15303923_210809692706208_1347021209_o

 Həyasızcasına yaşamaq…

15303923_210809692706208_1347021209_oİntihar haqqında düşünən insan üçün ən pis şey özünü öldürmək deyil, bunu düşünüb həyata keçirə bilməməkdir. İntihar haqqında düşünüb intihar edə bilməmək və ya həyatla arandakı bağları tamamən qopara bilməmək çox iyrəncdir. İntihar düşüncəsinə qapılanda, həyat alt-üst olur, çığırından çıxır. Nə içdiyimiz içkilər, nə yediyimiz təamlar, nə qoxusundan məst olduğumuz çiçəklər, nə də dəlicəsinə sevdiyimiz insanlar bizi ovudur. Gecə-gündüz çırpınırsan, çabalayırsan və getdikcə tamamən çökürsən…

…İntihar düşüncəsinə qapıldınmı, uğursuzluq səni qarabaqara izləməyə başlayır. Hərdən qısa müddətlik uzaqlaşsanda bu düşüncələrdən, hərdən ikiəlli yapışsan da həyatın ətəyindən xilas olmaq olmur, alınmır. Bu doğuşdan lənətlənmək kimidir…

Vərdişə çevrilmiş intihar düşüncəsindən iyrənc bir düşüncə ola bilməz. Məsuliyyət, vicdan, iradə – bu sözlər mənsızcasına dolaşır beynimizdə. Heç bir hiss, heç bir duyğu bizi bu düşüncənin təsirindən çıxarmağa qadir deyil. Ən kiçik unutqanlıq, ən xırda xəyanət, ən adi uğursuzluq bizi ümidsizliyə yuvarlayır…

Bir də inandığımız, güvəndiyimiz, yolunda canından keçməyə hazır olduğumuz adamların əsil simasını öyrəndikmi, həyat daha da çəkilməz, dözülməz olur. Fədakarcasına sevdiyimiz adamlar əslində bu sevgiyə layiq deyilsə, yaşamaq nə qədər maraqlı ola bilər ki? Daha çox inandığımız adamlardan xəyanət görürüksə, həyatdan bərk-bərk yapışmağın nə anlamı? Hər şey bom-boz, hamı saxta, hər tərəf  çirkab içindəysə, getmək ən gözəlidir bəlkə də…

Böyük şəxsiyyət bildiyimiz, nəhəng xarakter sahibi hesab etdiyimiz adamların ən mənasız şeylərin qarşısında əzilib-büzülməsi, buqələmun kimi rəngdən-rəngə düşməsi yaşamaq həvəsimizi bir az daha öldürməkdə, məhv etməkdə…

…Böyük işləri ətrafımızdakı heç kəs bacarmadı: inqilab etmədik, barrikada qurmadıq, işgəncədə dirənmədik, edam ayağında cəlladın üzünə tüpürmədik.

Tankın qarşısında sinə gərmədik, amma yalanların, ədalətsizliyin qarşısında keçilməz sədd ola bilərdik.

Savaşlarda ölmədik, amma ləyaqətlə yaşaya bilərdik.

Böyük savablarımız olmadı bəlkə də, amma kiçik günahlardan qoruna bilərdik…

Yox,  biz bunları bacarmadığımız üçün uğursuz deyilik. Böyük savaşlarda uduzanlar intihar etməz, intiharı düşünməz,  yenidən savaşmaq gücünü toparlayar, dirənər.

Biz xoşbəxt yuva qurmadığımız, bir qadının nazını çəkə bilmədiyimiz, yoxsulluqdan xilas ola bilmədiyimiz, kirayələrdə çürüdüyümüz, bankların borcunu ödəyə bilmədiyimiz, övladlarımızın ac qaldığına şahid olduğumuz üçün uğursuzuq. Adi, bəsit uğursuzluq kimi görünə bilər sadaladıqlarım. Uğrunda intihar ediləcək böyük səbəblər deyil əslində…

Həm də ona görə uğursuzuq ki, uğrunda canımızdan keçməyə böyük səbəblərimiz, böyük davalarımız, böyük amallarımız yoxdur…

…Və uğursuz olduğumuz üçün intihar düşüncəsindən xilas ola bilmirik. İntihar düşüncəsindən xilas olmağın bir yolu təvazökarcasına kəndiri boğazına keçirmək, ya da gülləni alnına sıxmaqdırsa, bir yolu da həyasızcasına, arsızcasına yaşamaqdır…

 

Cəlil CAVANŞİR

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR