İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirə qatılıb – FOTOLAR

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi baş tutub.
A24.Az xəbər verir ki, bu gün Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir. Dövlət başçısı açılış mərasimində nitq söyləyib: “Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq”, – deyən Azərbaycan Prezidenti bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik”.

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir.

Prezident vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. 2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayaraq dedi ki, SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediblər. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR