“McDonalds”, “KFC”, “Burger King”… Niyə Azərbaycanın özünün “fast food”ları yoxdur? – ARAŞDIRMA

“Xoşbəxt o həkimdir ki, onun dərmanı qidadır və təklif etdiyi qida dərmandır”

Milli mətbəx mədəniyyəti mənsub olduğu ölkəni xaricdə tanıtmaq üçün ən önəmli istiqamətlərdən biridir. Yerləşdiyi iqlim şəraitindən və coğrafiyasından asılı olaraq ölkələr müxtəlif təamları ilə tanınırlar.

Subtropik və qismən də mülayim iqlim qurşağında yerləşən, 11 iqlim tipindən 9-na sahib Azərbaycan coğrafiyasında demək olar ki, hər cür meyvə, tərəvəz, taxıl bitkisi becərilir. Təsadüfi deyil ki, milli mətbəximiz Arandan Turana, Xəzərdən Asiyanın ucqar bölgələrinə kimi bütün dünyaya səs salıb.

A24.az bu dəfə milli mətbəximizdə olan yetərsizliklər barədə araşdırma aparıb. Nəyə görə, Avropa və Amerikanın böyük kompaniya və şirkətləri ölkəmizdə öz hazır qidalarının, “fast food”larının satışını realizə etməklə milyonlar qazanır, hələ üstəlik bizi ucu-bucağı görünməyən xəstəliklərə sürükləyir, ancaq Azərbaycanımızın nədən və necə hazırlandığına bələd olduğumuz təamları nəinki ölkə xaricinə, hətta ölkədaxili bazara belə marka, brend və “fast food” qismində daxil ola bilmir?

Bugün paytaxtın eləcə də ölkənin iri şəhərlərinin hansında başını yana çevirsən “McDonalds” “Coca-Cola”, “KFC”, “Burger King” və s. mənasını belə bilmədiyimiz adlarla satılan hazır qidalarla göz-gözə gəlirik.

1999-cu ildən ölkəmizdə fəaliyyət göstərən “McDonalds” şirkətinin 120 ölkədə 17 mindən artıq restoranı var. İnkişaf Etmiş ölkələrdə əsasən kasıb, bizdə isə tamamilə əksinə, varlıların müraciət etdiyi bu restoranlar şəbəkəsinin paytaxtda 5 filialı fəaliyyət göstərir. Yüksək qiymətli menyuya sahib bu “fast food” şirkəti il ərzidə ölkəmizdən Amerikaya milyonlarla dollar axınını təmin edir.

mc

Ölkədə ikinci populyar hazır qida markalarından sayılan “KFC” toyuq ətinin və qanadlarının müxtəlif baharatlarla zənginləşdirilmiş halının satışını həyata keçirir. Dəfələrlə yerli mətbuatda toyuğun içindən çıxan kənar maddələrə şahid olmuşuq. Təəssüf ki, hələ də şəhərdə “KFC” kassalarının önündə ucu-bucağı görünməyən insan sırasını görə bilərik. Üstəlik, bu brendin kommersiya sirri olaraq reseptini gizlətdiyini nəzər alsaq görərik ki, cərgədə düzülən insanalar özləri də, nə yediklərini bilmirlər. Qeyd edək ki, dünyanın ən böyük “KFC” restoranı məhz Bakıda yerləşir.

kfc

Son olaraq ölkəyə gətirilən ən məşhur qazlı içki “Coca-Cola”ya toxunaq. Dünyanın ən uzunmüddətli super şirkətlərindən biri olan “Coca Cola” müxtəlif aromatların qazlanaraq butulkaya doldurulmasından sonra süfrələrimizə gəlir. Diqqət yetirsəniz görərsiniz ki, qablaşdırılmanın üzərində “Soyuq halda için” yazısı var. Çünki isti halda zəhər kimi acı daddan başqa heçnə ala bilməzsiniz.

coca

İllər boyu şah süfrələrini bəzəyən, saraylardan çıxan Azərbaycan mətbəxini niyə bazara “fast food” qismində çıxara bilmirik?

Təhlil etdiyimiz məsələlərlə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovla əlaqə saxladıq. Əməkdar mədəniyyət işçisi bildirdi ki, buna əsas səbəb institut və tədris mərkəzlərində milli mətbəximizə aid dərslərin keçirilməməsidir:

“Buna ilk səbəb bizdə elmi-tədqiqat institutları yoxdur, ikincisi də bu sahədə Azərbaycan mətbəxi heç bir mərkəzdə əməlli-başlı tədris olunmur. Adicə mətbəx üzrə heç bir peşə məktəbi, texnikum, institut, universitet yoxdur.  Məsələn, İtaliyada ayrıca universitet belə fəaliyyət göstərir. Burada məhz İtaliya mətbəxi öyrənilir. Üçüncüsü, mənəm-mənəm deyən aşpazların çoxu mütəxəsis deyillər. Brendləşmək üçün çox böyük işlər, maliyyə və tədqiqatlar tələb olunur. Mətbəxi bilmək, içəridən qurmaq və xammal gətirmək lazımdır. Bilirsiniz ki, hətta “McDonalds” menyularına dürməklər yeridildi. Bizdə elə bilirlər ki, balaca bir restoran qurdunsa, artıq “fast food” kimi çalışa bilərsən. Bu, ən ağır konsaltinq növlərindən biridir. Bu, sadəcə  5-10, yaxud 100-200 minlə bitmir. Çünki onun elmi işlərinə də pul lazımdır. Müəssisə yaradılmalı və onun arxasında fabriklər durmalıdır”.

Tahir Əmiraslanov

Tahir Əmiraslanov qeyd etdi ki, mətbəximizə daxil olan bütün yeməklərdən “fast food” kimi istifadə etmək olar: “Elə bir yemək yoxdur ki, onu “fast food”a gətirmək qeydi-mümkün olsun. Bu, elə belə “oyun” deyil. Axmaqlar bu işə gedib, 10 milyon da qoysalar heçnə alınmaz. “McDonalds” Amerikanı daha yaxşı təmsil edir, nəinki səfirliklər. Bu gün “McDonalds”da böyüyən uşaqları sabah Amerika ordusunu asanlıqla qəbul edəcəklər. Bu siyasətdir, təbliğatdır”.

Əmiraslanov özünə “aşpaz” deyən yeməkbişirənlərdən də danışdı: “Bizim bəzi aşpazlar kişilənirlər ki, biz filan yerdə “fast food” yaradırıq. Onlar heç bir də ərsəyə gətirə bilməzlər. Bu, aşpazın işi deyil. Aşpazın işi yemək bişirməkdir, nəsə qurmaq yox. Bəzi savadsız aşpazlarımız elə bilirlər ki, alimlər bunların yanında qələt eləyir. Bu dəqiqə onlar arasında müzakirə gedir. Sübut eləmək istəyirlər ki, bu iş üçün təhsil və oxuma, savad önəmli deyil.  Sobanın yanında dayana bildinsə bəsdir. Ona görə də, restoranların hamısında eyni yeməyi verirlər. Hamı bir-birindən eyni şeyləri öyrənir çünki elə düşünürlər ki, aşpazlıq bilirlər. Onların bir adı var-yeməkbişirənlər. Bizim presslərimiz, televiziya və radiolarımız da harda axmaq aşpazlar varsa, onları təbliğ edirlər. Heç onlardan soruşan yoxdur ki, ay balam, gətir görüm heç olmasa hansısa peşə məktəbini bitirmisənmi? ”

İlhamə Bəhmənova, A24.Az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR