İKİ MÖHTƏŞƏM RESEPT - Ramazanda  susamayacaq, qəbizlikdən əziyyət çəkməyəcəksiniz - Dietoloq Fuad Məcidovla MÜSAHİBƏ

İKİ MÖHTƏŞƏM RESEPT – Ramazanda susamayacaq, qəbizlikdən əziyyət çəkməyəcəksiniz – Dietoloq Fuad Məcidovla MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Müsahibimiz dietoloq Fuad Məcidovdur. Ramazan ayında oruc tutanlarla faydalı məsləhətlərini paylaşan həkim-dietoloq həm də “A24.az” izləyiciləri ilə 2 vacib reseptini də paylaşdı.

“A24.az” Fuad Məcidovla olan müsahibəni təqdim edir:-Fuad həkim, artıq üzün müddətdir ki, Ramazan ayı yay fəslinə təsadüf edir. Havaların isti və uzun keçdiyi bir vaxtda oruc tutuanlar sahura qalxarkən nələri yeməlidir ki, gün ərzində onlarda susuzluq yaranmasın?

-Qeyd elədiyiniz kimi indi 11 ayın sultanı olan Ramazan yay mövsümünə düşüb. Yay mövsümündə olmamıza rəğmən, ümumiyyətlə, fəslin yay və ya qış olmasından asılı olmayaraq, Ramazanın olmazsa olmazlarından ən əsası sahura, yəni imsaka qalxmaqdır. İnsanlar imsaka durmamaq səhlənkarlığını etməsinlər. Əgər sağlam olmaq istəyirlərsə, əgər 16-17 saatı rahat, baş və mədə ağrısı olmadan keçirmək istəyirlərsə, mütləq sahura qalxmalıdırlar.

Sahura qalxanlar birinci növbədə elə qidalardan istifadə eləməlidirlər ki, onlarda mədənin toxluq dərəcəsi ən azından uzun müddət getsin. İkincisi, 16-17 saat ərzində susuzluğu çox hiss etməsinlər və ya hiss etsələr də sona doğru hiss etsinlər deyə, mütləq sahura qalxmaq lazımdır. İnsanların əksəriyyəti, mənim tanıdıqlarım da var, məsələn sahura qalxmır. Qalxdığı zaman 1-2 stəkan su içməklə kifayətlənirlər. Odur ki, axşama kimi ac-susuz qalmasınlar deyə, insanların başa düşəcəyi dildə desək, karbohidratlı qidalardan xiyar yesinlər. Özü də 1 ədəd deyil, 3-4 ədəd xiyar yemələrini məsləhət görərdim. Çünki tibbi və bioloji nöqteyi nəzərdən  xiyarın əsas tərkibi su və minerallardır. Ona görə də susuzluğun aradan götürülməsi üçün mütləq 4 ədəd xiyar yesinlər. Bunun yanında 1-2 ədəd pomidor da yeyə bilərlər.

Qeyd etdiklərimiz karbohidratlı qidalardır. Keçək proteinlilərə… Ağ pendir, sarı pendir və 50-60 qram kərə yağından istifadə edə bilərlər. Mütləq və mütləq səhər yeməklərində yumurtadan istifadə etsinlər. Çünki yumurta ən faydalı və keyfiyyətli zülallı qidadır, tərkibi lisetinlərlə, vitamin və minerallarla zəngindir. Həmçinin yumurta tibbi nöqteyi nəzərdən tərkibindəki lisetinin hesabına xolestrolu da aşağı salır. Heç olmasa 2 ədəd yumurta yesinlər. Birincisi, yumurta onları tox tutmağa kömək edəcək, ikincisi, susuzluq verməyəcək, üçüncüsü də metobolizmaya da müsbət təsir göstərəcək.

Sahurda oruc tutanlar pendirdən də istifadə eləyə bilərlər. Bilirsiniz ki, pendir duzlu olur, ona görə də, onu yeməzdən əvvəl bir balaca suyun altında saxlasınlar ki, su pendirdəki duzu özünə çəksin. Çünki duzlu qidadan da istifadə etdiyimiz zaman gün ərzində oruc tutan insanın susuzluq yaşamasına gətirib çıxaracaq.

Mən bir şeyi xüsusi vurğulamaq istərdim: Bizim insanlar pomidor-xiyarı axşamlar yeyirlər. Amma mən məsləhət görərdim ki, insanlarımız pomidor və xiyardan səhər yeməyində istifadə etsinlər. Xüsusən də, xiyardan. Çünki xiyar mədə-bağırsaq sistemimizə, metobolizmamıza müsbət təsir göstərir. Həkim kimi məsləhət görərdim ki, insanlar orucluq bitdikdən sonra da səhərlər pomidor-xiyardan istifadə etsinlər.

-Bəs səhərlərin şirinçayın içilməsi necə?

-Səhər-səhər, xüsusən də orucluq zamanı şirniyyat yeməsinlər. Ehtiyyatlı olsunlar, çünki şirniyyat bizi susuzlaşdırır, böyrəklərimizə mənfi təsir göstərir. Səhər vaxtı imsakda çoxlu miqdarda su içmələrini məsləhət görürəm. Mədə və bağırsaq sistemlərinin rahat işləmələri üçün zəncəfil, mixək və limon dəmləməsini hazırlayıb, çay əvəzinə içsinlər. Bu içki həm mədə-bağırsağı rahatladacaq, həm turşuluğu aşağı salacaq, həm də maddələr mübadiləsinə müsbət təsir göstərəcək. Eyni zamanda yatana qədər də bol miqdarda su içsinlər. Bizim insanlarda belə bir yanlış fikir var ki, guya beynimiz şirniyyatla qidalanır. Amma bu səhv fikirdir. İnsanın beyin hüceyrələri su ilə qidalanır. Mayedən istifadə etməyən insanların beyni çox işləməz.

Yay mövsümüdür, sahurda meyvələrdən də istifadə etmək lazımdır. Amma yeməklə birlikdə deyil. Yəni ana yeməyini yesinlər, müəyyən müddət keçdikdən sonra meyvələrlə qidalansınlar. Bildiyimiz kimi meyvələrin tərkibi su ilə, vitaminlə zəngin olur. Bu meyvələr mövsümə uyğun olaraq gilas, vişnə, alma, armud, şaftalı, ərik, qaysı ola bilər.

 

Əziz həmvətənlərimdən bir xahişim var: İmsaka bir az erkən başlasınlar. Çünki imsak vaxtı bəlli bir saatda olur. Ona görə də sual verə bilərsiniz ki, yarım saat ərzində bu qədər yeməkləri çatdırmaq olmaz və ya üst-üstə yemək mümkün olmaz axı. Odur ki, imsaka erkən başlamaq lazımdır. İmsak qurtarana qədər meyvələri də yeyib ondan sonra dərhal yatmaq lazım deyil. Xüsusən də artıq çəkidən əziyyət çəkən, mədə-bağırsağında problem yaşayan insanlar dərhal imsakdan sonra başını qoyub yatmasınlar. Bir balaca evlərinin içində və ya həyət evləri varsa, çıxıb havada gəzsinlər, dua etsinlər. Yəni həzm prosesi bir balaca sürətlənsin, ondan sonra başlarını qoyub yatsınlar.

– Bəs, sahurda bəzi çərəzlər, məsələn badam, qoz, fındıq yemək necə, olar?

-Ümumiyyətlə, insanların sahurda badam, qoz,çərəz yemələrinə qarşıyam. Başa düşdüyüm qədəri ilə tox qalmaq üçün, güc mənbəyi kimi bunu soruşdunuz. Amma çərəz yeyənlərə məsləhətim yeməsinlər. Çünki axşama qədər bu çərəzlərin mədə-bağırsağa mənfi təsir göstərmək, qəbizlik yaratmaq xüsusiyyəti ola bilir. Energetik baxımdan məsləhət görərdim ki, yumurta, yağ, ağ və sarı pendir, zeytun və hətta çörək də yeyə bilərlər. Amma ağ çörək deyil, kəpəkli və ya çovdar çörəyindən istifadə etsinlər.

Bizim insanların səhv bildiyi bir məsələ də var: səhər yuxudan duran kimi kolbasa, sosiska yeyirlər. Nəbadə! Həkim kimi məsləhətim budur ki, bunun kimi qidalardan uzaq dursunlar. Bu qidalar birinci növbədə orqanizmi, bədəni susuzlaşdıracaq, yanğı verəcək.

-Bəs iftar açılan zaman mədənin birdən-birə yüklənməməsi üçün insanlar necə qidalanmalıdır?

-Gecə maşını qaraja qoyuruq, səhər işə salan kimi dərhal sürmürük, düzdür? Bir balaca maşının mühərriki qızır, ondan sonra hərəkətə keçir. Və 17 saat ərində mədə-bağırsağımız sakit qalıb və iftara başlayanda mədəni, bağırsağı, loru dildə desək, qızdırmaq lazımdır. Onun da isinməsi üçün vaxt lazımdır. Birinci növbədə, iftarlarını bir stəkan ilıq su ilə açsınlar. Bundan sonra ya xurma, ya da zeytun yesinlər, amma çox deyil, hərəsindən 2 ədəd. Ona görə ki, tərkiblərinə görə, onlar mədə-bağırsaq sisteminə müsbət təsir göstərir, axı gün ərzində ac qalan mədəni yükləmək də olmaz. Lakin bundan sonra da oruc tutanlar müəyyən müddət gözləsinlər. Dərhal ağır və yağlı yeməklər yeməsinlər. İftarlarını sulu yeməklə açsınlar. Bu mərcimək şorbası, pomidor və ya düyü şorbası, dovğa ola bilər. Amma çox isti deyil, ilıq şəkildə daxilə qəbul etsinlər. Şorbanı yedikdən sonra 10-15 dəqiqə yediklərinin üzərindən keçsin, bu müddət ərzində gəzə və ya otura da bilərlər. Bundan sonra ana yeməklərinə ət, toyuq, balıq, göbələk, plov, kotlet kimi yeməklərini qəbul edə bilərlər, amma çox yağda qızardılmış olmasın. Bir sözlə, yeməklərinin arasında vaxt qoysunlar. Çünki 17 saat ərzində oruc tutanların mədə və bağırsaqları işləmir deyə, birdən-birə yükləmək lazım deyil.

Ana yeməklərin yanında mütləq tərəvəz də olmalıdır. Çünki pomidor, xiyar, bol sarımsaq yemək proteinli yeməklərin tez parçalanmasına kömək edir və həzmi rahatlaşdırır. Çalışsınlar unlu qidaları, yəni makaron kimi yeməkləri ətlə birlikdə yeməsinlər. Yüngül tərəvəzli qidalardan istifadə etsinlər.

İftarda çörək yemələrinə də diqqət etsinlər. Yesinlər, amma az miqdarda, 85-100 qram. Bu isə iki dilim kəpəkli və ya çovdar çörək ola bilər. Çünki kəpək də, çovdar da liflərlə zəngin olduğuna görə, mədə-bağırsağın işləməsinə müsbət təsir göstərir.

Ümumiyyətlə, orucluqda iftardan sonra insanların əksəriyyəti yeməkdən sonra şirniyyat yemək istəyir. Bu məsələdə ehtiyyatlı olsunlar. Mən məsləhət görərdim ki, unlu şirniyyatlardan deyil, meyvədən istifadə etsinlər. Yox, əgər şirniyyat sevdalarından əl çəkə bilmirlərsə, o zaman paxlava, keks və tort kimi şirniyyatlarını 1,5-2 saatdan sonra disert kimi istifadə etsinlər. Bu qaydalara riayət edilməsə mədə-bağırsağın kitabı bağlanmış olacaq. Müəyyən olunmuşdur ki, unlu şirniyyatların tərkibində olan qlükoz adlı maddə qanda şəkərin miqdarını birdən-birə yüksəldir. Amma meyvələrin tərkibində olan qlükoza, qlikogen, fruktoza qanda şəkərin miqdarını birdən-birə yüksəltməz, əksinə yavaş-yavaş yüksəldər və şəkər ehtiyacını da uzun müddət təmin etmiş olacaq.

Lakin iftarlarını açandan sonra insanlar oturmasınlar, təxminən 1 saatdan sonra həyətdə bir balaca gəzişsinlər. Yeridikləri zaman həm mədə-bağırsaq sisteminin iş prinsipi yüksələcək, həm də qanda şəkərin miqdarı artmayacaq.

-Fuad həkim, elə bir reseptiniz varmı ki, Ramazan ayında qəbzlikdən əziyyət çəkənlər ondan istifadə edib, faydalansın?

-Əlbəttə, var! Ramazanda qəbizliyin olmaması üçün birinci növbədə bol miqdarda su içilməlidir. İkincisi, bayaq dediyim kimi, çox yağlı və ya duzlu, konservləşdirilmiş qidalardan uzaq dursunlar. Üçüncüsü, hibiskus deyilən bir bitki var, başqa bir adı məkkəgülüdür. Dəm çaynikinin içərisinə 1 xörək qaşığı hibiskus, 1 xörək qaşığı yaşıl çay, 1 xörək qaşığı təzə nanə və kəklikotunu töküb qaynar suyun içərisində dəmləsinlər. Dəm alandan sonra bunu çay əvəzi içsinlər. Bu bitki çayı həm qəbzliyi aradan götürəcək, həm də maddələr mübadiləsini sürətləndirəcək.

Bundan başqa qəbizliyin olmaması üçün səhərlər çərəzlər yeməsinlər. Şünki qoz, fındıq, badam qəbizliyin yaranmasına gətirib çıxarır. Lakin qəbizliyin olmaması üçün ən gözəl vasitə qaysı, gavalı, tut qurusundan 4-5 ədəd istifadə edə bilərlər. Həmçinin qəbizliyin yaranmasına səbəb yaradanlardan biri də şirniyyatdır. Məsləhət verərdim ki, unlu şirniyyatların yerinə, südlü şirniyyatlardan – dondurmalardan istifadə etsinlər. Məsələn, iftarı açandan sonra hava almaq üçün çıxdığımız zaman bir ədəd şokoladsız dondurma alıb yeməklə şirniyyat ehtiyacınızı qarşılaya bilərsiniz.

Sonda xalqımıza bunu demək istərdim ki, orucluq diet sezonu deyil. Diet tutmaq üçün oruc tutmursan. Orucluq bizim mənəviyyatımızın, hisslərimizin tərbiyəsi ayıdır. Ramazan ayı diet mövsümü deyil. Ona görə də mən burdan həmvətənlərimə səslənərək deyirəm ki, oruc tutduqları zaman çalışıb tam mütəşəkkil tərzdə qidalansınlar.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Sağlamlıq, Din, Müsahibə, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar