Kəlbəcərdəki ermənilər qorxu içində, onları kim güllələyib…

Son zamanlar prezident Serj Sarkisyan başqda olmaqla, Ermənistanın yüksək vəzifəli şəxslərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi diqqətdən kənarda qala bilməz.

“A24.az” “modern.az”a istinadən xəbər verir ki, heç şübhəsiz ki, səfərlərin mahiyyəti Ermənistanın bu ilin aprel ayında cəbhə xəttində Azərbaycan ordusu tərəfindən ciddi zərbələr almasını, bundan yaranan ictimai qorxunu, psixoloji gərginliyi ört-basdır etmək məqsədi daşıyır. Obrazlı desək, Sarkisyanın səfərləri bir növ daxili çürüklüyə zahiri parıltı vermək və yaranmış gərgin ictimai-siyasi psixologiyanı yatırtmağa xidmət edir.

Əslində, istər Ermənistan rəhbərliyinin, istərsə də, Azərbaycanın işğal altında yaradılmış separatçı rejimin həyəcanı başadüşüləndir.

Çünki aprel ayının əvvəllərində cəbhə xəttindəki döyüşlər, Azərbaycan ordusunun strateji yüksəklikləri işğaldan azad etməsi neçə ildir yaranmış erməni mifini alt-üst etdi. Ermənistan rəhbərliyinin, erməni ekspert və dövlət xadimlərinin yanaşmaları da bunu deməyə əsas verir. Siyahı ilə, adbaad kimin nə dediyi haqda uzun-uzadı sitatlar gətirmək də olar. Ancaq Ermənistan hakimiyyəti təkcə aprel hadisələrindənmi qorxuya düşüb? Birmənalı olaraq “yox” cavabı verə bilərik.

Ona görə ki, aprel müharibəsinin sələfi sayılan bir hadisə də yaddan çıxmamalıdır: Söhbət bütün riskləri nəzərə alaraq, qorxuları adlayaraq 2014-cü ilin yayında öz dədə-baba torpaqlarına gedib yaxınlarının məzarını ziyarət etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyevdən (hazırda erməni girovluğundadırlar) və düşmən tərəfindən öldürülən Həsən Həsənovdan gedir.

Onların qəhrəmancasına, çətin relyefləri aşaraq, üstəgəl erməni hərbi birləşmələrinin qurduğu postlardan məharətlə keçərək Kəlbəcərə getməsi də Ermənistan üçün əsl sensasiya idi.

Xatırladaq ki, bu hadisədən sonra da rəsmi Yerevanın mövqeyində bir qorxu hiss olunurdu və bu hərbi sahəyə də sirayət etmişdi. Bəlkə də buna görə idi, o dövrün müdafiə naziri Seyran Ohanyan Kəlbəcərə gedən bütün yolların minalanmasını israrla təklif etmişdi. Ermənistan tərəfi o qədər qorxu və səksəkə içərisində idi ki, tezliklə yaranmış ictimai-siyasi rəyi dəyişmək üçün girovlar üzərində qondarma məhkəmə şousu qurdu.

Psixoloji təsir etmək üçün Dilqəm və Şahbaz “məhkəmə”yə hətta gözübağlı da gətirildi. Amma Azərbaycan xalqı nəinki bu məzhəkədən qorxuya düşdü, əksinə bir az da ruhlanıb işğal edilmiş torpaqlarımıza getmək hissini daha da aydın şəkildə büruzə verdi. Bu gün də minlərlə azərbaycanlı əbədi və əzəli torpaqlarımıza – Qarabağa getmək arzusunu, öz ata-baba qəbirlərini ziyarət istəyini gerçəkləşdirməkdən ötrü hər şeyə hazırdır.

Bu arzular daha qabarıq şəkildə ictimai, hərbi sferada təzahür edir. Şübhə yoxdur ki, Dilqəm, Şahbaz və Həsəndən sonra çox sayda soydaşımız Qarabağa gedib. Təbii ki, Ermənistan rəhbərliyi bunu duyur və artıq çıxış yolu tapa bilmir. Çünki bilirlər ki, nə qədər siyasi texnologiyalardan istifadə etsələr, nə qədər təzyiq metodlarını işə salsalar da, bu, artıq yaranmış rəyi dəyişməyəcək.

Hətta Kəlbəcərdə məskunlaşmış ermənilərin qorxu içərisində yaşadıqları, imkan tapan kimi Kəlbəcərdən qaçmaları barədə məlumatlar var.

Bunun nəticəsidir ki, Kəlbəcərdə hərbçilər tərəfindən xaricdən gətirilib məskunlaşdırlan bir neçə erməni güllələnib. Sadəcə, həmin ermənilərin qeydiyyatı olmaması, qohum-əqrabalarının xaricdə yaşaması və ümumən məlumatsızlıq məsələnin böyüməsinə imkan vermir.

Sarkisyan rejimi bu kimi halları hər vəhclə ört-basdır etməyə çalışır. Kəlbəcərin yerləşdiyi çoğrafiya elədir ki, orada süni şəkildə məskunlaşdırılan ermənilər hər an öz ata-baba torpaqlarını ziyarət etmək istəyən yeni “Dilqəmlər”, “Şahbazlar”la qarşılaşa bilərlər. Buraya Ermənistanın “Talış” qorxusunu da əlavə etsək, düşmən tərəfin durumunu duymaq o qədər də çətin olmaz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR