İçərişəhərdə Adəmin izləri  - FOTOLAR

İçərişəhərdə Adəmin izləri – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

img_6174Evini satıb fotoaparat alır

“6 yaşımdan rəsm çəkmişəm. 17-18 yaşımda fotoqrafiyaya başladım. 18 il foto çəkmişəm. 29 yaşım var idi, peşəkar fotoaparat ala bilmirdim. Ağlamaq istəyirdim. Sonda evimi satdım, istədiyim fotoaparatı aldım. Çox vasvası işləyirdim. Fotolarımı çox həssas çəkiridim.
4 il reklam şirkətində çalışmışam. Sonra əlində fotoaparat dolaşan o qədər adam peyda oldu ki, sənət gözümdən düşdü. Elə həmin ərəfədə də, fotoaparatımı oğurladılar.
Doğrusu bu oğurluq məni artıq o qədər yandırmadı.
Bundan sonra taxta üzərində oyma işi ilə məşğul oldum.
Ta ki, Binəqədidə ata evimin yanındakı təndirxanadan keçənə qədər. Bu ilin mart ayında ordan keçirdim. Gözümə bir kəsilmiş nar ağacı dəydi. Bax o nar ağacının bir hissəsini kəsib, onun üzərində bu sahədə ilk işimi gördüm. Bir kişi siması oydum.
Beləcə başladım”.

 

img_6160Küləyi dinləyən adam…

Adəm Zindaninin 38 yaşı var. Ağdamda doğulub. Qasım bəy Zakirin nəslindəndir. Ağac üzərində heykəltəraşlıqla məşğuldur. İşlərini İçərişəhərdə yarmarkada satışa çıxarır. Əsərlərinin özəlliyi təbii ağac üzərində işlənməsidir. Onun yaratdıqları təkcə şəxsi uğuru deyil, bu iş təbiətlə ahəngdə yaranır; işlədiyi materialı, yəni ağacları sel dağlardakı meşələrdən qoparıb dənizə gətirir. Sonra küləklər dənizdən alıb sahilə, Adəmə qaytarır. Beləcə təbiətlə müştərək bu insan simalarını, öz cənnətindən qopmuş ağaclar üzərinə həkk edir.
“Mən səhərlər material toplamağa gedəndə əvvəlcə küləyi dinləyirəm. Elə gün olur ki, küləyin istiqaməti tərs olur deyə, evdən çıxmıram. Çünki, külək mən istədiyim səmtə əsmirsə, burdan ora pul xərcləyib getməyə dəyməz. Onsuz da sahilə heçnə çıxmayacaq. Məsələn, Şıxovda dəniz mənə çox şey vermir. Çünki, orda külək adətən əks tərəfə əsir. Amma Novxanıda, Nardaranda başqa cürdü. Bu gün Sumqayıtdan gəlmişəm. Xeyli material tapdım. Dəniz, çay ağaclara qəribə formaya salır, öz təsirini göstərir, eyni zamanda bərkidir. Amma dənizdən çıxan ağac quruduqda o çürüyə bilər. Onunla ustacasına davranmaq lazımdır. Nar, heyva, hətta dəmir ağacında da işləmişəm. Daha çox palıdda işləmək “əl verir”. Çünki palıd ağacı nə yumşaq, nə də çox sərt ağacdır. Üstündə işləyəndə çatlamır.”.img_6169

Əsərləri satılanda da peşmandı, satılmayanda da.
Məşğul olduğu sahə nə qədər nadir olsa da, o, bu situasiyaya xarakterik olan davranış sərgiləmir, istəyir ki, bu sənətlə məşğul olanlar çoxalsın. Sırf buna görə də emalatxana üçün İçərişəhərdə otaq kirayəyə götürüb. Bu gün kim istəsə Adəmin yanında bu sənəti təmənnasız öyrənə bilər. Elə əsərlərini satışa çıxardığı məkan da İçərişəhərdir. Adəm fərqli adamdı, həm işlərindən pul qazanmaq istəyir, həm də onları satmaq istəmir.

“İlk işimi 20 manata satmışam. İşlərim arasında 10, 15, 20, 25, 50 manatlıqlar var. Satdığım işlərin demək olar ki, hamısının kimdə olduğunu bilirəm. Düzdür, insan öz sevdiyi sənətdən pul qazananda çox yaxşı olur. Amma məndə qəribə bir hiss var. Şənbə-bazar yarmarkaya çıxanda istəyirəm işlərim satılsın, amma o ki, satılır, qəribə qısqanıram. 5-6-sı satılanda artıq arzulayıram ki, daha alan olmasın. Bəzən qiymətdə 1 manat da düşmürəm ki, almasınlar, bəsdi. İndi işlərim azalıb. Xeyli yaxşı işlərim satıldı. Tez işləməliyəm. Onlar azalanda çox qəribə oluram”. img_6157

“Məni bu taxta-tuxtayla saxlayacaqsan?”
Adəmin xoşlanmadığı məqamlardan biri də onun materiallarına taxta deyilməsidir. O deyir ki, ağac təbiidir, başqa şeydir, amma taxta artıq ağacın meyitidir, bir hissəsidir. Mən taxta ilə işləmirəm, ağacla, budaqla işləyirəm:

“Yoldaşımla evlənməyə qərar verəndə mənə dediyi söz heç vaxt yadımdan çıxmır. Gərək bunu deməyəydi: “Məni bu taxta-tuxtayla saxlayacaqsan?”
Düzdür, mən bacardım. İndi daha o sözü demir. Mən gedib material gətirəndə qabağıma çıxır, mənə kömək eləmək istəyir. O “taxta-tuxta” dediyi ağacları əlimdən alır. Keçən dəfə dedi ki, məndən çox bu ağaclara baxırsan. Səni yonduğun bu sifətlərə qısqanıram.
– Bəlkə bu qədər kişi simaları yonsaz da, aralarında bir dənə də olsun qadın simasının olmamasının səbəbi də budur.
– Yox. Mənim işlədiyim ağaclar çox kobud, sərt olur. Həm də işlərim daha çox emosional, sərt, çıxıntılı cizgilərlə diqqət çəkir. Mən axı bunun üzərində qadın gözəlliyi yaratmağa çalışsam, düzgün görünməyəcək. Yox, əgər, ebəcər, qeyri adi qadın yonsam, bu da alınan deyil. Bircə “Küpəgirən qarı” yona bilərəm. (Gülür). Bir məsələ də var ki, mənim əksər alıcılarım qadınlardır. Qadın da qadın almayacaq. O, daha çox kişi simaları alır.img_6145

Niyə vahiməli simalar?
Sujet xəttinə, əsərlərinin hekayəsinə gəlincə, bunu da Adəmə təbiət verir.

“Mən artıq bir ağacı, budağı uzaqdan görəndə üzərində nə işləyəcəyim gözümün qabağına gəlir. Mən o şəkli həmin ağacda görürəm. Ona görə düşünürəm ki, mən onların üzərinə məşhurları oymağa çalışsam, bu süni ola bilər. Həm də xaricilər bizim məşhurları tanımırlar, onlar üçün ağacın üzərindəki simanın daha çox şey ifadə etməsi daha maraqlıdır, tanınmış olması yox. Elə bizimkilər üçün də belə olmalıdır”. img_6150

Avropda yaşasaydım cinsiyyət orqanları hazırlayardım…

Mən bir müddət ağacdan cinsiyyət orqanları da hazırladım, ancaq təəssüf ki, insanlar buna sənət gözü ilə baxa bilmədilər. Qəribə yanaşmalar oldu. Burda belə şeylər alınmır. O tip işlərə başqa gözlə necə baxmaq olar axı? Avropada oyaşasaydım yenə hazırlayardım. Amma…

img_6149

Alma ağacı – ADƏM
Bu arada tarixi, fəlsəfi bir sual verirəm: “ADƏM, nə zamansa, alma ağacından qisas almağı düşünürsən?”
Gülür: “Yox, yeganə işləmədiyim ağac alma ağacıdır. Heç vaxt da o ağac üzərində işləmərəm. Məncə almanı heç kəs kəsməz. Adamın o ağacı kəsməyə əli gəlməz. Demək olar ki, bütün ağacları qabığından tanıyıram. Bircə almanı düşünürəm ki, qabığından tanımaram.
Bir az susur, uzaqlara baxır: “İsmayıllı-Qəbələ istiqamətinə getməliyəm. Oralara bir müddət əvvəl sel gəlib”.

Məncə o dünyanın ən xoşbəxt adamıdır, təbiətin demək istədiklərini başa düşür, təbiətin davranışını anlayır. Bəlkə də, buna görə təbiət birbaşa, öz əli ilə Adəmə istədiklərini verir; çayla, dənizlə, küləklə, ağacla…

Sərdar Amin, A24.Az 

img_6176

img_6152

img_6150

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Reportaj, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar