Kimsəsiz məzunlar üçün tikilmiş bina niyə məskunlaşdırılmır? - ŞİKAYƏT 

Kimsəsiz məzunlar üçün tikilmiş bina niyə məskunlaşdırılmır? – ŞİKAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Uşaq olarkən valideyn himayəsindən məhrum olmuş Fazil İsmayılov bu gün redaksiyamıza müraciət edib. 2-ci qrup əlil olan 32 yaşlı gənc valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçünFazil Ismayilov Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilən və 3 aydır açılışı olan 120 mənzilli binaya hələ də köçürülməmələrindən “a24.az”a şikayətlənib.

Fazil İsmayılov II qrup əlildir. 30 mart 1983-cü ildə anadan olub. 1984-cü ildən 2002-ci ilə qədər Saray qəsəbəsində yerləşən 7 saylı Fiziki və Əqli Qüsurlu Uşaqlar üçün İnternat Evində yaşayıb. 2002-ci ilin 15 avqust tarixində isə Şamaxı şəhərində yerləşən 1 saylı İxtisaslaşdırılmış Ruhi-Əsəb Əlilləri üçün İnternat Evinə köçürülüb. Bildirdiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 0647-3-2100 N-li qərarı ilə 21.06.2010-cu il tarixində Ramana Gənc Əlillərin Əmək və İstirahət Evinə gətirilib: “Amma 11.07.2011-ci il tarixində burada aparılan təmirlə əlaqədar Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionata köçürtdülər bizi. Hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatındayam. Biz hələ də o mənzilə köçmək həsrətindəyik”.

F.İsmayılov əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bir neçə dəfə görüşdüyünü və problemini çatdırdığını söyləyir. Onun dediyinə görə, nazir onların şəraiti ilə maraqlanıb və söz verib ki, o, Mərdəkan Müalicə Pansionatından Masazırda tikilmiş binada yeni mənzilə köçürüləcək: “Mən keçən il dekabrın 9-da əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşdüm. Ümumiyyətlə, nazirlə bir neçə dəfə görüşümüz olub. O, pansionata da gəlib. Eyni zamanda, nazir şəxsən məni də qəbul edib. Pansionatda məndən başqa valideyn himayəsindən məhrum olan 2 nəfər var. Nazir görüşümüzdə dedi ki, bizi Masazırdakı yeni binaya köçürəcəklər. O, şəxsən görüşümüzdə də bunu dedi. Qeyd etdi ki, Mehriban xanım elə həmin binanı bizim kimi valideyn himayəsindən məhrumolmuşlar üçün tikdirib. Heydər Əliyev Fondunun rəhbərliyinə, şəxsən Mehriban xanıma təşəkkür edirəm ki, kimsəsizlərə yaxşı şəraitli bina inşa etdirib. Amma bu vaxtadək həmin binaya niyə köçürülməməyimizin səbəbi hələ də məlum deyil. Bilmirəm, o binanın nəyisə çatışmır, yoxsa… Binanın açılışından sonra da nazirliyə getdim. Dedilər ki, “bu barədə məlumatımız yoxdur, gözləyirik”. Nəyi və kimi gözlədiklərini bilmirəm”.

Qeyd edək ki, ötən il edkabrın 29-da Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub. Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri də yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” Proqramı bu kateqoriyadan olanların həyat şəraitinin yaxşılaşdırılmasına, onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasına geniş imkanlar açıb. Hazırda ölkəmizdə uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 min 875 uşaq dövlət himayəsində yaşayır. Uşaq evləri və internatlarda həmin uşaqlara dövlət tərəfindən 18 yaşınadək baxılır. Yetkinlik yaşına çatıb uşaq evlərini tərk edən məzunların yerləşdirilməsi, onların sosial müdafiəsinin təmin edilməsi, cəmiyyətə inteqrasiya olunması istiqamətində də dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında Abşeron rayonunun Masazır qəsəbəsində hər iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi ilə əlaqədar yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. İlkin mərhələdə 120 mənzilli 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub.
İstifadəyə hazır olan binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Binada bütün lazımi şərait yaradılıb. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35 nəfər kimsəsiz məzunun daimi işlə təmin olunması deməkdir.

Atif Sarıxanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
Gündəm
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs