Kamal Abdulla rektor oldu: "Bakı Slavyan"la "Dillər Universiteti" birləşdirilir?

Kamal Abdulla rektor oldu: “Bakı Slavyan”la “Dillər Universiteti” birləşdirilir?
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın təhsil sistemində  çatışmazlıqların olduğu hamıya bəllidir. Hər il Təhsil Nazirliyi ümumtəhsil məktəblərində  islahatlar keçirir.

Ali məktəblər isə sanki yeniliklərdən kənarda qalır. Son illərdə manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşmədi. Özəl universitetlər maliyyə problemi ilə üzləşdi. Təhsil haqlarının yüksək olması universitetləri tələbəsiz qoydu. Nəticədə özəl universitetlərdən bəziləri bağlandı.

Dövlət universitetlərini dövlət maliyyələşdirsə də,  problemlər bitmədi. Hazırda, bəzi universitetlərin birləşdirilməsi sahəsində müəyyən işlər görülür. Bir neçə universitetə rektorların təyin edilməməsi problemlərin ciddi olduğundan xəbər verir. Turizm Universiteti, Lənkəran Dövlət Universiteti,  Azərbaycan Texniki Universiteti  hələ də rektorsuzdur. Son günlərdə Azərbaycan Dillər Universitetində tələbələrin tədris sisteminə etiraz etməsi, imtahanlarla bağlı səsləndirdikləri fikirlər tək burada yox,  digər universitetlərdə də  vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir.

Ümumtəhsil orta məktəblərdə keçirilən islahatların universitetlərə sıçramasının vaxtı çoxdan çatıb.   Azərbaycan Dillər Universitetinin rektor vəzifəsinə  Bakı Slavyan Universitetinin keçmiş rektorunun təyin edilməsi bu iki universitetin birləşmək ehtimalını bir daha gündəmə gətirdi.  Kamal Abdulla həm Slavyan Universitetinin kollektivini yaxşı tanıyır, həm də qısa zamanda Azərbaycanın digər ali təhsil məktəblərində olmayan islahatlar keçirməyi ilə tələbələrin hörmətini qazanır. Dillər Universitetində keçirilən islahatlar demək olar ki, ali məktəbdə inqilab deməkdir.   İslahatlara görə, imtahan qabağı onsuz da gərginlik keçirən  tələbənin başının üstünü kəsdirən nəzarətçilərin otaqlarda gəzişməsi qadağandır. Nəzarətçilər imtahan zalında tələbələrin diqqətlərinin yayınmasına,  əsəblərinin korlanmasına, bildiklərinin də həyəcandan, stresdən yaddan çıxartmasına kömək etməkdən başqa bir şeyə yaramırlar.  Dünyada təhsil sistemində inqilablar baş verir. Bizdə isə hələ də hər tələbənin başının üstünü az qala bir nəzarətçi kəsdirir. Üstəlik də sanki silahlanaraq düşmən üzərinə gəlirlərmiş kimi görüntü yaradırlar.

Digər islahatlardan biri də 4-cü kursda oxuyan oğlan tələbələrin kəsrlərində yaranan problemlərlə bağlıdır. Oğlanlar məcburi şəkildə 4-cü kursu bitirdikdən sonra hərbi xidmətə  gedirlər. Onların kəsrlərində yaranan problemlər həll edilmədikdə təhsilləri yarımçıq qalır və hərbi xidmətdən gəldikdən sonra təhsillərini davam etdirmək istəmirlər.

Tələbələrin ən böyük problemlərindən biri də imtahan və təhsil haqqı ilə bağlıdır. Kamal Abdullanın apardığı islahata görə,  tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdirilir.  Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yarananda isə tələbə rektora ərizə ilə müraciət etməlidir.

Azərbaycan ali təhsil məktəblərində inqilab Dillər Universitetindən başladı.  Ümid edək ki, bu yenilik digər universitetlərin də qapısını döyəcək.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar