosunun xilasını, inkişafını hansı cərəyanda, xəttə, estetikada görürüsünüz?

Sırf özünə, öz kökünə, Azərbaycana bağlı filmlərdə. Niyə Gürcüstan filmləri təsiri alınır? Siz SSRİ vaxtında bütün sovet ölkələrinin filmlərinə baxın, titrləri silsəz, elə bilərsiniz ki, hamısı eyni ölkədə çəkilib. Ancaq Gürcüstan filmlərində sırf Gürsüstan var, gürcü var. Mentaliteti, kökləri ilə bağlı filmlər çəkirdilər. Bizim musiqili komediyalarda olduğu kimi.

Söhbətləşdi: Sərdar Amin

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar