Yerlə göy arasında – Şamaxı Rəsədxanasından REPORTAJ

Azərbaycan Milli Elmlər Akademiyası media nümayəndələri üçün Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Yay məktəbi təşkil edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin (İƏEPİ) təşkilatçılığı ilə media nümayəndələri üçün Şamaxı rayonunun Pirqulu qəsəbəsinin yaxınlığında yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Yay məktəbi təşkil olunub.

AMEA-nın 70, Milli Mətbuatın 140 illik yubileyi münasibətilə “Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Siyasət və Təbliğat Kampaniyası-2015” layihəsi çərçivəsində keçirilən “Science Activity-2015” adlı iki günlük Yay məktəbində 20-dən çox jurnalist iştirak edib.

“Azərbaycan elminin sürətli inkişafı vətəndaşlar tərəfindən yüksək rəğbətlə qarşılanır”

Yay məktəbinin ilk günü keçirilən tədbirdə İƏEPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Baba Əliyev bildirib ki, Yay məktəbi AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, eyni zamanda Akademiya ilə əməkdaşlıq edən jurnalistlərin daha da stimullaşdırılması məqsədi ilə təşkil olunub.

B.Əliyev əlavə edib ki, AMEA-nın və Azərbaycan elminin sürətli inkişafı ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanır. Onun sözlərinə görə, Akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır: “Bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür. Ali və orta məktəblərdə tələbə-şagird kontingenti ilə keçirilən müntəzəm görüşlər, kütləvi informasiya vasitələrində yayımlanan təbliğat xarakterli məlumatlar, təşkil olunan proqramlar öz səmərəsini verir”.

İslahatlar Akademiyanın fəaliyyətində inkişafa səbəb olub

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qonaqları salamlayıb. Bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ölkədə bayram səviyyəsində qeyd olunur. O, media işçiləri ilə Akademiya və alimlər arasında yaxın münasibətlərin əhəmiyyətindən danışıb. Son illər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə həyata keçirilən islahatlar və görülən işlərin Akademiyanın fəaliyyətində inkişafa səbəb olduğunu vurğulayıb. 60 illik tarixi olan Rəsədxananın fəaliyyətindən danışan alim bildirib ki, qurum sovet dövründə xüsusi yerə malik olub. Həmçinin, son illər bu rolun azaldığını diqqətə çatdıran N.Cəlilov bu geriliyin aradan qaldırılmasında kadr hazırlığının mühüm əhəmiyyətə malik olduğunu deyib.

Akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına jurnalistlər cəlb olunub

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (AMEA) İdarə Heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova təlim çərçivəsində “Gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyəti KİV-də” adlı təqdimatla çıxış edib.

Alim bildirib ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası 2013-cü ilin 27 dekabrında AMEA-nın elmi müəssisələrinin gənc alim və mütəxəssislərinin ümumi yığıncağında təsis olunub. Şuranın yaranması ilə Akademiya gəncləri arasında uzun müddət mövcud olmuş pərakəndəlik aradan qaldırılıb, onların bir mərkəzdən idarə olunması asanlaşıb.  Şurаnın fəaliyyətinin əsаs məqsədinin AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili olduğunu deyən F. Əlimərdanova həmçinin, əldə olunan еlmi yеniliklərin müxtəlif  kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki,  infоrmаsiyа yаrdımının göstərilməsi məsələləri həyata keçirilir.
F. Əlimərdanova bildirib ki, AMEA rəhbərliyi Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı istiqamətində də işlər görür. Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin elmi əsasda ictimaiyyətə çatdırılması ölkə jurnalistləri qarşısında yeni vəzifə kimi formalaşıb.
Son illlər ərzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşəbbüsü ilə akademiyanın 40-dan çox elmi müəssisə və təşkilatına jurnalistlər cəlb olunub və nəticədə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlardan ibarət geniş şəbəkə yaradılılıb. Bu şəbəkə elmin təbliği, xüsusən gənc alim və mütəxəssislərin geniş ictimayyətə tanıdılmasında, onların nailiyyətlərinin işıqlandırılmasında mühüm rol oynayır.

Elmi jurnalistikanın inkişafı məqsədilə yeni layihələr həyata keçiriləcək

Qeyd edilib ki, elmi jurnalistikanın funksiyası elmi geniş kütləyə çatdırmaqla yanaşı, alimlərlə oxucu kütləsi arasında əlaqə yaratmaqdır. İctimaiyyətlə Əlaqələr Şöbəsi ölkəmizdə elmi jurnalistikanın formalaşması və inkişafı məqsədilə layihə, təlim və seminarların, yazı müsabiqələrinin təşkilini nəzərdə tutur. Bu işlərə Akademiyanın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən jurnalistlərlə yanaşı, yerli KİV-lərin də əməkdaşları cəlb olunacaq, onlara xarici ölkələrdə təşkil edilən müvafiq təlim və seminarlarda iştirak imkanları yaradılacaq.
F.Əlimərdanova vurğulayıb ki, AMEA-nın ictimaiyyətlə əlaqələr sahəsində əsas hədəfi Azərbaycanda elmin ictimailəşməsi, elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir.

Şamaxı Astrofizika Rəsədxanası: Elm və turizm məkanı…

Ulduzların hekayətini öyrənmək bütün zamanlarda maraqlı olub. Hələ qədimlərdən münəccimlər ulduzların sirrini öyrənməyə can atır, göy cisimlərinin insanların həyatındakı rolu ilə bağlı maraqlı mülahizələr irəli sürürdülər. Bütün bu addımlar zaman keçdikcə astronomiya elminin əsasını qoymuş və əvvəllər rahiblərin, şamanların və kahinlərin məşğul olduqları səma cisimləri bir elm olaraq öyrənilməyə başlanmışdır. Azərbaycanda astronomiya elminin tarixi isə böyük alim Nəsirəddin Tusinin (1201-1274) adı ilə bağlıdır. O, XIII əsrin əvvəllərində Azərbaycanda dünyanın ən böyük və ən mükəmməl Marağa rəsədxanasını qurub. Odur ki, Şamaxı Astrofizika Rəsədxanası Nəsirəddin Tusinin adını daşıyır. Onun yaratdığı elmi irs bu gün də davam və inkişaf etdirilir. Yay məktəbinin ilk gününün yekununda jurnalistlər belə bir elm mərkəzində teleskopla səma cisimlərini müşahidə ediblər.

Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanası Böyük Qafqaz dağının şimali-şərqində Bakıdan 150 km məsafədə  Pirqulu dağının-şərq yamacında yerləşir. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov 1954-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda Astrofizika şöbəsi yaradılıb və 1956-cı ildə bu şöbə akademiyanın müstəqil Astrofizika sektoruna çevrilib. Qısa müddətdə Pirqulu dağı yaxınlığında Sektorun astronomik stansiyası-müşahidə bazası qurulub. 1958-ci ildə Rəsədxananın tikilməsi başlanıb və 1960-cı ildə bu iş başa çatdırılaraq Şamaxı Astrofizika Rəsədxanası fəaliyyətə başlayıb. Rəsədxanada  2 metrlik teleskop, üfüqi Günəş teleskopu, AZT-8, AST-452, Seys-600 və başqa elmi avadanlıqlar qurulub. Bu teleskop Almaniyanın “Karl Seyss Yena” şirkətinin istehsalıdır və 1966-cı ildə quraşdırılıb. Teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulub. Əsas güzgü parabolikdir, açıq səthinin diametri 2000 mm və fokus məsafəsi 9000 mm-dir.

Bu rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır.

Dünyanın ən böyük rəsədxanalarından biri, müasir dövrün prioritet problemləri ilə uzlaşdırılmış elmi proqram əsasında fəaliyyət göstərən bu rəsədxanada səma cisimlərinin tədqiqi kimi aktual fundamental məsələ ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsiri öyrənilir.

Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinin digər bir əhəmiyyəti də ondan ibarətdir ki,  bu elm ocağının alim-mütəxəssisləri ara-sıra xarici ölkə astroloqlarının verdiyi yanlış və cəmiyyəti narahat edən proqnozlara vaxtında əsaslandırılmış cavab verirlər. Bu isə rəsədxanada aparılan müşahidələr və elmi tədqiqatlara əsaslanan fikirlər olur. Məsələn, xarici ölkə astroloqları Mars və Uranın bir-birinə yaxınlaşması və bunun nəticəsində kütləvi ölümlərin, fəlakətlərin baş verə biləcəyi, Yer kürəsinin qaranlığa qərq olacağı və “qiyamət günü”nün baş verəcəyi barədə proqnozlar verirlər. Mediada sürətlə yayılan belə əsassız proqnozlar insanlar arasında ciddi təşviş və narahatlığa səbəb olur. Belə mülahizələrə isə hər zaman Şamaxı Astrofizika Rəsədxanasından  dəqiq münasibət öyrənmək mümkün olur.

İşçilərin məişət şəraiti yaxşılaşdırılır, istirahət üçün kotej tipli evlər inşa edilib

Bundan əlavə, rəsədxana yaxınlığında yaşayış qəsəbəsi (Yusif Məmmədəliyev adına) və inzibati binalar tikilib. Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri-Azərbaycanda neft kimyasının əsasını qoymuş akademikYusif Məmmədəliyev vaxtıilə bu rəsədxananın təşkil edilməsi üçün çox iş görüb. Odur ki, rəsədxana ərazisində çalışan alimlərin təşəbbüsü ilə Y.Məmmədəliyevin minnətdarlıq əlaməti olaraq burada onun heykəli ucaldılıb.

Rəsədxananın inzibati binası müasir üslubda təmir olunub. İşçilərin məişət şəraitinin yaxşılaşdırmaq məqsədilə ərazidə 2 beşmərtəbəli yaşayış binası inşa olunub. Eyni zamanda, rəsədxana yaxınlğında əlavə olaraq 10-a yaxın istirahət üçün kotej tipli evlər inşa edilib. Ərazidə  lazımi infrastruktur qurulub.

 “Sosial Media – Ənənəvi medianın online mediaya inteqrasiyası”

Yay məktəbinin ikinci-sonuncu günündə iştirakçılar yenidən bir araya gəliblər.

Tədbirdə Baba Əliyev yay məktəbinin ilk gününün uğurlu keçdiyini söyləyib və hər bir media nümayəndəsinin təlimdə yaxından iştirak etdiyi üçün təşəkkürünü bildirib.

Sonra yeni media üzrə ekspert Ellada Mustafayeva “Sosial Media – Ənənəvi medianın online mediaya inteqrasiyası” adlı təqdimatla çıxış edib. Bildirib ki, sosial media bloqlar, eləcə də şirkətlər tərəfindən maliyyələşən çat və forumlar, müştərilərarası e-maillər, istehlak məhsulu və ya xidmət reytinqləri ilə bağlı sayt və forumlar, internet müzakirə lövhələri və forumlar, mikrobloqlar da daxil olmaqla çoxsaylı onlayn və şifahi forumları birləşdirir. Həmçinin, insanlara müxtəlif perspektivləri paylaşmaq, onlayn cəmiyyətlərdə informasiya təcrübələrini bölüşmək imkanı verir.
E.Mustafayeva Sosial Medianın açıqlıq, ünsiyyət, dialoq, əlaqələrin inkişafı, çoxsaylı səslər, mesajın tərəflərə ötürülməsi kimi xüsusiyyətlərinin olduğunu vurlayıb. Təlimçi yeni mediada PR mütəxəssisinin rolundan da danışıb. Təlim dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Növbəti tədbirin 3 gün olması təklif edilib

AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev tədbir iştirakçılarına minnətdarlığını bildrib, onlara gələcək fəaliyyətində uğurlar diləyib, bu cür tədbirlərin davamlı olmasını arzulayıb və növbəti tədbirin 3 gün olmasını təklif edib.

Sonda jurnalistlərə yay məktəbində fəal iştiraklarına görə AMEA-nın sertifikatları təqdim olunub. Beləliklə, “Science Activity-2015” adlı iki günlük Yay məktəbi xoş təəssüratlarla başa çatıb.

Atif Sarıxanlı

Bakı-Şamaxı-Bakı

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR